"Araz” isə 2-ci dəfə bürünc medallarla kifayətləndi
Aprelin 26-da Bakıda təşkil olunan futzal üzrə UEFA kubokunun "Dördlər finalı”na yekun vuruldu. Turnirdə təmsilçimiz "Araz”la yanaşı, Qazaxıstanın "Kayrat”, Rusiyanın "Dinamo” və İspaniyanın "Barselona” klubları qalib adı uğrunda yarışırdılar. Avropanın ən güclü 4 komandası kubok uğrunda gərgin və maraqlı mübarizə apardılar. Turnirin kubokunu İspaniya təmsilçisi qazandı. Finalda uduzan Rusiya klubu gümüş medallarla kifayətləndi. Təmsilçimiz isə 2-ci dəfə turnirin bürünc medallarını əldə etdi.
UEFA kuboku,
"Dördlər finalı”
24 aprel
"Kayrat” (Qazaxısran) - "Dinamo” (Moskva, Rusiya) - 1:2
Qollar: Baron, 31 - Nando, 25, Fernandinyo, 39.
Turnirin ilk görüşündə arenaya "Kayrat” və "Dinamo” klubları dəvət olundular. Azarkeşlər elə də maraqlı oyun izləmədilər. İlk hissədə, tərəflərin səyinə baxmayaraq, hesab açılmadı. Fasilədən sonra irəli atılan ruslar hesabı açan tərəf oldular. Moskva təmsilçisinin heyətində Nando fərqləndi. Qoldan sonra ruhdan düşməyən son çempion hesabı bərabərləşdirməyə müvəffəq oldu. Baron bərabərlik qoluna imza atdı. Lakin bu, Qazaxıstan təmsilçisinin matçda son sevinci oldu. Ərazi üstünlüyünü ələ keçirən "Dinamo” son dəqiqələrdə qələbə qolunu vurdu. Fernandinyo qapını dəqiq nişan aldı. Nəticədə, "Dinamo” 2:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı.
Oyundan sonra
Kakau ("Kayrat” klubunun baş məşqçisi): "”Dinamo”nu qələbə münasibəti ilə təbrik edirəm. Amma hesab edirəm ki, oyunun nəticəsi ədalətli olmadı. Bizim qol vurmaq üçün daha çox şansımız var idi. Əzmkar oyuna görə uşaqlara təşəkkür edirəm. Bizi üçüncü yer uğrunda oyun gözləyir və həmin qarşılaşmada qalib gəlmək istəyirik”.
Faustino Peres ("Dinamo” klubunun baş məşqçisi): "Turnirin təşkilatçılarına təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu. Oyunun ritminə uyğun çıxış edə bildik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Finalda hansı komanda ilə qarşılaşacağımızın bizim üçün fərqi yoxdur. Amma gizlətməyəcəyəm, İspaniya təmsilçisinin qələbəsini istəyərdim”.
"Araz” (Azərbaycan) - "Barselona” (İspaniya) - 4:4 (penaltilər seriyası - 2:4)
Qollar: Rafael, 2, Fabiano, 28, Folya, 40, Amadeu, 49 - İqor, 10, Aykardo, 22, Dieqo, 27, Dieqo, 46.
"Araz”: 1. Buranello, 2. Periç, 3. Fabiano, 5. Felipe, 7. Çuyets, 9. Amadeu, 10. Folya, 11. Davi, 12. Popov, 14. Borisov, 15. Rafael, 18. Auqusto, 20. Məmmədkərimov.
"Barselona”: 1. Kristian, 2. Aykardo, 3. Torras, 5. Qabriel, 6. Fernando, 7. Dieqo, 8. Lin, 9. Losano, 10. İqor, 11. Saad, 13. Vilde, 14. Pako Sedano, 15. Çema, 19. Adrian Orteqo.
Azərbaycan çempionu "Araz” İspaniyanın "Barselona” klubu ilə münasibətlərinə aydınlıq gətirdi. Qarşılaşmanın favoriti "Barselona” olsa da, "Araz” rəqibə layiqli müqavimət göstərdi. Görüşdə hesabı təmsilçimiz açdı. Rafael rəqibin səhvindən məharətlə istifadə etdi. Qoldan sonra özlərinə gələn ispanlar 3 qol vuraraq, hesabı öz xeyirlərinə dəyişə bildilər. Təmsilçimiz 3 dəfə hesabda geri düşsə də, ruhdan düşmədi. Əsas vaxtın başa çatmasına 16 saniyə qalmış "Araz” hesabı bərabərləşdirməyə müvəffəq oldu - 4:4. Qalibi müəyyən etmək üçün penaltilər seriyasından istifadə olundu. Ancaq "Araz” penaltilər seriyasında 2 dəfə zərbəni dəqiq yerinə yetirmədi. Zərbələri daha dəqiq yerinə yetirən "Barselona” finala çıxdı.
Oyundan sonra
Mark Kamona ("Barselona” klubunun baş məşqçisi): "”Araz” aqressiv oynayırdı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu səbəbdən qolların sayı çox oldu. Digər qol epizodlarını qiymətləndirə bilmədiyimizə görə təəssüflənirəm. Çünki rəqibin təzyiqi nəticəsində oynamaq çətin idi”.
Joze Alesio da Silva ("Araz” klubunun baş məşqçisi): "Oyunçularım qələbə qazanmaq üçün cəhd etdilər və bütün bacardıqlarını ortaya qoydular. Rəqib çox güclü idi. Biz bir növ lotereyada məğlub olduq - penaltilərlə. Məşqlərdə penaltiləri yerinə yetirmişdik. Ancaq oyunda uğurlu alınmadı”.
Aykardo ("Barselona” klubunun futzalçısı): "”Araz”la oyunumuz çox gərgin və emosional alındı. Çox şadam ki, penaltilər seriyasında olsa da, qalib gəldik. Biz ötən il yarımfinalda uduzmağımızın günahını yuduq. Qarşıda bizi daha bir çətin oyun - "Dinamo” ilə final matçı gözləyir. Barselonaya titulla qayıtmaq üçün hər şey edəcəyik. "Araz” məni heç təəccübləndirmədi. Biz onların matçlarının videosuna baxmışdıq. Azərbaycan çempionu Kristian Çujeç kimi oyunçunu transfer edib. Bundan başqa, Felipe kimi topa nəzarət etməyi bacaran futzalçı da rəqibin heyətində idi. "Araz”ın erkən qolu bizi şoka salmışdı. Matçın sonlarında rəqibimizin hesabı 3:3 etməsi də bizi ruhdan salmadı. İki qol vurmağım da sevindiricidir. Həm də belə güclü komanda üzərində qələbə qazandığımız matçda”.
Pako Sedano ("Barselona” klubunun qapıçısı): "Bilirdik ki, oyun çətin keçəcək. Bu matça motivasiyamız yüksək idi. Şadıq ki, qələbəni qazanan tərəf biz olduq. Bu matçdan hər şey gözləmək olardı. Ona görə də hazırlıqlı idik. Düşünürəm ki, görüşün bu qədər uzanmasında tərəflərin matça çox istəkli yanaşması mühüm rol oynadı. Ona görə də sonadək gərginlik davam etdi. İndi növbəti matç haqqında düşünmək olar. "Dinamo”ya da qalib gəlib 2-ci dəfə "Barselona”ya bu titulu qazandırmaq istəyirik. Amma bunu etmək çox çətin olacaq”.
26 aprel
3-cü yer uğrunda
"Araz” (Azərbaycan) - "Kayrat” (Qazaxıstan) - 6:4
Qollar: Amadeu, 26; Foqilya, 27; 31; Fabiano, 36; Avqusto, 38; Eduardo, 38 - Baron, 15; Fumasa, 17, Kafe, 29; Fumasa, 33.
Bürünc medal uğrunda "Kayrat” və "Araz” klubları mübarizə apardılar. Matça hücumlarla başlayan Naxçıvan təmsilçisi əvəzində bunun əksi ilə rastlaşdı. Belə ki, maçtda Foqliya və Rafaelin oyunu alınmadı. Bundan istifadə edən rəqib hesabı açmağa müvəffəq oldu. Oyunun 15-ci dəqiqsində rəqibin heyətində Baron fərqləndi. Qoldan sonra irəli atılan təmsilçimiz yenə müdafiədə boşluqlar yaradırdı. Bundan lazımınca istifadə edən son çempion növbəti dəfə "Araz”ı oyuna mərkəzdən başlamağa məcbur etdi. İlk hissə rəqibin 0:2 hesablı qələbəsi ilə başa çatdı.
Fasilədən sonra "Araz” dərhal irəli atıldı. Buna görə də, qazaxıstanlılar müdafiəyə diqqət yetirməyə məcbur oldular. 2 qol vuraraq hesabı bərabərləşdirən həmyerlilərimiz növbəti dəfə qapılarında qollar gördülər. Bununla belə, Arena toplaşan azarkeşlərin dəstəyi altında ruhdan düşməyən Naxçıvan təmsilçisi sonadək mübarizəni davam etdirdilər. Rəqibin səhvlərindən lazımınca yararlanan təmsilçilərimiz daha 4 qol vurdular. Nəticədə, kifayət qədər məhsuldar və gərgin keçən görüş Azərbaycan təmsilçisinin 6:4 hesablı qələbəsi ilə başa çatdı. Bu qələbədən sonra "Araz” 2-ci dəfə turnirin bürünc medalını qazandı.
Oyundan sonra
Kakau ("Kayrat” klubunun baş məşqçisi): "Komandama təşəkkür edirəm. Hakimlikdən narazı qaldım. Hakimlik barədə çox danışmağı sevmirəm. Amma demək olar ki, bütün əməyimizi yerə vurdular. İki fərqli hissə izlədik. Ehtiyat qapıçımız buraxılmış qollarda günahkar deyil. Qırmızı vərəqədən sonra komandam özünü itirdi”.
Joze Alesio da Silva ("Araz” klubunun baş məşqçisi): "Rəqibimiz ötən il UEFA kubokunun qalibi olmuş komanda idi. Maraqlı oyun alındı. "Kayrat” hər zaman güclü olub və belə bir komandanı məğlub etdiyimiz üçün çox şadam. Rəqibin qapıçısının meydandan çıxarılması işimizə yaradı. O, tez-tez hücumlara qoşulmaqla bizə çətinlik yaradırdı”.
Final
"Dinamo” (Moskva, Rusiya) - "Barselona” (İspaniya) - 2:5 (əlavə vaxt)
Qollar: Romulo, 9; Tatu, 36 - Gabriel, 22; Dieqo, 29; Fernandao, 41; Lozano, 49, Pako, 50.
Həlledici oyunda "Barselona” Sərhədçi İdman Olimpiya Mərkəzinin meydanında Rusiyanın "Dinamo” klubu ilə üz-üzə gəldi. Bu qarşılaşma da kifayət qədər maraqlı alındı. Hesabı gözlənilmədən ruslar açdılar. Turnirin favoriti sayılan ispanlar fasilədən sonra hesabda önə keçə bildilər. Amma "Dinamo” hesabı bərabərləşdirdi. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdı. Baş hakim qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duydu. Əlavə dəqiqələrdə inamlı təsir bağışlayan kataloniyalılar 3 qol vurdular. Nəticədə, "Barselona” UEFA kubokunun qalibi adını qazandı. "Dinamo” isə ikinciliklə kifayətdəndi.
Oyundan sonra
Faustino Peres ("Dinamo” klubunun baş məşqçisi): "İlk növbədə, bizi hər iki oyunda sona qədər dəstəkləmiş azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Oyuna gəlincə, komandamdan heç bir narazılığım yoxdur. Yaxşı mübarizə apardıq. Təəssüf ki, çəkdiyimiz əziyyət istədiyimiz sayda qol vurmağımıza kifayət etmədi”.
Mark Kamona ("Barselona” klubunun baş məşqçisi): "Çox gözəl, maraqlı, finala layiq oyun oldu. Qələbəni "Barselona” ailəsinin vaxtsız vəfat etmiş üzvü Tito Vilanovaya və azarkeşlərimizə həsr edirik. Oyun bərabər səviyyədə keçdi. Qarşılaşmanın taleyini kiçik detallar həll etdi. Sevinirəm ki, qalib gələn tərəf biz olduq”.