Müsahibə elə bir janrdır ki, gərək müsahibin maraqlı və cəmiyyətdə sayılıb, seçilən olsun. Onun danışdıqları diqqət çəksin, hər bir sualından sual yaransın, danışdıqca bu söhbətdən zövq alasan. Bu cür müsahiblərlə ərsəyə gələn yazı isə oxucuların rəğbətini qazansın. "Olimpiya dünyası” qəzetinin əməkdaşları hər zaman çalışır ki, cəmiyyətdə nüfuz qazanan idmançılarla görüşüb, onların maraqlı fikirlərini öyrənsin. Belə idmançılardan biri də Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyevdir. Ona ünvanlanan sualları o, bir qədər ehtiyatla cavablandırdı. Müsahibə verməklə heç də arası olmayan həmsöhbətimiz ona ünvanlanan suallara fərqli şəkildə yanaşdı. Lakin bizim üçün onunla bağlı heç bir sual qaranlıq qalmadı. Olimpiya mükafatçısı ilə müsahibəni oxucularımıza təqdim edirik.
- Mövlud müəllim, istərdik söhbətimizə fəaliyyətinizdəki yeniliklərdən başlayaq. Bildiyimizə görə Qərb bölgəsinin nümayəndəliyinə rəhbər təyin olunmusunuz?
- Qərb bölgəsinin nümayəndəliyinə əlaqələndirici təyin olunmuşam. Qərb zonasında Cüdo Federasiyası ilə birgə bu idman növünün inkişafı istiqamətində böyük işlər həyata keçirəcəyik. Hazırda əsas məqsədimiz bu zonada istedadlı idmançıları üzə çıxarmaq və onların təcrübələrini artırmaqdır. Onu da deyim ki, artıq yığma komandada köməkçi məşqçi funksiyasını yerinə yetirmirəm. Öz istəyimlə bu vəzifədən uzaqlaşdım. Məşqçi olduğum vaxtda çox həyəcan keçirirdim. İstəmirəm ki, idmançı kimi keçirdiyim həyəcanı, stressi yenidən yaşayım. Bundan başqa, fikrimcə, bölgələrdə də cüdonu inkişaf etdirmək lazımdır.
- Şəmkir Olimpiya Kompleksindəki fəaliyyətiniz nə yerdədir?
- Kompleksdə 350-dən çox uşaq və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnir. Əsasən cüdo, sambo, güləş, karate, boks, qarışıq döyüş növləri, futbol, üzgüçülük bölmələrimiz fəaliyyət göstərir. Hazırda zal ilə bağlı müəyyən problemlərimiz var. Çalışacağıq ki, bu problemləri aradan qaldırdıqdan sonra idman növlərinin sayını bir qədər də artıraq.
- Buyaxınlarda Şəmkir Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq turnir təşkil etdiniz.
- Dekabrın 15-17-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar beynəlxalq yarış keçirdik. Bu yarışı keçirməkdə əsas məqsədimiz Qərb bölgəsində cüdonun inkişafına, kütləviliyinə nail olmaq, həmçinin uşaq və gənclərin hazırlıq səviyyəsini yüksəltməkdən ibarət idi. Gələcəkdə bu turniri Gəncə şəhərində də keçirməyi planlaşdırırıq. Çalışacağıq ki, bu turnirdən sonra idmançıların təcrübələrini artırmaq məqsədi ilə yarışdan sonra üç günlük təlim-məşq toplanışı təşkil edək.
- Siz Afina-2004 və Pekin-2008 Yay Olimpiya Oyunlarında idmançı kimi iştirak etmisiniz. Həmin anları necə xatırlayırsınız?
- Afina Olimpiadasına qədər hər zaman düşünürdüm ki, cüdoda güləşsəydim, mən də Olimpiya oyunlarında medal qazana bilərdim. Arzum Olimpiya oyunlarında iştirak etmək idi. Elə də oldu. 2002-ci ildə cüdo üzrə yığma komandanın üzvü oldum. 2004-cü ildə isə Afina Olimpiya oyunlarında iştirak etdim. Olimpiya Oyunlarının ab-havası tam başqa olur, hamı səndən medal gözləyir. İlk dəfə idi ki, olimpiadada iştirak edirdim. Çox həyəcanlı idim. Afina Olimpiadasında üçüncü yer uğrunda görüşdə almaniyalı rəqibimə məğlub oldum və beşinci yeri tutdum. Bu yarışdan sonra çox sarsıldım. Hətta bu hadisə aylarla mənim yuxuma girirdi. Demək olar ki, bu stressdən çıxa bilmirdim. Gücüm yalnız özümü qınamağa çatırdı ki, nəyə görə belə oldu. Sonradan özümdə güc tapdım və dedim ki, nə olursa-olsun Olimpiya oyunlarında medal qazanmalıyam.
- Pekin Olimpiadasında artıq təcrübəniz də kifayət qədər idi.
- Bəli. Pekin-2008-də artıq 34 yaşım var idi. Bu mənim karyeramın son Olimpiadası idi. Çox istəyirdim ki, bu yarışda medal qazanım. Pekin Olimpiya Oyunlarında artıq çox sərbəst güləşirdim, həyəcanlanmırdım. Beş idmançı ilə qarşılaşdım. Yarımfinalda monqolustanlı cüdoçu ilə üz-üzə gəldim.
"Bu nədir, mən nə etdim?”
- Monqolustanlı idmançı ilə görüşünüz çox çətin oldu. Demək olar ki, 9 dəqiqə güləşdiniz.
- Bəli. Görüşün əsas beş dəqiqəsi ərzində qalib müəyyənləşmədi. Çox təəssüf ki, bu görüşdə qızıl xalla rəqibimə məğlub oldum. Onu da deyim ki, rəqibim məndən 10 yaş balaca idi. Bu məğlubiyyətdən sonra yenə də çox stress keçirdim. Afinada yaşadığım uğursuzluqlar gözümün qabağına gəldi. Özüm-özümə dedim: "Bu nədir, mən nə etdim? Yəni 2004-cü ildə başıma gələnlər yenidən təkrarlanacaq? Yox, bu, belə olmaz. Hər kəs məndən medal gözləyir. Özümdə güc toplayıb üçüncü yer uğrunda mübarizə aparmalıyam”. Üçüncü yer uğrunda görüşdən əvvəl Ağayar müəllim məni ruhlandırdı. Dedi ki, mübarizə hələ davam edir, sən güləşməlisən. Doğrudan da bu məğlubiyyət mənə çox pis təsir etmişdi. "Görəsən, rəqibimə qalib gələ biləcəyəm? sualı məni rahat buraxmırdı. Artıq həm çox həyəcanlı, həm də çox əsəbi idim. Onu da etiraf edim ki, yarış vaxtı dincəlməyə çox vaxtım olmadı. Həm yaşımın kifayət qədər çox olması, həm də monqolustanlı cüdoçu ilə 9 dəqiqəlik görüş məni çox yormuşdu. Amma bəxtimdən bürünc medal uğrunda görüşümdən əvvəl qadın güləşçilərin yarışı da bir qədər gec başa çatdı. Dincəlmək üçün müəyyən qədər vaxt qazandım.
- Beləliklə, Pekin-2008 Yay Olimpiya Oyunlarında bu arzunuzu həyata keçirdiniz...
- Bürünc medal uğrunda görüşə çıxanda artıq bütün həyəcanımı boğa bildim. Çox rahat güləşirdim. Görüşün əvvəllərində xəbərdarlıqla rəqibimə uduzurdum. Lakin özümdə güc taparaq rəqibimə fənd tətbiq etdim və irəli çıxdım. Görüşün başa çatmağına 6 saniyə qalmış rəqibimə ipponla qalib gəldim. Həmin gün, bəlkə də, məndən xoşbəxt insan ola bilməzdi.
"Axır ki, bunu bacardım”
- Həmin görüş başa çatdıqdan sonra əlinizi tatamiyə çırpdınız. Bununla nəyi demək istəyirdiniz?
- Yəni axır ki, arzuma çatdım, axır ki, bunu bacardım. Bu zərbə ilə sanki çəkdiyim bütün çətinliklərin, stresslərin əvəzini çıxdım. Düzdür, əsas məqsədim qızıl medal qazanmaq idi. Lakin Olimpiya oyunlarının bürünc medalı da çox böyük uğurdur. Əgər finala çıxa bilsəydim, qızıl medal qazana bilərdim. Çünki çempion olan idmançını əvvəlki yarışlarda bir neçə dəfə məğlub etmişdim. Nə etmək olar? Qismət belə imiş. Bununla belə şükr edirəm ki, Olimpiya tarixinə öz adımı yazdıra bildim və medal kolleksiyama Olimpiya medalını əlavə etdim. Dəfələrlə cüdo və sambo idman növləri üzrə keçirilən beynəlxalq yarışların qalib və mükafatçısı olmuşam. Lakin bu bürünc medal mənim üçün bütün medallarımdan üstündür.
- Bir vaxtlar idmançı kimi iştirakıçısı olduğunuz Olimpiya oyunlarında həm də məşqçi kimi iştirak etmisiniz. Necə düşünürsünüz, olimpiadaya məşqçi kimi yollanmaq daha çox məsuliyyət tələb edir, yoxsa idmançı kimi?
- Fikrimcə, məşqçi kimi iştirak etmək çox çətindir. Üzərimizdə çox böyük məsuliyyət var idi. Olimpiya oyunlarında idmançının həyəcanı başqa cür olur. Təbii ki, məşqçilər də həyəcan keçirirlər. Amma çalışırıq ki, bu həyəcanı idmançılardan gizlədək. İdmançı kimi keçirdiyim həyəcan məşqçi həyəcanına çata bilməz. İdmançı kimi tək özünün çıxışına görə həyəcanlanırsan. Amma məşqçi kimi bütün komandanın məsuliyyətini daşıyırsan. Yəni məşqçilik çətindir, nəin ki, idmançı olmaq. Sevindirici haldır ki, Rio Olimpiadasında çox uğurlu nəticə qazandıq. Komandamız iki gümüş medal əldə etdi. Bu il həmçinin çox böyük uğurlar qazandıq. Həm Avropa, həm də dünya çempionatında çox uğurlu nəticələrə nail olduq. Bundan başqa paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında bütün çəki dərəcələrində qalib olduq və komanda yarışlarında birinci yeri tutduq. Bu uğurda təbii ki, Azərbaycan Cüdo Federasiyasının da böyük payı var. Çünki federasiya tərəfindən bütün təlim-məşq toplanışları və yarışlarda iştirak etməyimiz üçün şərait yaradılıb. Yəni uğurun əldə olunmasında 50 faiz məşqçinin payı varsa, 50 faiz də federasiyanın payı var.
- Avropa Oyunları ərəfəsində samboya qayıtmaq fikriniz olduğunu demişdiniz...
- Avropa Oyunlarının tarixi Bakıda yazıldı. Bu, Azərbaycan idmanı üçün böyük uğur oldu. Qeyd etdiyim kimi, karyeram ərzində bütün yarışlarda iştirak etmişəm. Çox istəyirdim ki, Avropa Oyunlarında da iştirak edim. Avropa Oyunlarına az bir müddət qalmış sambo yarışlarında qüvvəmi sınadım. Amma məşq zamanı çiynimdən zədə aldım. Çox təəssüf ki, bu zədəyə görə Bakı-2015-də idmançı kimi iştirak edə bilmədim.
- Bildiyimizə görə zədələr indi də sizi rahat buraxmır.
- 2005-ci ildə boyun fəqərəsindən ağır əməliyyat keçirdim. Bundan sonra həkimlər mənə idmanla məşğul olmağıma icazə vermədilər. Onların rəyinə görə bu zədə sonradan məndə başqa fəsadlar törədə bilərdi. Lakin həkimlərin bu qərarına məhəl qoymadım. Dedim ki, nə olursa olsun bunun axırına çıxmalıyam. Bir müddətdən sonra yenə müayinədən keçdim və onurğa sütunumda problemlər aşkarlandı. Müalicə olundum. Amma yenə də bu problemlər özünü biruzə verir.
- Mövlud Mirəliyev üçün tatamidə ən unudulmaz məğlubiyyət hansı olub?
- Afina-2004 Olimpiadasında üçüncü yer uğrunda almaniyalı idmançı ilə keçirdiyim görüş. Medalın bir addımlığında məğlub oldum. Bu məğlubiyyətə görə aylarla özümə gələ bilmədim. Sonra həmin almaniyalı cüdoçu ilə üç dəfə qarşılaşdım və hər üç görüşdə qalib gələrək revanş aldım. Amma bu mənə Afina Olimpiadasındakı keçirdiyim stressləri unutdurmadı və bürünc medalı geri qaytarmadı. Bundan başqa Pekindəki Olimpiya Oyunlarında yarımfinal görüşündəki məğlubiyyətim də çox təsirli olmuşdu. Lakin həmin olimpiadada medal qazandığım üçün bu məğlubiyyət bir qədər yaddan çıxdı.
- Əgər idmançı olmasa idiniz hansı peşəni seçərdiniz?
- Yəqin ki, hərbçi olardım. Bu peşəyə uşaqlıqdan çox böyük marağım var. Həyatda həmişə nizam-intizama çox üstünlük verirəm. Ailəmizdə bu cəhətə çox diqqət yetirilirdi. Yəqin ki, buna görə də bu peşəyə məndə maraq var. Lakin onu da qeyd edim ki, 2003-cü ildə Polis Akademiyasında bədən tərbiyəsi üzrə baş müəllim işləmişəm. 2004-cü ildə isə Polis Akademiyasında ikinci təhsilimi almışam. Hazırda polis orqanlarında polis mayoru kimi çalışıram.
- Yeri gəlmişkən, ailədə neçə övlad olmusunuz?
- 7 övlad olmuşuq. 1 bacım və 5 qardaşım var. Ailənin ən kiçik övladı mən olmuşam.
- Ailənizdə sizdən başqa idmanla məşğul olan varmı?
- Bəli. Qardaşlarım idmanla məşğul olublar. Qardaşım Verişan Mirəliyev sambo üzrə idman ustasıdır. Digər qardaşım Alişan isə boksçu olub. Onu da deyim ki, mənim dayım Özbəkistanda tanınmış pəhləvan idi. Yəqin ki, idmana həvəs dayımdan keçib.
- Övladlarınız idmanla məşğul olurlarmı?
- İki oğul və iki qız övladım var. Ən böyük övladım oğlandır. Karyeramla bağlı səfərlərdə olduğum üçün onunla məşğul olmağa az vaxt ayırdım. Böyük oğlum təhsilə üstünlük verib, universitetdə oxuyur. Qızım da universitetə hazırlaşır. Balaca qızım hələ ki, məktəbdə oxuyur. Kiçik oğlum Rəsul isə hələ balacadır, 10 aylıqdır. Çox istəyirəm ki, o, idmanla məşğul olsun. Təbii ki, bu, həmçinin uşağın özündən asılıdır. Bacardığım qədər çalışacağam ki, onun gələcəkdə idmançı kimi yetişməsinə nail olum. Əgər uşağın özü peşəkar idmanı seçsə, buna qarşı çıxmaram. Yəni bu tək mənim istəməyimlə bağlı deyil, gərək uşağın özünün də marağı olsun.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Dostlarımla futbol, basketbol oynayıram. Basketbol oynamağı çox sevirəm. Hərdən tatamiyə çıxıb gənc cüdoçularla da güləşirəm. Amma etiraf edim ki, mənim üçün cüdonun yerini heç bir idman növü vermir.
- Cüdo sizin üçün nədir?
- Cüdo mənim həyat tərzimdir. Mənim üçün ailəm və dostlarımdan sonra cüdo gəlir. Zədələrimə baxmayaraq yenə də cüdodan uzaqlaşmadım. Belə demək mümkünsə, bu növdən əl çəkə bilmirəm.
- Cüdo və sambo arasında sizə ən doğma olanı hansıdır?
- Hər ikisini deyərdim. Sambo idman karyeramın əvvəli, cüdo isə sonudur. Sambo rusların yaratdığı bir idman növüdür. SSRİ dövründə samboya daha çox üstünlük verirdilər. Demək olar ki, 45-ə yaxın ölkədə bu idman növü inkişaf edib. Amma təəssüf ki, ruslar bu növü inkişaf etdirib, Olimpiya proqramına daxil edə bilmədilər. Yaponların yaratdığı cüdo növünün isə çox qədim tarixi var. Cüdoda bu gün də rəqabət çox güclüdür. Elə idmançılar var ki, gözlənilmədən qalib gələrək çempion olurlar.
- İdmanda bəxt amilinə inanırsınız?
- Bəzi idmançılar deyirlər ki, şans çox vacibdir. Amma mənim fikrimcə, şansdan da vacib idmançının fiziki imkanlarıdır. Hər şeyi bəxt amilinin üzərinə atmaq düzgün deyil. Əgər fiziki cəhətdən güclü olmasan o şans sənə verilməz. Öz, üzərində çox çalışmasan, məşqlərə səhlənkar yanaşsan, heç Olimpiya oyunlarına vəsiqə də qazana bilməzsən. Bunun üçün gərək idmançı hazır olsun. Fiziki gücün, texnikan buna imkan versin.
- Siz, həmçinin 2003-cü ildə cüdo üzrə dünya çempionatında bürünc medal qazanmısınız.
- 2003-cü ildə Yaponiyanın Oskara şəhərində cüdo üzrə dünya çemponatında iştirak etdim. Bu mənim ilk dünya çempionatım idi. Öz çəkimdə məğlub oldum. Yarışın sonuncu günündə mütləq çəkidə gücümü sınadım. Həmin yarışda 90 kq-dan yuxarı bütün idmançılar iştirak edə bilərdi. Rəqiblərimin hamısı məndən çəki baxımdan üstün idilər. Elə idmançılar var idi ki, çəkiləri 160-170 kiloya yaxın idi. Hətta elə bir cüdoçu var idi ki, 180 kiloluq tərəzi həmin idmançıya tab gətirmədi. Həmin idmançı məndən çox ağır olduğu üçün fənd ata bilmirdim. Amma rəqib idmançı passiv güləşdiyi üçün xəbərdarlıq aldı və ona qalib gəldim. Yarımfinalda estoniyalı idmançıya məğlub oldum. Bürünc medal uğrunda görüşdə rumıniyalı cüdoçu ilə qarşılaşdım. Həmin idmançının çəkisi isə 130 kilo idi. Həlledici görüşdə rəqibimə qalib gələrək bürünc medal qazandım.
- Gələcəkdə veteranların yarışında iştirak etməyi düşünürsünüzmü?
- 2014-cü ildə İspaniyanın Malaqa şəhərində veteranlar arasında keçirilən dünya çempionatında qızıl medal qazandım. Lakin hazırda işlərimin çoxluğu ilə əlaqədar veteranların yarışında iştirak edə bilmirəm. Amma gələcəkdə yenidən tatamiyə qayıtmağı düşünürəm. Bu il ilk dəfədir ki, Azərbaycan çempionatında veteran idmançıların yarışı proqrama daxil edilib. Bu, karyerasını başa vuran idmançılar üçün çox gözəl fürsətdir.
- Ən böyük arzunuz nədir?
- Təbii ki, hər bir insan kimi mənim də arzularım var. Bir arzum var ki, bunu hələ də həyata keçirə bilməmişəm. Çox istəyirdim ki, Gəncə şəhərində cüdo klubu açım. Pekin Olimpiadasından sonra bu arzumu həyata keçirmək üçün bir neçə dəfə müraciət etdim ki, mənə torpaq sahəsi ayrılsın və klub yaradım. Çox təəssüf ki, alınmadı. Lakin çalışacağam ki, bu arzumu həyata keçirim. Mən Gəncədə böyüyüb, boya-başa çatmışam. İstəyirəm ki, bu bölgədə idmanın inkişafı üçün öz töhfəmi verim.
- Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər hansılardır?
- Bəyəndiyim xüsusiyyətim səmimi olmağımdır. Həmişə sadə olmuşam. Heç vaxt "mən” sözünü işlətməmişəm. Özümdən razılıq etməmişəm. Bu da, yəqin ki, ailə tərbiyəsindən irəli gəlir. Bəyənmədiyim xüsusiyyətim isə hər hansısa bir tədbirdə və ya müsahibədə sıxılmağımdır. Özümdən asılı deyil, çox həyəcanlanıram, sıxılıram.
- Fiziki cəhətdən çox güclü idmançı olmusunuz. Yəni bir neçə il də karyeranızı davam etdirə bilərdiniz. Lakin 2010-cu ildə karyeranızı başa vurdunuz.
- Pekin Olimpiadasından sonra iki il güləşdim. Bir neçə yarışlarda iştirak etdim. Lakin qaydaların dəyişilməsinə görə çətinlik çəkirdim. 2010-cu ilə qədər özümü sınadım. Amma bacarmadım. Əgər cüdoda qaydalar dəyişilməsə idi, yəqin ki, London Olimpiya Oyunlarında da iştirak edərdim. Düzdür, Londonda 38 yaşım olacaqdı. Amma yaşımın çox olmasına baxmayaraq özümü yaxşı hiss edirdim. Heç vaxt məşqlərdən yorulmurdum.
- Əgər bir gün gənclik illərinə qayıtmaq şansınız olsa idi başqa hansı idman növündə özünüzü görmək istəyərdiniz?
- Cüdo ilə yanaşı, güləş idman növünü də çox sevirəm. Əgər əvvəlki illərə qayıtmaq mümkün olsa idi, sərbəst güləş yarışlarında da gücümü sınamaq istəyərdim.
- Gənc idmançılara tövsiyəniz nədir?
- Tövsiyəm ondan ibarətdir ki, əzmkar olsunlar, çətinliklərdən qorxmasınlar. Bu gün ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait var. Gənclərimiz çalışsınlar bu şəraitdən yararlansınlar, sağlamlıqlarının qeydinə qalsınlar.
Azər Əlizadə