Dünyanın ən güclü yeniyetmələri Nankinə toplaşırlar

Dünyanın ən güclü yeniyetmələri Nankinə toplaşırlar


Çinin Nankin şəhəri bu il avqustun 16-28-də keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Bu yarışda dünyanın 170 ölkəsindən 3500 yeniyetmə idmançı öz qüvvəsini sınayacaq. 14-18 yaşlı atletlər 184 dəst medal uğrunda mübarizə aparacaqlar.Azərbaycanı Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında idmanın 9 növündə 21 idmançı təmsil edəcək. Olimpiya yığmamızın tərkibində Teymur Məmmədov (sərbəst güləş, 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq), Leyla Qurbanova (qadın güləşi, 52 kq), Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq), İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Səid Quliyev (73 kq), Gülhanım Yeşildağ (55 kq), Ceren Özbek (44 kq), Safiyə Polat (49 kq, hamısı taekvondo), Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı), Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq, hər üçü boks), Elvira Həsənova (üzgüçülük, sərbəst üsulla), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Behafeta Abreha (qaçış, 3000 metr), Yelena Qladkova (atletika, şüvüllə tullanma), Boris Yotov (akademik avarçəkmə), Natiq Qurbanlı (55 kq) və Leyla Əliyeva (44 kq, hər ikisi cüdo) yer alıb. Ürfan Axundov (atıcı, pnevmatik tapança, 10 metr) və Suğraxanım Müqabilzadə (kamandan oxatma) Olimpiya oyunlarında "wild cart”la iştirak edəcəklər.

Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Mehman Kərimovun "Olimpiya dünyası” qəzetinə verdiyi məlumata görə, Nankində idmanın uşu növündə 3 idmançımız mübarizə aparacaq. İlkin Əliyev (52 kq), Bayram Şəmmədov (60 kq) və Yerkin Osmanov (70 kq) ölkəmizi bu növ üzrə yarışlarda təmsil edəcəklər. Amma uşu yarışları, Çinin milli idman növü kimi, müsabiqədənkənar xarakter daşıyacaq. Yəni, qaliblərə medallar təqdim olunsa da, olimpiadanın medal sıralamasında əksini tapmayacaq.


Çinin keçmiş paytaxtı Poznanı geridə qoydu
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Vankuverdə keçirilən 122-ci sessiyasında Çinin Nankin şəhəri II Yay Olimpiya Oyunlarının paytaxt şəhəri seçilib. Səsvermə nəticəsində Nankin 47 səslə Polşanın Poznan şəhərini geridə qoyub. Bu vaxta qədər isə ev sahibliyi uğrunda mübarizə aparan Moskva (Rusiya), Belqrad (Serbiya), Dehli (Hindistan), Afina (Yunanıstan), Turin (İtaliya), Banqkok (Tailand) və Ruan (Fransa) şəhərləri namizədlikdən imtina ediblər.
Yeniyetmələrin mübarizə aparacağı Nankin Çinin keçmiş paytaxtı, ölkənin ən səfalı, təmiz və turizm şəhərlərindən biri sayılır. Şəhərin uzun əsrlik bir tarixi var. 2012-ci ilin statistikasına görə, burada 8 milyondan artıq əhali yaşayır.
Hazırda Çində 650-dən çox şəhər vardır ki, onlardan biri də Nankin şəhəridir. Tarixi faktlara əsasən Çinin keçmiş paytaxtı Nankin şəhərinin əsası b.e.ə.495-ci ildə qoyulub. Ümumi sahəsi 6596 km? olan şəhər 11 inzibati rayondan ibarətdir.
"Nankin” sözü çin dilindən tərcümədə "cənub şəhər” mənasını verir. Çinin keçmiş paytaxtı olan Nankin ölkənin şərq hissəsində, Şanxaydan 260 km aralıda, Yantszı çayının aşağı sahilində yerləşir. Tzyansu əyalətinin paytaxtıdır.
B.e.ə. V əsrin sonu, VI əsrin əvvələrində əsası qoyulan Nankin şəhəri XIV əsrin ortalarında Monqolustanın Yuapn sülaləsinə qarşı üsyanın mərkəzi olub. Bu şəhər üsyançıların liderlərindən biri Çju Yuançjanın vətəni hesab edilir. Yuançjan sonralar məşhur Min dövlətini yaratmış və onun ilk imperatoru olmuşdur.
Nankin 1368-1421-ci illərdə Xunyun Tszyanven və Yunlen əyalətinin paytaxtı olub. Şəhər imperator Xunyunun hakimiyyəti illərində möhkəm və keçilməz qala divarları ilə əhatə olunmuşdu. Burada imperator üçün nəhəng mavzoley kompleksi tikilmişdi və bu kompleks Syaolin adlanırdı.
1403-cü ildə Yunlenin hakimiyyətinin ilk illərində Nankində liman ticarəti inkişaf etməyə başladı. Şəhər Yantszı çayının sahilində yerləşdiyi üçün liman ticarətində əlverişli əhəmiyyətə malik idi. Buradan Hind okeanına ekspedisiyalar təşkil etmək məqsədilə şəhərin qala divarlarının yanında nəhəng gəmilər inşa edilirdi.
1421-ci ildə Min sülaləsinin 3-cü imperatoru Yunle paytaxtı şimala köçürdü və ona Beypin adını verdi. Lakin Min sülaləsinin hakimiyyətinin sonuna qədər Nankin rəsmi olaraq imperiya paytaxtının köməkçi şəhəri rolunu oynadı və tarixdə "cənub paytaxtı” kimi qaldı.
1644-cü ildə imperator Çunçjenin vəfatından və Pekin şəhərinin Li Tszıçenin üsyançıları və mancurlar tərəfindən ələ keçirilməsindən sonra Nankin qısa müddətə yenə də cənubi Min imperatorluğunun paytaxtına çevrildi. Lakin imperator Xunquan mançurilərə qarşı döyüşmək üçün yaxşı qüvvə toplaya bilmədiyindən 1645-ci ildə şəhəri tərk etməli oldu. Mançurilər şəhərdə böyük dağıntılara yol verməsələr də, imperator sarayını yerlə-yeksan etdilər və Nankinin əhalisinin əksəriyyətini ailələri ilə birgə Pekinə əsir apardılar. Bu hücumdan sonra şəhərə "Tszyanin”, yəni "Əbədi sakitlik” adı verildi.
1842-ci ildə Nankində Opium müharibəsinin başa çatması barədə müqavilə imzalandı. 1853-1864-cü illərdə taypinlər tərəfindən üsyanının mərkəzinə çevrilən Nankində Farfor qülləsi və bir sıra tarixi abidələr tamamilə məhv edildi. İmperator hakimiyyəti Nankin şəhərinə üsyan ocağı kimi baxırdı. Sun Yatsen məhz bu səbəbdən buranı öz paytaxtı seçdi və şəhərdə onun mavzoleyi yaradıldı.
1927-1937-ci illərdə və 1946-cı ildə Nankində Çin Respublikasının idarə və hakimiyyət orqanları yerləşirdi və demək olar ki, ölkə buradan idarə olunurdu. 1937-ci ilin dekabrında Nankin yaponlar tərəfindən işğala məruz qaldı və şəhərin 3 yüz min əhailisi məhv edildi. Yaponlar burada öz oyuncaq hakimiyyətlərini yaratdılar. Çinlilərin yaponlar üzərində qələbəsindən bir neçə aydan sonra Çin Respublikasının paytaxtı Çuntsindən yenidən Nankinə (5 may 1946-cı il) köçürüldü. 1949-cu ilin aprelində Nankin Çin xalq azadlıq ordusu tərəfindən tamamilə azad edildi.

Nankin şəhəri Min sülaləsinin hakimiyyəti dövrünü əks etdirən tarixi abidələrlə zəngindir. Bunların arasında Min imperatorunun sarayı xüsusilə seçilir və bu abidə indiyə kimi qorunub saxlanır. Syaolin mavzoleyindən şərq tərəfdə yerləşən Sunn Yatsenin mavzoleyi, ona həsr olunmuş memoriallar, eləcə də Şimal yürüşü zamanı şəhid olan əsgərlərə həsr edilmiş memoriallar turistlərin ən çox ziyarət etdikləri yerlərdir. Şəhərin şərq hissəsində XIV, XV əsrlərə məxsus imperator sarayının qalıqları hələ də qalmaqdadır. X əsrə məxsus Tsiyapsı monasıtrı, Lyan sülaləsinin (502-557-ci illər) qəbirstanlığı, Sunn Yatsenin mavzoleyi şəhərin qədim tarixi abidələrindəndir.
Nankin həm də metallurgiya, maşınqaıyrma, toxuculuq və qida sənayesi şəhəridir. Burada yük maşınları zavodu, radiotexniki və s. sahələr çox yüksək inkişaf edib. Əlverişli liman, ikitərəfli dəmiryolu və avtomobil körpüsü şəhər nəqliyyatında önəmli rola malikdir. Turistlər dünyanın hər yerindən Nankinə akvaparkda dincəlmək üçün gəlirlər.

Olimpiya bayrağı
Buenos -Ayresə təhvil veriləcək
Yeniyetmələrin III Olimpiya Oyunları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Buenos-Ayres ev sahibliyi hüququnu Şotlandiyanın Qlazqo, Kolumbiyanın Medelin, Meksikanın Qvadalaxara və Hollandiyanın Rotterdam şəhərləri ilə mübarizədə qazanıb.