“Qarabağ” çempionluq yolunda daha bir inamlı addım atdı

“Qarabağ” çempionluq yolunda daha bir inamlı addım atdı




Sumqayıtlılar isə sonuncu pilləni təhvil vermək üzrədirlər

Ötən həftə Topaz Premyer Liqasında XXX turun oyunları keçirilib. Eyni gündə olan 5 oyunun 3-ü paytaxtda təşkil edilib. Turu maraqlı edən məqam qonaqların qələbəyə həsrət qalması olub. Günün ilk 3 matçı heç-heçə ilə nəticələnib.

"Bakı” doğma azarkeşlər önündə "Xəzər Lənkəran” klubu ilə qarşılaşıb. Kubokda yoluna davam edən cənubluların bu görüşə ciddi önəm verməyəcəyi gözlənilsə də, qarşılaşmanın ilk hissəsində fərqli mənzərənin şahidi olduq. Belə ki, 45 dəqiqənin tamamında Mustafa Dənizlinin yetirmələri 2 cavabsız qolla öndə idi. Ancaq ikinci hissədə Milinko Pantiçin yetirmələrinin vurduğu 2 qol tərəflərə 1 xal qazandırıb. Bu qolların hər ikisinin penaltidən vurulması cənubluların düşərgəsində ciddi narazılığa səbəb olub. Buna baxmayaraq, "ağ-yaşıllar” səfərdəki heç-heçə sayəsində xallarının sayını 38-ə çatdırıb və 7-ci pillədəki mövqeyində qalıb. Paytaxtın eyniadlı klubu isə hələ ki, 4-cü yerdədir. Lakin bu pillə onların avrokuboklara getməsinə mane olur.
Bakıdakı görüşlə eyni vaxtda "Sumqayıt” klubu evdə "Simurq”la üz-üzə gəlib. İlk hissəsi qolsuz keçən oyunda hesabı qonaq komanda açıb. Lakin Zaqatala təmsilçisinin sevinci cəmi 3 dəqiqə çəkib. Meydan sahibləri hesabı bərabərləşdirib və matç 1:1 hesabı ilə başa çatıb. Nəticədə, indiyədək Georgi Çixradzenin yetirmələrindən xal ala bilməyən Aqil Məmmədovun komandası
10-cu oyunda heç-heçəyə imza atıb. Sumqayıt təmsilçisi bu xalı həm baş məşqçi Aqil Məmmədov, həm də Pərdis Fərcad-Azada ad günü hədiyyəsi edib, desək, yanılmarıq. Bununla da autsayder pilləsində qərarlaşan komanda xal hesabını "Rəvan”la eyniləşdirib.
"Qəbələ” və AZAL komandaları paytaxtdan kənarda qarşılaşıblar. Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən "qırmızı-qaralar” bu oyunda favorit göstərilirdi. Çünki bu mövsüm üçün heç bir amalı olmayan və heyətlə bağlı problemlərdən əziyyət çəkən "təyyarəçilər”in çətin səfərdə sürprizə imza atması inandırıcı görünmürdü. Amma Yuri Syominin yetirmələri bu rəqiblə oyunda da hesabı aça bilməyiblər. Nəticədə, 1 xalla kifayətlənən əyalət təmsilçisi avrokuboklara yollanmaq şanslarını bir qədər də azaltmış olub. Hazırda 5-ci pillədə qərarlaşan Qəbələ klubu ən yaxın izləyicisi "Bakı”dan 4 xal geri qalır. Lakin Yuri Syominin komandasının kubok şansı olduğunu nəzərə alsaq, "Qəbələ” üçün hər şeyin bitdiyini demək olmaz. Şüvəlan təmsilçisi isə Tərlan Əhmədovun başçılığı ilə ilk xalını qazanıb. "Bakı”, "Sumqayıt” və "Qarabağ” klubları ilə görüşlərdən məğlub ayrılan Tərlan Əhmədovun komandası "Qəbələ” ilə görüşdəki heç-heçə sayəsində ilk xalını əldə etmiş olub.

"İnter” "Şəfa” stadionunda "Neftçi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Bakı derbisi hər iki komanda üçün böyük əhəmiyyət daşıyırdı. Belə ki, "bankçılar” qələbə qazanacağı təqdirdə 2-ci pilləyə yüksələcəkdisə, "ağ-qaralar” 3 xal sayəsində öz mövqeyini qoruyacaq və xal fərqini artıracaqdı. Amma oyunda hər şey Kaxaber Sxadadzenin yetirmələrinin istədiyi kimi olub və onlar çətin qələbə qazanmağı bacarıblar. "İnter”in UEFA Avropa Liqasına vəsiqə qazanmaq üçün tək yolu Premyer Liqadısa, "Neftçi” bunu həm çempionat, həm də kubok yolu ilə edə bilər. Baxmayaraq ki, son dövrlər qələbələri sıralayan Böyükağa Hacıyevin komandası 1:2 hesablı məğlubiyyətlə uğurlu gedişata son qoyub.
Günün və turun son oyunu mərkəzi arenada təşkil olunub. Ağdam klubunun bu görüşdə qalib gələcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Çünki Qurban Qurbanov komandasının autsayderlə görüşdə çətinliklə üzləşməsi inandırıcı görünmürdü. Gözlənildiyi kimi də olub. Ağdam təmsilçisinin vurduğu 5 topa "aslanlar” cəmi 1 qolla cavab verə biliblər. Beləliklə, "Rəvan”ın aktivindəki xal hesabı "Simurq”la oyundan 1 xalla ayrılan "Sumqayıt”la bərabərləşmiş olub. Hazırda hər 2 komandanın hesabında 18 xal var. Güvənç Kurtar isə Premyer Liqada heç bir iddianın olmadığını başa düşərək ümidini yalnız kuboka bağlayıb.
Yeri gəlmişkən, Topaz Premyer Liqasının qalibi sona 5 tur qalmış müəyyənləşə bilər. Buna XXX turun nəticələri səbəb olub. Çempionatın sonuna 6 tur qalmış "Qarabağ”ın ən yaxın izləyicisi ilə fərqi 13 xala çatıb. Ağdamlıların 67, "İnter”lə "Neftçi”nin hərəyə 54 xalı var. Bu isə o deməkdir ki, "Qarabağ” artıq növbəti - XXXI turda çempion titulunu rəsmiləşdirə bilər. Qurban Qurbanovun yetirmələrinin 1-ci yeri vaxtından əvvəl təmin etməsi üçün digər oyunların da nəticələri önəmli olacaq. Bunun üçün "Qarabağ” Zaqatalada "Simurq”u məğlub etməli, "İnter”lə "Neftçi” xal qazanmamalıdır. "İnter”in "Bakı”ya məğlubiyyəti mümkün görünsə də, "Neftçi”nin "Sumqayıt”a uduzacağı inandırıcı deyil.
Hər iki Bakı klubu uduzarsa, Qurban Qurbanov və komandası Zaqataladakı qələbə ilə çempion olacaq.

Topaz Premyer Liqası
XXX tur
12 aprel (şənbə)
"Bakı” - "Xəzər Lənkəran” - 2:2
Qollar: Əfran İsmayılov, 48 (pen.); 63 (pen.) - Junior Nildo, 5; Elias Ribeiro, 28.
Qırmızı vərəqə: Adrian Skarlatake, 63.
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:2, 3:0, 2:0

"Sumqayıt” - "Simurq” - 1:1
Qollar: Rəhman Hacıyev, 71 - Draqan Çeran, 69.
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:3, 0:1, 0:4

"Qəbələ” - AZAL - 0:0
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
Qəbələ. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 2:1, 1:0, 2:1

"İnter” - "Neftçi” - 2:1
Qollar: Matiya Şpiçiç, 47; 65 - Elvin Yunuszadə, 60.
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
Bakı. "Şəfa” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:3, 3:1, 2:2

"Qarabağ” - "Rəvan” - 5:1
Qollar: Leroy Corc, 34; 65; Muarem Muarem, 62; Riçard Almeyda, 71; Reynaldo Silva, 89 - Tyaqo de Souza, 68.
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:1, 0:0, 2:0