Fərid Qayıbov: "İnanıram ki, bu mərkəzdə dünya miqyasında ölkəmizi uğurla təmsil edəcək boksçular yetişəcək"

Fərid Qayıbov: "İnanıram ki, bu mərkəzdə dünya miqyasında ölkəmizi uğurla təmsil edəcək boksçular yetişəcək"

Cənub bölgəsində boks ənənələri yaşayır: Lənkəranda yeni idman mərkəzi istifadəyə verildi
"Cənub zonasında boksun dərin ənənələri var. Yeni Regional Boks Mərkəzi bu sahənin daha da inkişafına təkan verəcək"
Bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. 
Nazir belə mərkəzlərin regionda idmanın inkişafına təkan verdiyini vurğulayıb. 
“Bu gün bizim üçün növbəti idman bayramıdır. Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi keçirildi. İnanıram ki, bu mərkəz vasitəsilə gələcəkdə dünya və Avropa çempionlarının sayı artacaq,” – deyə Fərid Qayıbov vurğulayıb.
Nazir, həmçinin, mərkəzin yaradılmasına verdiyi dəstəyə görə Azərbaycan Boks Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, yeni zalda yalnız oğlanların deyil, həm də qızların məşğul olması xüsusi sevinc doğurur:
“Zalda oğlanlarla yanaşı, qızları da gördük. Bu, çox sevindirici haldır. İnanıram ki, bu mərkəzdə həm Azərbaycan, həm də dünya miqyasında ölkəmizi uğurla təmsil edəcək boksçular yetişəcək".
Fərid Qayıbov çıxışında ölkənin digər bölgələrində də idman infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən söz açıb. O qeyd edib ki, yalnız boks deyil, cüdo, güləş və digər idman növləri üzrə də müxtəlif regionlarda yeni idman zalları istifadəyə verilir.

“Biz müxtəlif federasiyalarla sıx çalışırıq. Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı göstərişləri var. 
Çalışacağıq ki, federasiyalarla birgə fəaliyyət göstərərək regionlarda idmanın inkişafına hərtərəfli dəstək olaq,” - deyə nazir əlavə edib.