““Qəbələ” yaxşı oyun göstərsə, uduzsa da məyus olmaram”

““Qəbələ” yaxşı oyun göstərsə, uduzsa da məyus olmaram”


Azərbaycanda ilk Futbol Akademiyasının təməlini qoymaqla uşaq futbolunun inkişafında müstəsna rol oynayan "Qəbələ” futbol klubu sözügedən sahənin inkişafı istiqamətində daha bir addım atıb. Hollandiyalı mütəxəssis, daha əvvəl "Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsində çalışmış Stenli Brard "Qəbələ” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Brard ilə 3 illik müqavilə imzalanıb. Mütəxəssis növbəti mövsümdən vəzifəsinin icrasına başlayacaq.
"Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard Hollandiyadakı işi ilə tam vidalaşmayıb. 55 yaşlı mütəxəssis məşhur "Feyenoord” klubunun Futbol Akademiyasındakı fəaliyyətini mövsümün sonunadək davam etdirəcək. Brard hələ 1-1,5 ay müddətində Rotterdam təmsilçisinin akademiyasının direktoru kimi qalmalıdır. Buna səbəb isə "Feyenoord” rəhbərliyinin onu əvəzləyə biləcək şəxs axtarmasıdır. Mövsümün sonunadək yeni direktor tapıldıqdan sonra Brard keçmiş klubu ilə birdəfəlik vidalaşacaq.

Qeyd edək ki, ötən həftə "Feyenoord” akademiyası Hollandiyanın ən yaxşı futbol tədris ocağı seçilməyə namizədlər sırasına düşüb. Rotterdamlıların 4-cü dəfə bu adı qazanmağa yaxın olmasında isə Brardın əməyi böyükdür. Təkcə onun direktorluğunun son 6 ilində akademiyanın 26 üzvü "Feyenoord”un əsas komandasına düşüb. Ötən ilin mayında Qəbələnin qonağı olan Brardın rəhbəri olduğu akademiyanın U-14 komandası U-15-lər arasında təşkil edilən "Qəbələ kuboku”nda iştirak etmişdi. Həmin vaxt hollandiyalılar özlərindən böyüklərlə mübarizə apardıqlarından 8 komanda arasında 7-ci olmuşdular.
Məlumat üçün bildirək ki, Stenli Brard 1958-ci il oktyabrın 24-də İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub. Futbol oynamağa Hollandiyada başlayan Brardin peşəkar futbolçu karyerasının əsası 1978-ci ildə "Feyenoord” klubunda qoyulub. 1986-cı ilə qədər - 8 mövsüm sözügedən komandada oynayan Brard sonra karyerasını RKC və "Zvart Vit” kollektivlərində davam etdirib.
Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə "Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə Stenli Brard "Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard "Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə sözügedən kollektivin texniki direktoru vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə xaricində davam etdirib. Yaponiyaya yollanan Brard "Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib. UEFA-nın Pro lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya qayıdıb və "Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib.
Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb. Mütəxəssisin rəhbərlik etdiyi "Feyenoord” Futbol Akademiyası 2010, 2011 və 2012-ci illərdə Hollandiyanın ən yaxşı akademiyası seçilib və Rinus Mixels mükafatına layiq görülüb.
Ötən həftə Qəbələdə hollandiyalı mütəxəssis ictimaiyyətə təqdim olunub. Tədbirdə çıxış edən klubun vitse-prezidenti Fariz Nəcəfov əvvəlcə akademiya barədə məlumat verib. O bildirib ki, "Qəbələ” futbol akademiyası klub prezidenti Tale Heydərovun təşəbbüsü ilə 2009-cu ildə yaradılıb. Fariz Nəcəfov ötən müddətdə müəyyən nailiyyətlər əldə etdiklərini bildirib. "Bunu akademiyamızda yetişən futbolçuların potensialı və Azərbaycan yığma komandalarına cəlb olunmalarından görmək olar”, - deyə o əlavə edib.
Əvvəlki direktor Ali Yavaşa xidmətlərinə görə təşəkkür edən klub rəsmisi türkiyəli mütəxəssisin istefasından sonra qabaqcıl akademiyaların iş təcrübəsi ilə tanış olduqlarını söyləyib. O, namizəd qismində kluba təklif olunan Stenli Brardla hələlik 3 il müddətinə müqavilə bağladıqlarını açıqlayıb. Fariz Nəcəfov Brardın Hollandiyanın "Feyenoord” klubu kimi, "Qəbələ”yə də eyni uğurları qazandıracağına inam ifadə edib.
Klub rəsmisi hollandiyalı mütəxəssisə üstünlük vermələrinə baxmayaraq, əsas məqsədlərinin "Qəbələ” üslubunu tətbiq etməkdən ibarət olduğunu vurğulayıb: "Əvvəlcə Qəbələdə uşaq futbolunun olmadığı vaxtda "Qalatasaray”, sonra texniki baxımdan uyğun olduğu üçün İspaniya, indi isə Hollandiya sisteminə müraciət etdik. Bir müddət "Barselona” ilə əməkdaşlıq etdik. Bəzi mütəxəssislərimiz təcrübə də keçdilər. Ola bilsin, bu, axtardığımız son üslubdur. Amma biz "Qəbələ” üslubunu qurmağı istəyirik. Məqsədimiz öz sistemimizi yaratmaqdır. İnanıram ki, həm "Barselona”, həm də gələcəkdə digər yerlərdən götürəcəyimiz təcrübələr bizə yardımçı olacaq. Öz sistemimizi qurduqdan sonra əsas komandanın baş məşqçisindən "Qəbələ” üslubuna uyğun futbol oynatmağı tələb edəcəyik”. Fariz Nəcəfov yaxın vaxtlarda kluba digər mütəxəssislərin də cəlb olunacağını açıqlayıb.
Sonra yeni direktor ilkin təəssüratlarını jurnalistlərlə bölüşərək, onların suallarını cavablandırıb:


- Çox gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən "Feyenoord” akademiyasındakı rəhbər işimi davam etdirirəm. Bu işin öhdəsindən tək gəlməmişəm. Burada olmağıma şadam. Növbəti 3 ildə Qəbələdə çalışacağam. Buranı seçməyimin bəzi səbəbləri var. Mənim "Qəbələ”də görüşdüyüm rəsmi şəxslər çox ümidlə danışdılar, bu da məni həvəsləndirdi. İkincisi, onlar məni bu işdə hər bir şərait yaradılacağına əmin etdilər. Qəbələdə şərait gələcək üçün çox yaxşıdır. Üçüncüsü, həmişə ölkəmdən kənarda işləmək arzulamışam. Məşqçi heyəti ilə birlikdə uğurlar əldə etmək istəyirəm. Ötən il 15 yaşlıların turnirində də Qəbələdə olmuşam. Bu turnir bizi yaxşı mənada təəccübləndirmişdi.
- Özünüzlə məşqçi gətirəcəksiniz?
- İlk növbədə, burada təhlillər aparacam. Ondan sonra buna qərar veriləcək. Məqsədimiz təkcə futbolçuların yox, eləcə də, məşqçilərin təkmilləşdirilməsinə nail olmaqdır.
- Avropa klublarına "Qəbələ”dən futbolçular təklif olunacaq?
- Əsas məqsəd futbolçuların hazırlığıdır. Əgər buna nail olsaq, o zaman onları gələcəkdə daha yaxşı pul müqabilində transfer edə bilərik.
- Karyeranız ərzində Yaponiyada da çalışmısınız. Ancaq yetişdirdiyiniz futbolçular arasında yaponiyalı futbolçuya rast gəlmədik...
- Maya "Naqoya”da mənim yetirməm olub. İndi isə o, Yaponiya millisində çıxış edir.
- "Qəbələ”də işləyərkən "Feyenoord”da da çalışacaqsınız?
- Bəli. Belə razılığa gəlmişik ki, iyunun 1-dək "Feyenoord”da fəaliyyətimi davam etdirim. Burada da təhlillər aparmaq üçün olacam.
- Brard "Qəbələ”li futbolçuların nəyə qadir olduğunu ötən turnirdə görüb. Hansı məsuliyyətin altına girdiyinizi dərk edirsinizmi?
- Əvvəl oyunlarına baxmışam. Məndə çox gözəl təəssürat yaradıblar. Bizim üçün futbolçuların yaşlarının fərqi yoxdur. Harada yaxşı futbolçu varsa, biz onları seçəcəyik. Əsasən, 14-15 yaşlılara daha çox üstünlük veriləcək.
- Yaponiyada 3 il işləmisiniz. Qəbələdə də 3 il olacaqsınız. Bu müddətin olması sizin təklifinizdir?
- Bizim rəhbərliklə birgə qərarımızdır.
- Bayaq dediniz ki, "Qəbələ”dəki infrastrukturu bəyəndiniz. Məhz hansı cəhətlər xoşunuza gəldi və onları bunu Hollandiyadakılarla müqayisə etmək olarmı?
- Hollandiya ilə müqayisə etdikdə Qəbələdəki ot örtüyü mənim gördüklərimin ən yaxşısıdır. Yeni yataqxanalar haqqında da mənə deyilib. Bunları da fərqləndirə bilərəm. Ancaq mənim üçün əsas amil burada işləyən insanlardır, onların təşkilatçılığıdır. Bu, sevindirici haldır.
- Futbolçuların təhsil məsələlərini necə tənzimləməyi düşünürsünüz?
- Təhsilində uğur əldə edən çalışacaq ki, futbolda da uğur qazansın və ya əksinə. Biz də çalışacağıq ki, bu məsələləri balanslaşdıraq. Əgər belə olsa, deməli, həmin futbolçular ən yüksək oyunçulardır. Ancaq belə də ola bilir ki, futbolçu futbolda yaxşı olsa da, təhsildə "axsasın”.
- "Qəbələ”ni seçməyiniz Avropada maliyyə böhranının olması da öz təsirini göstəribmi?
- Bura gəlməkdə əsas məqsədim özümün yaxşı iş görə biləcəyimə inanmağımdır. Ancaq bunu tək yerinə yetirə bilmərəm. Buna birlikdə çalışmalıyıq. Yəni bura gəlməyimə maliyyə böhranının heç bir təsiri olmayıb.
- Mayda "Feyenord” Qəbələyə beynəlxalq turnirdə iştirak etmək üçün gələcək. Siz isə həmin vaxt bu klubun akademiyasına rəhbərlik edəcəksiniz. Maraqlıdır, siz hansı akademiyanın tərəfində olacaqsınız?
- Mən "Qəbələ”nin tərəfində olacam. Əsas yaxşı oyun göstərməkdir. "Qəbələ” yaxşı oyun göstərsə, uduzsa da məyus olmaram.