Azərbaycan yığması ikinci dəfə okeanın o tayına yollanır

Azərbaycan yığması ikinci dəfə okeanın o tayına yollanır



Martın 5-də yoxlama oyununda 1:0 hesabı ilə məğlub etdiyi Filippin yığması Azərbaycan millisinin tarixinə 63-cü rəqib kimi düşüb. "Küçə itləri” ilə oyunadək yığmamız keçirdiyi 203 oyunda 62 rəqiblə qarşılaşmışdı.
Filippin komandası yığmamızla qarşılaşan 17-ci Asiya təmsilçisidir. Bu komandaya qədər yığmamız bu qitənin futbol konfederasiyasına daxil olan 16 milli - BƏƏ, Bəhreyn, Fələstin, Hindistan, İordaniya, İran, İraq, Küveyt, Oman, Özbəkistan, Qətər, Qırğızıstan, Sinqapur, Tacikistan, Türkmənistan, Yaponiya ilə görüşmüşdü.
Artıq mayın 28-dəki yoxlama oyununda rəqibimiz olacağı dəqiqləşən ABŞ bu siyahıda yeni ad olacaq. Amerikalılar yığmamızın ümumilikdə 64-cü rəqibidir. 44 Avropa və 17 Asiya təmsilçisi ilə görüşən komandamız hələlik bu materikə daxil olmayan 2 rəqiblə üz-üzə gəlmişdi. CONCACAF zonasının təmsilçiləri Trinidad və Tobaqo, Honduras milliləri ilə görüşən futbolçularımız üçün ABŞ 3-cü Amerika komandası olacaq.
Hondurasla Avstriyada görüşən millimiz ada təmsilçisi ilə səfərdə qarşılaşmışdı. ABŞ yığması ilə də rəqib meydanında üz-üzə gələcək yığmamız tarixində 2-ci dəfə okeanın o tayına səfər edəcək. 9 il əvvəl - 2005-ci ilin yanvarında adaya yollanan millimiz 2 dəfə uduzmuşdu - 0:1 və 0:2.
Yeri gəlmişkən, elə bizim vaxtla mayın 28-də səhər saat 7-də təşkil olunacaq ABŞ millisi ilə görüşün məkanı yeni ad olacaq. Belə ki, Yürgen Klinsmanın yetirmələri yoldaşlıq oyununun keçiriləcəyi "Kandlstik Park” arenasında ilk oyununa çıxacaq. Bu isə yığmamızla görüşdə həyata keçəcək. Ümumiyyətlə, "yankilər” San-Fransisko şəhərində indiyədək cəmi 1 oyun keçiriblər. Bu da 2006-cı ildə "AT&T Park” stadionunda olub. Həmin görüşdə ABŞ Yaponiyanı yoldaşlıq görüşündə çətinliklə məğlub etmişdi - 3:2.
Qeyd edək ki, 69 732 tamaşaçı tutumuna malik olan "Kandlstik Park” stadionu inşa edildiyi 1960-cı ildən 2000-ci ilə kimi "San-Fransisko Cayents” beysbol komandasının ev oyunlarını keçirdiyi məkan olub.