İdman edərkən nələri bilməliyik?

İdman edərkən nələri bilməliyik?

İdman orqanizm üçün olduqca vacidbir. İdmanla məşğul olan insanlar daha sağlam olurlar və onlarda xəstəliklərə qarşı müqavimət yaranır. Lakin idmanı düzgün etmədikdə bu, burxulmalara, sınıq və zədələnmələrə də səbəb ola bilər. Odur ki, idman etdikdə müəyyən qaydaları gözləmək lazımdır.
Məşqçilər məsləhət edirlər ki, yeməyimizi idmana başlamazdan bir saat əvvəl yeməliyik. Çünki məşq zamanı mədənin dolu olması narahatlığa səbəb ola bilər. İdman zalında özünüzü rahat hiss etdiyiniz idman paltarı və ayaqqabılar geyməlisiniz. Xanımlar idmana makiyajsız başlasalar, daha yaxşı olar. Çünki hərəkət edərkən bədənin hərarəti artır. Bu zaman makiyaj tərli dəridə allergik xəstəliklər, hətta qaşınma yaradır. Əvvəlcə kiçik hərəkətlərlə bədəninizi isidin. Məşq proqramına düzgün əməl edin. İlk həftələrdə proqram sizə çətin gəlsə də, sonradan uyğunlaşacaqsınız. İdman zamanı çox söhbət etməyin. Musiqi sədaları altında idman etməyin daha yaxşı nəticə verəcəyini unutmayın. İdman edən zaman bədəninizin tərləməsinə adi hal kimi baxmayın. Bu, orqanizmin su itkisi hesab olunur. Belə hallarda su içməyi unutmayın. Əks halda əzələlərinizdə spazm meydana gələr və nəticədə dözülməz ağrılar sizi narahat edər. Susuzluq baş hərlənməsinə və halsızlığa da yol açır. Ümumiyyətlə, idman edən inanlar, əsasən, məşq prosesində çox tərləyən idmançılar çoxlu su içməyə çalışmalıdırlar.
İdmanla məşğul olan insanlar düzgün qadalanmaqla yanaşı, həm də çoxlu miqdarda su içməyə vərdiş etməlidirlər. Bu, onların həzm sisteminə və ümumilikdə sağlamlığına müsbət təsir edir. Suyun faydası və onun hansı vaxtlarda içilməsi barədə aşağıdakı məlumatları bilmək faydalıdır.

Su həyat üçün olduqca vacibdir. Hamımız yaxşı bilirik ki, su olmasa həyat da olmaz. Araşdırmalar göstərir ki, suyun həcmi orqanizmimizdə daim dəyişilir və 45-60 faizə çatır. Həmin suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi hüceyrələrin arasında olan boşluqlarda və damarlarda olur. Susuzluq zamanı insanın orqanizmində çox ciddi problemlər yaranır. Bir neçə gün susuz qalan insan dünyasını dəyişə bilər. Bəs orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır? Həkimlər insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml suyun lazım olduğunu bildirirlər. Belə ki, 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 litr və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq 3 litr su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq. Yediklərimizin və içdiklərimizin tərkibində də maye var. Hər gün insan orqanizmindən orta hesabla 2 litr (isti yay günlərində) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1,3 litr maye ifraz edir.

Təəssüf ki, insanların çoxu az miqdarda su içir. Belə adamların sağlamlığında müxtəlif problemlər baş verir, böyrək xəstəlikləri, qəbizlik və s. əmələ gəlir. Həkimlərin fikrinə görə, insanın immun sistemində olan dəyişikliklər məhz orqanizmin susuz qalması ilə bağlıdır. Bəs suyu nə qədər və nə zaman içmək lazımdır? Həkimlər acqarına su içməyin o qədər də xeyirli olmadığını deyirlər. Qida qəbulu zamanı içilən suyun isə həzm prosesini ləngitdiyi qeyd olunur. Qida qəbulundan sonra (xüsusən yağlı qidalardan sonra) içilən soyuq maye qarında ağırlıq və ağrılara səbəb ola bilər. Bu baxımdan suyu yemək aralarında içmək daha məqsədəuyğundur.
Su ən yaxşı "dərmandır”. Hər gün səhər tezdən içilən 1-2 stəkan təmiz su bağırsaqları hərəkətə gətirir. Hər gün kifayət miqdarda içilən su bizi ürək və damar, böyrək, oynaq, allergiya və s. xəstəliklərindən qoruyur, orqanizmi şlaklardan, zəhərli maddələrdən və toksinlərdən təmizləyir. Nəticədə immunitetimiz möhkəmlənir və biz daha sağlam oluruq.

Həkimlər məsləhət görürlər ki, mayelərin qəbulunun əsas hissəsi günün birinci yarısında olmalıdır. Əgər siz axşam vaxtı çoxlu maye içsəniz, səhər üzünüz şişkin və yorğun görünəcək. Bəs hansı su daha xeyirlidir? Plastik qablarda satılan su krandan gələn su ilə müqayisədə daha təmiz və ziyansızdır. Lakin belə su tanınmış istehsalçılar tərəfindən buraxılmış olmalıdır. Suyun iyinə və dadına da fikir verin. Su şəffaf olmalıdır. Əgər qabın dibində çöküntü varsa, belə suyu içməyin. Müalicəvi suları adi sular kimi qəbul etmək olmaz. Bu suları yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Qazlaşdırılmış sular insanın həzm sistemi üçün xeyirli sayılmır. Belə sular gəyirmə və qıcqırmaya səbəb olur, mədə xəstəliklərinin kəskinləşməsi zamanı xəstənin vəziyyətini daha da ağırlaşdırır.
Jalə