Yüksək ixtisaslı bədən tərbiyəsi müəllimi hazırlayan ali təhsil ocağı

Yüksək ixtisaslı bədən tərbiyəsi müəllimi hazırlayan ali təhsil ocağı



Arxada qalan illər Az.DBTİA üçün uğurlu olub


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
1.Yaranma tarix -08 noyabr, 1930
2. Ədiliyyə Nazirliyində qeydiyyat tarixi - 1935
3. Əhatə etdiyi xidmət sahələri - bədən tərbiyəsi, müəllim-məşqçi
4. Tabeçiliyində olduğu baş təşkilatların adı-Azərbaycan Respublikası 
Gənclər və İdman Nazirliyi





Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən illər ərzində digər ali təhsil müəssisələri kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (Az.DBTİA) da kadr hazırlığı sahəsindəki fəaliyyətini genişləndirib. Öz vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilən akademiya rəhbərliyi, buranın pedoqoji kollektivi öz işinə xüsusi məsuliyyət hissi ilə yanaşır. Az.DBTİA yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri hazırlamaqla yanaşı, respublika gənclərinin ictimai fəallığını gücləndirmək, onların vətənpərvər ruhda tərbiyələndirilməsi sahəsində də müxtəlif tədbirlər həyata keçirib.

2013-cü ildə Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi idman tədbirlərinin təqvim planının həyata keçirilməsi məqsədi ilə akademiyada müxtəlif işlər görülüb. Akademiyanın idman işləri şöbəsi kafedralar ilə birgə nəzərdə tutulmuş tədbirlərin və yarışların iş planlarını təsdiqləmiş, bu sənədlər kafedralara göndərilmişdir. İdman tədbirlərinin yüksək səviyyədə təşkilində akademiyanın idman klubu da xüsusi rol oynamışdır. İdman klubu, o cümlədən, kafedraların birgə səyi nəticəsində respublika və beynəlxalq yarışlara hazırlıqla bağlı aparılan səmərəli fəaliyyət tələbə idmançıların uğurlu çıxışlarına zəmin yaratmışdır. Az.DBTİA-nın tələbələri Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında və beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmişlər. Akademiyanın sərbəst güləşçiləri Avropa birinciliyində 13 dəfə fəxri kürsünün birinci pilləsində yer alıblar. Zorxana üzrə keçirilən beynəlxalq yarışlarda isə 6 qızıl medal qazanılıb. Akademiyanın karateçiləri 4, universal döyüşçüləri isə 5 qızıl medal əldə etmişlər. Samboçularımız da dünya birinciliklərində uğurlu nəticə göstəriblər. Bu növdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal əldə olunub. Yunan- Roma güləşçilərimiz analoji yarışlarda 2 bürünc medal qazanmışlar. Gimnastlarımız da beynəlxalq yarışlarda, Dünya kuboklarında və dünya çempionatlarında fəxri kürsüdə yer almışlar. Ağırlıqqaldıranımız Nailxan Nəbiyev Avropa çempionatında III olub. Hafiz Süleymanov isə veteranlar arasında qitə çempionu adına layiq görülüb. Az.DBTİA- nın boksçusu Teymur Məmmədov London-2012 Yay Olimpiya Oyunlarında üçüncü, Avropa çempionatında isə birinci yerə layiq görülüb. Şaban Şahpələngöv beynəlxalq turnirdə qızıl medal qazanıb. Cavid Çləbiyev isə Avropa çempionatında üçüncü olub. Az.DBTİA-nın tələbəsi Toğrul Əsgərov Londonda Olimpiya çempionu titulunu əldə edib.
2013-cü ildə akademiyanın tələbələrindən 2 nəfər əməkdar idman ustası, 165 nəfər idman ustası və 490 nəfər isə idman ustalığına namizəd normasını yerinə yetirmişdir. 2012-2013-cü tədris ilində akademiyda təhsil alan ixtisasçı tələbələrin 30 faizi idman ustası normasını yerinə yetirib.
Az.DBTİA-nın beynəlxalq əlaqələri bu illər ərzində daha da möhkəmlənmişdir. 2013-cü ildə xarici ölkələrinin universitet rəhbərləri ilə bir sıra görüşlər keçirlmişdir. Almaniyanın Köln İdman Universitetinin professoru Manfred Lammer, Amerikanın Kolumbiya Universitetinin professoru Cen Mak Manus, Türkiyənin Qazi Universitetinin prorektoru Emin Kuru akademiyanın qonağı olmuşlar.
Bu illər ərzində bədən tərbiyəsi və idman sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. 1998-ci ildə akademiyanın bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildən Milli Olimpiya Akademiyası ənənəvi olaraq "Olimpizmin tarixi və fəlsəfəsi” üzrə konfrans keçirir, bu konfranslarda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak edirlər.

Ötən il Az.DBTİA-nın idman işləri üzrə prorektorunun "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” adlı kitabı çapdan çımışdır. Kitabın təqdimat mərasimi Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilmişdir.
Akademiyanın pedoqoji kollektivi xalqımızın üzləşdiyi faciələrə də biganə qalmamış, müxtəlif tədbirlərdə bu faciələrə öz münasibətini bildirmişdir. Ötən il fevral ayının 25-də Xocalı faciəsi ilə bağlı geniş tədbir keçirilmişdir. Tədbirdə Az.DBTİA-nın rektoru, professor Ağacan Abıyev, Milli Elimlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev, təhsil ocağının pedoqoji kollektivi və tələbələri iştirak etmişlər. Natiqlər çıxışları zamanı təkcə Xocalı faciəsinə deyil, həmçinin Azərbaycanın üzləşdiyi digər faciələrə də münasibət bildirmişlər.
2013-cü ildə Az.DBTİA-nın tələbə idmançıları bir sıra beynəlxalq yarışlarda iştirak etmiş və medallar qazanmışlar. 2013-cü ildə akademiyada fəaliyyət göstərən kafedraların 129 tələbəsi 54 beynəlxalq yarışda iştirak etmişdir.
Tələbələrimiz 2013-cü il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 54 beynəlxalq yarışda, dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında iştirak etmiş, 41 qızıl, 23 gümüş və 37 bürünc, ümumilikdə isə 101 medal qazanmışlar. Bunlardan 75 medal (32 qızıl, 16 gümüş, 27 bürünc) Olimpiya, 26 medal isə (9 qızıl, 7 gümüş, 10 bürünc) qeyri-Olimpiya idman növlərində əldə olunmuşdur.
2013-cü ildə akademiyanın tələbələrindən 273 nəfəri milli yığma komandaların heyətində yer almışdır (186 olimpiya, 87 qeyri-olimpiya idman növləri).
Qeyd edək ki, akademiyada idman infrastrukturunun yaradılması da xüsusi diqqət mərkəzindədir. Hazırda Az.DBTİA-da 12 idman kompleksi fəaliyyət göstərir. Burada güləş, atıcılıq, ağır atletika, həndbol, boks, basketbol zalları, voleybol, gimnastika zalları, şahmat otağı, üstü açıq üzgüçülük hovuzu və 1500 tamaşaçı tutan stadion fəaliyyət göstərir.
Akademiyada kütləvi yarışların keçirilməsi ənənəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş spartakiada, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə təşkil olunan ənənəvi turnirlərdə tələbələrimiz həvəslə mübarizə aparırlar. Ötən il ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş spartakiada çox maraqla qarşılanmışdır. VI spartakiada yarışları aprel ayının 17-dən başlayaraq mayın 7-nə kimi davam etmişdir. Tələbə idmançlar 16 idman növündə güclərini sınamışlar. Voleybol, basketbol və həndbol kimi idman növlərində kafedralar I-IV kurs tələbələrindən ibarət komandaları ilə təmsil olunmuşlar. Spartakiada yarışlarında ümumilikdə 556 tələbə iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən spartakiadanın qaliblərinə qiymətli hədiyyə və diplomlar verilmişdir.
Tələbələrimiz ölkədaxili yarışlarda da fəallıq göstərirlər. Məsələn, ali və orta ixtisas təhsil müəssisələrinin XIV Respublika Üniversiadası və spartakiadasında Az.DBTİA-nın tələbələri bütün idman növləri üzrə yarışlarda iştirak etmiş və yarışların qalibi olmuşlar.
Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə ali məktəb tələbələri arasında futbol üzrə V Respublika çempionatı keçirilmişdir. Yarışın təşkilində əsas məqsəd ali təhsil müəssisələri arasında futbolu təbliğ etmək, perspektivli futbolçuları üzə çıxarmaq olmuşdur. Bu böyük idman yarışına respublikamızın 32 ali məktəbi qoşulmuşdur. Qısa müddət ərzində komandanın tərkibini müəyyən edən Az.DBTİA V Respublika çempionatının qalibi adını qazanmışdır.


Tələbələrin XXVII Ümumdünya Yay Universiadası
2013-cü il iyulun 17-da tələbələrin Kazanda keçirilən 26-cı Ümumdünya Yay Universiadasında Azərbaycanın himni dörd dəfə səsləndirilmiş, bayrağı 16 dəfə dalğalanmışdır. İdmançılarımız bu yarışda 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. Universiadada akademiyanın tələbələrindən Rəsul Cunayev yunan-Roma güləşi üzrə qızıl medal, Ağasif Səmədov (sambo) bürünc, yunan-Roma güləşçimiz Eldəniz Əzizli bürünc medala layiq görülüblər. Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmiz 10 idman növündə mübarizə aparmış, ümumi hesabda 15-ci yeri tutumuşdur.
Prezident İlham Əliyev Universiadanın iştirakçılarını qəbul edən zaman bildirmişdir ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü demişdir. Dövlətimizin başçısı respublikamızda 2015-ci ildə birinci Avropa Oyunlarının keçirilməsinin də ölkəmizin mühüm uğurlarından biri olduğunu və bu mötəbər yarışa Azərbaycanın ən yüksək səviyyədə hərtərəfli hazırlıq görəcəyini demişdir. Ölkəmizin idmançılarının bundan sonra da bütün mötəbər yarışlarda uğurla çıxış edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev tarixi qələbə münasibətilə bir daha xalqımızı və idman ictimaiyyətini təbrik etmişdir.
III İslam Həmrəyliyi Oyunları
Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində III İslam Həmrəyliyi Oyunları keçirilib. Yarışlarda Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə 24 medal (6 qızıl, 9 gümüş, 9 bürünc medal) qazanıblar.
Qeyd edək ki, III İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimində İslam Oyunlarının bayrağı İslamiada-2017-yə ev sahibliyi edəcək Azərbaycana təqdim olunub. III İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılar arasında akademiyanın tələbələri də olmuşdur. Belə ki, atletika üzrə I kurs tələbələri Yekaterina Sarıyeva və Boris Kirilov yarışlarda qızıl medala layiq görülmüşlər. Zaur Qəhrəmanov kamandan oxatma üzrə II yer, Türkanə Tahirli (taekvondo) və Ayaz Əliyev (karate) III yerə layiq görülmüşlər.
Az.DBTİA-nın idman-pedaqoji kafedralarında çalışan müəllimlərin 35-i əməkdar məşqçi, 9-u professor, 13-ü elmlər namizədi, 37-i dosent, 54-ü respublika dərəcəli hakim, 55-ı idman ustası, 3-ü ümumittifaq dərəcəli hakim, 24-ü beynəlxalq dərəcəli hakim, 1-i fəxri idman ustası, 12-si əməkdar bədən tərbiyəsi və idman xadimidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 
fəaliyyət göstərən idman qurğularının cədvəli
İdman qurğuları

Güləş zalı 1
Gimnastika zalı 1
Atıcılıq zalı 1
Şahmat otağı 1
Üstü açıq üzgüçülük hovuzu 1
Həndbol zalı 1
Boks zalı 1
Ağır atletika zalı 1
Voleybol zalı 1
Basketbol zalı 1
1500-ə qədər 1
tamaşaçı tutan stadion
CƏMİ: 12

İdman-pedaqoji kafedralarında çalışan müəllimlərin 44-ü əməkdar məşqçi, 10-nu professor, 12-si elmlər namizədi, 35-i dosent, 44-ü respublika dərəcəli hakim, 58-i idman ustası, 4-ü ümumittifaq dərəcəli hakim, 21-i beynəlxalq dərəcəli hakim, 2-si fəxri idman ustası, 15-i əməkdar bədən tərbiyəsi və idman xadimidir.