Növbəti seminar təşkil edildi

Növbəti seminar təşkil edildi

Yanvarın 13-dən 17-dək Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqovun təşəbbüsü və mərkəzin təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti ənənəvi seminarı keçirildi.

"Neftçi” Peşəkar Futbol Klubu və "Neftçi” İSM-in məşqçilərinin birgə qatıldığı bu tədbir böyük əhəmiyyət daşıyırdı. Seminarın "Neftçi” PFK və "Neftçi” İSM-in futbol məşqçilərinin birgə iştirakı ilə keçirilməsinin təcrübə mübadiləsi baxımından çox önəmli olduğu xüsusi qeyd edilməlidir. Tədbirin gedişində istər nəzəri, istərsə də praktiki məşğələlərin müzakirəsi zamanı yürüdülən fikirlərin müxtəlifliyi seminarın əhəmiyyətli olmasından xəbər verirdi.
Seminarın keçirilməsində əsas məqsəd məşqçiləri metodiki cəhətdən daha yaxşı hazırlamaq, onların futbol biliklərini təkmilləşdirmək, məşqlərin müasir səviyyədə qurulmasına yardım etmək və nəticədə, gənc, istedadlı futbolçuların yetişdirilməsinə nail olmaq idi.
Nəzəri məşğələlərdə "Sürət keyfiyyətinin təkmilləşdirilməsi: start sürəti, sabit və dəyişkən sürət”, "Reaksiya sürəti: görərək, duyaraq, toxunaraq verilən məşq metodları”, "Oyun qaydaları”, "Reaksiya sürəti: qavrama, qəbul etmə, icra, oyunu oxumaq” və digər mövzularda söhbətlər aparıldı. Praktiki məşğələlər də müxtəlif mövzular üzrə təşkil olundu və iştirakçılarda böyük maraq oyatdı.
Avropa, Cənubi Amerika ölkələrinin, eləcə də futbolu inkişaf etmiş digər ölkələrin məşq və oyunlarından hazırlanmış videoçarxlar seminar iştirakçılarına təqdim olundu və qeydə alınmış müxtəlif fraqmentlər onlara izah edildi.
Məşqin nəzəri və praktiki hissəsi haqda "Neftçi” İSM-in futbol üzrə baş məşqçisi Məhərrəm Həsənovla "Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyev, oyun qaydaları barədə isə mərkəzin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov və təlimatçısı Kərim Ağayev məruzə etdilər. Seminar iştirakçılarına tövsiyələr verildi və onların sualları cavablandırıldı.
Tofiq Ataxanoğlu,
"Neftçi” İSM-in mətbuat xidmətinin rəhbəri,
Əməkdar jurnalist