Ümummilli lider Heydər Əliyevin həyatı gənclər üçün zəngin tərbiyə məktəbidir

Ümummilli lider Heydər Əliyevin həyatı gənclər üçün zəngin tərbiyə məktəbidir



"İnanıram ki, bizim yüksək nəticələr əldə edən idmançılarımızın sayı artacaqdır.
İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır.
İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır".

Heydər Əliyev


 Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də öz bəhrəsini verdi.
Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli Nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni təkan verdi. Həmin Nizamnamədə deyilir: "Gənclərin mədəni-məişət şəraitini yaxşılaşdırmaq üçün təşkilatlar tədbirlər görür. Onlar sağlamlığın möhkəmləndirilməsi və fiziki tərbiyənin gündəlik qayğısına qalır”.

1970-ci ildə Azərbaycanda 5370 bədən tərbiyəsi kollektivi fəaliyyət göstərirdi. Bu kollektivlər 762.196 nəfəri birləşdirirdi. Bunların 211 min nəfəri qadınlar idi. Azərbaycan kəndlərində 171 min nəfərdən çox idmançını əhatə edən bədən tərbiyəsi kollektivləri fəaliyyət göstərirdi. Ümumtəhsil məktəblərində 2800-ə yaxın bədən tərbiyəsi kollektivi var idi ki, bunlar da 356.778 gənc idmançını birləşdirirdi.
1970-ci il ilin yanvarın 1-nə kimi respublikamızda 10 - nəfər SSRİ əməkdar məşqçisi, 36 nəfər Azərbaycan SSR-in bədən tərbiyəsi üzrə əməkdar işçisi, 150 nəfər Azərbaycan SSRİ-nin əməkdar məşqçisi, 32.746 idman hakimi (o cümlədən 144 beynəlxalq kateqoriyalı, 732 respublika kateqoriyalı, 2.361 birinci kateqoriyalı, 21.358 idman növləri üzrə hakim) var idi. Gimnastika üzrə ictimai inspektorlar 8.147, ictimai inspektor-məşqçilər 62.611, idmançıların 762.196 nəfərdən (o cümlədən 211.57 qadın) ibarət idi.
Həmin vaxt respublikamızda 19 nəfər SSRİ əməkdar idman ustası, 1590 nəfər SSRİ idman ustası, 355 nəfər ustalığa namizəd, 5007nəfər I dərəcəli idmançı, 5370 bədən tərbiyəsi kollektivi var idi. Azərbaycanın paytaxtında və bölgələrdə 6778 idman meydançası, bədən tərbiyəsi üzrə 2241 nəfər ali savadlı mütəxəssis, əmək və təlim prosesində gimnastika üzrə 405 nəfər metodist, idman növləri üzrə 404 nəfər məşqçi fəaliyyət göstərirdi.
Bədən tərbiyəsi və idman sahəsində 1971-ci ildə 4507 nəfər çalışırdı ki, onların da 7 faizinin xüsusi bədən tərbiyəsi təhsili var idi. Həmin illərdə Azərbaycanda bədən tərbiyəsi kollektivlərində 750 min nəfər bədən tərbiyəsi və idmanla məşğul olurdu. Bunların 22 faizini qadınlar və qızlar təşkil edirdi.
1973-cü ildə Bakıda möhtəşəm İdman Sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 Uşaq-Gənclər İdman Məktəbi fəaliyyət göstərirdi. Həmin illərdə respublikada bədən tərbiyəsi və idman sahəsində müxtəlif vəzifələrdə 1786 qadın işləyirdi ki, bu da 1961-ci ildə olduğundan 1494 nəfər çox idi.
Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: "Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir. Çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur”.
1974-cü il avqustun 6-da Azərbaycanda "Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərar qəbul olundu. Bu qərardan sonra keçirilən respublikanın fəallar yığıncağında isə idman qurğularının tikilməsi, kənddə və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafına, respublikanın qabaqcıl idmançılarının ustalığının artırılmasına nail olunması və s. mühüm məsələlər qaldırıldı. Ali təhsil müəssisələrinin idmançıları respublikamızda bədən tərbiyəsi və idman hərəkatının əsas və ən kütləvi dəstəsindən birini təşkil edirdi. 1975-ci ildə respublikanın 17 institutunda 53 mindən çox tələbə təhsil alırdı. Kütləvi bədən tərbiyəsi işini bədən tərbiyəsi və idman kafedralarının ştatında olan 347 ali təhsilli müəllim aparırdı. 1975-1976-cı tədris ilində respublikanın məktəblərində ixtisaslaşdırılmış siniflər açılmışdı. Rayonlarda idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması sürətlə davam etdirilirdi. 1971-1977-ci illərdə 36 stadion, 2600 futbol və voleybol, 6400 basketbol və tennis meydançası fəaliyyət göstərirdi.

Ümumittifaq miqyasında keçirilən "Dostluq - 84” yarışlarında dünyanın 50 ölkəsindən 2364 idmançı çıxış etmişdi. Yarışlar ölkəmizin və xarici ölkələrin hakimləri tərəfindən idarə olunurdu. "Dostluq - 84” yarışlarının Təşkilat Komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev idi. "Dostluq - 84” yarışlarında 18 dünya rekordu, Olimpiya yarışları proqramına daxil olan 47 idman növündə isə yüksək nəticə əldə edilmişdi. İdmançılar 17 Avropa, 128 milli rekord təzələmişdilər. Yarışların idarə olunmasına Azərbaycanın bir sıra görkəmli hakimləri də dəvət olunmuşdu. Bu yarışlarda ölkəmizin təmsilçiləri həndbol və avarçəkmədə qızıl medal qazanmışdılar.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Bu sahənin inkişafı dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya Hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ümummilli lider idmançıların ictimai həyatda rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəmirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Həmin fərmana əsasən, Azərbaycan respublikası əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı.
Respublika hökumətinin tükənməz diqqəti sayəsində idmanın maddi-texniki bazasının, bədən tərbiyəsi və idmanın kütləviliyinin yaxşılaşdırılmasına və inkişafına imkan yaranmışdı.
Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində 1974-cü il sentyabrın 1-dən uşaq və gənclər idman məktəblərində və yüksək idman ustalığı məktəblərində müasir elmi-metodik tələblər və təlim-məşq məşğələlərinin həcmi xeyli artırılmışdı. Belə ki:
-1975-ci ildə futbol, yüngül atletika, idman oyunları üzrə respublika yüksək idman ustalığı məktəbləri, 1976-1980-ci illər ərzində isə şəhər və rayon bədən tərbiyəsi və idman komitələri yanında 14 idman məktəbi açılmışdı;
-1975-ci ildən başlayaraq, ildə 4 dəfə Azərbaycan və rus dilində üç çap vərəqi həcmində idmana dair informasiya materialları məcmuəsi nəşr edilmişdi;
-İdman obyektlərinin tikintisinin həcminin artması ilə əlaqədar olaraq Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində əsaslı tikinti şöbəsi yaradılmışdı;
-Zəhmətkeşlər arasında sağlamlıq və kütləvi idman işi kökündən yaxşılaşdırılmış, ƏMH kompleksinin geniş təbliğ olunması sahəsində həmkarlar ittifaqı təşkilatlarının və könüllü idman cəmiyyətlərinin təşəbbüsü ilə əmək və təlim prosesində gimnastika təşkil edilmiş, sağlamlıq zonaları yaradılmış, yaşayış yerlərində bədən tərbiyəsi işi gücləndirilmişdi;
1975-1976-cı illərdə respublikanın 20 şəhər və rayon xalq maarif şöbəsinin metodik kabinetində fiziki tərbiyə üzrə metodiki vəsaitlər tətbiq edilmişdi;
- Uşaq və gənclər idman məktəblərinin fəaliyyəti gücləndirilmiş, məşqçi-müəllim heyətinin tərkibi keyfiyyətcə yaxşılaşdırılmış, uşaq və gənclər idman məktəblərində təlim - tərbiyə prosesinin səviyyəsi yüksəldilmişdi;
- Elmi-Tədqiqat Pedaqogika İnstitutu yanında fiziki tərbiyə və ibtidai hərbi hazırlıq bölməsi yaradılmışdı. "Azərbaycan məktəbi" jurnalının əlavəsi kimi "Məktəbdə bədən tərbiyəsi" adlı bülleten buraxılmışdı; 
- Respublikanın rayon və şəhərlərində idman üzrə ixtisaslaşma aparılmış, gimnastika, yüngül atletika, üzgüçülük, avarçəkmə, qılıncoynatma və idmanın digər növləri üzrə ehtiyat qüvvələr hazırlamaq üçün müddəti uzadılmış siniflər təşkil edilmişdi;
- Şagirdlər arasında bədən tərbiyəsi və idman işi xeyli yaxşılaşdırılmış, texniki peşə məktəblərində idman kompleksləri yaradılmışdı;
- Zəhmətkeşlər arasında kütləvi sağlamlıq işi yaxşılaşdırılmış, sağlamlıq zonaları şəbəkəsi genişləndirilmiş, müalicə bədən tərbiyəsi inkişaf etdirilmişdi;
-1974-1976-cı illər ərzində Mingəçevir, Lənkəran, Şəki şəhərlərində bədən tərbiyəsi dispanserləri açılmış, bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərə xidmət üçün həkim kabinetləri şəbəkəsi genişləndirilmişdi;
-1975-1976-cı tədris ilindən etibarən, N.Nərimanov adına ADTİ-də (indiki Azərbaycan Tibb Universiteti) həkim nəzarəti və müalicə bədən tərbiyəsi ixtisası üzrə internatura təşkil edilmişdi;
-"Neftçi" futbol komandasının maddi-texniki bazası möhkəmləndirilmiş və bazanın tikintisi 1975-ci ildə başa çatdırılmışdı;
-1975-1980-ci illərdə Bakı şəhərində idmanın Olimpiya növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları inşa edilmişdi;
-Orta və səkkizillik məktəblərin yanında idman salonları, habelə atçılıq idman məktəbləri yaradılmışdı;
-1975-80-cı illərdə Bakının mikrorayonlarında və digər yaşayış massivlərində idman qurğuları tikilib istifadəyə verilmişdi. Boş sahələri olan mövcud orta və səkkizillik məktəblərin binalarına bitişik idman salonları tikilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki ADBTİA) binası və idman kompleksinin inşası isə 1972-ci il sentyabrın 1-də başa çatmışdı;
Bədən tərbiyəsi və idmanın artan kütləviliyi və respublika atletlərinin ustalığının yüksəldilməsi zərurəti bədən tərbiyəsi və idman üzrə elmi-metodik işin kökündən dəyişdirilməsini tələb edirdi. Bu məqsədlə də 1975-ci ildə Respublika İdman Komitəsinin nəzdində bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən Elmi-tədqiqat işlərinin koordinasiya mərkəzi, iki laboratoriyası olan Elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər kvartalda bir dəfə metodik tövsiyələr məcmuəisini dərc etməyə başlamışdı ki, bu da, təbii olaraq, elmi adı və dərəcəsi olan ixtisasçılar hazırlanması işində, məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım idi.
Respublika idman təşkilatları yerli qadınların idmana cəlb edilməsinə böyük əhəmiyyət verirdilər. Təsadüfi deyil ki, Azərbaycan bədən tərbiyəsi təşkilatlarının bayrağı altında 128 mindən artıq qadın və qızlar cəmləşmişdi.
Lakin görülən bütün bu tədbirlərə baxmayaraq, qadın idman hərəkatının vüsəti qənaətbəxş sayıla bilməzdi. Hər şeydən əvvəl, bu, kənd yerlərində yaşayan qadınlara aid idi. Həvəskarların təşəbbüsü ilə Respublika İdman İttifaqı nəzdində qadın idmanının inkişaf etdirilməsi üçün xüsusi Şura yaradıldı. Bu cür ictimai təşkilatlar digər şəhər və rayonlarda da yaranmağa başladı. 1976-cı ilə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun 1089 qadın bitirmişdi. Göründüyü kimi, illər keçdikcə qadın idmançılarımızın sayı artırdı. Buna 1969-cu ildən sonra Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən qayğı nəticəsində ilk dəfə nail olunmuşdu.
Bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində 1974-78-ci illərdə respublikada güclü mədəni-idman kompleksi də yaradılmışdı.
Azərbaycanda həmin illərdə 3349 klub, 4148 kitabxana, 95 muzey, 10580 idman qurğusu, o cümlədən 1.233 idman salonu, 62 stadion, 25 ücgüçülük hovuzu var idi. Mədəni-maarif və kütləvi bədən tərbiyəsi işi sahəsində müsbət təcrübə toplamış klublardan və idman qurğularından istifadə olunmasında onların rolu artmışdı.
Xarici idman komandaları ilə görüşlər də Azərbaycan idmançılarının təkmilləşməsində mühüm amillərdən biri idi. Həmin illərdə keçmiş sovet idmançılarının, o cümlədən Azərbaycan idmançılarının da sosialist ölkələri, inkişaf etmiş Asiya və Afrika ölkələri ilə əlaqələri möhkəmlənirdi. Azərbaycan məşqçiləri, bədən tərbiyəsi müəllimləri öz iş təcrübələrini yaymaq və idmançıları hazırlamaq məqsədilə müxtəlif ölkələrə göndərilirdilər.
Təsadüfi deyil ki, həmin illərdə azərbaycanlı mütəxəssislər İraq, Küveyt, Bolqarıstan, Əlcəzair kimi ölkədə çalışırdılar.
Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı.
Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev bu xüsusiyyətlər arasında idmana meyli yüksək dəyərləndirirdi: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir".
Ümummilli liderin idman və bədən tərbiyəsinin, Olimpiya Hərəkatının mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu haqqında fikirləri, gördüyü işlər zaman-zaman təhlil və tədqiqatlar üçün mövzuya çevriləcəkdir. Ulu öndərin Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı, eləcə də Olimpiya Hərəkatının genişlənməsi istiqamətində gördüyü işlər mahiyyətinə və miqyasına görə son dərəcə fərqlənir. İdman və bədən tərbiyəsini hər bir mədəni xalqda, ölkədə vətəndaşların həyat tərzinin mühüm hissəsi sayan Heydər Əliyevin arzularından biri də hər bir Azərbaycan vətəndaşının bədən tərbiyəsi və idmanla məşğul olması idi. Müdrik rəhbər deyirdi: "Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını - həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir".
Heydər Əliyev ölkəmizdə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi daxil idi. Həmçinin yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi geniş vüsət almışdı. İdmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması da Fondun əsas fəaliyyət proqramına daxil idi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Ümummilli lider Heydər Əliyev idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək demişdir: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.
Ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildə mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanı üçün mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə reallığa çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də, onilliklər tələb edir. Amma hamının eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət də var: ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilir.
Heydər Əliyev gənc nəslə həmişə nümunə olmuşdur. Türk dünyasının dahi öndəri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı xalqımız üçün çox zəngin tərbiyə məktəbidir. Bu məktəbdən hər zaman öyrənmək hər bir gəncin müqəddəs vəzifəsidir.