Madridlilər 40 ildən sonra 1/2 finala yüksəldilər

Madridlilər 40 ildən sonra 1/2 finala yüksəldilər





"Mourinyo taktikası” isə yenə işə yaradı


Bu həftə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub. İlk oyun günü ötən həftə 3 qol buraxan komandalar bu dəfə öz meydanlarında oynayıblar. Yarımfinalın astanasında olan qonaqlar isə üstünlüyünü qorumağa çalışıblar. Son oyun günündə isə meydan sahibləri ilk matçdakı heç-heçədən yararlanmağa çalışıblar. Təşkil olunan matçlardan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adları bəlli olub. Bunlar "Atletiko” (İspaniya), "Real” (İspaniya), "Bavariya” (Almaniya) və "Çelsi” (İngiltərə) klublarıdır. 1/4 finalda "Atletko” "Barselona”nı (İspaniya), "Real” "Borussiya”nı (Almaniya), "Bavariya” "Mançester Yunayted”i (İngiltərə), "Çelsi” isə PSJ-ni (Fransa) turnirdən kənarlaşdırıb.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
8 aprel
"Çelsi” (İngiltərə) - PSJ (Fransa) - 2:0
Qollar: Şürle, 32; Demba Ba, 87.
İlk oyun - 1:3

İngiltərənin "Çelsi” klubu doğma azarkeşlər önündə Fransanın PSJ komandası ilə münasibətlərinə aydınlıq gətirib. Ötən həftə tərəflər arasında təşkil olunan oyunda fransızlar 3:1 hesabı ilə qələbə qazanmışdılar. Bu nəticədən sonra Paris təmsilçisinin işinin asan olacağı proqnozlaşdırılırdı. Lakin ingilislərin növbəti mərhələ şansları hələ qalmaqda idi. Bunun üçün onlara 2 cavabsız qol lazım idi. Joze Mourinyonun yetirmələri çətin olan işin öhdəsindən gəliblər. Fransa səfərində PSJ-yə 1 qol vurmağı bacaran "Çelsi” öz meydanında 2 top fərqı ilə qalib gəlib. Matça hücumlarla başlayan meydan sahibləri birinci hissəsinin sonlarına yaxın hesabı açıblar. Rəqib qapısından qolu oyunun 32-ci dəqiqəsində Şürle vurub. Fasilədən sonra hücumlarını davam etdirən İngiltərə təmsilçisi istəyinə matçın başa çatmasına 3 dəqiqə qalmış çatıb. Komanda yoldaşından əla ötürmə alan Demba Ba rəqib qapıçı üçün seçim yeri qoymayıb. Maraqlı məqamdır ki, PSJ klubunun qapısına hər iki qolu matça sonradan daxil olan futbolçular vurublar. Burada "Mourinyo taktikası”nın izləri görünür: adətən, Joze Mourinyonun məşqçilik etdiyi bir çox komandalarda sonradan meydana çıxan futbolçular qolların müəllifi olublar.
Beləliklə, iki oyunun nəticəsi 3:3 başa çatsa da, londonlular rəqib meydanında vurduqları qol sayəsində növbəti mərhələyə yüksəliblər.

"Borussiya” (Dortmund, Almaniya) - "Real” (İspaniya) - 2:0
Qollar: Roys, 24; 37.
İlk oyun - 0:3

Günün digər matçı Almaniyada keçirilib. "Borussiya” və "Real” klubları Dortmundda üz-üzə gəliblər. Xatırladaq ki, ötən mövsüm "Real” və "Borussiya” klubları 1/2 final mərhələsində qarşılaşmışdılar. Həmin vaxt tərəflər arasında keçirilən oyunda almanlar iki oyunun nəticəsinə görə qələbə qazanmışdılar (1:4, 2:0).
Bu matçda meydan sahiblərinin işi daha çətin olub. İlk oyunda 0:3 hesabı ilə məğlub olan "Borussiya” bunun əvəzini çıxmağa çalışıb. Növbəti mərhələ üçün almanlara 3 cavabsız qol lazım idi. Bu arzu ilə meydana çıxan dortmundluların işi heç də hamar olmayıb. Belə ki, matçın 17-ci dəqiqəsində almanların qapısına 11 metrllik cərimə zərbəsi təyin edilib. Topa yaxınlaşan Di Mariyanın zərbəsini rəqib qapıçı məharətlə dəf edib. Bundan sonra ruhlanan meydan sahibləri hücumlara atılıblar. Tez bir zamanda yerli azarkeşlər seviniblər. Oyunun 24-cü dəqiqəsində Pepenin səhvindən sonra topu ələ keçirən Roys rəqib qapıçıya heç bir şans verməyib. Qoldan sonra hücumlarını davam etdirən meydan sahibləri 13 dəqiqə ərzində rəqibi 2-ci dəfə meydana mərkəzdən başlamağa məcbur ediblər - 2:0. Fasilədən sonra almanlar bütün komanda ilə hücuma atılsalar da, lazım olan 1 qolu vura bilməyiblər. Nəticədə, Almaniya təmsilçisi iki oyunun nəticəsinə görə (2:3), "Real”ı mübarizədən kənarlaşdıra bilməyib.

9 aprel
"Bavariya” (Almaniya) - "Mançester Yunayted” (İngiltərə) - 3:1
Qollar: Manjukic, 59; Müller, 68; Robben, 78 - Evra, 57.
İlk oyun 1:1

Son oyun gününün digər matçları da maraqlı mübarizə şəraitində keçib. Son çempion "Bavariya” evdə İngiltərənin "Mançester Yunayted” klubunu sınağa çəkib. Bütün proqnozlar "pivəçilər”in daha şanslı olduğunu göstərirdi. Amma Münhendə keçən oyunda ilk qolu "qırmızı şeytanlar” vurublar. İlk hissəsi qolsuz keçən matçın 57-ci dəqiqəsində komanda yoldaşından ötürmə alan Evra topu qapıdan keçirib - 0:1. Bundan sonra hücumlara atılan meydan sahibləri tezliklə hesabı bərabərləşdiriblər. Sol cinahdan təşkil olunmuş hücum zamanı komanda yoldaşından əla ötürmə alan Manjukic başla qapını dəqiq nişan alıb. Hücumlarını davam etdirən "pivəçilər” daha 2 dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur ediblər. Komandanın heyətində Müller və Roben növbəti qolları vuran futbolçular olublar. Nəticədə, 3:1 hesablı qələbə münhenliləri növbəti mərhələyə çıxardıb.

"Atletiko” (İspaniya) - "Barselona” (İspaniya) - 1:0
Qol: Koke, 6.
İlk oyun - 1:1

İspaniyada isə oyun daha dramatik olub. Cari ölkə çempionatında qızıl medallara iddialı olan komandalar - "Atletiko” ilə "Barselona” Madriddə qarşılaşıblar. Yarımfinala vəsiqənin taleyini 1 top həll edib. Yeganə qol madridlilərdən gəlib. Matçın 6-cı dəqiqəsində "Atletiko”nun futbolçusu Kokenin vurduğu qol komandasına qələbə qazandırıb. Beləliklə, madridlilər qələbə sayəsində 40 illik fasilədən sonra ÇL-in 1/2 final mərhələsinə yüksəliblər. Qeyd edək ki, bundan əvvəl klub 1974-cü ildə yarımfinala yüksəlmiş və bu mərhələdə "Seltik”i məğlub edərək finala adını yazdırmışdı.
Yeri gəlmişkən, bu gün UEFA-nın mənzil qərargahında yarımfinalın püşkü təşkil olunacaq. Mərasimi UEFA-nın baş katibi Canni İnfantino və UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti keçirəcək. Onlara UEFA Çempionlar Liqasının finalının səfiri Luiş Fiqu kömək edəcək.
İlk yarımfinal oyunları aprelin 22-23-də, cavab görüşləri 29-30 apreldə oynanılacaq. Final mayın 24-də Lissabonda keçiriləcək.