“İlan ili” kimin üçün düşərli oldu?

“İlan ili” kimin üçün düşərli oldu?


Artıq geridə qalan 2013-cü ili Topaz Premyer Liqasında çıxış edən "ilanlar” üçün uğurlu saymaq olar. Əlbəttə ki, söhbət "ilan ili”ndə anadan olan, futbolçuların 2013-cü ildəki çıxışlarından gedir.
Qəzetimiz adı Premyer Liqa klublarının iştirak ərizələrində olan 24 belə futbolçunun çıxışını araşdırıb. Onların da əksəriyyəti ötən ili müsbət yöndə başa vurub. Bombardirlər yarışının liderləri siyahısında da öndə "ilanlar” dururlar.
Cəmi 9 qol vursa da, çempionatın ən yaxşı bombardiri kimi hamıdan irəlidə qərarlaşan Vaqif Cavadov ilan ilində doğulub. 1989-cu il təvəllüdlü hücumçu ötən il millidə də qol sevinci yaşayıb. Vaqif Cavadov Rusiya millisini məyus etməklə, yığmamıza xal qazandırıb.

Bombardirlər yarışında Vaqifin ən yaxın izləyicisi olan 3 futbolçudan ikisi də ilan ilindəndir: 7 qol vuranlardan Reynaldo Silva və Daniel Subotiç V. Cavadovla həmyaşıddır. Özü də onlar bombardirlər yarışının lideri kimi ilan ilində diqqət mərkəzində olublar. Reynaldo avrokuboklarda göstərdiyi oyunla həm "Qarabağ”ı irəli aparıb, həm də azarkeşlərin sevgisini qazanıb. Ölkəmizə gələndən təxminən yarım il sonra tam "parlamağ”a başlayan braziliyalıdan fərqli, Daniel Subotiç "Qəbələ”yə transfer olunduğu qısa müddətdə diqqətləri özünə çəkib.
Millimizin üzvləri Rauf Əliyevlə Rahid Əmirquliyev üçün il ikili hisslərlə başa çatıb. Yığmada əsas heyət oyunçusu olan cütlük qol sevinci də yaşayıb, həm də azsaylı uğurlarda pay sahibi olublar. Lakin onların aparıcı futbolçusu olduğu klublar - "Bakı” ilə "Xəzər Lənkəran” üçün ilan ili uğursuz olub. Bakılılar avrokuboklara düşə bilməyiblər. Hazırda "zolaqlılar” ölkə çempionatında turnir cədvəlinin orta pillələrində qərarlaşıblar. Cənublular isə Avropada böyükhesablı məğlubiyyətlə üzləşiblər və bu mövsüm uğursuz çıxış edirlər.
Riçard Almeyda, Ulrix Kapolonqo və yığmanın üzvü Maksim Medvedev üçün də 2013-cü il uğurlu sayılır. Onlar ilan ilində "Qarabağ”la avrokubokların pley-off mərhələsinədək irəliləyiblər.
Şəhriyar Rəhimov, Tural Nərimanov (hər ikisi AZAL) və bütün adıçəkilən "ilanlar”dan 12 yaş böyük olan Aleksandr İaşvili ("İnter”) üçün 2013-cü il heç nə ilə fərqlənmədi. Onlar nə ciddi uğur, nə də üzüntü yaşayıblar.
Əvəzində, o qədər də pis təsir bağışlamayanlar - Nenad Kiso "Simurq”dan, Miro Varvodiç isə UEFA Avropa Liqasında mərhələlər keçməsinə kömək etdiyi "Qarabağ”dan ayrıldılar. Daniel Genov isə, neçə vaxtdır heyətinə düşməkdə çətinlik çəkdiyi "İnter”ə lazım olmadı.
İlan ilində anadan olan digər futbolçularımız isə 24 yaşlarını qeyd etdikləri 2013-cü ildə aşkar uğursuzluqla üzləşiblər. Bu sırada Uğur Pamuk, Alberto Noquera, Aqil Məmmədov, Orxan Bəşirov, Elvin Musazadə, Elçin Sadıqov və Bəxtiyar Soltanovun adlarını qeyd etmək olar.