Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı böyük prespektivlər vəd edir

Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafı böyük prespektivlər vəd edir

Müstəqil Azərbaycan dövlətinin idman siyasətinin əsası da 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu sahədə qazanılan uğurlar ildən-ilə yüksələn xətlə davam etmişdir. Məhz bu dövrdən başlayaraq idmanın və Olimpiya Hərəkatının inkişafı ücün dövlət səviyyəsində tədbirlər həyata kecirilməyə başlanmış, 1997-ci ilin birinci yarımilindən sonra isə Milli Olimpiya Komitəsi ölkədə idmanın və Olimpiya Hərəkatının inkişafını keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti secilməsi ilə Azərbaycanda idmanın və Olimpiya Hərəkatının intibah dövrü başlamışdır.

Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın Olimpiya oyunlarında iştirakını təmin etmək, Milli Olimpiya Komitəsini beynəlxalq Olimpiya ailəsində nüfuzlu təşkilata çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılara diqqət və qayğını artırmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaq, uğurlarını və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını möhkəmləndirmək, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək və s. kimi çətin vəzifələrin həyata keçirilməsi üçün kompieks proqramların reallaşdırılması işinə start verilmişdir. Uğurla həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, bu gün, sözün əsl mənasıda, Azərbaycan Respublikası dünyanın idman dövlətidir. Bütün dünyanın qəbul etdiyi bu məlum həqiqəti ölkəmiz həm idman, həm də Olimpiya Hərəkatı sahəsində həyata keçirilən cox böyük miqyaslı kompleks proqramlar, Azərbaycan atletlərinin Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında və müxtəlif səviyyəli beynəlxalq yarışlarda qazandıqları medallar vasitəsilə bir daha sübuta yetirmişdir. Bu böyük uğurlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir. Milli Olimpiya Komitəsinin tarixi 1992-ci ildən, müstəqil dövlət olaraq, Olimpiya oyunlarında iştirakımızın tarixi isə 1996-cı ildən başlanır. Belə ki, Atlantada (1996-cı il) 1 gümüş medal qazanılmışdırsa, 1997-ci ilin ikinci yarısından başlayaraq həyata keçirilən tədbirlər sayəsində 15 il sonra London Olimpiadasında 10 medal qazanılmışdır. Təbii ki, hər bir Milli Olimpiya Komitəsinin əsas vəzifəsi ölkəsinin Olimpiya oyunlarında təmsil olunmasını təmin etməkdir. İdmançılarımız Azərbaycan bayrağı altında artıq 5 dəfə yay- Atlant-1996, Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012, dörd dəfə isə qış Olimpiya oyunlarında- Naqano-1998, Solt Leyk Siti-2002, Turin-2006 və Vankuver 2010-da iştirak etmişlər. Məhz bu dövrdə Olimpiya oyunlarında yüksələn xətlə əldə olunan uğurlarımız aşağıdakı kimi olmuşdur: Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7, Londonda isə 10 medal. Bu faktlar tarixi kerçəklik olmaqla bərabər, həm də Azərbaycan dövlətinin idman siyasətinin doğruluğunun təsdiqi və təntənəsidir. Bu möhtəşəm uğurların nəticəsidir ki, Milli Olimpiya Komitəsi beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və əldə etdiyi nailiyyətləri ilə BOK- un keçmiş prezidenti Jak Roqq tərəfindən milli olimpiya komitələrinə nümunə göstərilmişdir. Bunun əsasında təsadüflər deyil, məntiqi əsaslara söykənən zərurət dayanmışdır.
Müasir Olimpiya oyunları bu gin dövrümüzün ən böyük idman tədbirlərindən biri olmaqla ümumbəşəri mahiyyət daşıyaraq, planetimizdə milyonlarla insanın qəlbinə yol açmışdır. İndi bütün dünya dövlətləri Olimpiya oyunlarında iştirak edirlər. Tarixə nəzər salsaq, görərik ki, ilk müasir Olimpiya oyunlarında bu mənzərə fərqli olmuşdur. Məsələn, 1896-cı ilin 6 aprelində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən birinci Olimpiya oyunlarında cəmi 14 ölkə iştirak etmişdirsə, 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 dövlət təmsil olunmuşdur. Ümumiyyətlə, XXI əsr Olimpiya Hərəkatının daha geniş vüsət alması, genişlənməsi, irəli getməsi ilə səciyyələnir. Azərbaycan bu hərəkatda həmişə olmuşdur. Məlumdur ki, SSRİ 1952-ci ilədək Olimpiya oyunlarında iştirak etmirdi. Bu səbəbdən də Azərbaycan atletlərinin bu möhtəşəm oyunlarda iştirakı təbii ki, mümkün olmamışdır. Lakin bu, hec də o demək deyildir ki, ölkəmizdə Olimpiadaya maraq göstərilməmişdir. Hələ 1925-ci ildə Bakıda "Olimpiya oyunları” adı altında yarışlar keçirilmişdir. Bu, onu göstərir ki, ölkəmizdə Olimpiya oyunları dolaysı yolla da olsa təbliğ edilmişdir. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan atletlərinin bu oyunlarda iştirakı 1952-ci ildən başlamışdır. İdmançılarımız o dövrdə müstəqil Azərbaycanın deyil, SSRİ komandasının tərkibində çıxış etsələr də, Olimpiya oyunlarında ilk medalımızı məhz bu ildə qazanmışıq. Əlbəttə, o dövrdə SSRİ komandasının tərkibinə düşmək və Olimpiya oyunlarında iştirak etmək cox çətin idi. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan idmanının qədim, tarixi ənənələrindən bəhs edərkən atletlərimizin o zamanlar beynəlxalq miqyasa çıxa bilmədiyini ürək ağrısı ilə xatırlayaraq demişdir: "Keçmiş dövrlərdə də Azərbaycanın nümayəndələri Olimpiya oyunlarında təmsil olunmuşdular. Bəziləri yüksək nailiyyətlər də əldə etmişlər. Ancaq onlar keçmiş Sovetlər İttifaqını tımsil etmişlər. Eyni zamanda, Azərbaycan tam müstəqil olmadığına görə keçmişdə Sovetlər İttifaqının ümumi komandasıda Azərbaycanın idman ustaları istənilən qədər, istənilən miqdarda heç vaxt təmsil olunmamışdır”.
Azərbaycanda idmanın Olimpiya Hərəkatının inkişaf tarixini müəyyən məhələlərə bölsək, heç şübhəsiz ki, ötən əsrin altımışıncı illərinin ikinci yarısını və 70-ci illərini respublikamızda idmanın və Olimpiya Hərəkatının çiçəklənmə dövrü kimi qiymətləndirmək olar.Ümumiyyətlə, 1952-2012- ci illər arasında 15 dəfə yay Olimpiya oyunlarında 237 Azərbaycan idmançısı iştirak etmiş və 18 qızıl, 16 gümüş və 23 bürünc olmaqla, 57 medal qazanılmışdır. O cümlədən, Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 1952-ci ildən 1988-ci ilədək SSRİ-nin, 1992-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Bu dövr ərzində idmançılarımız on Olimpiadada iştirak etmiş, 12 qızıl, 11 gümüş və 7 bürünc olmaqla, 30 medal qazanmışdır. Müstəqillik illərində isə Azərbaycan idmançıları 5 yay Olimpiya oyunlarında iştirak etmiş, 6 qızıl, 5 gümüş, 15 bürünc olmaqla, 26 medala sahib çıxmışlar.
Bu günə qədər yay Olimpiya oyunlarının hər biri Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Atlanta oyunlarında ölkəmiz ilk dəfə müstəqil dövlət kimi iştirak etməsinə baxmayaraq, 23 idmançımızın öz qüvvəsini sınadığı bu möhtəşəm yarışda güləşçimiz Namiq Abdullayev gümüş medal qazanmışdır. Azərbaycan komandası bu nəticə ilə medal qazanan ölkəlr arasında 61-ci sırada qərar tutmuşdur. Avstraliyada keçirilən Sidney-2000 Olimpiadasında 31 idmançımız iştirak etmiş, stend atıcılığı yarışlarında Zemfira Meftahətdinova, sərbəst güləş yarışlarında Namiq Abdullayev qızıl, boks yarışlarında isə Vüqar Ələkbərov bürünc medal qazanmış. Azərbaycan Bu oyunlara qatılan 199 ölkə arasında 34-cü, Avropa dövlətləri arasında isə 23-ci yerə cıxmışdır. 2004-cü ildə Afinada kecirilən XXVIII Yay Olimpiya Oyunlarında ölkəmiz 38 idmancı ilə təmsil olunmuşdur. Belə ki, yunan-Roma güləşində Fərid Mansurov qızıl, atıcılıq idmanımızın nümayandələri Zemfira Meftahətdinova və İradə Aşumova, boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medal qazanmışlar. Bu nəticə ilə ölkəmiz medal qazana bilmiş 75 dövlət arasıda 37-ci yeri tutmuşdur. Pekin-2008 Olimpiadasında isə Azərbaycan idmancıları 7 (1 qızıl, 2 gümüş və 4 bürünc) medal qazanaraq, (cüdo üzrə Elnur Məmmədli - qızıl, yuna-Roma güləşi üzrə- Rövşən Bayramov, Vitali Rəhimov -gümüş, cüdo üzrə Mövlud Mirəliyev -bürünc, qadın güləşi üzrə Mariya Stadnik- bürünc, sərbəst güləş üzrə Xetaq Qazyumov- bürünc, boks üzrə Şahin İmranov -bürünc) oyunlarda medal əldə edən 88 dövlət arasında medalların keyfiyyətinə görə 39-cu, kəmiyyətinə görə 27-ci yerdə qərarlaşmışlar. Azərbaycan Avropa ölkələri arasında medalların keyfiyyətinə görə 19-cu, kəmiyyətinə görə isə 15-ci, MDB təmsilçiləri arasında keyfiyyətə görə 6-cı, kəmiyyətə görə isə 5-ci olmuşdur.

XXX London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunan ölkəmiz bu olimpiadada daha böyük uğur qazanmışdır. İndiyədək iştirak etdiyimiz yay Olimpiya oyunları tarixində ilk dəfə olaraq, daha çox - 10 medal (sərbəst güləş üzrə Toğrul Əsgərov, Şərif Şərifov -qızıl, yuna-Roma üzrə Rövşən Bayramov- gümüş, qadın güləşi üzrə Mariya Stadnik -gümüş, ağırlıqqaldırma üzrə Valentin Xristov -bürünc, yunan-Roma üzrə Emin Əhmədov- bürünc, sərbəst güləş üzrə Xetaq Qazyumov -bürünc,qadın güləşi üzrə Yuliya Ratkeviç- bürünc, boks üzrə Teymur Məmmədov, Məmmədrəsul Məcidov- bürünc) əldə edilmişdir. Bu möhtəşəm bir qələbə idi. Belə ki, Azərbaycan medal qazanan ölkələr sırasında medalların sayına görə 24-cü, Avropa ölkələi arasında 15-ci, müsəlman ölkələri sırasında isə 3-cü yeri tutmuşdur.

Əlbəttə, bir məqalədə Azərbaycanda xüsusilə son 16 il ərzində çox böyük uğurlar əldə edilən idmanın və Olimpiya Hərəkatının inkişaf tarixini yetərincə araşdırmaq, geniş təhlilini vermək, sadəcə olaraq, mümkün deyildir. Ölkəmizdə sürətlə inkişaf edən idmanın və Olimpiya Hərəkatının aydın mənzərəsini tarixi və elmi müstəvidə əks etdirmək üçün cild-cild kitablar yazmaq lazımdır. Lakin hamıya bəllidir ki, bu sahələrdəki inkişafın nəticəsi olaraq, coxsaylı gələcək uğurlarımız, prespektivlərimiz haqqında daha inamla danışırıq. Çünki bu gün ölkəmiz dünya idman ailəsində, necə deyərlər, söz sahibidir, hörmət və nüfuza malikdir. İlk dəfə olaraq 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına, 2017-ci ildə keciriləcək İslam Həmrəyliyi Oyunlarına Bakının ev sahibliyi etməsi və digər möhtəşəm beynəlxalq tədbirlərin ölkəmizdə reallaşması, beynəlxalq idman təşkilatları tərəfindən göstərilən etimadın nəticəsidirsə, digər tərəfdən, bu sahədə qazanılmış təcrübənin, Azərbaycanın idman dövləti olmasının qeydsiz-şərtsiz təsdiqidir. Prespektivdə isə atletlərimizin Olimpiya oyunlarında yenə də çoxsaylı uğurlar əldə etməsi, gündən-günə gözəlləşən doğma Bakının yaxın gələcəkdə Olimpiya oyunlarına ev sahibliyi etmək hüququ qazanması var.
Bütün bu uğurların memarı olan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Mən əminəm ki, gələcək illərdə biz yüksək templəri saxlayacağıq. Biz əldə edilmlş uğurlarla kifayətlənməyəcəyik. Çünki biz heç bir sahədə əldə edilmiş uğurlarla kifayətlənmirik. Heç bir uğur, heç bir qələbə, heç bir inkişaf bizi sakitləşdirməməlidir və sakitləşdirmir. Biz daim irəliyə, gələcəyə baxmalıyıq”.
Dilqəm Quliyev