İbrahimoviç 2013-cü ildə ən gözəl qolun müəllifi hesab edilib

İbrahimoviç 2013-cü ildə ən gözəl qolun müəllifi hesab edilib


İsveç yığmasının və Fransanın "Pari Sen-Jermen” komandasının hücumçusu Zlatan İbrahimoviç 2013-cü ildə ən gözəl qolun müəllifi hesab edilib və əfsanəvi macar futbolçusu Ferens Puşkaş adına mükafata layiq görülüb.
İbrahimoviç səsvermədə Portuqaliyanın "Benfika” komandasının serbiyalı yarımmüdafiəçisi Nemanya Matiçi və "Barselona”nın braziliyalı hücumçusu Neymarı geridə qoyub.
İbrahimoviç bu gözəl qolu İngiltərə yığmasına qarşı 4:2 hesabı ilə başa çatmış yoldaşlıq matçında vurub. Həmin matçda İbrahimoviçin komandasının vurduğu 4 qolun hamısının müəllifi olub. Bu qollardan sonuncusu ən gözəl hesab edilib. Zlatan cərimə meydançasından kənarda topu başı üstündən vuraraq Co Xartın qoruduğu qapıdan keçirib.
İbrahimoviç həmin epizodu belə xatırlayır: "Xart uzaqda idi, buna görə mən qərara gəldim ki, topu qapıya vurmağa çalışım. Topu vurandan sonra yerə uzanmış halda gördüm ki, top düz hədəfə tərəf uçur. Müdafiəçi topa zərbə vurub geri qaytarmağa çalışanda "Yox! Lazım deyil!” deyə qışqırmaq istəyirdim, amma hər halda top qapıdan keçdi”.