“Qarabağ” xal itirməkdə davam edir

“Qarabağ” xal itirməkdə davam edir



"Bankçılar” isə liderlə xal fərqini 6-ya endirdi

Ötən həftə Topaz Premyer Liqasında XXXIII turun oyunları keçirilib. Eyni günə təsadüf edən turun üç görüşü Bakıda, ikisi paytaxtdan kənarda təşkil olunub. İddiaçıların paytaxta yığışdığı gün çempionun da adına aydınlıq gələ bilərdi. Bunun üçün "Qarabağ” səfərdə "Bakı”nı məğlub etməli, "Sumqayıt” isə "İnter”in meydanından xalla qayıtmalı idi. Amma hər şey əksinə olub. "Qəbələ” isə "Neftçi” klubunu məğlub etməklə ona daha da yaxınlaşıb. Hazırda komandaları cəmi 1 xal ayırır.


Topaz Premyer Liqası

XXXIII tur
2 may (cümə)
"Bakı” - "Qarabağ” - 0:0
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk 3 dövrədəki oyunlar - 0:3, 2:1, 0:2

Tura paytaxtda start verilib. "Bakı” doğma azarkeşlər önündə "Qarabağ” klubunu sınağa çəkib. Qarşılaşma hər 2 tərəf üçün əhəmiyyətli idi. Ağdam klubu 3 xal qazanacağı təqdirdə ən yaxın izləyicisi "İnter”lə xal fərqini artıra bilərdi. Paytaxt təmsilçisi isə avroliqaya getmək üçün 4-cü pilləni ələ keçirməli idi. Lakin heç bir komanda istəyinə çata bilməyib. Oyun qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, artıq "Qarabağ” üçün çempionluğun əldə olunması, ən azı, növbəti tura qalıb. Qurban Qurbanovun yetirmələri növbəti turda "İnter”dən üstün olsalar, çempionluğu qeyd edəcəklər. Əks təqdirdə növbəti turlarda da çempionluq mübarizəsi davam edəcək. "Bakı”nın isə uğursuz çıxışı hələ də bir-birini edir. Bu gedişlə komandanın avrokuboklarda çıxış etməyəcəyi şübhə doğurmur.

"Neftçi” - "Qəbələ” - 1:2
Qollar: Cavid İmamverdiyev, 49 - Dodo, 63; Lorentso Ebesilio, 90.
Qırmızı vərəqə: Lorentso Ebesilio, 90+4.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar - 2:1, 2:1, 2:1

Növbəti oyunda "Neftçi” öz meydanında kubokun finalında rəqibi olacaq "Qəbələ” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Premyer Liqada çempionluq şansları qalmayan tərəflər bütün diqqətlərini kuboka yönəldiblər desək, yanılmarıq. Xatırladaq ki, bu mövsüm komandalar arasında keçirilən matçların hər üçü 2:1 hesabı ilə "ağ-qaralar”ın xeyrinə başa çatmışdı. Bu dəfə də eyni hesab qeydə alınıb. Amma bu dəfə "qırmızı-qaralar” üstün olublar. Birinci hissədə tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Azarkeşlər fasilədən sonra maraqlı oyunun şahidi olublar. Bu dəfə də hesabı meydan sahibləri açıblar. Oyunun 49-cu dəqiqəsində künc zərbəsindən ötürünlən topu Cavid İmamverdiyev qapıdan keçirib. Amma buna baxmayaraq, Yuri Syominin yetirmələri əzmkar qələbə qazanıblar. Əvvəlcə Dodo oyunun 63-cü dəqiqəsində hesabı bərabərləşdirməyə müvəffəq olub. Qoldan sonra hücumlarını davam etdirən qonaqlar qələbə qolunu da vurublar. Matçın başa çatmasına saniyələr qalmış Lorentso Ebesilio hesabı komandasının xeyrinə dəyişib - 1:2. Bu məğlubiyyətə baxmayaraq, Böyükağa Hacıyevin yetirmələri Premyer Liqada mükafatçılar arasındakı mövqeyini yenə də qoruyub. Əyalət klubu isə avrokubok şanslarını artırmaq üçün hazırkı - 4-cü pillədəki mövqeyini qorumalıdır.

"İnter” - "Sumqayıt” - 2:0
Qollar: Aleksandr İaşvili, 51; Vaqif Cavadov, 90+2.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev.
Bakı. "Şəfa” stadionu.
İlk 3 dövrədəki oyunlar - 2:0, 2:0, 1:0

Bu görüşlə eyni vaxtda "İnter” - "Sumqayıt” oyunu start götürüb. Bir neçə tur əvvəl "Qarabağ”la 13 xal fərqi olan "bankçılar” artıq həmin rəqəmi 6-ya endirə biliblər. Matçda bütün qollar ikinci hissədə vurulub. Oyunun 51-ci dəqiqəsində meydan sahiblərinin heyətində Aleksandr İaşvili hesabı açıb. Qoldan sonra da hücumu davam etdirən "bankçılar” matçın son saniyələrində hesabı daha da artırıblar. Bu dəfə Vaqif Cavadov fərqlənib. Nəticədə, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Kaxaber Sxadadzenin yetirmələrinin bu gedişlə avrokuboklarda mübarizə aparacağı şübhə doğurmur. Paytaxt təmsilçisinin, eyni zamanda, 7 oyunluq qələbə seriyası da xüsusi vurğulanmalıdır. Premyer Liqada tək iddiası mövsümü sonuncu pillədə başa vurmamaq olan "Sumqayıt”ın isə 5 oyunluq məğlubiyyətsizlik seriyasını başa çatıb.

"Xəzər Lənkəran” - "Rəvan” - 4:0
Qollar: Elias Ribeiro, 19; Dejan Blajevski, 52; Elnur Abdullayev, 53; Etame Mbilla, 62.
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov.
Lənkəran. Mərkəzi şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar - 1:1, 1:0, 1:2

Premyer Liqada heç bir iddiası olmayan komandaların - "Xəzər Lənkəran”la "Rəvan”ın görüşünə maraq az idi. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb. Mustafa Dənizli ilə olmamasına baxmayaraq "ağ-yaşıllar” 3 xalı möhtəşəm qələbə ilə qazanıblar. Lakin Lənkəran klubu turnir cədvəlində yerləşdiyi pillədən yuxarı qalxa bilməyib. "Rəvan” klubu isə daha bir şansını itirdi desək, yanılmarıq. "Sumqayıt”ın məğlubiyyətindən istifadə edə bilməyən Güvənç Kurtarın komandası qələbə qazansa idi, sonuncu pillədən xilas olacaqdı. Amma bakılılar şanslarını növbəti turlarda sınamalı olacaqlar.
"Simurq” - AZAL - 0:0
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev.
Zaqatala. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar - 1:1, 3:0, 2:0

Turun son oyunu Zaqatalada təşkil olunub. Lənkəranda olduğu kimi, burada da iddiasızlar üz-üzə gəliblər. Bu qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bu heç-heçədən sonra Tərlan Əhmədov artıq 4-cü xalını qazanıb. Belə ki, Şüvəlan təmsilçisi 4 turdur ki, məğlub olmur və hamısında meydanı heç-heçə ilə tərk edir.
Rahib Səmədov