Naxçıvanda idmana qayğı ilə yanaşılır

Naxçıvanda idmana qayğı ilə yanaşılır



Ölkəmizdə idman sürətlə inkişaf edir. Bölgələrimizdə də gənc nəslin sağlam yaşaması, asudə vaxtın faydalı təşkili istiqamətində xüsusi səy göstərilir. Paytaxtımızda olduğu kimi, rayonlarımızda da muasir tələblərə cavab verən Olimpiya kompleksləri, idman qurğuları, stadion və idman ocaqları fəaliyyət göstərir. İdmana qayğı ilə yanaşılan bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasıdır.
Burada keçirilən idman tədbirləri, gənclərin asudə vaxtının səmərəli təşkili muxtar respublika rəhbərliyinin daim diqqət mərkəzindədir. Naxçıvan təkcə göz oxşayam qədim memarlıq abidələrinin deyil, müasir tipli binaların, təhsil və idman ocaqlarının da məskəninə çevrilib. Müasir tipli idman komplekslərindən biri Naxçıvanın Şərur rayonunda inşa edilib. Müxtəlif ölkədaxili və beynəlxalq yarışların keçirildiyi bu məkan quruluşu, səliqə-səhmanı ilə seçilir. Məlumat üçün bildirək ki, Şərur Olimpiya İdman Kompleksi 5 hektara yaxın ərazini əhatə edir. Kompleksin giriş hissəsində hər biri 45 avtomobilin saxlanılması üçün iki avtopark yaradılıb. 4 mərtəbədən ibarət olan üçulduzlu hotelin yaradılması idmançıların rahatlığını təmin edir.
Kompleksdə 13 metr eni, 25 metr uzunluğu olan üzgüçülük mərkəzi yeniyetmə və gənclərin ən çox üz tutduğu ünvanlardan biridir. Olimpiya İdman Kompleksinin əsas korpusunda müasir idman alətləri və qurğuları ilə təmin olunan ayrı-ayrı məşq və qapalı idman zalı var. Zalda voleybol, basketbol, həndbol, boks, güləş, şahmat və idmanın digər növləri üzrə yarışlar keçirilir. 2500 nəfərlik süni örtüklü stadion idman mərkəzinə xüsusi gözəllik verir. Mərkəzdə müasir işıqlandırma sistemi qurulub. Bundan əlavə, kompleksdə tennis kortu, süni örtüklü mini futbol, mini voleybol meydançaları da fəaliyyət göstərir. Kompleksin həyətində aparılan abadlıq-quruculuq işləri də diqqəti cəlb edir. Həyətin göz oxşayan yaşıllığı bura gələnlərin zövqünü oxşayır.


Elə idman növləri var ki, sabahın əsğəri olan oğlanlara daha çox lazımdır. Çünki bu oğlanlar vətənin keşiyində dayanmalı, torpaqlarımızı qorumalı və onu müdafiə etməyi bacarmalıdırlar. Gəncləri vətənin müdafiəsinə hazırlayan belə idman növlərindən biri də atıcılıqdır. Atıcılığın olduqca qədim tarixi var. Hələ qədim dövrlərdə insanlar torpaqlarını müdafiə etmək üçün silaha sarılıblar. Qədimdə mahir nişançılar bir-biri ilə yarışıblar. Bu isə sonralar populyarlıq qazanaraq atıcılıq yarışlarının yaranmasına gətirib çıxarıb. Atıcılıq ölkəmizin bir sıra bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında yüksək sürətlə inkişaf edir, sərrastlıq, dəqiqlik tələb edən atıcılıq yarışlarına maraq getdikcə çoxalır. Bu sahəyə göstərilən diqqət atıcılığın sevilməsinə şərait yaradır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Atıcılıq Mərkəzi 2013-cü il dekabrın 7-də istifadəyə verilib. Ötən il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti, qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınıb. Qısa müddət ərzində federasiya formalaşıb, fəaliyyəti təmin edilib. Qeyd edək ki, Atıcılıq Mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, ox atma və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi var. İnzibati binada qeydiyyat, silah və digər otaqlar yerləşir.
Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi və ordu sıralarına hazırlanması vacib məsələlərdəndir. Bu baxımdan atıcılıq idman növünün inkişafı mühüm əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzində hərbi-idman oyunlarının və təlimlərin keçirilməsi üçün də lazımi şərait yaradılıb. Burada atıcılığın stend və sportinq növləri ilə məşğul olmaq üçün bütün avadanlıqlar var. Mərkəzdə silahla davranış qaydalarına və təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Təhlükəsizliyin təmin olunması üçün ərazidə müşahidə kameraları və yanğından mühafizə məntəqələri fəaliyyət göstərir. Stend və sportinq atıcılığı meydançaları bütün texniki inventarlarla təchiz olunub.
Atıcılıq Mərkəzinin ərazisində oxatma idman növü ilə də məşğul olmaq üçün hədəflər quraşdırılıb. Burada 10 və 25 metrlik məsafələr üzrə tirlər hazırlanıb. Mərkəzdə eni 54, uzunluğu 93 metr olan peyntbol meydançası yaradılıb,150 yerlik ikihissəli tribuna inşa olunub. Tribunanın bir hissəsi peyntbol, diğər hissəsi isə stend və sportinq yarışlarının izlənilməsi üçün nəzərdə tutulub. Burada təlimlər təşkil edilir, şagird və kursantlara silahdan istifadə qaydaları öyrədilir, onların ilkin hərbi hazırlıq səviyyələrinin yüksəldilməsi diqqətdə saxlanılır. Hazırda federasiyanın 400-dən artıq üzvü var. Onların əksəriyyəti gənclərdir. Onu da deyək ki, Atıcılıq Mərkəzinin yaradılması və gənclərin bura cəlb olunması hazırda blokada şəraitində yaşayan Naxçıvan üçün böyük əhəmiyyət daşıyır. Atıcılıq Mərkəzi Muxtar Respublikanın yeniyetmə və gənclərinin orduya hazırlıq işində xüsusi rol oynayır. Atıcılığı inkişaf etdirmək məqsədilə Naxçıvan, Şərur, Culfa şəhərlərində və Kəngərli rayonunda müxtəlif atıcılıq klubları yaradılıb.
Naxçıvanda və Şərurda inşa olunan Olimpiya idman kompleksləri Muxtar respublikada idmanın sürətli inkişaf etməsinə zəmin yaradır. 2002-ci il iyunun 15-dən fəaliyyət göstərən Naxçıvan Olimpiya İdman Kompleksində hər biri 378 tamaşaçı tutumu olan 2 idman zalı mövcuddur. Zallarda voleybol, boks, karate-do, sərbəst güləş, kikboksinq, stolüstü tennis və başqa idman növləri ilə məşğul olan idmançılara məşğələlər keçirilir. 4600 kvadratmetr sahədə inşa olunmuş kompleks inzibati və yardımçı binadan, həmçinin 4 soyunub-geyinmə otağından, duş kabinələrindən ibarərdir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman obyektlərindən biri də Üzgüçülük Mərkəzidir. Mərkəz 2004-cü ildən Naxçıvan sakinlərinin ixtiyarına verilib. Yay mövsümünün başlaması bu məkana müraciət edənlərin sayını da artırır. Təbii ki, üzgüçülüyə marağın artmasının əsas səbəbi mərkəzdə yaradılan şərait və təmizlikdir. Gün ərzində mərkəzin hovuzunda 10 ton su 3 filtr vasitəsilə yenilənir. İnsanların mərkəzə axın etməsinin səbəbi bilavasitə burada yaradılan yüksək şəraitlə əlaqədardır. İdmançıların və digər insanların həyatının təhlükə ilə üz-üzə qalmaması üçün mərkəzdə xilasedicilər də var.


Kompleksin şəhərin mərkəzi küçələrinin birində yerləşməsi isə bura üz tutanlar üçün əlverişlidir. Bundan əlavə, Naxçıvanda Şahmat Mərkəzi də fəaliyyət göstərir. Naxçıvanlı zəka sahibləri yerli və beynəlxalq yarışlarda mükafatalayiq yerlər tutur, qalib adını qazanırlar.
Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir. Yeni futbol meydançaları tikilərək istifadəyə verilir, futbolçulara qayğı ilə yanaşılır. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublika Stadionu da futbolun inkişafına öz töhfəsini verməkdədir.
İdmana göstərilən qayğı ölkəmizin inkişafına, tanınmasına göstərilən qayğıdır. Dünyanın idman arenalarında Azərbaycan atletlərinin qələbəsindən sonra ölkəmizin bayrağının qaldırılması, dövlət himninin səsləndirilməsi ölkəmizin daha da yaxından tanınmasına zəmin yaradır. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan uğurlar, atletlərimizin ciddi rəqibə çevrilməsi ölkəmizin nüfuzunu artırır. Bu gün ölkə gənclərinin beynəlxalq müsabiqələrdə, festivallarda, olimpiadalarda iştirakı uğur qazanmaları bu sahəyə olan xüsusi dövlət qayğısından və diqqətdən xəbər verir. Uşaq və gənclərin sağlam böyüməsi, onların fiziki və mənəvi inkişafı, milli ruhda tərbiyə alması dövlətimizin diqqət mərkəzindədir. Çünki gənclərin sağlam həyat tərzinin formalaşmasında, onların pis vərdişlərdən uzaq olmasında və düzgün istiqamətə yönəlməsində idman böyük rol oynayır. Kütləviliyin təmin edilməsi, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olması üçün ölkədə idmanın maddi-texniki bazası gündən-günə gücləndirilir. Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi ən uğurlu siyasətlərdən biridir. Çünki idman insanların fiziki və mənəvi cəhətdən sağlam olmasına kömək edir, eyni zamanda, milli, mənəvi dəyərlərimizi gənclərə, uşaqlara aşılayır.
Jalə Rzabəyli