İdman tarixində ən faciəli terror

İdman tarixində ən faciəli terror


Beynəlxalq Olimpiya Komitəsi (BOK) Münhen-1972 Yay Olimpiya Oyunları zamanı baş verən terror aktı nəticəsində həlak olmuş idmançıların xatirəsini ədəbiləşdirmək üçün 250 min dollar vəsaitin ayrılması barədə qərar verib.
BOK rəhbərliyi faciə qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial inşa etməyi planlaşdırır. Layihənin ümumi dəyərinin 2,3 milyon dollar olacağı nəzərdə tutulur. Almaniya Milli Olimpiya Komitəsi memorialın tikintisinə 27 min dollar ödəməyə söz verib.
Xatırladaq ki, 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən XX Yay Olimpiya Oyunlarında Fələstinin «Qara sentyabr» terror təşkilatı İsrail yığmasının 11 üzvünü və bir nəfər alman polisini qətlə yetirib.
«Olimpiya dünyası» qəzeti məlum terror hadisəsi ilə bağlı 27 noyabr 2001-ci il 1 saylı nömrəsində geniş yazı dərc edib. «İdman tarixində ən faciəli terror» adlı həmin yazını oxuculara təqdim edirik.


Sentyabrın 11-də ABŞ-ın Nyu-York şəhərində baş verən dəhşətli terror aktının qurbanları arasında idmanla bilavasitə əlaqəsi olan şəxslər də vardı. Söhbət «Los-Anceles Kinqz» hokkey klubunun nümayəndələri Qarnet Beyli və Mark Bevisdən gedir. Bu iki şəxs ümümdünya ticarət mərkəzinin göydələnlərindən birinə çırpılan Boinqin sərnişinləri arasında olub. Onlar 70-ci illərdə NHL-də çıxış etmiş, hətta Beyli «Boston Brüinz»in heyətində iki dəfə Stenli kubokunun qalibi olmuşdu.
Faciə idman yarışlarından da yan ötmədi. UEFA həmin həftə keçirilməli olan Avropa kubokları matçlarını təxirə salaraq 7,5 milyon dollar ziyana düşdü. Sentyabrın 26-da Nyu-Yorkda start götürməli olan Yunan-Roma və sərbəst güləş üzrə dünya çempionatı da baş tutmadı.
Bundan başqa, idman yarışlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi gündəmə gəlib. Bu günlərdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jaq Roq gələn ilin fevralında ABŞ-ın Solt Leyk Siti şəhərində keçiriləcək 19-cu Qış Olimpiya Oyunlarında təhlükəsizliyin təşkili üzrə görülən tədbirlərdən razı qaldığını bildirib. Bu arada ABŞ prezidenti Corc Buş təhlükəsizlik işləri üçün əlavə 10 milyon dollar ayrılmasını təstiqləyib. Beləliklə, Solt Leyk Siti Olimpiyadasının təhlükəsizlik büdcəsi 234,5 milyon dollara çatdırılıb.
Şübhəsiz , 2002-ci ilin ən böyük idman yarışı Koreya və Yaponiyada keçiriləcək futbol üzrə dünya çempionatı olacaq. Mötəbər turnirin təşkilatçıları artıq əl-ayağa düşüblər. Koreya tərəfi dünya çempionatı vaxtı stadionların üzərində təyyarə uçuşlarına qadağa qoyulacağını bildirib. Bununla belə, koreyalılar turnir ərzində arenalarda pivə satışına manne olmayacaqlar. Onların fikrincə, azspirtli içkilərin satışının xuliqanlınq və terrorla heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, FİFA dünya çempionatında azarkeşlər arasında dava-dalaş baş verməsi səbəbindən spirtli içkilərin satışa qadağa qoymaq hüququna malikdir və necə ki, bunu Fransa (1998-də), İtaliya (1990-də) və müəyyən qədər ABŞ-da (1994-də) edib. 2002-ci il dünya çempionatının digər təşkilatçısı Yaponiya isə FİFA-nın bu mövqeyini dəstəkləyir.
Tarixə nəzər salsaq, bəşəriyyətin böyük idman yarışlarında terror aktlarıyla üzləşmək təcrübəsnin olduğunu görərik. Bunlardan ən faciəlisi 1972-ci ildə Münhendə XX Olimpiya Oyunlarında baş verib.
Sentyabrın 5-i, Olimpiya oyunlarının 11-ci günü, çərşənbə axşamı səhər saat 5-də bir qrup şəxs heç bir çətinlik çəkmədən Olimpiya kəndinə daxil oldu. Əyinlərində idman forması olduğundan azsaylı mühafizəçilər onlardan heç şübhələnmədilər də. Çağırılmamış qonaqlar Konnolliştrassda İsrail nümayəndəliyinin əsas hissəsinin yerləşdiyi 31-ci korpusa gəldilər. Qapının döyülməsi səsinə çıxan güləşçilərin məşqçisi Moşe Veynberq vəziyyəti başa düşərək içəridəki idmançıları xəbərdar etməyə imkan tapdı, lakin ağır atlet İosif Romanoyla birgə qapını kilidləməyə çalışsa da, idman çantalarından Kalaşntkov avtomatlarını çıxaran killerlərin atəşi hər ikisini yerə sərdi. İçəridəkilərdən kimisi pəncərədən tullanıb, kimisi də arxa qapıdan çıxıb sanın qurarsa da, qalan 9 nəfər (4 idmançı, 4 məşqçi və 1 hakim) girov götürüldü.
Olimpiya təşkilatçılarının baş verənlərə reaksiyası qeyri-adekvat idi. Diqqət yetirin: yerli televiziyanın 4-cü kanalı Olimpiya kəndinin qaynar nöqtəsi Konnolliştrassdan canlı reportaj verdyi halda, digər üç kanal avarçəkmə, voleybol və at yarışlarını yayımlayırdı.
Hadisəni törədənlərə gəlincə, onlar özlərinə «Qara sentyabr»çılar kimi təqdim etdilər. Tələbləri isə o idi ki, İsrail həbsxanalarındakı 200-dən çox fələstinli azadlığı buraxılsın, onlara təhlükəsizlik qarantiyası və ərəb ölkələrindən birinə uçmaq üçün üç təyyarə verilsin. Özü də günortayacan, əks halda girovları ölüm gözləyir. Təl-Əvivin cavabını çox gözləmək lazım gəlmədi: onlara heç bir güzəşt olmayacaq.
Ultimatumun müddəti bir qədər uzadıldı: öncə 15.00-a, sonra isə 17.00-a kimi. AFR hakimiyyət orqanları şokdan özlərinə gəlməyə başladılar: artıq snayperlər atəş açmaq üçün başıbəlalı 31-ci korpusun ətrafında mövqe seçmişdilər. Amma Olipmiya kəndində atışma baş verməsinə deyə əməliyyatı aeroportda keçirmək qərara alındı.
Saat 22.00-da Konnolliştrassada bundesver avtobusu göründü. 9 girov və onları tutanlar Olimpiya Kəndindən vertolyotların oturması üçün yararlı olan rayona yollandılar. Orada Vertolyotlardan birinə özlərini girovlarla dəyişməyi təklif edən AFR və Bavariya hökümətinin nümayəndələri oturdular.
Vertolyotlar Münhen yaxınlığındakı Fürstenfeldbruk hərbi bazasına istiqamət götürdü. Burada onları Boinq-727 sərnişin təyyarəsi gözləyirdi. Onlar istəklərinə uyğun olaraq ya Qahirəyə, ya da Tunisə uçacaqdılar. Təyyarənin arxasında isə Qərbi Almaniyanın 5 ən yaxşı snayperi hazır vəziyyətdə oturmuşdu və deyəsən, əməliyyatı hazırlayanlar bu qrupun 8 nəfərdən ibarət olduğunu bilmirdilər. Snayperlərdən birinin heç bir komanda olmadan atəş açıb bir ərəbi öldürməsi müəmma olaraq qaldı. Fələstinlilərin cavab atəşinin qurbanı isə keşik qülləsində duran polis oldu. Təxminən bir saatlıq sükut çökdü, amma artıq hadisələrin gedişi əməliyyatı planlaşdıranların nəzarəti altından çıxmışdı.
Terror faciəsinin son aktı onunla bitdi ki, «Qara sentyabr»çılardın birinin əsəbləri dözmədi və əlindəki qumbaranı partlatdı. 9 girovun hamısı, həmçinin 4 ərəb həlak oldu. Sağ qalan üç terrorçu alman polisinin əlinə keçdi. Amma daha sonra «Mossad»in agentləri onların axırına çıxdı.
Çərşənbə günü, sentyabrın 6-da keçirilməli olan yarışlar baş tutmadı. Saat 10.00-da Olimpiadanın əsas arenasında matəm mərasimi olud. Oyunlardakı faciədə Olimpiya oyunları planlaşdırıldığından bir gün gec, sentyabrın 11-də başa çatdı.
Münhen -72 Olimpiadası Azərbaycan üçün iki idmançımızın medal qazanması ilə əlamətdar oldu. İnna Riskal SSRİ-nin qadınlardan ibarət voleybol yığmasının heyətində ikinci dəfə Olimpiya çempionu oldu, yüngül atlet Aleksandr Kornelyuk isə 400 metr məsafəyə estafet qaçışında gümüş medalın sahibi oldu.
Azərbaycan ilk dəfə müstəqil komanda kimi qatıldığı Atlana-96 Olimpiadası da qansız ötüşmədi. Hələ yarışlar başlamamışdan öncə terror hədələri eşidilirdi və artıq Oyunların ikinci günü aeroportda bomba tapıldı.
Əsaslı təhlükəsizlik tədbirləri görülsə də, yarışların ilk həftəsinin sonu, iyulun 25-i, cümədən şənbəyə keçən gecə faciə baş verdi. Atlanta əhalisi və Olimpiya oyunlarının qonaqları musiqinin guruldadığı Olimpiya parkında olarkən güclü partlayış oldu. Sən demə, Los-Ancelesdən olan orkestrin çıxış etdiyi meydançadakı dinamiklərdən birinə içi iynələrdə dolu bomba qoyulubmuş. Terror aktı 2 nəfərin ölümü , 110 nəfərin yaralanması ilə nəticələndi. Şənbə günü səhər bütün yarışlar həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla başladı.
Dostluq, həmrəylik və sülh Olimpiya ideallarının əsasını təşkil edir. Lakin belə saf duyğulara qarşı yönələn qanlı terror aktlarının da şahidi olduq. Təssüf ki, terror hadisələri bununla bitmədi. Ötən illər ərzində dünyanın müxtəlif yerlərində çoxsaylı terrorlar ba verdi. Bu ilin sentyabrında ABŞ-dakı məlum hadisələr isə bütün dünyanı sarsıtdı. Bu, bəşəriyyətə, insanlığa qarşı yönələn vəhşilikdir. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasının sentyabrın 25-də keçirilmiş iclasında beynəlxalq terrorizm məsələsi geniş müzakirə edilmişdir. Müxtəlif ölkələrin deputatları iclasda çıxış edərək günahsız insanların məhvinə səbəb olan terror aktlarını, xüsusilə ABŞ-da törədilmiş vəhşilikləri qətiyyətlə pisləmiş, turrorçuluğun yeni forma siyasi terror forması almasından narahat olduqlarını bildirmiş, bu təhlükəyə qarşı bütün dünya ölkələrini birgə mübarizəyə çağırmışlar.
Bəli, terror bütün tərəqqipərvər bəşəriyyət üçün ciddi təhlükədir. Terrorun harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, nəticə etibarə ilə onun günahsız insanların həyatına yönələn qəsd olması bəşəriyyətin bu ciddi təhlükəyə qarşı birgə mübarizəsini daim gündəmdə saxlayır.

Rasim Mövsümov