Klublarımız hazırlıqlarını davam etdirirlər

Klublarımız hazırlıqlarını davam etdirirlər


Qış fasiləsindən istifadə edən Topaz Premyer Liqasının klubları yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi”, "Qarabağ”, "Qəbələ”, "İnter”, "Rəvan”, "Simurq” növbəti matçlarını keçiriblər. Məlumat üçün deyək ki, "Bakı” klubu isə təlim-məşq toplanışı üçün İspaniyaya yollanıb.


Yanvarın 12-dən Türkiyədə toplanışda olan "Neftçi” bu həftə 3-cü yoxlama oyununu keçirib. Böyükağa Hacıyevin yetirmələri Qazaxıstanın "Tobol” klubu ilə üz-üzə gəlib. Başa çatmış son Qazaxıstan Premyer Liqasını ikinci "altılığ”ın lideri kimi tamamlayan Kostanay təmsilçisi klublarımızdan birinə yaxşı tanış idi. Belə ki, Sergey Maslyonovun yetirmələri yanvarın 13-də "Qəbələ” ilə qarşılaşmış və 1:2 hesabı ilə məğlub olmuşdular. Elə bu dəfə də, təmsilçimiz qələbə qazanıb. Qazaxıstan klubu 2 dəfə hesabı bərabərləşdirsə də, "Neftçi” önə keçməyi bacarıb.
Maraqlıdır ki, son çempionumuzun qollarından 2-ni mərkəz müdafiəçiləri, 2-ni isə mərkəz hücumçuları vurublar. Qeyd edək ki, "Neftçi” bundan əvvəl Albaniyanın "Partizani” (2:0) və Türkiyənin "Fənərbaxça” (0:0) klubları ilə gücünü sınayıb.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” 5-ci yoxlama matçını təşkil edib. "Qırmızı-qaralar” bu dəfə Rusiya Premyer Liqası təmsilçisi "Volqa” ilə qarşılaşıb. Matç ərzində heç bir komanda fərqlənə bilmədiyi üçün oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0. Qeyd edək ki, "Qəbələ” bundan əvvəlki oyunlarda Türkiyənin "Maltəpəspor klubu ilə heç-heçə edib (1:1), Qazaxıstan təmsilçisi "Tobol”a qalib gəlib (2:1), "Konyaspor”a (Türkiyə) isə məğlub olub (2:4). "Qırmızı-qaralar” 4-cü oyunda isə Qazaxıstanın "Spartak” klubu ilə heç-heçə edib (1:1).
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ” klubu növbəti yoxlama matçına çıxıb. Ağdam təmsilçisi hazırda Albaniya yüksək liqasının 5-ci pilləsində qərarlaşan "Flamutari” klubu ilə qarşılaşıb. Ağdamlılar oyunun 24-cü dəqiqəsində Reynaldonun qolu ilə hesabı açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Görüş Albaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ilk yoxlama oyununda Rumıniyanın "Dinamo” (Buxarest) klubu qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Antalyada hazırlıqlarını davam etdirən digər klubumuz "Rəvan” snın II liqa təmsilçisi olan "Universtatya” klubu ilə qarşılaşıb. Qarşılaşma Güvənc Kurtarın yktirmələrinin minimum hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Bakı təmsilçisi bundan əvvəl Brazliyanın "Uniao” komandası ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
"İnter” Almaniyanın "Şimal-Şərq” Regional Liqasında mübarizə aparan "Zeits” komandası olub. Görüş "bankçılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, "İnter” bundan əvvəl "Asten” (8:0), "Holştayn” (0:3) və "Aktobe” (1:1) ilə qarşılaşıb.
"Simurq” Çinin "Şanxay Şenhua” klubu ilə üz-üzə gəlib. Tərəflərin səyinə baxmayaraq, sonadək hesab açılmayıb - 0:0.
İspaniyada təlim-məşq toplanışını davam etdirən "Bakı” klubu da növbəti yoxlama oyununa çıxıb. Milinko Pantiçin yetirmələri Rumıniyanın "Styaua” klubu ilə qarşılaşıblar. Paytaxt təmsilçisi hazırda Rumıniya çempionatında 3-cü pillədə olan "Styaua”nı 2:0 hesabı ilə məğlub etməyi bacarıb. Qeyd edək ki, "Bakı” buna qədər Albaniyanın "Laçi” klubunu 4:0, İspaniyanın "Real Balompedika Linense” komandasını isə 1:0 hesabı ilə məğlub edib.

Yoldaşlıq oyunları

"Neftçi” - "Tobol” (Qazaxıstan) - 4:2
"Qəbələ” - "Volqa” (Rusiya) - 0:0
"Qarabağ” - "Flamutari” (Albaniya) - 1:2
"Rəvan” - "Universtatya” (Ruminaya) - 1:0
"İnter” - "Zeits” (Almaniya) - 2:0
"Simurq” - "Şanxay Şenhua” (Çin) - 0:0
"Bakı” - "Styaua” (Rumıniya) - 2:0