Ötən həftə Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib. Kubokun yarımfinal oyunları ilə əlaqədar turun bütün görüşləri eyni gündə təşkil olunub. Turun 3 görüşü Bakıda, ikisi paytaxtdan kənarda keçirilib. Azarkeşlər sensasiyalarla yadda qalan oyunlar izləyiblər.
Bu turda mükafatlar uğrunda mübarizədə bəzi məqamlara aydınlıq gəlib. "Bakı”nın öz meydanında "İnter”ə uduzmasından qazanan "Qarabağ” olub. Ağdam təmsilçisi sona 5 tur qalmış mükafatçılar sırasında yerini, bununla da avrokuboklara vəsiqəni rəsmiləşdirib. Artıq Qurban Qurbanovun yetirmələri paytaxt təmsilçisi "İnter” üçün əlçatmazdır. Çünki sona 5 tur qalmış xal fərqi 18-ə bərabərdir.
Daha bir məqam isə nisbətən az əhəmiyyət kəsb edir. Belə ki, AZAL-ın 6-cı pilləyə yüksəlməyəcəyi, "Simurq”un isə 7-ci pillədən aşağı düşməyəcəyi dəqiqləşib. Çünki zaqatalalılar AZAL üçün əlçatmazdır. Düzdür, onların arasında 15 xal fərqi var. Lakin öz aralarındakı oyunların nəticələri əyalət klubunun xeyrinədir.
Topaz Premyer Liqası
XXXI tur
20 aprel (bazar)
"Bakı” - "İnter”- 0:4
Qollar: Derlis Meza Kolli, 11; Baçana Sxadadze, 50; Mikel Alvaro, 80; Vaqif Cavadov, 87.
Qırmızı vərəqə: Araujo Santos, 72 ("Bakı”).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk 3 dövrədəki oyunlar: 2:2, 0:1, 1:1
Tura paytaxt derbisi ilə start verilib. Mükafatlar uğrunda mübarizə aparan paytaxt təmsilçiləri - "Bakı” ilə "İnter” klubları qarşılaşıblar. Cari mövsümdə rəqibini məğlub edə bilməyən "zolaqlılar” nəinki uğursuz seriyanı qıra bilməyib, əksinə, öz meydanında böyük hesabla məğlub olub. "Bankçılar” bu görüşdən 4:0 hesablı qələbə ilə ayrılıblar. Rəqib qapısına qolları Derlis Meza Kolli, Baçana Sxadadze, Mikel Alvaro və Vaqif Cavadov vurublar. Beləliklə, Kaxaber Sxadadzenin yetirmələri avrokuboklara bir addım da yaxınlaşıb və turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini daha da möhkəmləndirib. Paytaxtın eyniadlı komandası isə bu məğlubiyyətdən sonra daha bir təhlükə ilə üzləşib. Belə ki, Milinko Pantiçin yetirmələri bu mövsüm avrokubok oyunlarını yalnız televiziya vasitəsilə seyr edə bilərlər. Ən yaxın izləyicindən 1 xal irəlidə olan "Bakı” bu pilləni qoruyacağı təqdirdə, beynəlxalq arenada top qovmaq üçün yalnız "Neftçi”nin kubokun qalibi olmasına ümid etməlidir. Əks təqdirdə, Ettonun hakimə kəllə vurmasından belə, hər şeyi öz üzərinə götürən M. Pantiç daha bir mövsüm Premyer Liqada Avropa üçün çalışacaq.
"Rəvan” - "Qəbələ” - 1:2
Qollar: Yamin Ağakərimzadə, 85 - Viktor Mendi, 38; Urfan Abbasov, 41.
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
Bakı. "Bayıl Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:3, 0:1, 0:0
Növbəti 3 görüş isə eyni vaxtda start götürüb. Kubokda gözlənilmədən yarımfinala qədər yüksələn "Rəvan” doğma azarkeşlər önündə "Qəbələ” klubunu qəbul edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qəbələlilər "Bakı”nın "büdrəməsindən” lazımınca istifadə etmək niyyətində idi. Buna görə də oyuna hücumlarla başlayan Qəbələ təmsilçiləri istəklərini elə ilk hissədə həll ediblər. Matç 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Meydan sahiblərinin bu görüşdən məğlub ayrılması onların turnir cədvəlinin autsayderi olmasına səbəb olub. "Qəbələ” isə 3 xal sayəsində 4-cü pilləyə bir addım da yaxınlaşıb. Əgər "qırmızı-qaralar” mövsümü 4-cü pillədə başa vursa və "Neftçi” ilə kubokun finalına çıxsa, avrokuboklara vəsiqəni özləri üçün təmin edəcəklər.
"Simurq” - "Qarabağ” - 1:0
Qol: Draqan Çeran, 33.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
Zaqatala. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 0:0
Bu görüşlə eyni vaxtda "Simurq” - "Qarabağ” oyunu da təşkil olunub. Bu mövsüm komandalar arasında təşkil olunmuş hər 3 oyun 0:0 hesabı ilə başa çatmışdı. Futbol ictimaiyyəti bu görüşdə "Qarabağ”ın qələbə qazanaraq çempionluğu təmin edəcəyini gözləsə də, hər şey əksinə olub. "Qarabağ” gözlənilmədən "Simurq”a uduzub. Zaqatala təmsilçisi lideri minimum hesabla məğlub edərək xal ehtiyatını artırmağı bacarıb. Rəqib qapısından yeganə qolu oyunun 33-cü dəqiqəsində Draqan Çeran vurub. Buna baxmayaraq, "Qarabağ” çempionluq şanslarını növbəti turlara saxlayıb. Ağdamlılar ən yaxın izləyicisi "İnter” klubunu 10 xal qabaqlayır.
"Neftçi” - "Sumqayıt” - 1:3
Qollar: Nuran Qurbanov - 90+3 - Mirzağa Hüseynpur, 19; Uğur Pamuk, 59; Pərdis Fərcad-Azad, 78.
Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 - Uğur Pamuk, 67.
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:0, 2:1, 0:2
"Neftçi” "Bakcell Arena”da "Sumqayıt” klubunu sınağa çəkib. Bu oyun da heç kimin gözləmədiyi hesabla başa çatıb. Görüşdə favorit meydan sahibləri olsa da, hər şey əksinə olub. Aqil Məmmədovun yetirmələri "ağ-qaralar”la oyundan 3:1 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində Sumqayıt təmsilçisi turnir cədvəlinin sonuncu pilləsini tərk edərək, 1 pillə irəliləyib. Böyükağa Hacıyevin yetirmələri isə mövsümün sonuna bir neçə tur qalmış çətin vəziyyətə düşüblər. Artıq "Neftçi” 2-ci pillədə qərarlaşan "İnter”in 3 xal geridədir.
"Xəzər Lənkəran” - AZAL - 1:1
Qollar: Sadio Tounkara, 7 - Con Oluremi, 30.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
Lənkəran. Mərkəzi stadionu.
İlk 3 dövrədəki oyunlar: 3:1, 1:1, 2:2
Turun son oyunu isə Lənkəranda təşkil olunub. Cari mövsüm uğursuz çıxış edən "Xəzər Lənkəran” evdə AZAL klubu ilə münasibətlərinə aydınlıq gətirib. Çempionatda heç bir iddiası qalmayan komandalar sadəcə, xal ehtiyatını artırmaq üçün meydana çıxmışdılar. Hesabı əyalət təmsilçisi açsa da, qonaqlar hesabı bərabərləşdirməyə müvəffəq olub. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu heç-heçə Tərlan Əhmədovun AZAL-la 2-ci heç-heçəsi olub. Mustafa Dənizli isə avrokuboklara vəsiqə qazanmağın tək yolu olan kubok oyununa daha ehtiyatlı çıxacaq. Premyer Liqada isə bu komandalar hər hansı bir iddiasını sübut etmək üçün yeni mövsümü gözləməyə məcburdur.
Rahib Səmədov