Dünya çempionatı iki bürünc medalla yadda qaldı

Dünya çempionatı iki bürünc medalla yadda qaldı

Ötən həftə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı yekunlaşdı. Lakin onun yekunları bizim cüdoçular üçün o qədər də ürəkaçan olmadı. Daşkənd tatamisində çıxış etmiş 11 cüdoçumuz yalnız iki bürünc medal qazana bildi. Hidayət Heydərov (73 kq) üçün bu artıq üçüncü "bürünc" olsa da, Zelim Kotsoyev (100 kq) karyerasında ilk dəfə olaraq dünya birinciliyində bürünc medala sahib çıxdı.
Bəli, qadın cüdoçularmızın uğursuzluğuna biz artıq öyrəşmişik. Lakin, biri var gərgin mübarizədə və ya titullu rəqibinə məğlub olmaq, biri də var, rəqibə qarşı aciz durumda qalaraq, məğlub olmaq. Bəli, mən gözəl anlayıram ki, cüdo mental baxımdan bəlkə də Azərbaycan qadınları üçün münasib bir idman növü deyil və çox az hallarda valideyin qızının əlindən tutaraq, onu cüdo dərnəyinə aparır. Amma artıq bu idman növü ilə məşğul olmağı özü üçün seçmiş, bu idmanla həyatda özünə yer tutmuş qızlar, dünya birinciliyinə yollanarkən belə bir mötəbər yarışda nə üçün mübarizəyə qatıldığını dərk etməli, tatamiyə qələbə çalmaq, əzmlə mübarizə aparmaq üçün daxil olmalıdırlar. Təəssüf ki, biz dünya çempionatında onlarda bu mübarizliyi görmədik. Və bir çox kişi çüdoçularımızda da həmçinin.
Bu çempionat ən azı üç cüdoçumuz üçün tam məyussuqla bitdi. Adlı-sanlı idmançılarımız - Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) ilk rəqiblərinə məğlub olaraq çıxışlarını bitirdilər. Son anda bu yarışa qatılan Elcan Hacıyev (81 kq) də onlarla eyni aqibəti yaşadı, lakin onun üçün bu dünya birinciliyi ilk olduğundan bu uğursuzluğu həyəcan və başqa amillərlə yozmaq olsa da, yuxarıdakı üçlüyün məğlubiyyətləri təəssüf doğurur.
Orxan Səfərov (66 kq) və Yaşar Nəcəfov (66 kq) ilk görüşlərində qalib gəlsələr də belə, ikinci görüşlərində məğlub oldular. Ardıcıl olaraq üç görüşdə inamlı qələbə qazanan Səid Mollayi sanki artıq finalda idi, lakin sonra həm finala çıxış, həm də "bürünc" uğrunda mübarizələrdə məğlub olaraq turniri medalsız tərk etdi. Bürünc medalçılarımız isə ən azından gümüş qazanmaq gücündəydilər. Ani diqqətsizlik ucbatından həm Hidayət, həm də Zelim finalın bir addımlığında büdrədilər. Beləliklə, hər ikisi daha yüksək əyarlı medal almaq əvəzinə, "bürünc"lə kifayətlənməli oldu.
Şəxsən mənim üçün isə bu çempionatda bir qaranlıq məqam qaldı. Məşqçilər Daşkənddə tam heyətlə qatıldığı təqdirdə, niyə görəsən cüdoçularımızın əksəriyyətini tatamiyə baş məşqçi Rihard Trautman aparırdı. İdmanla məşğul olanlar bilir ki, idmançıya sekundantlıq etmək çox çətin və olduqca məsuliyyətli bir işdir. İdmançı çox vaxt kənardan gələn səsləri, ümumiyyətlə, eşitmir, eşidilə biləcək yalnız onu tatamiyə çıxaran məşqçinin səsidir. Onlar eyni dildə danışmayanda heç bir vəhdətdən söhbət gedə bilməz. Yəni fikrimcə, illərin idmançıları və məşçiləri olmuş Elçin İsmayılov, Mövlud Mirəliyev, Mehman Əzizov dura-dura, Trautman Rüstəm Orucovu və ya Məhəmmədəli Mehdiyevi tatamiyə çıxarmalı deyildi. Baş məşqçi indiki heyətdən yalnız Səid Mollayini müşaiyət edə bilər. Cünki onlar həm almanca, ham ingiliscə bir-birlərini anlaya bilirlər. Amma digər cüdoçularımızı yerli məşqçilər müşaiyət etsəydilər, zənnimcə daha səmərəli nəticə əldə edə bilərdik. 

 

Daşkənd, xüsusi olaraq 
“Olimpiya dünyası” qəzeti üçün

Dünya çempionatı iki bürünc medalla yadda qaldı Dünya çempionatı iki bürünc medalla yadda qaldı Dünya çempionatı iki bürünc medalla yadda qaldı Dünya çempionatı iki bürünc medalla yadda qaldı Dünya çempionatı iki bürünc medalla yadda qaldı Dünya çempionatı iki bürünc medalla yadda qaldı