Gənc məşqçi-müəllimlərə metodiki tövsiyələr

Gənc məşqçi-müəllimlərə metodiki tövsiyələr

Güləş məşqlərində fəal təlim mühitinin yaradılması məşğul olanlara bilik və bacarıqları məşqçinin rəhbərliyi altında, lakin bir növ, müstəqil şəkildə əldə etməyə yönəldir. Bu, idmançılarda çətin vəziyyətlərdə öz yerində qapanıb qalmaq yox, idrak və əqli fəaliyyət, işguzarlıq, mütəhərriklik, problemli situasiyalardan çıxış yolu tapmaq kimi bacarıqlar formalaşdırır.
Fəal təlim mühiti məşğul olanlardan məşqçi-müəllimdən eşitdiklərinin, öyrəndiklərinin mexaniki təkrarlamasını yox, onu şüurlu dərk edərək öz təfəkkür süzgəcindən keçirmək, dərindən təhlil edərək müstəqil mühakimə yürütmək, özünün düzgün saydığı əqli nəticəyə gəlməyi tələb edir.

Müşahidələr göstərir ki, güləş bölmələrinə yeni gələn uşaqlar ilk günlərdən məşqlərə bir oyun, bir əyləncə kimi baxırlar. Onlar məşqdə gördüklərini, eşitdiklərini hamıdan daha tez öyrənməyə can atırlar. Əlbəttə, hər bir məşqçi bunu təbii qəbul etməlidir. Ancaq məşqçilər unutmamalıdırlar ki, yeni məşqə gələn uşaqların çılğınlığı, vaxtından daha tez öyrənmə həvəsi və bəzi məşqçilərin bu işdə təcrübəsizliyi müəyyən vaxtdan sonra xoşagəlməz nəticələr meydana çıxara bilər. Ona görə də gənc məşqçi-müəllimlərimizə məsləhət görərdik ki, təlimdə heç zaman tələsməsinlər. Çalışsınlar ki, öyrədilən hərəkətlərin və fəndlərin çoxluğu uşaqları çaşdırmasın.
Biz bilirik ki, kiçik yaşlı uşaqların məşqi böyüklərin məşqi ilə müqaisədə daha çətin proses kimi qiymətləndirilir. Bu, xüsusi ilə təməl hazırlığında-baza texnikasının və baza fəndlərinin öyrədilməsində özünü qabarıq şəkildə göstərir. Məhz buna görə də ibtidai hazırlıq qrupları ilə (İHQ-10-11 yaş) işləyən məşqçi-müəllimlər, ilk növbədə, daha səbirli, uşaqlara qarşı daha diqqətli, qayğıkeş və mehriban olmalıdırlar.
Unutmaq olmaz ki, təlimin birinci ilində fəndlərin öyərdilməsi zamanı uşaqlar istər-istəməz çətinlik çəkirlər. İlk vaxtlarda bir tərəfdən məşqçi-müəllimlərin müəyyən tələbkarlığı, digər bir tərəfdən fəndlərin çoluğu və fəndlərin öyrənilməsində uşaqların çətinlik çəkməsi onları sarsıda bilər.
Təcrübə göstərir ki, məşqə gələn uşağı tanımadan, onun fiziki hazırlığını, əqli inkişafını, təxəyyülünü, təfəkkürünü, maraq dairəsini, istedadını, meyillərini bilmədən, onu yüksək səviyyəli idmançı kimi yetişdirmək mümkün deyil.
Lakin bütün bunların tam əksinə olaraq, məşqçi-müəllimlər uşaqların potensial imkanlarını, fiziki hazırlıqlarını nəzərə alarsa, qarşılıqlı əlaqəni düzgün qurub, hər bir uşağın qəlbinin gizli sirlərini hiss edərsə, sevinc və kədərini vaxtında duyarsa, fikrən özünü uşaq yerinə qoymağı bacararsa, keçirilən hər bir məşq səmərəli nəticə verə bilər.
Təcrübə göstərir ki, uşaqlar təməl hazırlığından sonra keçirilən təlim məşq qruplarından (TMQ-12 yaş) məşqlərə daha həvəslə və ciddi yanaşırlar. Onlar hərəkətlərin və fəndlərin çətinliyindən çəkinmir, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirərək həmyaşıdlarından fərqlənməyə çalışırlar. Bu, onların məşğul olduğu az vaxt ərzində fiziki, iradi və mənəvi cəhətdən kifayət qədər möhkəmlənərək inkişaf etməsindən irəli gəlir. Texniki hazırlıqda isə, demək olar ki, əksər uşaqlar bəzi fəndlərə daha çox meyilli olur və belə fəndləri daha həvəslə yerinə yetirməyə can atırlar. Bu, heç vaxt məşqçinin diqqətindən yayınmamalı o, belə halları hər bir uşaqda vaxtında və düzgün aşkarlamağa çalışmalıdır.
Məşqçi-müəllimlər belə məqamlarda uşaqlara tam sərbəstlik verməklə onların maraq və meyillərini üzə çıxarmağa çalışmalıdırlar. Bu baxımdan məşqçi-müəllimlərdən yüksək dərəcədə müşahidəçilik bacarığı tələb olunur ki, heç bir uşağın yaradıcılığını, özünəməxsusluğunu vaxtında təyin edib, onu düzgün istiqamətləndirə bilsin. Burada əsas məsələ odur ki, məşqçi hər bir uşağın fikrini vaxtında aşkarlasın, dəqiq araşdırmalar aparılaraq ağıllı qərar qəbul etsin, lazımı məsləhətlər verməklə, düzgün yol göstərsin.
Gənc məşqçi-müəllimlər uşaqlarda sevdiyi fəndlərə meyilliliyi, həvəsi çox sadə yolla təyin edə bilərlər. Məsələn məşqin əsas hissəsinin axırında qrupa 5-10 dəqiqə tam sərbəstlik verərək elan edə bilər: "Hər kəs məşq yoldaşı ilə istədiyi fəndlərin üzərində işləsin”. Bu elandan sonra, sözsüz ki, hər bir uşaq istər-istəməz öz "sevimli fəndinin” üzərində daha çox işləyəcək.
Bu zaman məşqçi uşaqları müşahidə edərək hansı uşağın hansı fəndə daha çox meyilli olduğunu təyin edərək özü üçün qeydlər apara bilər.
İbtidai hazırlıq qruplarında (İHQ 10-11 yaş) texniki hazırlıq zamanı ancaq sadə fəndlər və onların müdafiə texnikası öyrədilir, artıq sonrakı mərhələdə daha mürəkkəb fəndlər, fənd kombinasiyaları və fəndlərin daha mürəkkəb variantlarla öyrədilməsinə başlanılır.
Əlbəttə, məşqçi-müəllimlər uşaqları bu işə birinci növbədə psixoloji cəhətdən hazırlamalıdır. Belə ki, onları ruhlandırmalı, emosiyalarını tənzimləməli, onlarda öz qüvvələrinə inam yaratmalıdırlar. Məşqçi-müəllim şəxsi nümunəsi və maraqlı söhbətləri ilə güləşməni ideallaşdırmağı, idal güləş, idal güləşçi modeli yaratmağı bacarmalıdır.
Məşğul olanlar bilməlidirlər ki, görüş zamanı xalçada yüngül və sərbəst manevr etmələr, meydangirlik, kəskin rəqabət, görüşdə son dərəcə gərginlik güləş üçün xarakterizə olan cəhətlərdəndir. Bununla yanaşı, yenicə məşqə başlayanlar onu da bilməlidirlər ki, çoxsahəlilik, müxtəlifliyi ilə fərqlənən müdafiələr, gözlənilməz əks fəndlərin amplitudalı vertioz icrası güləşin fəlsəfəsindən xəbər verir.

Fəndlərin vertioz icrası aşağıdakılardır:
- görüş zamanı xalçada rəqibin hərəkəti istiqamətə fəndin icrası;
- ayaq üstdə işlədilən fəndlərlə parter fəndlərinin ardıcıl icrası (birinci fənddən sonra ikinci fənd arasında vaxtın azaldılması hesabına);
- rəqibin işlətdiyi fənd istiqamətə əks fəndin icrası;
- parterdə "xaç” vəziyyətində, "atmaq” fəndlərinin birinci icrasından sonra çox az güc sərf etməklə fəndin bir neçə dəfə təkrar icrası və s.
Gənc məşqçi-müəllimlər unutmamalıdırlar ki, görüş zamanı fəndlərin icrası güləşçidən heç də böyük güc tələb etmir. Sadəcə, lazımı anda rəqibi hiss etməklə, vaxtında yerinə yetirilən çevik hərəkətlə çox az qüvvə sərf etməklə qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Əlbəttə, mövcud şəraitdə güləşçinin rəqibin düşdüyü vəziyyəti vaxtında hiss etməsi çox vacibdir. Əminliklə demək olar ki, göstərilən fəndlərin və fənd birləşmələrinin uşaqlara mükəmməl öyrədilməsi çox yaxşı nəticələr verir. Əlbəttə, bütün bunların öyrədilməsinə TMQ-dan (Təlim-məşq qrupu) başlamaq lazımdır.
Məşğul olanlara izah edilməlidir ki, fəndlər, müdafiələr, əks fəndlər və fənd kombinasiyaları güləşmənin əsasını təşkil edir. Bunların öyrənilməsinə uşaqlar daha ciddi, daha həvəslə səy göstərirlər. Ancaq uşaqlara onu da başa salmaq lazımdır ki, güləşi baza texnikasız (duruşlar, yerdəyişmələr, məsafələr, tutmalar və s) təsəvvür etmək çətindir.
Ancaq etiraf etməliyik ki, uşaqlar baza fəndlərinin öyrədilməsindən fərqli olaraq, baza texnikasının öyrədilməsinə o qədər də ciddi yanaşmırlar. Onlar bu hərəkətləri cüzi təkrarlayır, necə deyərlər, üstündən keçirlər. Sanki onların öyrənilməsinə ikinci dərəcəli iş kimi baxırlar.
Ancaq uşaqlar yəqinliklə bilməlidirlər ki, güləşmədə baza fəndləri kimi, baza texnikası hərəkətlərinin mükəmməl icrası da hər bir güləşçinin qələbə qazanmasında çox böyük rol oynayır.
Güləşmənin təməl hazırlığı dövrünün qarşısında duran əsas məsələlərdən biri də məşğul olanlara bütün bunların ardıcıllıqla, mükəmməl öyrədilməsidir. Güləşmə ilə məşğul olanlar unutmamalıdırlar ki, texniki hazırlıqda baza fəndlərinin öyrənilməsi kimi, baza texnikasınında təməl hazırlığı dövründə düzgün və mükəmməl öyrənilməsi çox vacibdir.

Hümbət Cavadov,
ADBTİA-nın müəllimi,
sərbəst güləş üzrə
SSRİ idman ustası