Vətən uğrunda canlarını əsirgəməyənlər heç vaxt unudulmayacaq

Vətən uğrunda canlarını əsirgəməyənlər heç vaxt unudulmayacaq

İnsanın vətənpərvərlik hissinə malik olması ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik dedikdə onun əsas komponentləri - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, onu qorumaq kimi əlamətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlılıq, sədaqətlilik keyfiyyətləri də başa düşülür. Bu da təbiidir. Çünki hər birimiz vətənin qədrini bilməliyik, çətinliklərinə dözməliyik. Torpağı qorumalısan ki, o, vətən ola bilsin. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə adamların qüvvələrini vahid məqsədə - Vətənin azadlığı, xilası naminə səfərbər edir.

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq, ilk gündən etibarən ölkədə bədən tərbiyəsi və idman işi bütünlüklə Vətəninin müdafiəsi vəzifəsinə tabe etdirilmişdi.

Bədən tərbiyəsi təşkilatlarının qarşısında duran başlıca vəzifə kütləvi hərbi-fiziki hazırlıq işini canlandırmaqdan ibarət idi. Bədən tərbiyəsi və idman işləri komitələri, həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri özlərinin ən bacaraqlı və təcrübəli mütəxəssislərini, təlimatçılarını, müəllimlərini və idmançı-fəallarını ümumi hərbi hazırlıq sistemində məşğələlərə rəhbərlik üçün səfərbərliyə almışdılar.

Müharibənin ilk həftəsi ərzində respublikanın hərbi komissarlığına könüllü surətdə ordu sıralarına getmək haqqında 40 mindən çox ərizə daxil olmuşdu. 1941-1942-ci illərdə isə 150 mindən çox gənc səfərbərliyə alınmışdı. Onların xeyli hissəsini idmançılar təşkil edirdi. Məsələn, 1941-ci il iyunun 25-nə kimi Ağdaş rayonundan 250 nəfər, Nuxadan (Şəki) 200 nəfər bədən tərbiyəçisi könüllü olaraq ordu sıralarına yola düşmüşdü. Dövlətin gündəlik köməyi və nəzarəti sayəsində müharibənin ilk aylarında əlbəyaxa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırlanmışdı. 10 min nəfərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olunmuşdu.

Azərbaycan KP MK və Xalq Komissarları Şurasının 11 dekabr 1941-ci il 5157 saylı qərarı ilə Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Qərarda deyilirdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (Azərbaycan DBTİ) Azərbaycan Dövlət Universitetinin bazasında bədən tərbiyəsi fakültəsi kimi təşkil edilsin və fakültə keçmiş Azərbaycan DBTİ-nin binasında yerləşdirilsin.

Müharibənin başlanğıcında institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşmüşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetirmələri ikinci dünya müharibəsində misilsiz rəşadətlər göstərirdilər. Müalicə bədən tərbiyəsi işi sovet döyüşçülərinin sağlamlığının qorunmasına yönəldilmişdi. Artıq 1941-ci il iyunun 25-də Ümumittifaq İdman Komitəsi bütün xəstəxanalarda müalicə bədən tərbiyəsi işini həyata keçirməyi, bunun üçün idman fəalları arasından təlimatçılar hazırlanması işini qaydaya salmağı təklif etdi. Komitənin qərarında deyilirdi ki, xəstəxanalarda, səhiyyə və ordunun sanitar orqanlarının təşkil etdiyi digər sağlamlıq müəssisələrində müalicə bədən tərbiyəsi işlərinin təşkilində fəal iştirak etmək lazımdır. Xəstəxanalarda işləmək üçün bədən tərbiyəsi təşkilatçıları və bədən tərbiyəsi fəallarından (ilk növbədə qadınlardan) ibarət müalicə bədən tərbiyəsi təlimatçıları hazırlamaq üçün kurslar və seminarlar keçirilirdi. Sağalmaqda olan döyüşçülərlə məşğul olmaq üçün xəstəxana və müalicə müəssisələri lazımi idman inventarları ilə təmin edilmişdi. Müharibənin birinci ilində həmin kurslar Bakıda, Naxçıvanda, Gəncədə və digər şəhərlərdə fəaliyyət göstərməyə başladı. Bu kursların məzunlarını respublikaya köçürülmüş xəstəxanalara göndərirdilər. Müəllim və tələbələrin bir qismi - Z.Rzayeva, A.Qəniyev, S.Əliyev, S.Məmmədova, D.Qədirli, M.Həsənov və başqaları müdafiə əhəmiyyətli xüsusi işlərdə fəal iştirak edir, hərbi istehsalatda çalışır, əhali arasında geniş təbliğat-təşviqat işləri aparır, hərbi xəstəxanalara hamilik etməklə xalqın faşizm üzərində qələbəsinə köməklik göstərirdilər. Müharibənin ilk günlərində arxa cəbhədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bütün kollektivi respublikamızın hərbi komissarlığının tapşırığı ilə əlbəyaxa döyüş üzrə təlimatçıların hazırlanmasına başlamışdı. Yalnız 1943-cü ildə tələbələr və institutun əməkdaşları Şuşa, Xankəndi, Şamaxı, Ağdam, Qusar, Şəki, Gədəbəy, İsmayıllı və Zaqatalada 700-dən çox təlimatçı və 12000-dən çox əlbəyaxa döyüş bacarığı olan əsgərlər və qumbaraatanlar hazırlamışdılar.

Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimləri Tofiq Abbasov, Həsən Qarayev, Ənvər Babayev, akrobat Hacıbaba Ağayev, Azərbaycan DBTİA-nın məzunu İ.İslamov, A.M.Əsgərov, güləşçi Baba Süleymanov, İbadulla Həsənov, Xandadaş Mədətov və başqalarının Böyük Vətən Müharibəsində böyük şücaəti olmuşdur. Məsələn, Əhməd Məmmədoğlu müharibədə ağır yaralanaraq əlil olduqdan sonra yenidən idmana qayıtmış və dünya rekordu müəyyənləşdirmişdi. Onun ayaq barmaqları 40 dərəcəli şaxtada donmuş, 6 ay hərbi xəstəxanada müalicə olunduqdan sonra Azərbaycana qayıtmış, əlil olmasına baxmayaraq, 1945-ci ildə 94 kiloqram ağırlıq qaldıraraq yeni SSRİ rekordu qazanmışdı.

Xandadaş Mədətov 1942-ci ildə könüllü olaraq müharibəyə getmiş, Azərbaycanın məşhur 416-cı Taqanroq diviziyasında kəşfiyyatçı kimi vuruşmuş və 3 dəfə ağır yaralanmışdı. Sağ budunda mərmi qəlpəsinin qalmasına baxmayaraq, o, ömrünün sonuna qədər idmandan ayrılmamışdır. 1946-cı ildən "Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında atletika bölməsində məşğul olmuşdu. Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu olan yüngül atlet Xandadaş Mədətov Kiyev şəhərində keçirilən uzununa tullanmaq yarışında SSRİ çempionatında I yerə layiq görülərək, SSRİ rekordunu (7 m 50 sm) təzələmişdi. İbadulla Həsənov 1944-cü ildə könüllü olaraq orduya getmiş və 1951-ci ildə qayıtmışdı. O, Almaniya, Ukrayna və Çində hərbi xidmətdə olmuşdur. İ.Həsənov orduda da yüngül atletika ilə məşğul olmuş və dəfələrlə 16 hərbi hissənin 800-1500 metr məsafələrə qaçış üzrə yarışlarında çempion adına layiq görülmüşdü.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu İ.İslamov kəşfiyyatda olarkən əlindən ağır yaralanmasına baxmayaraq, verilən tapşırığı yerinə yetirməyi bacarmışdı. Faşistlərin döyüş planlarının pozulmasında həmin institutun məzunu A.Əsgərovun da xidmətləri var. 1939-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, dəfələrlə Azərbaycan çempionu olmuş akrobat Hacıbaba Ağayev Böyük Vətən Müharibəsinin ilk günlərindən SSRİ silahlı qüvvələri sıralarına çağırılmış və kəşfiyyat alayına göndərilmişdi. Hacıbaba Ağayev orduda özünü qorxmaz kəşfiyyatçı kimi göstərmiş, fiziki hazırlığı sayəsində düşmənin məğlub edilməsində özünəməxsus rolu olmuşdur. Basketbol üzrə əməkdar məşqçi, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Abbasov ağır döyüşlərdə öz qüvvə və bacarığı sayəsində yaralı komandirini döyüş meydanından çıxararaq, onun həyatını xilas etmişdir. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi Həsən Qarayev də vətən uğrunda döyüşlərdə əsil şücaət nümunələri göstərmişdir. Faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan, komandanlığın döyüş tapşırıqlarını şərəflə yerinə yetirən 10 min nəfərdən çox Azərbaycan idmançısı və bədən tərbiyəçisi orden və medallarla təltif olunmuşdur. Respublikamızın məşhur idmançısı (futbolçu və voleybolçu Səlahəddin Kazımova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Digər qorxmaz idmançı döyüşçülər T.Abbasov, İ.Odinov, Ə.Babayev, M.Talıbov, K.Abdullayev, B.Süleymanov, İ.İslamov, H.Əsgərov, H.Ağayev, A.Ağalarov və başqaları orden və medallarla təltif olunmuşlar.

Xalqımız öz fədakar övladlarının və Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əziz tutur, qələbənin 72 illiyi ərəfəsində onları bir daha böyük ehtiramla yad edir.

Vətənpərvər oğullar gənclərimizə örnəkdirlər

1991-ci il oktyabırn 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü - müstəqil inkişaf dövrü başlandı. Gənc müstəqil Azərbaycan dövlətində iqtisadi, sosial-siyasi və hərbi sahədə ilk əsaslı tədbirlərin həyata keçirilməsi asan olmadı, dövlətimiz və xalqımız xeyli çətinliklərlə üzləşdi. Bu çətinliklər Sovet imperiyası dağılıb tarixə çevrildikdən sonra bütün sahələrdə yaranmış gərgin vəziyyətlə, o cümlədən Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüz və s. amillərlə bağlı idi. Müstəqilliyin əldə olunması çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşayaraq, demokratiya yolu ilə irəliləyib, öz müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycan adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Lakin, təəssüflər olsun ki, sevincimizlə bərabər, çox acılı, məşəqqətli günlərlə də rastlaşdıq.

Seperatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu və ya xəsarət aldı.

1988-ci ildə qəsdən ortaya atılan qondarma Dağlıq Qarabağ probleminin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarı və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarması respublikamızda ciddi narazılıqla qarşılandı. Xalqımız mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı.

Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da "Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Bu qüvvələrin ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. Cəbhəyə yola düşən ilk özünümüdafiə qüvvələrinin təkibində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri və məzunları da var idi.

Müharibənin ilk günlərindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində yaradılmış "Qarabağ” qərargahına 200-dən artıq ərizə daxil olmuşdu. Dağlıq Qarabağda, eləcə də Ermənistanla sərhəd rayonlarında erməni quldur dəstələrinin törətdiyi cinayətlərə akademiyada oxuyan tələbələr dözmədilər və cəbhəyə yollandılar. Tələbə döyüşçülərimiz cəbhələrdə böyük igidlik və şücaət göstərdilər. Təkcə Laçın rayonunun müdafiəsində 30-dan artıq tələbə idmançı vuruşurdu. Tələbələrimizin döyüş nöqtələrində göstərdikləri şücaətlərə görə "N” hərbi hissənin komandiri tərəfindən akademiyanın rektorluğuna çoxlu teleqram və təşəkkür məktubları göndərilmişdi. Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan təbələrlə əlaqələr mümkün olsun deyə akademiyada qərərgah yaradılmışdı. Vətənin müdafiəsi yolunda yaralanan tələbə və məzunlardan Allahverdi Əliyev, Şakir Əhmədov, Qafqaz Əhmədov Şünasi Babayev, Rafiq Zülfüqarov, Sərvər Mövsümov, Şahin Quliyev, Böyükişi Atakişiyev, Baba Babayev, Şaiq Hüseynov və b. müalicə olunduqdan sonra cəbhəyə qayıtmışdılar.

Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə igidlik, şücaət və vətənpərvərlik göstərdiklərinə görə, akademiyanın məzunları Əliyar Əliyev və İlqar İsmayılova Milli Qəhrəman adı verilmiş, 26 tələbə və məzun torpaqlarımız uğrunda şəhid olmuşdur.

Müharibənin ilk günlərindən Azərbaycan DBTİA-nın kollektivi xalqımızın bu faciəsinə biganə qalmayıb. Akademiyanın rektoru prof. Ağacan Abiyevin əmri ilə akademiyanın prorektoru D.Quliyevin rəhbərliyi altında 25 tələbədən ibarət dəstə 1989-cu ildə Bərdə şəhərində təmənnasız olaraq çalışıb. Əldə edilən 30 min manatlıq gəlir Ermənistandan qovulmuş köçkünlərin fonduna köçürülüb.

Azərbaycan DBTİA-nın kollektivi qısa müddətdə Kəlbəcər və Füzulidən qovulmuş köçkünləri qəbul edib, onlara müvəqqəti sığınacaq vermək üçün ciddi tədbirlər görmüşdü. Akademiyanın 9 mərtəbəli yataqxanası köçkünlərin xidmətinə verildi. Habelə akademiyanın müəllim və tələbələri qərargah sədri Dilqəm Quliyevin rəhbərliyi ilə M.Mirqasımov adına 1 nömrəli Respublika Klinik Xəstəxanasında yerləşdirilən 31 nəfər kimsəsiz uşağın, Göz Xəstəlikləri İnstitutundan isə 7 xəstənin müalicəsini öz üzərinə götürmüşdü. Həmin ərəfədə tələbələr Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım etmişdilər. Akademiyanın nəzdində yaradılmış "Qarabağ” qərərgahının sədri Dilqəm Quliyevin təşəbbüsü ilə 1990-1992-ci illərdə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və b. rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə kömək etmişdi. ADBTİA-nın tələbələri Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində yaralılar üçün qan vermişdilər.

Akademiyanın məzunu polis kapitanı İlqar İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1966-cı ildə 45 saylı şəhər orta məktəbində, sonra isə 6 saylı idman təmayüllü internatda təhsil alıb. İnternat məktəbində təhsilini başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Cüdo idman növü üzrə idman ustası idi. 1982-ci ildə hərbi xidməti başa vuran İlqar "Dinamo” idman cəmiyyətində və tələbə idman cəmiyyəti adlanan "Buravestnik” idman cəmiyyətində cüdo üzrə məşqçi işləyib. 1986-cı ildə polis sıralarına daxil olan igid eloğlumuz Sabunçu RPİŞ-də əməliyyat müvəkkili idi.

İlqar hələ məktəbdə oxuyarkən idmana böyük həvəs göstərirdi. 9 yaşından "Lokomotiv” idman cəmiyyətində sambo ilə məşğul olmağa başlamışdı. İlqar çox zirək, cəld uşaq idi. Uduzmağı sevməzdi. Bütün yarışlarda qalib gəlməyə çalışardı. İnanırdı ki, nə vaxtsa ölkəmizi mötəbər turnirlərdə təmsil edəcək. 1970-ci ildə cüdoçuların Bakı şəhərində ümumittifaq turniri keçirildi. Turnir general Həzi Aslanovun xatirəsinə həsr olunmuşdu. 160 idmançı birincilik uğrunda mübarizə aparırdı. İlqar İsmayılov bu turnirdə birinci oldu. Məktəb üzrə çempion olması yüksəkliyə gedən yolun başlanğıcı idi.

İlqar 1973-cü ildən respublikanın idman şərəfini onun hüdudlarından kənarda qorumağa başlamışdı. O, keçmiş Sovet İttifaqının Leninqrad, Kişinyov və başqa şəhərlərdə keçirilən idman yarışlarında dəfələrlə birinci yerə layiq görülmüşdür.

İdman yarışlarından, turnirlərdən hər dəfə yeni-yeni qələbələrlə geri dönən İlqar 1975-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki AzDBTİA) müsabiqədənkənar qəbul edilmişdi.

Qarabağa erməni təcavüzünün elə ilk günlərindən bütün polis əməkdaşları kimi, İlqar İsmayılovun da rahatlığına son qoyuldu, adət etmədiyi güllə səslərinə, mərmi partlayışlarına alışmalı oldu. O, müharibənin ilk günlərindən vaxtaşırı döyüş bölgələrinə ezamiyyətə gedir, ermənilərin işğal etdikləri torpaqlarımızın müdafiəsinə qalxırdı. O, vətənimizi çox sevirdi. Bütün qəlbi ilə Azərbaycana bağlı idi. Məhz bu sevgi onu cəbhəyə apardı. Ermənilərin vəhşiliyi, ərazi iddiası ilə barışa bilmirdi. İlqar döyüşlərdə kişi kimi vuruşdu. Son nəfəsinə qədər mübarizə apardı.

1991-ci il sentyabrın 24-də Mazutlu kəndi uğrunda döyüş gedirdi. Təpədən dırnağa kimi silahlanmış erməniləri "Qızartı” yüksəkliyindən qovmaq lazım idi. Cəsur oğullarımız rəşadətlə vuruşurdular. Milli bayrağımızı başı üstünə qaldıran İlqar polis dostları ilə birlikdə yüksəkliyə doğru irəliləyirdi. İlqar həmişə olduğu kimi, bu dəfə də polis yoldaşlarından irəlidə gedirdi. Könüllülərdən ibarət 23 polis döyüşçü "Qızartı” yüksəkliyinə qalxdı. Bu yüksəklikdə çox çətin döyüş getdi. İlqar irəlidə addımlayırdı. O, bir anlığa ermənilərin səsini eşidib, ayaq saxlayıb, döyüş yoldaşlarını xəbərdar edib ki, artıq ermənilərlə üz-üzə gəliblər. Əmr edib ki, bıçaqları çıxardın, əlbəyaxa döyüşə hazırlaşın. İlqarın rəhbərlik etdiyi dəstə ermənilərlə əlbəyaxa döyüşdə də böyük şücaət göstərib. İlqar İsmayılov əlbəyaxa döyüşdə təkbaşına 26 erməni ilə bacardı və hamısını məhv etdi. Onların avtomatını və bir ədəd snayper tüfəngini qənimət götürmüşdü. İlqar İsmayılov Azərbaycanın üçrəngli bayrağını "Qızartı” yüksəkliyinə taxdı, bayraq vüqarla dalğalandı. Düşmən Azərbaycanın bayrağını görəndən sonra böyük qüvvə ilə hücuma keçdi, lakin çoxlu itki verib geri çəkildi. Bu qeyri-bərabər döyüşdə İlqar İsmayılovun vətən eşqi ilə çırpınan ürəyi düşmən gülləsinə tuş gəldi. O, neçə-neçə şirin arzusu ilə birgə ana torpağa qovuşdu.

Bakının Nərimanov rayonunda küçələrin biri İlqar İsmayılovun adını daşıyır. Təhsil aldığı 45 saylı orta məktəbin qarşısında İlqar İsmayılovun abidəsi qoyulub.

Xalqına, vətəninə qəlbən bağlı olan İlqar Sədi oğlu İsmayılov Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli, 273 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Dilqəm Quliyev