Səmərəli elmi axtarışlar idmanın inkişafına təkan verir

Səmərəli elmi axtarışlar idmanın inkişafına təkan verir

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, mütəxəssislərin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdür.

Ümummilli lider Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə gələndə milli təhsilimizin inkişafına çox böyük önəm verərək yüzlərlə gəncin keçmiş SSRİ-nin və dünyanın müxtəlif ölkələrində keyfiyyətli təhsil almasına şərait yaratmışdı. O, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu ənənəsinə sadiq qalaraq həm keçmiş Sovet İttifaqına daxil olan ölkələrlə, həm də dünyanın digər qabaqcıl ölkələri ilə elm, mədəniyyət, idman və təhsil sahələrində əlaqələri bərpa etdi. Həmin ölkələrdə gənclərimizin dünya standartlarına uyğun keyfiyyətli təhsil almalarına şərait yaratdı.
Heydər Əliyev milli mənafeləri daim uca tutmuş, totalitar rejimin təzyiqlərinə baxmayaraq, mill-mənəvi dəyərlərimizi qorumaqla, tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə nali olmaq üçün düşünülmüş siyasət yeritməyə nail olmuşdu. Ulu öndərin rəhbərlikdə olduğu birinci mərhələdə (1969-1982-ci illər) Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri, illərlə və böyük zəhmət hesabına qazanılmış elmin, təhsilin inkişafına qayğının artırılması idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev təhsilə son məqsəd, nəticə kimi deyil, vasitə kimi baxırdı. Dahi şəxsiyyət dünya praktikasını və yerli xüsusiyyətləri nəzərə almaq, təhsil sahəsində hər hansı bir islahatı hərtərəfli və mütəşəkkil şəkildə həyata keçirmək zərurətini qeyd edərək deyirdi: "Biz təhsil sahəsində yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyinizi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.
Ulu öndər bütün sahələrə, o cümlədən bədən tərbiyəsi və idmanın elmi cəhətdən inkişafına, tədqiqinə ciddi yanaşırdı.
1975-ci ildə Respublika İdman Komitəsinin nəzdində bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən elmi-tədqiqat işinin əlaqələndirmə mərkəzi, iki labaratoriyası olan elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər kvartalda bir dəfə metodik tövsiyələr məcmuəsi dərc etdirirdi. Bu, elmi adı və dərəcəsi olan mütəxəssislər hazırlanması işində, məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım idi. Onu da qeyd edim ki, 1970-1982-ci illərdə bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatlar xeyli genişləndirilmişdi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun idmançılarından böyük bir qrupu namizədlik dissertasiyası hazırlamış və müdafiə etmişdi.
1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda Fiziki tərbiyə və ibtidai hərbi hazırlıq şöbəsinin açılması respublikada fiziki tərbiyə sahəsində aparılan pedaqoji tədqiqatlara, fiziki tərbiyənin cəmiyyətdə rolunun yüksəldilməsinə böyük təkan verdi. Burada məktəblilərin fiziki tərbiyə sahəsinin elmi əsasları, ümumtəhsil məktəbliləri üçün fiziki tərbiyə üzrə metodiki vəsaitlər hazırlanırdı.
1976-cı ildən bəri başlayaraq, "Azərbaycan məktəbi” jurnalının əlavəsi - "Məktəbdə bədən tərbiyəsi” məcmuəsinin nəşrinə başlanıldı. Məcmuədə bədən tərbiyəsi və idmanın tarixi, nəzəriyyəsi və metodikası, ümumtəhsil məktəbləri ilə bağlı məsələlər işıqlandırılırdı.
1978-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutunun bazasında bədən tərbiyəsi və idman problemləri üzrə ilk respublika elmi konfransı keçirildi.
1979-cu il aprel ayının 24-dən 27-dək Bakıda təşkil edilən "Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” adlı ümumittifaq elmi-praktik konfrans Azərbaycanın idman həyatında mühüm hadisə oldu.
1980-ci ildə isə Azərbaycan Pedoqoji İnstitutunda tələbələrin fiziki tərbiyəsi və onların idman ustalığının artırılması problemləri üzrə ikinci respublika elmi konfransı, habelə "Azərbaycan SSRİ-nin ali məktəblərində bədən tərbiyəsi və idman” mövzusunda birinci respublika sərgisi keçirildi.
Həmin dövrdə respublikanın ali məktəblərindən 265 bədən tərbiyəsi müəllimi ixtisasını artırmaq kursu keçmişdi.
Həmin illərdə bədən tərbiyəsi və idmanın inkişafında, bu sahədə tədqiqat işlərinin aparılmasında fəallıq göstərən ali təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (indiki AzDBTİA) idi. Bu institut hələ 30-cu illərdən başlayaraq milli elmi-pedaqoji kadrların hazırlanmasında yaxından iştirak edirdi. Digər ali məktəblərdə olduğu kimi, burada da zəngin təcrübə toplamış, yaşlı nəslə mənsub görkəmli pedaqoq almlərlə yanaşı, gənc, istedadlı müəllimlər çalışırdılar. Onların səyi nəticəsində, tədrislə bərabər, səmərəli elmi axtarışlar da aparılırdı. Elmi axtarışların əksəriyyətində yenilik ruhu, tələbkarlıq əzmi duyulurdu.
1936-cı ildən sonra burada bədən tərbiyəsi və idmanla bağlı maraqlı elmi axtarışlar aparılırdı. Məsələn, institutun məzunu Emin Rəhimov Moskvada "Azərbaycan milli güləşinin tarixi” mövzusunda ilk namizədlik dissertasiyası (1950) müdafiə etmişdi. Həmin dissertasiya hazırda Azərbaycan DBTİA-nın muzeyində saxlanılır. Ali təhsilli bədən tərbiyəsi müəllimləri dedikdə özünün sağlam fiziki hazırlığı ilə yanaşı, fiziki tərbiyənin pedaqoji, psixoloji, fizioloji və tibbi aspektlərinə, habelə təlim metodlarına dərindən və hərtərəfli yiyələnmiş kadrlar nəzərdə tutulur.
Dövlət Bədən Tərbiyəsi İnstitutunda elmi istiqamətdə tam fəaliyyətin əsası 60-cı illərdə qoyulub. Həmin ildən institutun əməkdaşları elmi-tədqiqat işlərinin təşkili və aparılması ilə daha yaxından məşğul olmağa başlamışlar. Bu dövrdə akademiyanın kafedraları elektron cihazlarla təmin edilmişdi. Bu isə tədqiqatların metodikasını elmi-texniki səviyyədə işləyib hazırlamağa imkan verirdi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu təkcə idmançılar hazırlamır, eyni zamanda, burada bədən tərbiyəsi və idman sahəsində əsaslı tədqiqatlar aparılır, dərsliklər və metodiki tövsiyələr yazılırdı.
İnstitutda dörd istiqamətdə elmi tədqiqat işləri aparılırdı:
1. Bədən tərbiyəsi və idman sağlamlığın möhkəmləndirilməsinin və fiziki tərbiyənin mühüm amilidir;
2. Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi;
3. Bədən tərbiyəsi və idman üzrə kadrların hazırlanması və ixtisas artırma sisteminin təkmilləşdirilməsi;
4. Bədən tərbiyəsi və idmanın idarə edilməsinin təkmilləşdirilməsi.
Ötən dövrlər ərzində institutda bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr edilmiş beynəlxalq elmi-praktik konfranslar keçirilmiş, ali məktəbin professor-müəllim heyəti respublikanın yığma komandalarının təprkibində elmi-kompleks qruplarda fəal iştirak etmiş, elmi-metodiki tövsiyələr yazmışlar.
Xarici və qonşu dövlətlərin ali məktəbləri ilə bədən tərbiyəsi və idman sahəsində elmi əlaqələr yaradılmışdır.
Bu idman ocağının professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırdılar. Onlar idmanın ayrı-ayrı növləri üzrə respublikanın yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirdilər. Məsələn, fiziologiya kafedrasında müxtəlif illərdə "Yüksək dərəcəli idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi” problemi üzrə əsaslı tədqiqat işləri aparılmışdı. Kafedranın əməkdaşları prof. Rafiq Qayıbov, dosent Mir Qarayev, Dilsuz Novruzov, Hüseyn Həsənov, Əsmər Seyidzadə, Ellada Sadıqova həmçinin digərləri respublika və ümumittifaq səviyyəli konfranslarda, fizioloqların qurultaylarında, beynəlxalq konqreslərdə çıxışlar edirdilər.
Sonrakı illərdə kafedranın tələbələri müəllimlərin rəhbərliyi altında bir çox eksperimental tədqiqatlar aparmışlar. Həmin tədqiqatçıların nəticələri ümumittifaq və respublika tələbə elmi konfranslarında, müsabiqələrdə yüksək qiymətləndirilmişdir. Bu sahədə məhsuldar işinə görə dos. Hüseyn Həsənov Azərbaycan SSR Təhsil Nazirliyinin medalı ilə, Mir Qarayev isə SSRİ Təhsil Nazirliyinin "Tələbələrin elmi-tədqiqat işlərində müvəffəqiyyətinə görə” nişanı ilə təltif olunmuşlar.
Akademiyanın əməkdaşları elmi-tədqiqat işlərində alınmış nəticələrin praktikada tətbiqinə, həmçinin respublika seçmə komandalarının Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında müvəffəqiyyətli çıxış etmələri üçün çalışırdılar. Məsələn, fiziologiya kafedrasının müdiri prof. Rafiq Qayıbovun rəhbərliyi ilə ustalardan ibarət "Neftçi” futbol komandasında ilk dəfə elmi-metodiki iş tətbiq edilmişdi (1980-1983).
1981-ci ildən başlayaraq tələbələrimiz "Tələbə və elmi-texniki tərəqqi” devizi altında keçirilən Ümumittifaq Tələbə Olimpiadalarında iştirak edirdilər. 1986-cı ildən etibarən isə ADBTİ bu olimpiadanı keçirən baza məktəbinə çevrilmişdi. Olimpiadada çıxış edən institutun əməkdaşlarından prof. Rafiq Qayıbovun, dosentlərdən Kamal Rzayev, Eldar Acalov, Dilsuz Novruzov, Yusif Talıbov və Mir Qarayevin müxtəlif mövzulardakı elmi-tədqiqat işləri indi də əhəmiyyətini itirməyib.
İnstitutun elmi həyatında diqqəti cəlb edən mühüm cəhətlərdən biri də ondan ibarət idi ki, yeni yetişən alimlər 50-ci illərin sonunda bədən tərbiyəsi və idmanın nəzəri problemləri ilə bərabər, praktik işin tədqiqinə də diqqət yetirirdilər Prof.Məhərrəm Mustafayevin "Mineral suların müalicəvi xüsusiyyətləri” adlı əsəri (1950-51), III, IV, V siniflər üçün Botanika dərsliyi, ali məktəblər üçün "Mərkəzi sinir sisteminin fiziologiyası”, Bədən Tərbiyəsi İnstitutu və texnikum tələbələri üçün "Fiziki hərəkətlərin və idmanın fizioloji əsasları” (1972) dərslikləri, dosent Ənvər Babayevin "İdmançıların erkən müalicəsi” metodiki göstərişi (1961), "İdman masajı” (1966) və "Fiziki hərəkətlərin və idmanın gigiyenası” dərslikləri (1977), prof. Akif Əliyevin dosentlər Dilsuz Novruzov və Fazil Talışxanovla birgə yazdığı "Əmək kollektivlərində bədən tərbiyəsi və idman işlərinin idarə olunması”. (1984), prof. Xanlar Qurbanovun "Sərbəst və yunan-Roma güləşi federasiyaları haqqında” (1990), prof. Dilqəm Quliyevin "Milli güləş” dərsliyi və digər dərsliklər idmanın elmi cəhətdən təbliğində önəmli rol oynayırdı.
İnstitutun professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırdılar. Onlar idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 1990-cı ilə kimi 3 mindən artıq dərslik, monoqrafiya, elmi-metodik vəsait və məqalələr yazmışdılar. Onlar beynəlxalq və ümumittifaq konfranslarda, simpozium və konqreslərdə fəal iştirak edirlər. 1970-80-cı illərdə institutda bədən tərbiyəsi sahəsində çalışan gənc elmlər namizədlərinin sayı da xeyli artmışdı. İnstitutun müəllim və tələbə heyəti respublikanın idman həyatında yaxından iştirak edir, istehsalat kollektivlərində, zəhmətkeşlərin yaşayış yerlərində ictimai əsaslarla məşqçilik edirdilər. Müəllimlərin çoxu "Bilik” cəmiyyəti xəttilə respublikada bədən tərbiyəsi və idmanın təbliğində çalışırdılar. İnstitut tələbə-elmi cəmiyyətinin üzvləri maraqlı tədqiqatlar aparır, respublika və ümumittifaq elmi-tələbə konfranslarında, bədən tərbiyəsi və idmanın müxtəlif sahələrində ən yaxşı elmi iş üzrə müsabiqələrdə yaxından iştirak edirdilər. İnstitutun bir qrup tələbəsi elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, medallar, diplomlar və fərmanlarla təltif olunmuşdu. Tələbə Elmi Cəmiyyətinin üzvlərindən aspiranturaya göndərilən və oranı müvəffəqiyyətlə qurtarıb doğma institutuna müəllim kimi qayıdanlar da az deyildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1970-1982-ci illərdə akademiyanın 37 idmançı kadrı Moskva və başqa şəhərlərdə təhsil almış, müxtəlif mövzularda fəlsəfə üzrə doktorluq dissertasiyaları müdafiə etmişdilər.
Bir sözlə, institut bədən tərbiyəsi və idman sahəsində mühüm elmi mərkəz və tədris ocagına çevrilmişdi. Burada 1990-cı illərdə 2 minə yaxın tələbə təhsil alırdı (onlardan 186-ı qızlar idi). Tələbələrin təhsili, idman və elmi işləri ilə 211 nəfər professor- müəllim məşgul olurdu. Onlardan 5-i elmlər doktoru, 11-i professor, 1-i fəxri professor, 84-ü elmlər namizədi-dosent, 110-u baş müəllim və müəllim idi. Həmin dövrdə tələbələrin idman sahəsində göstərdikləri nailliyətlər belə idi: 2 nəfər beynəlxalq dərəcəli idman ustası, 70 nəfər idman ustası, 364 tələbə isə idman ustalığna namizəd normasını yerinə yetirmişdi. Pedaqoji kafedralarda 5 professor, 23 əməkdar məşqci, 10 elmlər namizədi, 21 dosent, 33 respublika dərəcəli hakim, 6 beynəlxalq dərəcəli hakim, 38 idman ustası, 13 fəxri idman ustası, 5 əməkdar idman xadimi çalışırdı.
1990-cı il Azərbaycanda bədən tərbiyəsi və idman elminin inkişafı və ümummiyyətlə, idmançılar üçün çətin illərdən idi. İdmançıların əksəriyyəti məlum yanvar hadisələrindən sonra böyük psixoloji sarsıntı keçirmişdi. Respublikanın paytaxtında fövqəladə vəziyyət və komendant saatı elan olunması normal təlim-məşq prosesinin, yarışların keçirilməsini çətinləşdirmişdi. Bir çox idman qurğuları uzun müddət bağlı qaldı. Buna baxmayaraq, istər Ümumittifaq, istərsə də beynəlxalq səviyyədə Azərbaycan idmançıları bir çox parlaq qələbələr qazana bildilər.