Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və AzDBTİA-nın prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Dilqəm Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasının təqdimatı ilə bağlı tədbir keçirilib. Tədbirdə akademiyanın rektoru Fuad Hacıyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, kitabın müəllifi Dilqəm Quliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcısı Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev qonaqları salamlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük bir tarixi hadisə olduğunu azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik əsasında tərbiyə olunmasına xidmət göstərdiyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq ölkəmizdə müxtəlif tədbirlər, yığıncaqlar keçirilir. M.Fərzəliyev dedi: "Bu gün AzDBTİA-da Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı keçirilən bu tədbirin də tariximizə nəzər salmaq baxımdan çox böyük əhəmiyyəti var. Bu tədbir həm də ona görə əhəmiyyətlidir ki, AzDBTİA-nın rektoru Fuad Hacıyevin təşəbbüsü və bu təhsil ocağının elmi şurasının qərarı ilə professor Dilqəm Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” adlı monoqrafiyası kitab şəklində çap olunaraq yubiley ərəfəsində ərsəyə gəlib. Ümumiyyətlə, milli dəyərlər olmadan bəşəri dəyərlər mümkün deyil. Xalqın tarixinə və keçmişinə bələd olmadan, onun milli dəyərlərinə yiyələnmədən gələcək haqında danışmaq çox çətindir. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə bu mənəvi dəyərləri birləşdirərək Azərbaycan xalqının dövlətçilik tarixində silinməz izlər qoydu. Azərbaycan xalqının ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla xalqımızın milli mənəvi dəyərlərini, dövlətçilik yaratmaq baxımından milli mənlik şüurunu yüksəklərə qaldırmaqla, müsəlman aləmində və şərqdə ilk demokratik dövlət qurmaqla bütün dünyaya özünün varlığını bir daha sübut etdi.
1918-ci il may ayının 27-də Zaqafqaziya seymində təmsil olunan Azərbaycan müsəlman fraksiyanın üzvləri fövqəladə iclas çağırıb. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alınıb. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə, İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçilib. Milli Şura özünün ilk iclasından bir gün sonra 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdi və bununla da şərqdə, müsəlman aləmində ilk demokratik respublika yaradıldı. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi. Ümumiyyətlə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çətin dövrə təsadüf edirdi. Bu dövrdə AXC-nin yaranması, doğurdan da, dünya siyasət aləmində çox böyük addım idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra özünün ilk parlamentini yaratdı. Bilirsiniz ki, Azərbaycan 20-ci əsrdə 3 dəfə dövlət qurub. Bu 3 dövlət quruculuğunun hər birində Azərbaycan xalqı və onun siyasi liderləri yaxından iştirak ediblər. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələrək Azərbaycanın inkişafı və çikəklənməsi üçün böyük səylər göstərib. Azərbaycan xalqı bu gün cənab Prezident İlham Əliyevin ətrafında birləşərək dövlətimizin daha da çiçəklənməsi, dünya dövlətləri arasında həm iqtisadi, həm siyasi, həm mədəni sahədə böyük uğurlar əldə etməsi üçün səy və bacarıqlarını əsirgəmir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda idman böyük sürətlə inkişaf edir. Sevindirici haldır ki, ölkəmiz dünyanın aparıcı idman dövlətlərindən birinə çevrilib. Bu gün yubiley tədbirində professor, idman ustası, bədən tərbiyyəsi və idman xadimi "İdmançı” qəzetinin baş redaktoru, pedaqogika üzrə fəlsəfə doktoru Dilqəm Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasının təqdimatının da keçirilməsi təqdirəlayiqdir.
Bu monoqrafiyada ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, eyni zamanda son 100 ildə idmanın və bədən tərbiyəsinin inkişafından, həmçinin idmançılarımızın Avropa, dünya, Olimpiya çempionatlarındakı uğurlarından bəhs edilib. Dilqəm müəllimin bu kitabının işıq üzü görməsində ilk növbədə müəllifə, Akademiyanın rektoru Fuad Hacıyevə, Akademiyanın elmi şurasına minnətdarlığımızı bildiririk”, - deyə Murad Fərzəliyev bildirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının milli tariximizin parlaq sahifələrindən biri olduğunu qeyd edib. "Azərbaycan xalqının və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları formalaşdırıb. AXC ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail olub.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və sair işlər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 1991-ci ildə isə müstəqil Azərbaycan dövləti yaradılmışdır. Görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, ölkəmizdə demokratik prinsiplər bərqərar edilmiş, güclü ordu yaradılmış, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olmağımızla fəxr edirik! Bu gün Dilqəm Quliyevin həm də yeni kitabının təqdimatıdır. Dilqəm müəllim bizim fəxrimizdir. Mən hesab edirəm ki, idman sahəsinin tarixinin araşdırılması yönündə Dilqəm müəllim çox böyük xəzinədir və biz ondan istifadə etməliyik. Bir faktı da qeyd edim ki, bu gün bu akademiyanın məzunları arasında 777 nəfər Olimpiya, dünya, Avropa çempionatlarının qalibləri var. Bu bizim fəxrimizdir. Dünyada elə bir təhsil müəssisəsi tapmaq olmaz ki, ölkəsinin bayrağını 777 dəfə qaldıran tələbəsi olsun”, - deyə Fuad Hacıyev bildirib.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik ənənələrimizin bərpasında, dirçəlməsində mühüm hadisə olduğunu bildirib:
"Ümummilli liderimizin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur. Qeyd olunduğu kimi, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı çoxlu tədbirlər keçirilir. Bugünki tədbirdə professor Dilqəm Quliyevin Quliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) monoqrafiyasının təqdimatı da təqdirəlayiq haldır. Dilqəm müəllimin idman tarixindəki uğurlarımızın xalqımıza çatdırılmasında böyük əməyi var. O, Azərbaycan idman tarixinin ən məhsuldar yazarıdır. Onun idmanla bağlı 100-dən artıq kitabları, məqalələri çap olunub. Dilqəm müəllimi təbrik edir, fəaliyyətində yeni uğurlar arzu edirəm”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışıb. O, cümhuriyyətin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Xəzər İsayev Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsi olduğunu bildirib. "Dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu idi. Azərbaycan bayrağını zirvələrə qaldıran hər bir idmançı Azərbaycanımızın dəyərini və bayrağımızın dəyərini daha yaxşı anlayır. Bu gün təkcə idman sahəsində deyil, digər sahələrdə də Azərbaycan bayrağı yüksəklərdə dalğalanır”, - deyə Xəzər İsayev bildirib.
Tədbirdə idman ustası, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar məşqçi, "İdmançı” qəzetinin baş redaktoru, "Tərəqqi” medalına layiq görülmüş, Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi, "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, professor Dilqəm Quliyev çıxış edərək, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018) elmi-tədqiqat kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə bağlı imzaladığı Sərəncam monoqrafiyanın yaranmasına səbəb oldu. Monoqrafiyanın işıq üzü görməsində mənə maddi və mənəvi köməklik göstərdiyi üçün AzDBTİA-nın rektoru Fuad Hacıyevə minnətdarlığımı bildirirəm”
Qeyd edək ki, elmi-tədqiqat əsəri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik dövrünü əhatə edir. Kitabda 1 əsr ərzində Olimpiya Oyunları, dünya və Avropa çempionları, eləcə də, tanınmış idmançıların çıxışlarının təhlili, onların yüksək nailiyyətləri necə gərgin idman mübarizə nəticəsində qazandıqları, bu zirvəyə çatmağın hansı zəhmət hesabına başa gəldiyi tarixi faktlarla geniş təhlil edilib. Fəsillərdə ayrı-ayrı dövrlərdə həyata keçirilən tədbirlər, müxtəlif illərə aid fotomaterialların da yer alması kitabın maraqlı olmasında mühüm rol oynayıb.
Təqdim edilən elmi-tədqiqat əsəri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.











Əliyə İlyasova