PSJ futbol klubu hazırkı mövsüm üçün büdcəsini planlaşdırıldığından 58 milyon avro artırıb. "L’Equipe”in məlumatına görə, Paris klubunun yeni büdcəsi 488 milyon avro təşkil edəcək. Ötən yay tərtib olunan plana əsasən isə, bu məbləğ 430 milyon avro olmalı idi.
Maraqlıdır ki, qətərli sərmayəçilərin kluba gəlişindən əvvəl PSJ-nin bir mövsümlük büdcəsi cəmi 94 milyon avro təşkil edirdi.
Yeri gəlmişkən deyək ki, "Çelsi”li David Luiz karyerasını PSJ-də davam etdirəcək. Bir müddət əvvəl London klubunun bəzi oyunçuları ilə vidalaşacağı məlum olmuşdu. Onların arasında 26 yaşlı braziliyalı müdafiəçinin də adı çəkilirdi. David Luizi almağa "Barselona” və PSJ iddiaçı olsa da, futbolçu Paris klubunu seçib. Çünki bu komandada onun dostu və Braziliya yığmasındakı oyundaşı Tyaqu Silva çıxış edir.
Hazırkı mövsümdə David Luiz İngiltərə çempionatı və Çempionlar Liqasında 21 oyun keçirib və 1 məhsuldar ötürmə verib.