Mudros sülhü dövrü - I yazı

Mudros sülhü dövrü - I yazı

Əvvəlki söhbətlərimizdə Birinci dünya müharibəsi döv­rün­də türk-erməni münasibətləri, üsyanlar, köçürmə qanunu və bunların nəticəsi haqqında qısa məlumat verməyə çalışdıq. İndi də bu müharibənin sonunda Mudros sülh müqaviləsi ilə başlayan siyasi və hərbi şərtlər altında keçən türk-erməni münasibətləri haqqında qısa məlumat verməyə çalı­şa­cağıq.

30 oktyabr 1918-ci ildə bağlanmış Mudros sülh müqaviləsinə görə, türk ordusu cənub-qərbi İranı və Qafqazı tərk etdiyi zaman, artıq Qafqazda müstəqil Azərbaycan, Gür­cüs­tan və Ermənistan cümhuriyyətləri mövcud idi. Ayrıca Batum, Ahısxa, Ərdəhan bölgəsində də Acar Şura hökuməti qu­rulmuşdu.

Türk ordusunun 1914-cü il sərhədlərinə çəkilməsi vaxtı göz­lənilən erməni hücum və vəhşiliklərinə qarşı mal və can­la­­rını qorumaq zəruriyyətində qalan müsəlman və türk çox­lu­ğunun yaşadığı yerlərdəki xalq dərhal ayrı-ayrı ərazi şura ida­rələri qurdular. Bunlardan ən əhəmiyyətliləri mərkəzi Qars­da olan Şimali-Qərbi Qafqaz Müvəqqəti Hökuməti ilə Nax­çıvan Şura hökuməti idi. Türk ordusu bu yerləri tərk et­d­ik­cə, ermənilər Gümrü və Eçmiədzin bölgələrini, Arpa­ça­yı, Araz­boyu əraziləri və İqdır bölgəsini sərhədlərimizə ya­xın yer­lərinə qədər işğal etdilər.

1914-1918-ci illərdə Birinci dünya müharibəsindən müt­tə­fiqlərlə birlikdə məğlub çıxan Osmanlı imperatorluğunun par­çalanması və bölüşdürülməsi Antanta dövlətləri arasında mü­haribənin qurtarması zamanı qərara alınmış, qanuniləş­di­rilməsi isə Parisdə toplanan Sülh konfransının öhdəsinə bu­raxılmışdı.

Antanta orduları sıralarında türk ordusuna qarşı vuruş­duq­­larını və qan tökdüklərini iddia edən ermənilər, Osmanlı im­peratorluğunun mirasından pay almaq və «Böyük Ermənis­tan» qurmaq arzusu ilə Paris Sülh konfransında rəsmən iş­tirak etdilər.

Ən əvvəl 26 fevral 1919-cu ildə milli erməni heyətinin baş­çısı Poqos Nübar, ondan sonra da Ermənistan Cüm­hu­riy­yətinin naziri A.Aharunyan ermənilərin tələblərini irəli sür­dülər. Bu, Qafqazdan Aralıq dənizinə qədər uzanan, Ana­­­­­dolunun yarısı qədər bir ərazidə «Böyük Ermənistan» qur­­maq arzusundan irəli gələn tələb idi.

Eçmiədzin katolikosluğu tərəfindən Antanta dövlətləri yanında vəkil edilmiş Poqos Nübar 26 fevral 1919-cu ildə ye­kun olaraq bunları demişdi: «…erməni könüllülərinin fran­sız qüvvələrinin yarısını təşkil etdiyinin, Qafqazda Rusi­ya impera­torluğu ordusunda 150 min erməni olduğunun və 40 min erməni könüllülərinin Nazarbekov komitəsində erməni vila­yət­lərinin qurtulmasında iştirak etdiklərinin, Türk or­du­su­­na qarşı vuruşaraq, 6 vilayətin, Kilikiyanın və Ma­raş san­ca­­ğının türk boyunduruğundan azad edilib Antan­tanın hi­ma­­yəsinə verdiklərinin müqabilində müstəqil Er­­mənistan qu­­rulmasını istəyirik».

Belə iddialarla Ermənistan Cümhuriyyətinin naziri də çıxış edərək bayağı tələblər irəli sürmüş, buna əlavə olaraq da, erməni Patriarxiyası da Paris konfransına bir memorandumla müraciət edərək, erməni əhalisinin sayı haqqında uydurma məlumat vermiş, 1882-ci ildə Türkiyədə 2.600.000 erməninin mövcud olduğunu, 1912-ci ildə isə bu rəqəmin 2.100.000 qədər azaldığını söyləmişdi.

Tamamilə uydurma olan bu rəqəmlərə və iddialara qar­şı Osmanlı hökumətinin də öz mövqeyi və dəlilləri var idi. 1919-cu ilin 12 fevralında baş nazir Tevfik paşanın bö­yük dövlətlərə verdiyi notada deyilirdi: «Bəzi erməni dairələrində irəli sürülən və Qafqazdan Kilikiyaya qədər uzanan Böyük Ermənistanın qurulması ağ­la­­sığmaz və qeyri-mümkün bir xəyaldır.

Bu ərazidə yaşayan 5 milyondan çox müsəlmanı bir ne­çə yüz min erməninin ixtiyarına tabe etmək gələcəkdə qarı­şıq­lıqlara, çarpışmalara səbəb olacaqdır. Rus koman­dan­lı­ğı­nın məlumatlarının isbat etdiyi həqiqətlərə istinad edərək, köçürmədən əvvəl rus ordusu şərq vilayətlərini istila etdik­dən sonra erməni bandaları həmin ərazidə yaşayan müsəl­manlardan 1.000.000-dan çoxunu vəhşicəsinə öldürmüşlər.

Bütün məmləkət rus orduları və xüsusilə erməni bandaları tərəfindən son dərəcə əzab-əziyyətə düçar olmuşlar və bu gün uçurulub yandırılmamış və talana məruz qalmamış bir qəsəbə və kənd qalmayıb. Erməni hissələri Qafqazda iş­ğal etdikləri yerlərdə müsəlmanlara qarşı bu çirkin hə­rə­kət­lə­­rini davam etdirməkdədirlər.

Əhalisinin əksəriyyəti müsəlman olan vilayətlərdə Osman­lı idarəsi altında suveren və azlıq haqlarının saxlanılma­sı və müdafiəsi təmin olunacaqdır. Bu təqdirdə vilayətin əha­­lisindən olan bütün müsəlman və ermənilər yenidən oralar­da yerləşə biləcəklər.

Qafqaz Ermənistan Cümhuriyyətinin genişləndirilməsi ancaq Türkiyədən Qafqaz torpaqlarına qaçmış və Osmanlı hökuməti tərəfindən Birinci dünya müharibəsinin əvvəlində Zor sancağına köçürdülmüş ermənilərin yerləşib-yaşa­ya­caq­ları qədər olmalıdır. Bu təqdirdə Ermənistan Cümhuriyyətinin köhnə və yeni torpaqlarında yaşayan müsəlmanlar Os­man­­lı hökumətinin səlahiyyəti altındakı torpaqlara yerləşdiri­ləcəklər. Osmanlı hökuməti bu iki təklifdən ikincisini məqsə­dəuyğun hesab edir».

Lakin Osmanlı hökumətinin təklifi qəbul olunmamış və sülh sazişi bağlanmamışdı.

Çünki əsas məqsəd Türkiyəni parçalamaq idi. İngiltərə və Fransa başqa müsəlman millətlərinə örnək olacaq bir Tür­kiyəni görmək istəmirdilər. Qurmaq istədikləri planla bu məqsədlərini həyata keçirməyə çalışırdılar. Ancaq bunun üçün əlverişli imkanlar əldə edə bilmədilər. Ermənilər tərə­fin­dən edilən müraciətləri tədqiq etmək üçün İngiltərə, Fran­­­sa və Yunanıstan nümayəndələri toplandılar. Erməni nü­­­mayəndələri Poqos Nübar, Aharunyan və keşiş Zaven də bu məclisdə iştirak edirdilər.

İngilislər ermənilərin istəklərini müdafiə etməklə yanaşı, türk torpaqlarından onlara veriləcək yerləri kiçildərək, belə bir qərar qəbul etmişdilər:

Van vilayəti (Hakkari istisna olmaqla), Bitlis vilayəti (Siirt istisna olmaqla), Diyarbəkir vilayəti (Palu istisna olmaqla) və Ərzurum vilayəti (Ərzincan istisna olmaqla) ilə dənizdən çıxış yolu kimi Trabzon vilayətinin Rizə sancağı.

İstisna kimi göstərilən torpaqlarda da ayrıca bir «Kür­düs­tan dövləti» qurmaq arzusunu güdürdülər. Bununla belə bu qərar erməniləri razı salmamışdı. Belə ki, İrəvanda top­la­nan Erməni Milli Şurası İngiltərəyə qarşı çox sərt bir tənqidlə çıxış etmişdi.

Beləliklə, Şərqi Anadoluda bir Ermənistan qurulması və onun sərhədləri məsələsi bu yığıncaqda həll edilmədikdə, bu işin həlli ABŞ-ın o zamankı prezidenti Vilsona həvalə olundu.

Prezident Vilson Ermənistan üçün daha böyük ərazi ayrılmasını layihələşdirsə də, bu iş baş tutmamışdı. Çünki Ame­rika generalı Harburtun başçılıq etdiyi heyət 1919-cu ilin sentyabr və oktyabr aylarında bütün Şərqi Anadolunu gəz­miş, lakin heç bir yerdə ermənilərin toplum halında ya­şa­­dıqlarına təsadüf etməmişdi.

Ermənilərin o zamana qədər bəhanə etdikləri qırğınlardan da heç bir iz yox idi. Əksinə, ermənilər İrəvan və Qars böl­­gələrində yenidən geniş qətllər və köçürmə fəaliyyətinə baş­­lamışdılar. General Harburt Ərzurumda apardığı yox­la­malar zamanı ermənilərin şəhərin ancaq onda biri qədər kiçik bir məhəlləsində yaşadıqlarından və ona müvafiq kiçik bir qəbiristanlıqdan başqa erməni iddiasına haqq verəcək bir izlə rastlaşmamışdı.

Ərzurumda Ərzurum və erməni tarixi haqqında verilən izahatı dinləyən general Harburtun heyətini bələdiyyə rəisi Zakir bəy pəncərə qarşısına çağıraraq, iki böyük məzarlıqlar (Gəz və Kavak) göstərərək:

- «Bunlar türk qəbiristanlıqlarıdır, şəhərin başqa yerlərində bunlardan on qat çox türk qəbiristanlıqları da var. İndi yaxşı baxın. Orada ətrafı hasarlanmış kiçik bir qəbiristanlıq var. O, erməni qəbiristanlığıdır. İndi ermənilərinmi, türklərinmi çox qırıldığı sizə aydın oldumu? Ermənilər öz ölülərini yemədilər ki», - demişdi.

General Harburt həm aldığı cavab, həm də getdiyi yerlərdə gördüyü həqiqətlər çərçivəsində Amerika senatına ver­di­yi 16.10.1919-cu il tarixli məlumatında gördüklərini və da­ha əvvəl türklər əleyhinə verilən məlumatları aydınlaş­dır­dıq­dan sonra: «Qara dənizdən İrana qədər ərazini gəzdik. Lakin erməni məlumatlarını təsdiq edəcək heç bir dəlil tap­ma­dıq», - demişdi.

Bu səbəbdən də Amerika daha ermənilərə mandat vermə­yi imkansız hesab etmişdi. İstər London, istərsə prezident Vilson tərəfindən aparılmış tədqiqatlar və verilmiş qə­rar­ları nəzərə almadan Qərbin dövlət nümayəndələri ermənilərin təbliğatı və Avropa qəzetlərinin bəzi əsassız yazılarına istinad edərək, qərar verə bilməyəcəklərini göstərmişdilər.

Bundan əvvəl də bildirdiyimiz kimi, türklər bu tor­paq­la­rın heç birisini ermənilərdən almamışdılar. Üstəlik, türklər bu torpaqları aldıqları zaman, dağınıq, parçalanmış, müxtəlif dövlətlər və bəyliklərin itaətində müşkül vəziyyətdə olan erməniləri onların zülmündən qurtarmış və 600 il rahat və əmin-amanlıq içərisində inkişaf etməyə şərait yaratmışdılar. Heç bir yerdə və heç bir zaman erməni əhalisi əksəriyyət təş­kil etməmişdir. Qeyd etdiyimiz kimi, dava Türkiyənin parçalanması davası idi.