Afət Rüstəmova: «İnsanların sağlamlığının qayğısına qalmaqdan gözəl nə ola bilər»

Afət Rüstəmova: «İnsanların sağlamlığının qayğısına qalmaqdan gözəl nə ola bilər»


Ölkəmizdə idmanın, Olimpiya Hərəkatının sürətlə inkişaf etdiyi, idmanın insanların həyat tərzinə çevrildiyi, müasir standartlara cavab verən idman komplekslərinin inşa edildiyi və yol infrastruktunun inkişaf etdiyi bir dövrdə parklarda, istirahət ocaqlarında, sanatoriyalarda, yolların kənarlarında əzələləri inkişaf etdirmək üçün müxətlif idman funksiyalarını yerinə yetirən avadanlıqların və qurğuların quraşdırılması mühüm əhəmiyyət kəsb edir. «LTS MMC» Tükiyənin bu sahədə ixtisaslaşmış şirkətləri ilə əməkdaşlıq edərək sözügedən idman avadanlıqlarını Azərbaycan bazarı üçün təklif və təmin edir.
Şirkətin təmsilçisi Afət xanımla bu barədə ətraflı söhbət etdik.

- Afət xanım, Sizin şirkət idmanın təbliği və inkişafı sahəsində hansı işləri görür?

-Bizim şirkət artıq iki ildir ki bu istiqamətdə, Azərbaycanda fəaliyyət göstərir. Ölkədə idman sahəsində aparılan dərin islahatlar, köklü dəyişikliklər şirkətimizin diqqətini cəlb etməyə bilməzdi. Axı bizim işimiz birbaşa insanlarla, onların sağlamlığının qayğısına qalmaq, istirahətlərini səmərəli keçirməsi ilə bağlıdır. Təmsilçisi olduğum şirkət də bu işdə fəallıq göstərərək öz dəstək və köməyini əsirgəmir. Azərbaycan çox böyük sürətlə inkişaf edir və hər bir sahədə möhtəşəm quruculuq işləri aparılır. Bir-birindən gözəl və hündürmərtəbəli binalar tikilir, yeni parklar, istirahət zonaları salınır, idman və oyun meydançaları göz oxşayır. Yeni yollar salınır və abadlaşdırılır. Bu cür gözəl şəraitdə əhalinin kütləvi sağlamlığını təmin etmək üçün parklarda, istirahət mərkəzlərində, sağlamlıq ocaqlarında şirkətimizin istehsal etdiyi idman avadanlıqlarının quraşdırılması ümumi işə xidmət edir. Biz şəxsi evlər və villalar üçün də sifariş qəbul edirik.

- Uşaqların idmana cəlb olunması və müntəzəm məşğul olması üçün əsas baza bağçalardan, məktəblərdən başlayır. Bunun üçün hansı işlər görülür?

-İdman avadanlıqlarının bağçalarda, məktəblərdə quraşqdırılması çox vacibdir. Axı uşaqlar çox enerjili olurlar, həmişə nəyi isə vurub yıxmaq, dağıtmaq istəyirlər, səs-küy salırlar. Bunun qarşısını almaq və uşaqların diqqətini cəmləmək üçün adıçəkilən müəssisələrdə şirkətin avadanlıqlarının quraşdırılması məqsədəuyğun olardı.

- Afət xanım, təklif etdiyiniz idman qurğularında və avadanlıqlarında məşğul olmaq üçün yaş məhdudiyyəti varmı?

- Xeyr. Heç bir məhdudiyyət yoxdur. Şirkətin məhsullarından 7-dən 77-yə qədər hər bir kəs istifadə edə bilər. İstəyirik ki, yaşlılar və uşaqlar açıq havada quraşdırılmış idman avadanlıqlarında sərbəst şəkildə və heç bir vəsait ödəmədən məşğul ola bilsinlər. Bir sözlə, şirkətimiz çalışır ki, yaşından asılı olmayaraq hər bir kəs idmanla sərbəst, heç bir maneə olmadan məşğul olsun və fiziki yorğunluğu ata bilsin. Elm və texnikanın yüksək sürətlə inkişaf etdiyi və insanı yoran hadisələrin tez-tez baş verdiyi bir dövrdə stressdən azad olmuq üçün bundan gözəl vasitə ola bilməz. Həmçinin yaşlı insanların öz vaxtlarını sağlam şəkildə keçirməsi baxımından adıçəkilən idman qurğularının təklif etdiyimiz yaşlılar üçün yaradılacaq parklarda quraşdırılması böyük əhəmiyyət kəsb edir.


- Türkiyədə səfərdə olan turistlər və qonaqlar danışırlar ki, burada yolların kənarlarında trenajorlar və idman avadanlıqları quraşdırılıb və hər insan yorğunluq hiss etdikdə sərbəst məşğul ola bilir. Bu ideyanı bizim ölkədə də həyata keçirmək mümkündürmü?

- Niyə də yox. Türkiyədə yaşayan yerli və qonaqlar bu imkandan yararlanırlar. Məsələn, yolda yorulmusansa, istirahət etmək lazım gəlir. Bunun üçün sərbəst şəkildə və heç bir vəsait ödəmədən yolların kənarlarında quraşdırılmış avadanlıqlarda fiziki hərəkətlər etməklə yorğunluğunu çıxara bilərsən. Hətta bir stəkan çay içib yoluna davam edə bilərsən.
Ölkəmiz dünyada idman ölkəsi kimi tanınıb. Paytaxtda və regionlarda müasir tipli Olimpiya İdman Kompleksləri, idman meydançaları və tikililəri inşa edilib əhalinin istifadəsinə verilib. Sevindirici haldır ki, cinsindən, yaşından asılı olmayaraq idman əhali arasında kütləvi xarakter almağa başlayıb. Bu cür əlverişli şəraitdə, gözəl və müasir tipli yolların kənarlarında idman avadanlıqlarının quraşdırılması çox gözəl olardı və bu ideyanı həyata keçirməyə dəyər. Yolların kənarlarında insanlar idman etməklə bərabər, çay içir, söhbət edir və fikir mübadiləsi aparırlar. Bu, xüsusilə sürücülər üçün çox əlverişlidir. Sükan arxasında oturan insanlar yorularkən qəza vəziyyəti yaratmamaq və bir az da olsa dincəlib istirahət etmək üçün yollarına ara versələr nə olar ki?

- İdman avadanlıqlarının həyətyanı sahələrdə və evlərin həyətlərində yerləşdirilməsini nəzərdə tutursunuzmu?

- İndi həyətlərin çoxunda maşın və qarajların əlindən tərpənmək mümkün deyil. Kiçik yaşlı uşaqlar, yaşlı insanlar həyətə düşüb oynamağa, oturmağa yer tapmırlar. Avadanlıqların quraşdırılması üçün boş sahə olmalıdır. Sizə deyim ki, uşaqlar idman qurğularında və avadanlıqlarında yalnız vaxtlarını keçirmirlər, həm də əzələlərini inkişaf etdirirlər. Elm və texnika əsrində yaşayırıq. Müasir uşaqlar və gənclər asudə vaxtlarının çoxunu kompyuter arxasında keçirirlər. Bu, onların sağlamlığı üçün çox zərərlidir. Uşaqların və gənclərin sağlam həyat tərzinə uyğunlaşması, fiziki tərbiyə və idmanla məşğul olması üçün əlimizdən gələni etməyə çalışırıq.

- Afət xanım, sizin şirkətin məhsulları hansı funksiyaları yerinə yetirirlər?

- Sizə deyim ki, məhsullar içində 23 növdə trenajor var və onların hər biri bədənin müəyyən hissələrini hərəkət etdirməyə kömək edir. Elə trenajor var ki, eyni zamanda üç funksiyanı yerinə yetirir. Böyüklər üçün əl, ayaq, qarın, bel əzələrini inkişaf etdirmək üçün ayrı-ayrı trenajorlar vardır. Uşaqlar üçün isə həm tək, həm də bir neçə funksiyanı özündə birləşdirən trenajorlara rast gəlinir. Belə idman qurğularında bir neçə, məsələn, 8 uşaq eyni zamanda məşğul ola bilər. Əsas məqsəd uşaqları bir yerə toplamaq, onlar arasında ünsiyyət yaratmaqdır. Bu da öz növbəsində uşaqlarda kollektivçilik hisslərinin aşılanmasında böyük rol oynayır.

- Sizdə əllilər üçün avadanlıqlar nəzərdə tutulubmu?

- Çox düzgün məsələyə toxundunuz. Biz bu məsələyə çox böyük diqqət yetiririk. Bizdə əlil uşaqlar üçün və sonradan xəstəlik keçirmiş insanlar üçün idman qurğuları vardır. Biz belə avadanlıqlardan Qəbələdə tikilib istifadəyə verilən əllilər evinə vermişik. Bizim avadanlıqlar həmin yaşayış kompleksinin həyətində quraşdırılıb. Bundan başqa Bilgəh və Mərdəkan sanatoriyalarında bizim şirkətin avadanlıqlarından istifadə edilir.

- Sizin fikrinizcə, trenajorlarda gündə nə qədər məşq etmək lazım gəlir?

- Trenajorlarda məşq etmək üçün müəyyən vaxt həddi qoymaq mümkün deyil. Sadəcə, ilk gündə 10-15 dəqiqədən başlamaq və məşqləri 1 saata qədər uzatmaq lazımdır. Bunun heç bir ziyanı yoxdur.

- Şirkətin məhsulları sərgilərdə nümayiş etdirilirmi?

- Bəli, şirkətin avadanlıqlarını müxtəlif sərgilərdə, xüsusilə inşaat və idman ləvazimatları sərgilərində nümayiş etdiririk. Sərgi zamanı insanların bu qurğulara böyük maraq göstərməsi nəzərimizdən qaçmır. Bu da cəmiyyətdə idman avadanlıqlarına tələbat olmasını göstərir.

- Necə oldu ki, bu işlə məşğul olmağa başladınız?

- 15 il Türkiyədə yaşamışam və bu işin əhəmiyyətini gözəl başa düşürəm. Azərbaycana qayıtdıqdan sonra qərara aldım ki, bu işi ölkəmizdə davam etdirim. Mən həm də bioloqam axı. İnsanların sağlamlığının qayğısına qalmaqdan gözəl nə ola bilər. Qardaş ölkədə yaşamağım bu işlə məşğul olmaq üçün mənə böyük təkan verdi. Türkiyədə hər məhəllədə, hər həyətdə, parklarda idman avadanlıqları quraşdırılır. Fikirləşirdim ki, niyə bizdə də olmasın? Bir halda ki, ölkə rəhbəriliyi tərəfindən idmana, Olimpiya Hərəkatına bu cür diqqət və qayğı göstərilir, bu işləri həyata keçirmək üçün heç bir problem qalmır.

- Özünüz idmanla məşğul olursunuz?

- Uşaqlıqda, tələbəlikdə idmanla mütamadi məşğul olmuşam. Amma sonralar yalnız aerobikaya gedirdim. Vaxtında üzgüçülüklə də məşğul olmuşam. Amma indi işlər çox olur, çatdırmıram. İdman trenajorlarının şəhərin istirahət yerlərində quraşdırılmasının mənə də böyük xeyri olur.

- Müsahibəyə görə sağ olun.

- Sağ olun.

Səadət Hakıyeva
Aysel Sultanova