Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ

Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ

Azərbaycan cüdo idmanının inkişafında əvəzsiz xidmətləri olan, ölkəmizin idman tarixinə adını qızıl hərflərlə yazdıran Əhməddin Rəcəbli bu günlərdə 80 illik yubileyini qeyd etməyə hazırlaşır. 
Ömrünü bütövlükdə idmana, xüsusən də cüdonun Azərbaycanda formalaşmasına və inkişafına həsr edən yubilyar daha çox məşqçi kimi qazandığı nailiyyətlərlə tanınır. 1945-ci il avqustun 10-da Qusar rayonunun Əcəxur kəndində anadan olan Əhməddin Rəcəbli uşaq yaşlarından idmana böyük maraq göstərib. Bu illər ərzində böyük təcrübə toplayan mütəxəssis yüzlərlə cüdoçunun yetişməsində böyük rol oynayıb. Yubiley ərəfəsində Azərbaycan cüdosunun canlı əfsanəsi Əhməddin Rəcəbli ilə keçdiyi zəngin idman yoluna birgə nəzər saldıq. Həmin müsahibəni oxuculara təqdim edirik. 

- Əhməddin müəllim, kimyaçı ixtisasından idman məşqçiliyinə keçidiniz necə baş verdi? Mümkünsə, bu sahəyə gəlişinizin maraqlı tarixçəsini oxucularımızla bölüşərdiniz.
- 1959-cu ildə Sumqayıt şəhərindəki Kimya Texnologiyası Texnikumuna qəbul oldum və oranı bitirdikdən sonra 1963-cü ildə təyinatla Sumqayıt Superfosfat Zavodunda əmək fəaliyyətinə başladım. Hərbi xidmətdən qayıdıb, bir müddət öz ixtisasım üzrə çalışdım. Buna baxmayaraq idman həmişə həyatımın bir parçası olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyası) qəbul olunduqdan sonra mənə dedilər ki, artıq idman sahəsində işləməyin vaxtıdır. O vaxt saat hesabı məşqçilik edirdim. 1973-1976-cı illərdə Sumqayıt Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində təlimatçı kimi fəaliyyət göstərdim. 1976-1981-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Dövlət Universiteti) baş müəllim işlədim. Hətta mənə kafedra müdiri vəzifəsini təklif etdilər. Kafedra müdirliyindən imtina edərək, baş məşqçi vəzifəsini qəbul etdim. 1981-1989-cu illərdə Azərbaycan yığma komandasının əsas heyətinə rəhbərlik etdim. 2002-2012-ci illərdə isə paracüdo üzrə yığma komandada baş məşqçi kimi fəaliyyət göstərdim. Həmin illərdə İlham Zəkiyev iki dəfə - Afina-2004 və Pekin-2008 Yay Paralimpiya Oyunlarında qızıl, London-2012-də isə bürünc medal qazandı.

- Qazandığınız titullardan sizin üçün ən unudulmazı hansılardır?
- İdman həyatımda mühüm mərhələlər çox olub. 1972-ci ildə sambo üzrə respublika çempionu oldum və “İdman ustası” adını aldım. 1981-ci ildə isə Azərbaycanda cüdo idman növündə ilk “Əməkdar məşqçi” fəxri adına layiq görülmək mənim üçün böyük qürur idi. Cüdo məşqçiləri arasında daha bir ilk də 1984-cü ildə yaşandı. Belə ki, Ali Sovetin Fərmanı ilə “Bədən tərbiyəsi və idman xadimi” fəxri adını alan ilk cüdo məşqçisi oldum. Sonrakı illərdə də zəhmətim yüksək səviyyədə qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, həmin ildə Prezidentin fərdi təqaüdü, 2022-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edildim. Fəaliyyətim təkcə ölkə daxilində deyil, cüdonun vətəni sayılan Yaponiyada da diqqətdən kənarda qalmadı. 2021-ci ildə bu ölkənin “Gümüş Şüalı Gündoğar” Ordeninə layiq görüldüm. Bu mükafatlar mənim üçün sadəcə titul deyil, həm də illərlə davam edən zəhmətin, əzmkarlığın və idmana sevginin təsdiqidir.

- Əhməddin müəllim, 80 illik yubileyinizi qeyd etməyə hazırlaşırsınız. Bu mötəbər yaşa çatmaq necə bir hissdir?
- Ömrün bu çağı insan üçün çox dəyərli bir mərhələdir. Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir. Bu yaşda geriyə boylananda görürəm ki, ömrümün çox hissəsini cüdoya həsr etmişəm. Bu gün gənclərə baxanda özümü onların yaşıdları kimi hiss edirəm. Çünki mən idmanla yaşayıram, idman mənim qanımdadır. 

- Bu illər ərzində həyatınızın hansı dövrlərini ən unudulmaz hesab edirsiniz?
- İdmana gəldiyim ilk illəri həyatımın ən unudulmaz dövrü hesab edirəm. Mərhum məşqçim, Azərbaycanda sambo güləşini təbliğ edən “Əməkdar məşqçi” İsmayıl Əhmədovun idman yolumda rolu çox böyükdür. Məhz onun sayəsində samboya başladım və bu, həyatımın dönüş nöqtəsinə çevrildi. 1961-ci ildə sambo üzrə Respublika çempionu oldum, növbəti il isə Xankəndidə keçirilən Respublika çempionatında qalib adını qazandım. Ardınca “Spartak” cəmiyyətinin qalibi kimi SSRİ birinciliyində iştirak edərək bürünc medala sahib çıxdım.  

- Məşqçi kimi yetişdirdiyiniz tələbələrdən hansıların uğurları sizi daha çox qürurlandırır?
- İlk növbədə qardaşım Fərhad Rəcəblini qeyd edərdim. O, Avropa çempionatında üçüncü yeri tutub, daha sonra isə SSRİ çempionu olub. SSRİ-də cüdoda iki dəfə yer tutan yeganə idmançıdır. Ustalar arasında 12 qat dünya, 11 qat Avropa çempionu olan Fərhad bu gün də qazandığı nəticələrlə gənclərə sübut edir ki, idmanla məşğul olmaq üçün heç vaxt gec deyil. Yetirmələrim arasında Faiq Ağayev də xüsusi yer tutur. O, 1982-ci ildə İrəvanda keçirilən finalda erməni idmançını məğlub edərək SSRİ birinciliyinin qalibi, ardınca isə Parisdə ilk dünya çempionu adını qazanıb. SSRİ Xalqları Spartakiadasının mükafatçısı Qüdrət Pəncəliyev, Yusif Kazımov, İntiqam Məmmədov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digər adlı-sanlı idmançılar da mənim tələbələrim olub. Kiçik oğlum Elxan Rəcəbli cüdo üzrə dünya mükafatçısıdır. Nəvələrim bu gün yolumuzu uğurla davam etdirirlər. 

- İdman ictimaiyyəti Sizi peşəkar məşqçi kimi tanıyır. Bəs ailənizin və yaxın dostlarınızın gözündə Əhməddin Rəcəbli necə bir insandır?
- Dostlarım və ailəm məni səmimi, mehriban insan kimi tanıyır. Hətta bəzən məclislərdə tamadalıq da etmişəm. Olimpiya çempionumuz Nazim Hüseynovun, Ağayar Axundzadənin övladının kiçik toyunda və bir çox idmançıların şənliklərində bu məsuliyyəti öz üzərimə götürmüşəm. Çünki onlar məni həm də ağsaqqal kimi dəyərləndiriblər.

- Əhməddin müəllim, redaksiyamız adından Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir və möhkəm cansağlığı arzulayırıq.
- Çox sağ olun. Mən də öz növbəmdə göstərdiyiniz diqqət və dəyərə görə redaksiyanızın rəhbərliyinə və yaradıcı kollektivinə təşəkkürümü bildirirəm. Yubileyim münasibətilə məni yada salıb, dəyərləndirdiyiniz üçün minnətdaram. Eyni zamanda Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına və Ağsaqqallar Şurasına da bu gün mənə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm.

Azər Əlizadə

Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ