"Qarabağ” rəhbərliyi mütəmadi olaraq aşağı yaş qruplarındakı futbolçular və onların valideynləri ilə görüşlər keçirir. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, belə tədbirlərdən biri "Sərhədçi” Olimpiya Kompleksində təşkil olunub.
Hər zaman aşağı yaş qruplarına xüsusi həssaslıqla yanaşan klubun vitse-prezidenti Tahir Gözəl belə bir görüş çərçivəsində məşqçilər, gənc-yeniyetmə futbolçular və onların valideynləri ilə bir araya gəlib. Tədbir valideynlərlə görüşlə yanaşı, daha bir önəm də daşıyıb. Belə ki, AFFA-nın məlum qərarına uyğun olaraq, "Qarabağ” klubunda da aşağı yaş qruplarına idman direktoru təyin olunub. Öz ölkəsində yetərincə tanınmış futbol adamı olan hollandiyalı Con van Loen bu vəzifəyə təyin edilib.
Aşağı yaş qrupları ilə görüşdən əvvəl "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə Loenin tanışlıq prosesi təşkil olunub. Səmimi mühitdə keçən görüşdə Tahir müəllim Qarabağ adının mahiyyəti haqqında Loenə geniş məlumat verib. "Ayaks”ın keçmiş hücumçusu isə öz növbəsində hədəf və məqsədləri barəsində danışıb.
Tanışlıq mərasimindən sonra yuxarıda qeyd olunan görüş keçirilib. 300-ə yaxın uşaq və valideynin iştirak etdiyi tədbiri Tahir Gözəl açıb. Tahir bəy Con van Loeni tədbir iştirakçılarına təqdim edib: "AFFA İcrayyə Komitəsinin klubların aşağı yaş qruplarına idman direktoru təyin edilməsi çərçivəsində klubumuza məhz Con Van Loen təyin olunub. Hollandiya millisində dəfələrlə meydana çıxmış və qol vurmuş, ölkəsinin ən məşhur klubu olan "Ayaks”ın şərəfini qorumuş Loeni 1 il ərzində "Qarabağ”ın aşağı yaş qruplarının inkişafı üçün çalışacaq”. Vitse-prezident Loenun təcrübəsi ilə aşağı yaş qruplarında metodiki təkmilləşmə sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyacağına inandığını bildirib. O, hər kəsə avropalı mütəxəssisdən faydalanmağı tövsiyə edib.
Sonra söz Con van Loenə verilib. O, çıxışı zamanı "Qarabağ”a faydalı olmaq üçün çalışacağını bildirib, qarşılıqlı müqavilə əsasında səmərəli fəaliyyətə inandığını vurğulayıb. İlk gündə belə görüşün keçirilməsindən məmnun qaldığını deyib.
Sonra Tahir Gözəl Qarabağ həqiqətləri haqqında Loena məlumat verib. Eyni zamanda bildirib ki, "Qarabağ” bir ailədir. Belə bir ailəyə sahib olduğu üçün qürur duyduğunu ifadə edən vitse-prezident əsas komandanın çempionluğa yaxın olmasını vurğulayaraq bunun yeniyetmələri üçün gözəl stimul olduğunu bildirib.
Daha sonra Tahir Gözəl sözü valideynlərə verib. O, valideynlərdən təkliflərini, iradlarını bildirmələrini xahiş edib.
Valideynləri diqqətlə dinləyən vitse-prezident hər detala diqqət yetiriləcəyini və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.