Messi 400 milyon avro tələb edir, “Barselona” isə onu satmağı düşünür

Messi 400 milyon avro tələb edir, “Barselona” isə onu satmağı düşünür

"Barselona”nın hücumçusu Lionel Messi klubla müqaviləsini artırmaq istəsə də, tərəflər futbolçunun maaşı məsələsində ortaq məxrəcə gələ bilmirlər.
Kataloniya klubu argentinalı forvardın atası Xorxe Messinin rəhbərlik etdiyi "Messi Management” şirkətinə oyunçunun imic hüquqlarından gələn gəlirin 20 faizinin kluba məxsus olması şərtilə 5 illik müqaviləyə görə vergi çıxılmadan 200 milyon avro (ildə 40 milyon avro) təklif edir. Messinin nümayəndələri isə "Barselona”dan 4 ilə 400 milyon avro tələb edirlər. Onların şərtinə görə, reklamdan gələn gəlirlərin bölüşdürülməsi danışıqların mövzusu olmamalıdır.
"Euromericas Sport Marketing”in qiymətləndirməsinə görə isə Messinin dəyəri 492 milyon avrodur.
Əlavə edək ki, hazırda Messi illik 41,3 milyon dollarlıq gəlirlə (20,3 milyon dollarlıq maaş və reklamdan gələn 21 milyon) dünyanın ən çox qazanan 10 idmançısı arasındadır.
"El Mundo Deportivo”nun iddiasına görə, Kataloniya klubu futbolçunun maliyyə tələbi ilə razılaşmadığından vəziyyətdən çıxış yolu axtarır. "Barselona”nın rəhbərliyi hətta Messinin satılmasının mümkünlüyünü nəzərdən keçirir. Futbolçunun yaxınları da klubun Messini transferə çıxarmaq və bundan yaxşı qazanmaq niyyətində olduğu qənaətindədir.
Qeyd edək ki, ötən yay "Real”ın Messini almağa cəhd göstərdiyi və buna görə qarşı tərəfə 250 milyon avro təklif etdiyi, amma futbolçudan "yox” cavabı aldığı bildirilir. Amma "Çelsi”, "Mançester Siti” və PSJ də "Barselona”nın liderini heyətlərinə qatmağa çalışıblar.
Yeri gəlmişkən, bəzi mənbələr Messinin "Barselona”nın rəhbərliyilə müqaviləni uzatmaq məsələsində anlaşa bilmədiyindən son vaxtlar uğursuz çıxış etdiyini iddia edirlər.