“Olimpiya dünyası” qəzeti III İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş dəyirmi masa keçirdi

“Olimpiya dünyası” qəzeti III İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş dəyirmi masa keçirdi

Oktyabrın 2-si İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunları başa çatacaq. Sentyabrın 22-də start götürən oyunlarda ölkəmiz 9 idman növündə 54 idmançı ilə təmsil olunur. Bu idman növlərindən 7-si Olimpiya (atletika, ağırlıqqaldırma, taekvondo, bidminton, tennis, kamandan oxatma, üzgüçülük), 2-si qeyri-olimpiya (uşu və karate) idman növüdür. Bu günədək idmançılarımız İslam Həmrəyliyi Oyunlarında 22 medal qazanıblar. Bu medallardan 5-i (3 qızıl, 2 gümüş) karateçilərimizin payına düşür.

84 kq çəki dərəcəsində çıxış edən Ayxan Mamayev İraq, Liviya və Misir təmsilçilərinə qalib gələrək komandamıza ilk qızıl medalı qazandırıb. Qeyd edək ki, Ayxan gənclər arasında dünya çempionu, böyüklər arasında Avropa çempionatının gümüş mükafatçısı, Dünya Oyunlarının iştirakçısıdır. Daha bir qızıl medalı karateçimiz Rafael Ağayev (75 kq) əldə edib. O, ilk döyüşdə Əlcəzair idmançısını 7:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci döyüşdə türkiyəli karateçiyə 7:0 hesabı ilə qalib gələn döyüşçümüz növbəti qarşılaşmada misirli rəqibini 6:3 hesabı ilə üstələyib. Finalda Rafaelin rəqibi İran idmançısı olub. Təmsilçimiz bu rəqibini də məğlub edib-5:2.
84 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən karateçimiz Şahin Atamov gümüş medal qazanıb. O, ilk döyüşdə rəqibinə 5:3, ikinci qarşılaşmada 2:0, yarımfinalda isə 1:0 hesabı ilə qalib gəlib. Şahin Atamov səhhətində problemlər yaranmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirib. Yalnız finalda iranlı rəqibinə məğlub olan idmançımız İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasına ilk medalı qazandırıb. 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev də gümüş medala yiyələnib. O, Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yüksəlib. Finalda isə idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olub. Fərdi yarışları uğurla başa vuran karateçilərimiz sentyabrın 25-də komanda yarışlarında qüvvələrini sınayıblar. Bu yarışlarda da tatami ustalarımızın çıxışları uğurlu olub. Belə ki, İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanıb. Finalda İran yığması ilə gərgin mübarizə aparan karateçilərimiz əsl əzmkarlıq göstərərək rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. İlk döyüşdə Niyazi Əliyev çəkidə özündən ağır və boyda hündür rəqibinə məğlub olsa da, sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafael Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız İran yığmasını məğlubiyyətə uğradıb.
Xatırladaq ki, 2005-ci ildə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində 14 idman növü üzrə keçirilmişdi. Bu Həmrəyliyi Oyunlarda təmsilçilərimiz 12 idman növündə 103 idmançı ilə çıxış etmişdi. Yığmamız 4 qızıl, 4 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında 15 medalla səkkizinci pillədə qərarlaşmışdı. Bu medallardan 4-ü (1 qızıl, 2 gümüş, 1 bürünc) karateçilərimizin payına düşmüşdü. I İslam Oyunlarında əldə olunan 4 qızıl medaldan birini komandamızın aktivinə 75 kq çəki dərəcəsində fərdi kumite yarışlarında çıxış edən karateçimiz Ceyhun Ağasıyev yazdırmışdı. Bu növ üzrə yarışlarda Rəşad Hüseynov (70 kq) və Yusif Cəfərov (60 kq) gümüş medal qazanmışdılar. Rafael Ağayev isə 65 kq çəki dərəcəsində bürünc medala layiq görülmüşdü.
Sentyabrın 27-də karate üzrə yığma komandamız III İslam Həmrəyliyi Oyunlarından vətənə dönüb. İdmançılarımızı hava limanında milli musiqi sədaları altında böyük azarkeş kütləsi qarşılayıb.
Qeyd edək ki, III İslam Həmrəyliyi Oyunları ərəfəsində, və oyunlar zamanı "Olimpiya dünyası” qəzeti öz səhifələrində çoxsaylı oxucuları üçün təmsilçilərimizin çıxışları barədə mütəmadi məlumatlar dərc edib. Bu dəfə də qəzetimiz ənənəsinə sadiq qalaraq təmsilçilərimizin iştirakı ilə dəyirmi masa təşkil etdi. Dəyirmi masanın budəfəki qonaqları WKF növləri üzrə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və karate üzrə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Rəhman Hətəmovdur. Bizimlə sözbət zamanı dəyirmi masa iştirakçıları İndoneziyada təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan karateçilərinin çıxışı, orada təşkil olunan "Azərbaycan günü”, qarşıdakı planlar barədə ətraflı danışdılar.

- İlk növbədə sizi bütün redaksiyamız adından İndoneziyada təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında əldə olunan möhtəşəm qələbə münasibətilə təbrik edirik. Karateçilərimizin belə möhtəşəm uğur qazanmaları, sözsüz ki, bu idman növünün Azərbaycanda yüksək səviyyəli inkişafının göstəricisidir. İdmançılarımızın çıxışları barədə fikirlərinizi öyrənmək itərdik.

Yaşar Bəşirov: Karate üzrə yığma komandanın III İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi uğur məni çox sevindirir. Oyunlarda Azərbaycan idmançılarının qazandıqları qızıl medallardan yarısını məhz karateçilirmiz qazanıblar. Əldə olunan qələbə təkcə karateçilərimizin deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Bildiyiniz kimi, İslam Həmrəyliyi Oyunları Prezident seçkiləri ərəfəsində keçirilir. Biz bu seçkilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyirik. Dövlətimizin başçısı həm də Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. Bu gün ölkəmizdə idmana yüksək səviyyəli dövlət qayğısı göstərilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız müxtəlif mötəbər yarışlarda nailiyyətlər qazanırlar. Karateçilərimizin İslamiadada qazandıqları nailiyyətlər tatami ustalarımızın dövlətimizin başçısı cənab İlham Əliyevə hədiyyəsidir.
Yüksək əzmkarlıq nümayiş etdirərək komandamıza ilk medalı karateçimiz Şahin Atamov qazandırdı. Tatami üzərinə yüksək hərarətlə çıxsa da, Şahin İslamiadanın gümüş medalını əldə etdi. Bu medalın əldə olunması Ayxanı qələbəyə daha da ruhlandırdı. Qeyd edim ki, Ayxan keçən il ilk onluqda yer alıb. Oyunlarda ölkəmizə ilk qızıl medalı qazandırmış Ayxan Mamayev gənc idmançıdır. O, gənclər arasında dünya və avropa çempionatlarında yüksək nəticələr əldə edib. Ayxan gənc olmasına baxmayaraq yüksək səviyyədə çıxış edərək, ona bəslənilən ümidləri doğrultdu.
Yarışların ikinci günü Rafael Ağayevlə Niyazi Əliyev tatami üzərinə çıxdılar. Əvvəlcə mübarizəyə Niyazi qoşuldu və mübarizəni finaladək davam etdirdi. Təəssüflər olsun ki, idmançımız finalda məğlub oldu. Qeyd edim ki, Niyazi üzərində cərrahiyyə əməliyyatı aparıldığına görə bir müddət idmana fasilə vermişdi və bərpa prosesini sonadək keçməmişdi. Rafael Ağayev öz parlaq çıxışı ilə dünyanın ən güclü idmançısı olduğunu bir daha sübut etdi. Karate yarışlarının sonuncu günü komanda yarışları keçirildi. Bu idman növündə komanda yarışları sayılıb-seçilən yarışlardan hesab olunur. Çünki fərdi görüşlərdə idmançının, komanda yarışlarında isə ölkənin adı əsas götürülür. Bu yarışlarda hərə öz ölkəsini təmsil edir. Bu baxımdan idmançıların üzərinə daha böyük məsuliyyət düşür. Finalda Azərbaycan komandası güclü İran yığması ilə üz-üzə gəldi. İran komandası bu gün karate aləmində dünyada ən güclü komandalardan biridir. Bu ölkədə milyondan artıq karateçi var. İranda bu növə dövlət tərəfindən yüksək dəstək göstərilir. İran komandası güclü olmasına baxmayaraq, karateçilərimiz bu ölkənin idmançılarına heç bir şans vermədilər. Birinci görüşdə iranlı idmançı qələbə qazansa da, növbəti qarşılaşmalarda karateçilərimiz üstünlüyü ələ aldılar. Onlar 3:1 hesabı ilə komandamıza növbəti qızıl medalı qazandırdılar. Qeyd edim ki, yarışdan qabaq Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızla görüşərək, onlara öz tövsiyələrini verdi. Karateçilərimiz də Çingiz müəllimə, ən azı, 4 medal qazanacaqlarına söz verdilər. Orada idmançılarımızı gənclər və idman naziri İsmayıl İsmayılov, Azərbaycanın İndoneziyadakı səfiri, səfirliyin əməkdaşları da dəstəkləyirdilər. Bu isə təmsilçilərimizə daha da böyük ruh yüksəkliyi verirdi.

- İndoneziyada "Azərbaycan günü” necə təşkil olunmuşdu?

- "Azərbaycan günü” yüksək səviyyədə təşkil olunmuşdu. Orada Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılara İslam Həmrəyliyi Oyunları ilə bağlı tövsiyələri videoçarx vasitəsilə nümayiş etdirildi. Milli mətbəximiz, milli musiqimiz, milli geyimlərimiz, milli rəqslərimiz yüksək səviyyədə təbliğ edildi.

Rəhman Hətəmov: Məncə, idmançılarımızın qələbəsində psixoloji amil əsas rol oynayırdı. Onlar fiziki hazırlıqla yanaşı, psixoloji cəhətdən də yüksək hazırlığa malik idilər. İslam Həmrəyliyi Oyunları daha mötəbər yarış idi və bu yarışa idmançılarımızın daha yüksək səviyyədə hazırlaşmalarına diqqət yetirməli idik. Bildiyiniz kimi, karate Olimpiya Oyunlarının proqramında yer almadığı üçün İslam Həmrəyliyi Oyunları bizim üçün bir növ Yay Olimpiya Oyunlarına bərabər bir yarış idi. Təbbi ki, bir məşqçi kimi bütün idmançılarımızdan medal gözləyirdim. Sevindirici haldır ki, 5 çəki dərəcəsində 4 idmançımız finaladək yüksəldi. Bu nəticə məni çox sevindirir. Komanda yarışlarının qalibi olmağımız məşqçi kimi mənim üçün çox yüksək nəticədir. İslamiadaya hazırlıq mərhələli şəkildə keçirilmişdi. İdmançılarımız müxtəlif turnirlərdə qüvvələrini sınamışdılar. Təlim-məşqlərə əvvəlcədən daha çox idmançımız cəlb olunmuşdu. Bu idmançılardan ən güclülərini seçdik və nəticə göstərir ki, seçimimizdə yanılmadıq. İdmançılarımız onlara bəslənilən ümidləri doğrultdular.

- Bu gün İslam ölkələrində karate necə inkişaf edib?

Rəhman Hətəmov:  İslam ölkələri dünya karatesində dominantlıq təşkil edirlər. Dünya çempionatında məhz islam ölkələrinin idmançıları ən mötəbər yerləri tuturlar. Türkiyə, Misir, İran komandaları dünya çempionatında ilk üçlükdə qərarlaşırlar. Biz də dünya səviyyəsində öz sözümüzü demişik. Əlbəttə ki, belə güclü komandalarla mübarizə aparmaq çətindir. Amma idmançılarımız yüksək hazırlıqları sayəsində onlara bəslənilən ümidləri doğrultdular. Yarışlarda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycanın İndoneziyadakı səfiri idmançılarımıza mənəvi dəstək olurdular. Bu idmançılarımızı qələbə qazanmağa daha da ruhlandırırdı. İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Rafael Ağayev bu gün dünyada ən güclü idmançıdır. Dünya Karate Federasiyasının Prezidenti Antonio Espinoz Rafaeli karatenin "briliantı” adlandırıb. O, bu adı doğruldur. Rafael öz üzərində daim işləyir, məşqlərə düzgün qaydada yanaşır və buna görə də uğurlar qazanır. O, uduzmağı xoşlamır və yarışlarda stabil nəticələr qazanmağı bacarır.
Komandamızın gənc üzvü Ayxan Mamayev neçə illərdir öz sözünü deyir. O, gənclər arasında Avropa çempionu, dünya çempionatının üçüncüsüdür. Onun finaldakı rəqibi güclü Misir idmançısı idi. Ayxan bu idmançı üzərində təmiz qələbə qazandı. Şahin Atamov səhətindəki problemlərə görə qızıl medal qazana bilmədi. Onun gücü yalnız final qarşılaşmasındakı mübarizəyə qədər çatdı. Mən onun gümüş medalını qızıl medal kimi qiymətləndirirəm. Niyazi Əliyev uzun müddət idi ki, böyük yarışlarda çıxış etmirdi. Bir ilə yaxın idi ki, dizindən zədə almışdı və əməliyyat olunmuşdu. Niyazinin də gümüş medalı mənim üçün qızıl medala bərabərdir. Komanda yarışında da idmançılarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Fiziki cəhətdən İran idmançıları daha güclü idilər. Buna baxmayaraq, idmançılarımız İran komandasına qalib gəldilər.

- Yaşar müəllim, artıq ikinci dəfədir ki, İslam Həmrəyliyi Oyunlarına qatılırsınız. Budəfəki yarışlarda əldə olunan uğur əvvəlki oyunlarla müqayisədə daha yüksəkdir.

- I İslam Həmrəyliyi Oyunlarında komandamız yüksək səviyyədə çıxış etmişdi. Karateçilərimiz 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanmışdılar. Yığmamız komanda yarışında da üçüncü olmuşdu. Belə mötəbər yarışda 4 medal qazanmaq böyük nəticədir. Azərbaycan komandasının iştirak etdiyi I İslam Həmrəyliyi Oyunlarında 4 qızıl medal qazanmışdıq. 4 qızıldan 1-ni, 8 gümüş medaldan ikisini karateçilərimiz əldə etmişdilər. Növbəti oyunlar İranda keçirilməli idi. Amma bu oyunların təşkili müəyyən səbəblərdən təxirə salındı. III İslam Həmrəyliyi Oyunlarının isə əvvəlcə iyun ayında keçirilməsi planlaşdırılırdı. Sonradan bu oyunların sentyabrda keçirilməsi qərara alındı. Komandamız yarışlara uzun müddət hazırlaşmışdı. Yığmanın hazırlığı yüksək səviyyədə həyata keçirildi, baxmayaraq ki, çətinliklərimiz çox idi. Bu yarışlara kata və kumite üzrə 11 idmançı ilə qatıldıq. Qızlar arasında iki idmançımız yarışlarda iştirak etdi. Bu oyunlarda 40-dan çox ölkənin idmançıları iştirak edirdilər. Karate üzrə yarışlarda 28 ölkənin idmançıları qüvvələrini sınayırdılar. Karateçilərimiz öz sözlərini deməli idilər. Yarışlara yola düşməzdən əvvəl İslam Həmrəyliyi Oyunları ilə bağlı iclas keçirilmişdi. Orada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə bildirdim ki, I İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanmışıq və budəfəki Oyunlarda vətənə bundan aşağı nəticə ilə dönə bilmərik. Sonra fikirləşdim ki, əlbəttə ki, 4 medal az göstərici deyil. Yarışlardan əvvəl komandamızın 2 qızıl qazanacağını proqnozlaşdırırdım. Düşünürdüm ki, I İslam Həmrəyliyi Oyunlarında 1 qızıl medal qazanmışıqsa, bu dəfə, ən azı, 2 qızıl medal əldə oluna bilər. Sevindirici haldır ki, nəticə daha da yüksək oldu.

- III İslam Həmrəyliyi Oyunlarında iki hakimimiz də ölkəmizi təmsil etdi. Azərbaycanda beynəlxalq hakimlərin yetişdirilməsi istiqamətində hansı işlər həyata keçirilir?

Yaşar Bəşirov: İki haikimimizin belə mötəbər yarışda ölkəmizi təmsil etməsi sevindirici haldır. Bu gün ölkəmizdə karate üzrə 7 beynəlxlq dərəcəli hakim var. Onlara Yusif Məmmədov başçılıq edir. Yusif Babayev İslam Həmrəyliyi Oyunlarında Cahangir Babayevlə birgə ölkəmizi hakim kimi təmsil edirdi. Orada yarışlar üç tatamidə keçirilirdi. Bu tatamilərdən birindəki yarışı Cahangir Babayev idarə edirdi. Hakimlərimiz bütün yarış günlərində öz işlərinin öhdəsindən yüksək səviyyədə gəldilər.

- İndoneziya sizdə hansı təəssüratlar oyatdı?

Yaşar Bəşirov: Bu, mənim karateçilərlə İndoneziyaya ikinci səfərim idi. Bundan əvvəl dünya çempionatında iştirak etmişik. Orada Bali adasında olmuşuq. İslam Həmrəyliyi Oyunları daha mötəbər yarışdır. Burada üzərimizə düşən məsuliyyət daha çox idi. Orada möhtəşəm bir körpü və yerli sakinlərin daha çox motosikldən istifadə etməsi mənim diqqətimi çəkdi. Yerli xalq mehriban və gülərüz idi.
Rəhman Hətəmov: İndoneziyanın maraqlı və görməli yerləri çoxdur. Yarışların təşkilatçılığı normal idi. Amma düşünürəm ki, Azərbaycan xalqı 2017-ci ildə III İslam Həmrəyliyi Oyunlarını daha yüksək səviyyədə təşkil edərək bütün dünyanı heyran qoyacaq.

- Karate idman növünün son illərdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

Yaşar Bəşirov: 6 ilə yaxın Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev tərəfindən bizə maddi köməklik göstərilirdi. Son iki ildə federasiyanın maddi çətinliyi oldu. Bu, idmançılarımızın nəticələrində özünü göstərirdi. İnanıram ki, əldə olunan nəticələrdən sonra bu problemlər aradan qaldırılacaq və idmançılarımz bundan sonrakı yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar.

- Bu idman növünün bölgələrdə inkişafı üçün nə kimi tədbirlər görürsünüz?

- Bu gün Sumqayıt və Gəncədə güclü karate məktəbi mövcuddur. Regionlarımızda karatenin inkişafı ilə bağlı məşqçilərin iştirakı ilə birgə müzakirlər aparmışıq. Bir sıra işləri həyata keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, regionlarda beynəlxalq səviyyəli yarışlar keçirək. Beynəlxalq Bankın kuboku uğrunda Şəkidə yarış keçirməyi nəzərdə tuturuq. Çalaşacağıq ki, regionlarda məşqçi və idmançıların səviyyəsinin artırılması üçün seminarlar keçirək. Təcrübəli idmançılarımızın iştirakı ilə belə seminarları mütəmadi keçirməyi planlaşdırırıq. -

- Bildiyiniz kimi, 2015-ci ildə ölkəmiz daha bir mötəbər yarışa, Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu oyunlara karateçilərimizin hazırlığı necə həyata keçiriləcək?

Rəhman Hətəmov: Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmançılarımızı qələbə qazanmağa daha da ruhlandıracaq. Bu baxımdan idmançılarımızın üzərinə daha da böyük məsuliyyət düşür. Bu oyunlara hazırlıq xüsusi proqram əsasında həyata keçiriləcək.

Yaşar Bəşirov:  Hər bir idmançının arzusudur ki, öz vətənində çempion adını qazansın. İdmançı üçün bundan gözəl nəticə ola bilməz. Yarışları izləyən rəsmi nümayəndə heyətinin üzvləri karatenin nə qədər maraqlı idman növü olduğunu gördülər. Bu idman növü öz fəlsəfəsi, gözəlliyi, zərbələrinin zənginliyi ilə fərqlənir. Bu növün özəlliyi ondadır ki, idmançılar zərbələri sonadək endirmirlər. Burada qoruyucu zərbələr mövcuddur. Bu da idmançını ağır zədə almaqdan qoruyur.

Rəhman Hətəmov: Karate döyüş növü olsa da, burada güləş, cüdo idman növündən zərbələr var. Bu növ sürətli, dinamik idman növüdür. İdmançıların vətənpərvər ruhda böyüməsində də karatenin böyük rolu var. Bu idman növü gənclərdə böyüyə hörmət etməyi, nizam-intizamlı olmağı öyrədir.