“Hakim duyğularını tamaşaçılardan gizlətməyi bacarmalıdır”

“Hakim duyğularını tamaşaçılardan gizlətməyi bacarmalıdır”


Yadigar Türkel Azərbaycanın bir sıra görkəmli idman xadimlərindən müsahibələr alıb və "Gənclik” jurnalında dərc etdirib. Yadigar müəllimin bu jurnalda tanınmış futbol hakimləri - Tofiq Bəhramovla (1988-ci il), Eldar Əzimzadə (1989-cu il), o cümlədən əfsanəvi futbolçu Ələkbər Məmmədovla (1990-cı il) müsahibələri yer alıb. Qəzetimizin əvvəlki saylarında Eldar Əzimzadə və Ələkbər Məmmədovdan alınan müsahibələri olduğu kimi dərc etmişdik. Bu sayımızda isə Tofiq Bəhramovun müsahibəsinə yer ayırdıq. Əminik ki, 26 il bundan əvvəl götürülən müsahibə oxucuların marağına səbəb olacaq.

Tofiq Bəhramov ən məşhur futbol hakimlərindən biri olub. 1966-cı ildə Londonun "Uembli” stadionunu, "Qızıl fit” "Min bir matç”, "Hakim mərkəzi göstərir” kitablarını xatırlayın. O illər uzaqda qalıb... İdman tariximizdə böyük xidmətləri olan Tofiq Bəhramovu indi nələr düşündürür və narahat edir? Təqdim etdiyimiz müsahibədə bu suallara cavab verməyə çalışmışıq.

- Tofiq müəllim, futbol hakimi kimdir?
- Futbol hakimi ilk növbədə müəllimdir, mən belə başa düşürəm. 60-cı illərin axırları idi. Kiyevdə "Dinamo” ilə Moskvanın "Spartak” komandalarının oyununa hakimlik edirdim. Çox çətin, çox əsəbi oyun idi. Gərək dağ olasan ki, belə oyunlarda özünü itirməyəsən. "Dinamo”nun kapitanı Sabo əl hərəkəti ilə hakimlə razılaşmadığını bildirdi. O, dəqiqə fikrimdən Saboya xəbərdarlıq etmək keçdi. Guruldayan stadionun "ədalətsiz hökmü” necə qarşılayacağını duyub, fikrimdən daşındım. Hakim duyğularını tamaşaçılardan gizlətməyi bacarmalıdır. Bəziləri bunu bacarmır, haqlı ola-ola günahkar görünürlər.
Birinci hissə qutardı. Tuneldə Sabonu çağırıb, onu möhkəm danladım. Doğrusu, o vaxt futbolçularda mənə müəyyən hörmət var idi. Sabo üzr istədi. Yoldaşları da, baş məşqçi də onu danladılar, mənə üzrxahlıq elədilər. Bu, qırmızı kartoçkadan daha təsirli oldu. Futbol hakimliyi həm də diplomatiyadır.

- Siz uzun illərdir M.FAxundov adına APPDƏİ-də müəllim işləyirsiniz.
- Biz məktəbdə oxuyanda başqa dövr idi. Bizim nəslin üstün cəhətləri də, ağlamalı dərdləri də olub. Biz Stalin - Bağırov cinayətlərinin baş alıb getdiyi vaxtda böyümüş, Böyük Vətən Müharibəsinin qara günlərinin dəhşətlərini dadmışıq. Hansı nəsli isə konservativlikdə, ya tənbəllikdə günahlandırmaq düz deyil. İndiki gənclərimizin içində olduqca istedadlı adamlar var. Onlar mənim yaşıdlarımdan fərqli olaraq, daha dərin biliyə, geniş düşüncəyə malikdirlər. Dünyaya öz gözləri ilə baxmağı bacarırlar. Məqsəd onların arzu və istəklərini başa düşüb onlara yalnız öz ömürlərini yaşamağa imkan verməkdir. Dünənki qayda-qanun bugünkü gənclərimizin əl-qolunu bağlamamlıdır.


- Xalqımızın ən böyük dərdçəkənlərindən olan N.Nərimanovun 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayından əvvəl elmə, maarifə həsr etdiyi silsilə yazılarını xatırlayaq. N.Nərimanov 1906-cı ilin avqustun 15-ni "xoşbəxt gün” adlandırmış, müəllimlərin "bizim milli özünüdərketmə hissimizi” gücləndirəcəyini, "məsləkimizi təmizləyib, ona parlaqlıq və qüvvə verəcəyini” yazmışdı. Hər bir insanın, eləcə də bütün vətənin səadətinin yeni nəslin tərbiyəsindən asılı olduğunu göstərmişdi. Çox təəssüf, biz bu gün Azərbaycan müəllimlərinin bu böyük bayramını qeyd etmirik...
- Çox təəssüf. Biz saysız-hesabsız bayramlar keçiririk, ancaq öz tarixi günlərimizi bayram etməkdən nədənsə qorxuruq. Qorxuruq ki, yox yerdən bizə "millətçi” damğası vurarlar.

- Tofiq müəllim, xahiş edirəm, ixtisasınıza qayıdaq. Futbol üzrə məşqçi-müəllimlər hazırlanmasında sizi narahat edən məsələlərdən danışın.
- Bütün ömrüm boyu məni Azərbaycan futbolunun vəziyyəti, bir də futbol hakimliyi sənətinin problemləri düşündürüb. Hər ikisi üçün əlimdən gələni eləmişəm. Azərbaycan futbolunun dərdi çoxdur. Maddi-texniki vəziyyəti çox pisdir. Son illər müəyyən işlər görülsə də, bunlar müasir dövrün böyük tələblərinə heç cür uyğun gəlmir. Yurdumuzda il boyu yüksək səviyyəli yeniyetmə futbolçular hazırlamaq üçün əvəzsiz təbii şərait var. Ancaq respublikada bir iki kiçik meydançanı çıxsaq, gənclərin məşğul ola biləcəyi yaşıl meydançalar yoxdur. Avropa klublarının yeniyetmə bölmələri qışda qızdırılan yaşıl meydançalarda oynayırlar.
Təbiətən texnikalı oyuna meyilli olan balalarımız asfalt meydançalarda dərs keçərkən onların təbii imkanları inkişafdan qalır. Məhəllələrimiz istedadlarla doludur. Ancaq bu istedadlıları tapıb yetişdirə bilən, ömürlərini pərvanətək yandıran vətəndaş müəllimlərimiz yox dərəcəsindədir.
Mənim fikrimcə, orta məktəblərin də bu işdə böyük günahı var. Hər bir bədən tərbiyəsi müəllimi heç olmasa bir futbol qrupu aparsa bu iş bir qədər qaydaya düşər. Ümumiyyətlə, orta məktəblərin bədən tərbiyəsi müəllimləri futbol, basketbol, həndbol, voleybol kimi idman oyunlarından dərs keçə bilmirlərsə, onları idman müəllimləri adlandırmaq olarmı?
Orta məktəblərin bədən tərbiyəsi müəllimləri respublika idmanına olduqca az xeyir verirlər. Bu işdə uzun illər yüksək ixtisaslı məşqçi-müəllimlər hazırlanmasında buraxılan cəhətlər də özünü göstərir. Mən az-çox idmançı olan, ya da ümid verən idmançların ictimai, iqtisadi və hüquqi əsaslandırılmamış üstünlüklərlə Bədən Tərbiyəsi İnstitutuna (digər institutları hələ demirəm) düzəldilməsinin əleyhinəyəm. Yalnız yüksək zəka sahibəlrindən müəllim hazırlamaq lazımdır. Müxtəlif əsassız üstünlüklərlə institutlarımza tələbələr qəbul etdirdiyimizdən balalarımızın ən savadlıları gələcəkdə cəmiyyətə daha çox fayda verə bilənləri haqsızlıqdan sarsılır, inkişafdan qalır. Əksər hallarda yüksək əqidə mayası olan bu gənclərdə ədalətlə inam qırılır, onlarda yaşadıqları dövlətin hüquqlarına şübhə yaranır. Fikirlərimi aydınlaşdırmaq üçün belə bir misal çəkim. Neçə illərdir, "Neftçi” komandası məşqçi problemini həll edə bilmir. Niyə? Çünki biz bu gün "Neftçi”də yüksək səviyyəli məşqçilik etməli olan Banişevski dövrünün futbolçularından hərtərəfli hazırlıqlı müəllim-məşqçilər hazırlaya bilməmişik. Avropada isə Bekkenbauer və Kruiff məşqçi kimi artıq özlərini dünya səviyyəsində tanıdırlar. Bizdə SSRİ səviyyəsində tanınmış bir mütəxəssis yoxdur. Bu, niyə belə olur? Səbəb ümumdövlət səviyəli səbəbdir. Gəlin açıq danışaq. Növbəti gənclər oyunlarından və ya SSRİ xalqlarının spartakiadasından qabaq siyahılar tutulub Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna göndərilir. Oyunlara gedəcək yığma komandaların demək olar bütün üzvləri ucdantutma instituta qəbul olunur. Onların çoxu əməlli-başlı təhsil almamış, institutu bitirib məşqçi-müəllim işləyirlər. Bu lazımdırmı? Xeyr! Cəmiyyətin sabahını tərbiyə edəcək müəllim hazırlanmasında belə səhv etmək olmaz. Bu, bağışlanmazdır! Əgər savadsız həkim cəmiyyətimizə lazım deyilsə, diplomlu həkimlər "ştamplamağın” nə mənası?

- Camaat arasında "Neftçi” komandasına tanışlıqla düzəlmək kimi söz yayılmışdır.
- Xeyr! Doğru deyil. Tamamilə uydurulmuş bir sözdür. Heç kəs, heç vaxt, istedadlı yeniyetmənin "Neftçi”yə düşməsinə mane olmayıb. Belə çöz danışan adamlar, istedadı "boğulan”ları elə Tofiq Bəhramovun üstünə göndərsələr, tam ədalətin hökm sürdüyünü görərlər.


- Tofiq müəllim, zəhmət olmasa, idmançıların əmək haqlarının ödənilməsi ilə əlaqədar yaranmış bəzi narazılıqlar barədə fikrinizi bildirin. Çünki son vaxtlar mərkəzi mətbuatda bu barədə çoxlu yazılar çap olunub. Bir vaxt sovet idmanını dünyada tanıdan adamların ehtiyac içində yaşaması barədə yazılar oxumuşuq. Ulyana Semyonovadan, Salomindən yazılanları nəzərdə tuturam.
- Çox təəssüflər olsun ki, biz bu günədək, idmançılarımızın insani tələblərini hüquqi cəhətdən əsaslandırmamışıq. Ona görə də, haqlı narazılıqlar ortaya çıxır. Ən böyük hörmətə və məhəbbətə layiq, bütün ömrünü sovet basketbolunun şöhrətlənməsinə vermiş Ulyana Semyonovanın başına gətirilən oyun məni çox qəzəbləndirdi. Bu, ən azı haqsızlıqdır. Qeyri-adi bir insana, qadına edilən böyük ədalətsizlikdir. Əmək haqqını pulla ödəmək lazımdır, institut diplomu, zabit rütbəsi ilə yox. Məşhur sovet futbolçusu Zavarovla İtaliyanın "Yuventus” komandası ilə müqavilə bağlaması zamanı Kiyevin "Dinamo” komandasının baş məşqçisi V.Lobanovskinin suala cavab verməkdən boyun qaçırmasından Zavarova müəyyən haqsızlıq edildiyini hiss etmək olur. Biz 70 ildir belə adamların "varlanmasından” qorxmuşuq. Mənim fikrimcə, mənsub olduğu xalqın adını göylərə qaldıranların öz böyük fitri istedadı, ya böyük əməkləri ilə varlanması cəmiyyətə ancaq xeyir verər. Belə adamlar məktəb açar, bağça tikər.

- İdman məşqlərinin təşkili və məşqçi müəllimlərə tələblər barədə fikirləriniz də bizim üçün maraqlı olardı.
- Uzun illərdir yeniyetmələrlə işləyən məşqçi müəllimləri dərs qruplarındakı uşaqların mütləq sayı narahat edir.
Tətbiqi idman növləri, eləcə də komanda oyunlarının yeniyetmələrlə işləyən məşqçiləri planı doldurmaq xatirinə müxtəlif üsullarla bu idman növündə istedadı olmayan uşaqları illərlə məşqlərə cəlb edir. Çoxları da bunu başa düşə-düşə, qəlbən yana-yana məcbur olur. Uşaq böyüyür, orta məktəbi qurtarır. Hər işdən də avara qalır. Məşqçilərin işini onun yetirmələri ilə, böyük idmana verdiyi idmançılarla qiymətləndirmək lazımdır, dərs cədvəllərindəki yalançı adların sayı ilə yox. Məncə, orta məktəblərdə bədən tərbiyəsi fənninin keçirilməsi metodunu da bir qədər dəyişmək lazımdır. Orta məktəblərdə idman müəllimləri ÜFH (Ümumi Fiziki Hazırlıq) qrupları aparıb, məqsədyönlü seçmə ilə məşğul olsalar idmana daha çox xeyir verə bilərlər. Orta məktəblərdə ÜFH - seçmə qrupları səviyyəsində güləş, boks, futbol, qılıncoynatma, həndbol və başqa sahələrdə istedadlıları seçib idman cəmiyyətlərinə yönəldə bilməyən müəllimlərə nə ad vermək olar? "İdman ustası” adı orta ixtisas səviyyəsinə bərabər tutulur. Odur ki, onlara pedaqoqika kursu keçəndən sonra orta məktəblərdə UFH qrupları aparmağa icazə verilməlidir. Uğur qazanan müəllimlərin əmək haqqı artırılıb, ali təhsilli müəllimlərin əmək haqqına çatdırılsın. İdmançılar yüksək nailiyyət qazananda, seçici müəllimlərə də bir pillə aşağı fəxri idman adı verilsin və s. Bu, yalnız məktəbin hüququ daxilində edilməlidir. Bizim səhvlərimizdən biri də xalqın təhsilini kiməsə tapşırıb, xalqın 5-10 manat pulunu ona etibar etməməyimizdir.

- Futbol hakimlərinə gəlişinizi necə xatırlayırsınız?
- Ağlım kəsəndən həyatda layiq olduğum yeri axtarmışam. Futbolçutək müvəffəqiyyətsizliyim məni ruhdan salmadı. Hakimlik etmək qərarına gəldim. O dövrün məşhur futbol hakimləri Latışev və Usova çox rəğbət bəsləyirdim. İlk dəfə Viktor Patseviç mənə Bakı "Dinamo”sunun şəhər çempionatındakı oyununu tapşırdı. Oyunu çox çətinliklə, korlaya-korlaya, birtəhər başa çatdırdım. Mənim yüksək liqada ilk hakimliyim də zəif oldu. 1956-cı ildə Moskva "Dinamo”su ilə "Krılya-Sovetov” komandasının oyununu mənə tapşırmışdılar. Onu da korladım. O vaxt Ələkbər Məmmədov "Dinamo”nun liderlərindən biri idi. Ələkbər Məmmədovun meydançada pis bir xasiyyəti var idi. Müdafiəçi yaxınlaşanda Ələkbər onu ustalıqla itələyirdi. Mən bir neçə dəfə onu belə anlarda tutdum. Tamaşaçılar onların sevimlisini cəzalandıran hakimləri xoşlamırlar. Onlar məni fitə basırdılar. Oyundan sonra Ələkbər əlimi sıxdı. Ürək-dirək verdi, düz olduğumu dedi. Ancaq gec idi, qab aşmış, su dağılmışdı.
Mən yüksəlmək istəyirdim. Buraxdığım səhvləri diqqətlə öyrəndim; öz üzərimdə rəhimsizcəsinə işləməyə başladım. Saatlarla ümumi-fiziki hazırlığımı, nəzəri biliyimi artırırdım. Dostlar zarafatla deyərdilər: "Spartak” stadionunun qaçış yolları Tofiqin əlindən "dad” eləyir. Düz 12 il SSRİ-nin ən yaxşı hakimlərindən biri olmuşam. Bu rekorddur, yəqin yaxın illərdə təzələnməyəcək.

- Tofiq müəllim, SSRİ birinciliyindəki hakimliklə, dünya və Avropa birinciliklərindəki oyunlarda hakimlik etməyin fərqi varmı?
- Bir çempionat başqasından iştirakçıların profesional səviyyəsindən, çempionatın əhəmiyyətindən və bir çox başqa səbəblərdən doğan emosional-psixoloji səviyyəsi ilə fərqlənir. Gərək bunu vaxtında duya biləsən. Dünya birinciliyində elədiyin kiçik səhvlər belə səni pis vəziyyətə sala bilər. Bütün komandanı qızışdırıb, özünə qarşı qaldıra bilərsən. Oyunçular qəsdən kobudluq edib səni pis vəziyyətdə qoyar. Neçə aylıq, neçə illik zəhmətin hədər gedər. SSRİ birinciliyində yaxşı hakimlik edən hakimlərdən nə Stupar, nə də Butenko belə oyunların psixologiyasını duya bilmədilər.



- Tofiq müəllim, ən çətin oyunlarınızı xatırlayırsınızmı?
- Ən çətin iki oyunum olub. Hər iki oyun qitələrarası kubok uğrunda idi. 1968-ci ildə "Estudiantes”lə "Mançester Yunayted”in oyununda yan hakim olmuşam. Bir də "Ayaks”la "Estudiantes”in oyununda əsas hakim. Bu oyunlar başqa şeydir. Gənrginlikdən, hay-küydən, mükafat almaq həvəsindən dağılan oyunlar. Adamları stress vəziyyətinə çatdıran oyunlar. Londonun "Uembli”si, Münhenin "Olimpiya”sı, Romanın, Parisin nəhəng stadionları. Ayaq basan kimi, adamın boğazı quruyur. Elə bil səni coşmuş dənizin ortasına atırlar. Bu oyunlardan üzüağ çıxdım. Hər iki oyunu hakimliyimin uğurlarından sayıram.

- Bəzən adlı-sanlı hakimlər belə, adi səhvlər edirlər.
- Bu, çətin məsələdir. O dəqiqə də tamaşaçılarda pis fikir yaradır. Hakimi alıblar, hakim satılıb, billə-bilə edir və s. Əslində belə deyil. Hakim hansı səbəbdənsə məsuliyyətini itirib, oyuna yaxşı hazırlaşmayıb, ya da əvvəl dediyimiz kimi, psixoloji yükünün ağırlığından "yanıb”. Buna idmançılar arasında "idman mandırajı” da deyilir. Necə deyərlər, o, "boşalır” hakim oyunun "yuyənini” boşaltdığından kobud səhv edir. Düz 90 dəqiqə həddən artıq diqqətdi olmalısan. Futbolun hər anı özündə bir şübhə gizlədir. Yadınıza salın Hüseyn Cavidi: "Şübhədir həqiqətin anası” 35-40 ildir açıram bu həqiqəti.

- Tofiq müəllim, Eldar Əzimzadədən sonra uzun illərdir ki, Azərbaycanda dünya miqyasına çıxan hakim yoxdur.
- Düzdür, bu işdə mənim də çox böyük günahım var. Bizim hər birimiz heç olmasa bir nəfəri SSRİ miqyasında "bərkitməli” idik. Köməyimiz keçən hakimlərin inkişafına Mane olan müxtəlif obyektif və subyektiv səbəblərin aradan götürülməsindən ibarət olmalı idi. Ancaq biz bu işi görmədik. İndi Rüstəm Rəhimov az-çox beynəlxalq aləmdə görünməyə başlayıb. Rüstəm ləyaqətli adamdır. Mən onun hakimliyini də bəyənirəm.

- Respublikamızda futboldan qılıncoynatmaya qədər iştirakçılarının, tamamaşaçılarının 80-90 faizini azərbaycanlılar olan yarışlar ancaq rusca aparılır. Çox nadir hallarda kimsə bir neçə kəlmə Azərbaycanca danışmağa cürət etsə də tezliklə mikrafonu onun əlindən alıb öz "işlərini” dava m etdirirlər. Bakı bir yana, Sumqayıtda, Gəncədə, Əli Bayramlıda belə, ana dilimiz idmandan sıxışdırılır.
- Bu, Azərbaycan Respublikasının Konstitusiyasının illərlə "beynəlmiləlçi” yozumundan yaranıb. Uzun illər rus məktəblərində oxumağın şərəfli sayılması çox ziyanlı olub.
Konstitutsiya qanundur, ona sözsüz əməl edilməlidir! Konstitutsiya qanundur, amma yad istəyən kimi yaşamışıq. İclaslarda, ya elə idmanda yüzlərin, minlərin içindəki iki-üç "yadın” qəlbinə "dəyilməsin” deyə, minlərin mənəviyyatına dəymişik. Bu da konstitutsiyaya uyğun beynəlmiləlçi birgə yaşayış saylır. Beləcə dama-dama göl olur. Gəlib düşmüşük bu günə. Dilimiz rəsmi dövlət dilim kimi işləmədiyindən söz qıtlığı, termin qıtlığı yaranıb. Mən hər dəfə Binə aeraportuna gedəndə rus dilli diktor qızların analarımızın dilini necə eybəcərləşdirdiyindən xəcalət çəkmişəm. İçim ağlayıb. Belə olmaz bala!

- Bəzən oyunun gedişində oyunçular, məşqçilər, tamaşaçılar hakimin qərarı ilə razılaşmırlar. Hakimlərin düz hakimlik etmədiyini deyirlər. Hakimlərə, ümumiyyətlə, təsir edilməsi halları mövcuddurmu?
- Olur. Bunun çoxlu səbəbləri vardır. Yerli komanda, ya turnir vəziyyəti pis olan komanda və onun tamaşaçıları mütləq qalib gəlmək istəyir. Burada bəzi oyunçuların və məşqçilərin qızışdırıcılığı da rol oynayır. Maraqlı bir vəziyyəti araşdıraq. Müdafiəçi qaydanı pozmayıb. Topu itirən bəzi oyunçular da özünü doğrultmaq üçün ona kobudluq edildiyini göstərməyə çalışır. Bu ədalətsiz məşqçiyə və diletant tamaşaçıya eyni cür təsir edir. Yerindən sıçrayan məşqçi qığılcım rolunu oynayır. Tamaşaçılar hay-küy salıb, narazılıq edir... Çox təəssüflər olsun ki, düz olan da hakimdir, "məzəmmət” olunan da. Bu məzəmmətlərdən qaçmağın çoxlu yolları var. Birini əvvəldə demişdim. Fikir verin, mən uzun illər hakimlik etdim, amma meydançadan cəmi bir dəfə oyunçu çıxartdım. O da yan hakim Kestutis Aidzulisin tələbi ilə. Elə bilməyin mən liberal olmuşam. Yox, mən oyunda heç vaxt liberal olmuşam. Liberallıqla nüfuz uyuşmazdır. Mən oyun qurmuşam, dirijorluq etmişəm. Bax buna görə.

- Tamaşaçılar futbol hakimləri ilə komandalar arasında sövdələşmələrdən danışırlar. Buna necə baxırsınız?
- Müasir futbol müəyyən mənada "siyasətləşdiriblər”. Onu az qala milli vuruşa dəyərləndirilər. Nə etməli, yəqin bu da müasir dövrün qurğusudur. Futbolçular da, hakimlər də, yaşadıqları cəmiyyətin övladlarıdırlar. Onlar da müəyyən razılığa gələ bilərlər. Bir komandanın turnir vəziyyəti pis olan digər komandaya yazığı gələ bilər və s.. Yəqin belə hallar olur.. Bizim dövrdə belə işlər olmazdı. Hakimlərə də müxtəlif neqativ təsirlər çox az idi..

- Bəzən "təsərrüfat mafiyaçıları” gözə gül üfürmək üçün respublika və başqa birinciliklərdə çıxış edən futbol komandasını "şefliyə” götürür. Bunu rayonun, necə deyərlər, "ağaları” da bilir. Ya da rayonun rəhbərləri çağırıb özü tapşırıq verir. "Təsərrüfat mafiyaçısı” öz işini görür, üzdə yaxşı adam, vətənpərvər təsiri bağışlayır.
- Belə hallar yalnız və yalnız həyatımızın digər sahələritək, futbolun da hərtərəfli hüquqiləşdirilmədiyindəndir..

- Tofiq müəllim, futbol hakimləri ən çox hansı çətinliklərlə qarşılaşırlar?
- Çətinliklər hansı oyuna, haçan hakimlik edəcəyini biləndən sonra bilet məsələsindən başlayır. Ölkəmizdə nəqliyyata əksər hallarda bilet almağın nə olduğunu bilirsiniz? Əksər getdiyin şəhərlə Bakının nəqliyyat əlaqəsi yaxşısa, geriyə də bilet almaq olur. Heç kimdən asılı olmadan geri qayıdacağını bilirsən...
Əksər hallarda isə belə olmur, hakimlər yerli komandanın rəhbərlərindən asılı vəziyyətə düşürlər. Sonra iki-üç min kilometrlik üzücü yol. On, otuz, ya da əlli manat əmək haqqı almaq üçün üç min kilometr yol getməyi təsəvvür edirsinizmi? Gülməli də olsa, Bakı birinciliyində hakim bir oyundan üç manat əmək haqqı alır. Çoxları uçuşlardan təngə gəlib, hakimlikdən soyuyur. SSRİ birinciliklərində hakimləri qarşılayırlar. Komandalarının vəziyyətini birtəhər düzəltməyə çalışırlar. Vay o gündən ki, yerli komanda uduzsun, məşqçi də səndən narazı qalsın... Gəlin, dərinə varmayaq, hər şey yaxşı olar...

- Keçən il "Sovetskiy sport” qəzeti sizi Sovet İttifaqının üç ən məşhur futbol xadimindən biri adlandırmışdı... Labanovski, Beskov, Bəhramov. Hakimlikdən gedişiniz sizə necə təsir etdi?
- Bilirsiniz, mən özümü buna hazırlayırdım. Gərək insan bu dünyadakı həyatını ölüm qorxusu ilə yaşamasın. "Ölüm haqdır, qaçmaq olmaz əmrdən” hikmətini dərk eləsin, yaşa dolduqca ahıllaşsın, ağsaqqallaşsın, müdrikləşsin. Bununla belə, mən neçə illərin dostundan ayrılırdım. Çox çətin idi ayrılmaq. Donetskdə "Şaxtyor”la - "Spartak”ın oyununa hakimlik edirdim. Oyunun sonunda diktor elan elədi: "Bugünkü oyun məşhur hakimimiz Tofiq Bəhrəmovun stadionumuzda sonuncu oyunudur”.
Qırx min tamaşaçı ayağa durub, bir neçə dəqiqə məni alqışladı. Qəmdən gözlərim dolmuşdu. Ömür necə də tez gəlib keçdi, deyə düşündüm.