Mənalı ömür yaşayan ziyalı

Mənalı ömür yaşayan ziyalı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Dilqəm Quliyev ömrünü mənalı yaşayan insanlardan biridir. Ədəb, əxlaq, davranış və ünsiyyət onun zəngin mənəvi dünyasını, özülünü təşkil edir. Dilqəm müəllim lazım olanda söz deməklə özünü, gərək olmayanda susmaqla sözünü qoruyan alim-pedaqoq, nüfuzlu şəxsiyyətdir.
Pedoqoji elmə öz əməyi və zəhməti ilə gələn professor D.Quliyev gecəli-gündüzlü, ağır, həm də mənalı, şərəfli bir işə qatlaşaraq məhsuldar yaradıcılıq dövrü keçirən, təlim-tərbiyə problemlərini tədqiq edərək elmi əsaslar zəminində konseptual, eyni zamanda fundamental əsərləryaratmışdır. Dilqəm müəllimin əsərlərinin biblioqrafiyası onlarla kitab və kitabçanı, 200-dən yuxarı elmi məqalələri, 80-dan yuxarı kitab, 300-ə yaxın publisistik, qəzet məqalələrini əhatə edir. Onun yazıb-yaratdıqları yalnız elm adamları üçün deyil, həm də geniş ictimaiyyət üçün nəzərdə tutulub. Duyğu və hissləri ehtizaza gətirən, hər bir şəxsə mənəvi rahatlıq, zənginlik bəxş edən bu əsərlər gərgin zəhmətin, böyük elmi düşüncənin, zəngin erudisiyanın məhsuludur.
Dilqəm müəllim bilavasitə həyatını və əməyini sərf etdiyi bədən tərbiyəsinə, idmana, fiziki tərbiyəyə,fiziki kamilliyə, fiziki, təlimə aid elmi əsərlər yazmış, geniş elmi-tədqiqat işləri aparmışdır. "Şəhid idmançılar” (1995), "Tələbə-gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” (1996), "XX əsrin qan yaddaşı” (1998), "Tələbə gənclərin hərbi vətənpərvərlik və hərbi-fiziki tərbiyəsinin təşkili” (2000), "Bədən tərbiyəsi və idmana dövlət qayğısı” (2001), "Azərbaycanda cüdo” (2002), "Azərbaycan idmanının dünəni və bu günü” (2003), "İdmanın Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və s. kitablar bu sırada yer alıb.

Dilqəm Quliyev istər alim-pedaqoq kimi, istərsə də, bədən tərbiyəsi və idman sahəsində əldə etdiyi uğurlu nailiyyətlərə görə gərəkli mütəxəssis kimi çəkdiyi zəhmətə, əməyə görə bir sıra təltiflərə, mükafatlara layiq görülmüşdür. General Həzi Aslanov adına fəxri fərman (1995), "Kamil sənətkar” fəxri diplomu (1995), "İnam və şərəf diplomu” (1996), "Azərbaycan bayrağı” mükafatı (1998), "Nurlu Qələm ustası” (2000), "Qızıl qələm” medalı mükafatı (2003), "Sədaqətli Əliyevçi” fəxri Media diplomu (2009) "Xalq və Aəzrbaycan” nəminə fəxri diplomuna, nəhayət Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Tərəqqi” (2001) medalına layiq görülmüşdür.
Dilqəm Quliyev milli vətənpərvərlik səhəsində də xüsusi fəallıq göstərir. O, yorulmaq bilmədən 15 ildən artıq əmək semestrində zona və xətti tələbə dəstələrinin komandiri kimi iştirak etmişdir. Dəfələrlə keçmiş ümumittifaq keçici qırmızı bayrağını Azərbaycana gətirmişdir.
Tədqiqatçı-alim Ermənistandan öz doğma ata-baba yurdlarından deportasiya edilmiş azərbaycanlı bacı-qardaşlarımıza da köməklik göstərmişdir. D.Quliyev Qarabağda yaralanan və şəhid olan tələbələrin ailələrində də böyük qayğı göstərir. Vətənpərvər ziyalı dəfələrlə şəhid valideyinləri ilə görüşlər keçirmiş, Gənclər və İdman Nazirlinin rəhbərliyi altında onlara maddi yardım göstərmişdir. O, Akademiyada yaradılmış Qarabağ Müharibə Fondunun sədri olmuşdur (1988-1994). D.Quliyev hərbi-fiziki tərbiyənin aktuallığına, onun elmi-nəzəri əsaslarına ciddi fikir vermiş, milli qəhrəmanların adlarına foto-stendlərin tərtibində, onların adına turnirlərin keçirilməsinə, hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətinin işıqlandırılmasında yaxından iştirak etmişdir. Onun rəhbərliyi altında Akademiyanın Tələbələri M.Mirhəsənov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31 nəfər kimsəsiz uşağın, göz xəstəlikləri institutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüş, tələbələr Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişdir. Tələbələr bir neçə dəfə Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kömbinatında yaralılar üçün qan vermişlər. D.Quliyev Milli qəhrəmanlarla görüşlərin təşkilində, hərbi hissələrdə, fotosərgi, albomların hazırlanmasında və başqa tədbirlərin keçirilməsində yaxından köməklik göstərmişdir.
1990-1992-ci illərdə D.Quliyev rəhbərliyi ilə bir qurup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə köməklik göstərmişdir.
Dilqəm Quliyev vətənpərvərlik nümunəsi göstərərək "İlqar İsmayılovun şəhidlik zirvəsi- 50”, "Azərbaycan və Anadolu türklərinə qarşı soyqırım” (2012, E.Quliyev və A.Dilqəmqızı ilə birlikdə) və başqa kitablar yazmışdır. Azərbaycan KİVİHİ rəhbərliyi həmin kitablara görə D.Quliyevi general H.Aslanov adına fəxri diplomla (1995), "Nailiyyət” (1995) mükafatı ilə təltif etmişdir.
O, səriştəli pedaqoq olaraq dərsləri yüksək elmi-pedaqoji səviyyədə keçirir, mühazirələrdə müasir elmin nailiyyətlərindən istifadə edir. Bu baxımdan Dilqəm müəllimin bədən tərbiyəsi və müxtəlif idman növlərinin təşkili və keçirilməsinə, tarixinə, taktika və texnikasına istinad edərək tələbələr üçün hazırladığı dərsliklər, dərs vəsaitləri və göstərişləri diqqətə layiqdir. Dilqəm müəllim öz tədqiqatlarına uyğun çoxsaylı elmi- pedaqoji ədəbiyyatlar araşdırmışdır. O, "Azərbaycan ulduzları Olimpiya oyunlarında” (1996) kitabını xalqımızın ümumilli lideri Heydər Əliyevə, "Azərbaycanda cüdo” (2002), "Azərbaycan idmanının dünəni və bu günü” (2003), "İdman və Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu” (1997-2007) və b. kitablarını isə Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən təqdim etmişdir.
Dilqəm müəllimin "Şair qəlbli qəhrəman”, "Tələsmə könlüm” adlı məqalələri rus dilli məktəblərin 9-cü sinfin dərsliklərində (Bakı-2009) və ibtidai siniflərin dərsliklərində yer alıb.
Müəllifi olduğu "Azərbaycanın ustad pəhləvanları”, "Azərbaycan idmanının dünəni və bu günü”, "Helsinkidən başlayan yol”, "Azərbaycanın Avropa, dünya çempionları və mükafatçıları” və başqa kitabları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən Dövlət Qulluğuna qəbul testlərində istifadə olunan ədəbiyyatların siyahısına salınmışdır.
2008-ci il iyul ayının 16-da Azərbaycan Milli Elmlər Akademiyası humanitar və istimai elmlər bölməsinin tarix üzrə problemlər şurasının qərarına əsasən Dilqəm Quliyevin "Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında Heydər Əliyev mərhələsi (1970-2003-cü illər)” adlı doktorluq dissertasiyasının mövzusu təqdim olunmuşdur.
O, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təhkim olunmuş Azərbaycan Milli Ensiklopediyasına daxil edilən bədən tərbiyəsi və idman sahəsinin tərtibçisidir. Bədən tərbiyəsi və idman sahəsinə dair hazırlanmış xüsusi cild və I, II, III, IV cild müvafiq təşkilatlar tərəfindən bəyənilmiş və çapdan çıxmışdır.
Professor Dilqəm Quliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 1997, 2005, 2006-cı illərdə "İlin ən yaxşı tədqiqatçı jurnalisti”, 2007-2008-2009-cu illərin ən yaxşı "İdman tarixi yazarı” adına, həmçinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən Olimpiya Hərəkatının təbliği, idmanın tədqiqi üzrə yazdığı məqalə və kitablarına görə "2008-ci ilin idman laureatı” adına layiq görülmüşdür.
Azərbaycan idmanının təbliğində və tədqiqində yorulmadan çalışan əzmkar ziyalıya gələcək fəaliyyətində uğurlar arzulayırıq.