Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları artıq sona yaxınlaşır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Ər-Riyadda Olimpnews.az-a müsahibə verib. MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarındakı nəticələrini dəyərləndirib.
- Çingiz müəəllim, VI İslam Həmrəyliyi Oyunları artıq yekunlaşmaq üzrədir. Azərbaycan komandasının çıxışını necə qiymətləndirirsiniz?
- Azərbaycan komandasının bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə zəifdir. Hazırda, İslamiadada medal qazanan ölkələr arasında 10-cu yerdəyik və maksimum 9-cu yeri tuta bilərik. Bu isə ölkəmizin İslam Həmrəyliyi Oyunlarında indiyədək göstərdiyi ən aşağı nəticədir. Bu nəticələr mənə Rio Olimpiadasını xatırladır. O zaman da əldə etdiyimiz 18 medaldan cəmi biri qızıl idi, gümüş medalların sayı isə üstünlük təşkil edirdi. İndi də eyni mənzərəni görürük. İlk üçlükdə qərarlaşan komandalardan sonra ən çox gümüş medal qazanan ölkələrdən biri Azərbaycandır.
Qeyd etməliyəm ki, idmançılarımız mübarizə apararaq, bacarıqlarını nümayiş etdirdilər, lakin bəxt amili də mühüm rol oynadı. Komandamızdakı bəzi idmançıların sadəcə şansı gətirmədi. Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq istəyirəm. Cüdo millimiz də komanda hesabında çox inamlı qələbə qazandı. Ümumilikdə 8 qızıl medalımız var və onların 5-ini qadın idmançılarımız qazanıb. Yəni bu yarışda xanım idmançılarımız oğlanlara nisbətən daha yaxşı çıxış etdilər və bu, bizim üçün qürurverici göstəricidir.
- Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq məsələləri barədə nə deyə bilərsiniz?
- Müəyyən gecikmələri nəzərə almasaq, digər məsələlər ümumilikdə qaydasındadır. Biz bu Oyunları Bakı-2017 ilə müqayisə etmirik. Çünki paytaxtımızın ev sahibliyi etdiyi yarışların səviyyəsi tamamilə fərqli idi və onu digər ölkələrlə müqayisə etmək doğru olmaz. Ümumilikdə desək, təşkilatçılıq pis deyil. Məndə olan məlumata görə, media nümayəndələri üçün də yaxşı şərait yaradılıb. Əsas narazılıq doğuran nəqliyyat məsələləri isə Oyunlar zamanı operativ şəkildə həll edilir. Bu baxımdan yarışların təşkilini qənaətbəxş hesab etmək olar.
- Növbəti İslamiada Malayziyada keçiriləcək. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Növbəti İslam Həmrəyliyi Oyunları Malayziyada, ölkənin dənizkənarı bölgələrindən birində təşkil olunacaq. Malayziya belə tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir, buna görə də düşünürəm ki, təşkilatçılıq səviyyəsi yüksək olacaq. Ümid edirəm ki, həmin Oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.
- Son illərdə İslam ölkələrində idmanın inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- İlk İslam Həmrəyliyi Oyunları ilə bu gün keçirilən yarışları müqayisə etdikdə çox ciddi fərqlər görürük. İslam ölkələrində idman dinamik şəkildə inkişaf edir. Məsələn, Səudiyyə Ərəbistanının 9 qızıl medal əldə etməsi, Bəhreyn komandasının uğurlu çıxışı, xüsusilə də onların atletika üzrə yüksək nəticələri bunu açıq şəkildə göstərir.
Belə mötəbər yarışlarda ən çox medal məhz atletika və üzgüçülükdə qazanılır. Təəssüf ki, bu iki idman növünün ölkəmizdə istənilən səviyyəyə çatmaması medal qazanan ölkələr arasında tutduğumuz yerə də təsir edir.


