Əldə olunan uğurlarda tələbə idmançıların xüsusi payı var

Əldə olunan uğurlarda tələbə idmançıların xüsusi payı var

Ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbələri kifayət qədərdir. Akademiyanın tələbələri beynəlxalq yarışlarda mübarizə aparan yığma komandalarımızın tərkibində yer alırlar.

Akademiyada təhsil alan tələbələr 2011-2016-cı illərdə 23 beynəlxalq yarışda iştirak edib. Xarici ölkələrdə keçirilmiş 16 beynəlxalq yarışlarda akademiyanın tələbələri respublikamızın yığma komandaların tərkibində mübarizə aparıblar.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən illər ərzində, digər ali təhsil müəssisələri kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) da kadr hazırlığı sahəsindəki fəaliyyətini genişləndirib. Öz vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilən akademiya rəhbərliyi, buranın pedoqoji kollektivi öz işinə xüsusi məsuliyyət hissi ilə yanaşır. ADBTİA yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri hazırlamaqla yanaşı, respublika gənclərinin ictimai fəallığını gücləndirmək, onların vətənpərvər ruhda tərbiyələndirilməsi sahəsində də müxtəlif tədbirlər həyata keçirib.

Tələbə idmançılar 2011-2016-cı illərdə Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda, dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 300-dən çox medal qazanıblar. Akademiyanın tələbələri 2500 idman normativini yerinə yetiriblər Qeyd edilən dövrdə akademiyada 13 əməkdar idman ustası, 32 beynəlxalq dərəcəli idman ustası, 707 idman ustası, 738 idman ustalığına namizəd yetişib. Akademiyada 3665 tələbə (106 qız) təhsil alır. 221 professor-müəllim heyətində 4 elmlər doktoru, 8 elmlər namizədi, 36 dosent, 5 professor, 100 nəfər baş müəllim, 30 müəllim yer alıb.

Bu idman ocağının ayrı-ayrı idman növləri üzrə yığma komandaları, hər biri 12 gündən az olmayaraq, 58 təlim-məşq toplanışında iştirak edib. Təlim-məşq toplanışlarına ümumilikdə 125 nəfərədək tələbə-idmançı cəlb olunub.

Hər il Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi idman tədbirlərinin təqvim planının həyata keçirilməsi məqsədi ilə akademiyada müxtəlif işlər görülür. Akademiyanın idman işləri şöbəsi kafedralar ilə birgə nəzərdə tutulmuş tədbirlərin və yarışların iş planlarını təsdiqləyir, bu sənədlər kafedralara göndərilir. İdman tədbirlərinin yüksək səviyyədə təşkilində akademiyanın idman kafedraları da xüsusi rol oynayır. İdman kafedralarının birgə səyi nəticəsində ölkədaxili və beynəlxalq yarışlara hazırlıqla bağlı aparılan səmərəli fəaliyyət tələbə idmançıların uğurlu çıxışlarına zəmin yaradıb. ADBTİA-nın tələbələri Olimpiya Oyunlarında, Avropa, dünya çempionatlarında və beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə ediblər. Akademiyanın sərbəst güləşçiləri iştirak etdikləri Avropa birinciliklərində 23 dəfə fəxri kürsünün birinci pilləsində yer alıblar. Zorxana üzrə keçirilən beynəlxalq yarışlarda isə 9 qızıl medal qazanılıb. Ötən il Akademiyanın karateçiləri, universal döyüşçüləri, samboçuları da dünya birinciliklərində uğurlu nəticə göstəriblər. Yunan- Roma güləşçiləri analoji yarışlarda 2 qızı, 3 gümüş, 2 bürünc medal qazanmışlar. Buranın gimnastları da beynəlxalq yarışlarda, Dünya kuboklarında və dünya çempionatlarında fəxri kürsüdə yer alıblar. ADBTİA- nın tələbəsi - boksçu Teymur Məmmədov London-2012 Yay Olimpiya Oyunlarında bürünc, I Avropa Oyunlarında qızıl medal qazanıb. O, Avropa çempionudur. Akademiyanın digər tələbəsi Toğrul Əsgərov Londonda Olimpiya çempionu titulunu əldə edib. Bu güləşçi I Avropa Oyunlarının da qalibi adına layiq görülüb.

ADBTİA-nın beynəlxalq əlaqələri bu illər ərzində daha da möhkəmlənmişdir. Burada ölkələrinin universitet rəhbərləri ilə bir sıra görüşlər keçirlmişdir. Almaniyanın Köln İdman Universitetinin professoru Manfred Lammer, Amerikanın Kolumbiya Universitetinin professoru Cen Mak Manus, Türkiyənin Qazi Universitetinin prorektoru Emin Kuru akademiyanın qonağı olmuşlar.

Bu illər ərzində bədən tərbiyəsi və idman sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. 1998-ci ildə akademiyanın bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildən Milli Olimpiya Akademiyası ənənəvi olaraq "Olimpizmin tarixi və fəlsəfəsi” üzrə konfrans keçirir, bu konfranslarda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak edirlər.

Ötən il ADBTİA-nın idman işləri üzrə prorektorunun "Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri” adlı kitabı çapdan çıxmışdır. Kitabın təqdimat mərasimi Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilmişdir.

2016-cı ildə ADBTİA-nın tələbə idmançıları bir sıra beynəlxalq yarışlarda iştirak etmiş və medallar qazanmışlar. Akademiyada fəaliyyət göstərən kafedraların 129 tələbəsi 54 beynəlxalq yarışda mübarizə aparıb. Tələbələr 2016-cı il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə beynəlxalq yarışlarda, dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında iştirak edərək, 41 qızıl, 23 gümüş və 37 bürünc, ümumilikdə isə 101 medal qazanmışlar. Bunlardan 75 medal (32 qızıl, 16 gümüş, 27 bürünc) Olimpiya, 26 medal isə (9 qızıl, 7 gümüş, 10 bürünc) qeyri-Olimpiya idman növlərində əldə olunub. Ötən il akademiyanın tələbələrindən 278 nəfəri milli yığma komandaların heyətində yer almışdır.

Qeyd edək ki, akademiyada idman infrastrukturunun yaradılması da xüsusi diqqət mərkəzindədir. Hazırda ADBTİA-da 12 idman kompleksi fəaliyyət göstərir. Burada güləş, atıcılıq, ağır atletika, həndbol, boks, basketbol zalları, voleybol, gimnastika zalları, şahmat otağı, üstü açıq üzgüçülük hovuzu və 1500 tamaşaçı tutan stadion var.

Akademiyada kütləvi yarışların keçirilməsi ənənəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş spartakiada, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə təşkil olunan ənənəvi turnirlərdə tələbələrimiz həvəslə mübarizə aparırlar. 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş spartakiada çox maraqla qarşılanmışdır. VI spartakiada yarışları aprel ayının 17-dən başlayaraq mayın 7-nə kimi davam etmişdir. Tələbə idmançlar 16 idman növündə güclərini sınamışlar. Voleybol, basketbol və həndbol kimi idman növlərində kafedralar I-IV kurs tələbələrindən ibarət komandaları ilə təmsil olunmuşlar. Spartakiada yarışlarında ümumilikdə 556 tələbə iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən spartakiadanın qaliblərinə qiymətli hədiyyə və diplomlar verilmişdir.

Ölkədaxili yarışlarda yüksək əyarlı medallar qazanılır

Tələbələr ölkədaxili yarışlarda da fəallıq göstərirlər. Məsələn, ali və orta ixtisas təhsil müəssisələrinin XIV Respublika Üniversiadası və spartakiadasında ADBTİA-nın tələbələri bütün idman növləri üzrə yarışlarda iştirak edib və yarışların qalibi olmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə ali məktəb tələbələri arasında təşkil olunan futbol üzrə V Respublika çempionatı da maraqla qarşılanıb. Yarışın təşkilində əsas məqsəd ali təhsil müəssisələri arasında futbolu təbliğ etmək, perspektivli futbolçuları üzə çıxarmaq olub. Bu böyük idman yarışına respublikamızın 32 ali məktəbi qoşulub. Yarışda peşəkarlıq nümayiş edən ADBTİA-nın tələbələri V Respublika çempionatının qalibi adını qazanmışlar.

Hər il olduğu kimi, "Gənclik” Tələbə İdman Cəmiyyəti bu il də tələbə idmançılar arasında bir sıra yarışlar təşkil edib. Miqyasına görə ən böyük yarış ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika Universiadası olub. Universiadanın təşkili tələbə gənclərin fiziki hazırlığını gücləndirmək məqsədini daşıyıb. Universiadaya respublikamızda fəaliyyət göstərən 24 ali təhsil müəssisəsinin komandaları cəlb olunub. Tələbələr 11 idman növü (şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, basketbol, badminton, stolüstü tennis, atletika və velosiped idmanı) üzrə mübarizə aparıblar. Universiadada ümumilikdə 1030 nəfər tələbə idmançı (248 qız) iştirak edib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yetirmələri Respublika Universiadasında uğurla yarışıblar. Təsadüfi deyil ki, bu ali təhsil müəssisəsinin tələbələri 11 idman növünün 8-də (cüdo, yunan-Roma güləşi, sərbəst güləş, voleybol, stolüstü tennis, basketbol, atletika, velosiped idmanı) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. 15 komandadan 60 tələbənin iştirak etdiyi dama yarışlarında Milli Aviasiya Akademiyasının tələbə- idmançıları birinci yeri tutub. Universiadanın şahmat yarışları da kütləviliyi ilə seçilib. Bu il keçirilən Respublika Universiadasının yekun nəticəsinə görə, ümumkomanda hesabında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası birinci yerə layiq görülüb. Azərbaycan Texniki Universiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü yerə sahib çıxıb. Bu yarışlarda yüksək nəticə qazanan tələbə idmançılar Ümumdünya Yay Universiadasına vəsiqə əldə ediblər. Məlumat üçün bildirək ki, Tələbələrin Ümumdünya Yay Universiadası bu il avqust ayının 19-30-da Taypeydə keçiriləcək. Yarışlarda 170-ə yaxın ölkənin idmançılarının iştirak edəcəyi gözlənilir. Komandamız bu yarışda gimnastika, qılıncoynatma, cüdo, taekvondo və ağırlıqqaldırma növlərində mübarizə aparacaq. ADBTİA-nın tələbə idmançıları bu yarışa çox ciddi hazırlaşırlar.

Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında
 uğurlu nəticə

2013-cü il iyulun 17-da tələbələrin Kazanda keçirilən 26-cı Ümumdünya Yay Universiadasında Azərbaycanın himni dörd dəfə səsləndirilib, bayrağı 16 dəfə dalğalandırılıb. İdmançılarımız bu yarışda 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıblar. Universiadada akademiyanın tələbələrindən Rəsul Çunayev yunan-Roma güləşi üzrə qızıl medal, Ağasif Səmədov (sambo) bürünc, yunan-Roma güləşçimiz Eldəniz Əzizli bürünc medala layiq görülüb. Kazanda keçirilən universiadaya 81 idmançı ilə qatılan ölkəmiz 10 idman növündə mübarizə aparmış, ümumi hesabda 15-ci yeri tutumuşdur.

Prezident İlham Əliyev Universiadanın iştirakçılarını qəbul edən zaman bildirmişdir ki, Azərbaycan Kazanda qazanılan böyük qələbə ilə idman aləmində növbəti dəfə öz sözünü demişdir. Dövlətimizin başçısı bu qələbənin ölkəmizin mühüm uğurlarından biri olduğunu və bu mötəbər yarışa Azərbaycanın tələbə idmançılarının ən yüksək səviyyədə, hərtərəfli hazırlıq keçdiyini demişdir. Ölkəmizin idmançılarının bundan sonra da bütün mötəbər yarışlarda uğurla çıxış edəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev tarixi qələbə münasibətilə bir daha xalqımızı və idman ictimaiyyətini təbrik etmişdir.

Əldə olunan qələbələrdə tələbə idmançıların xüsusi payı var

2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə 24 medal (6 qızıl, 9 gümüş, 9 bürünc medal) qazanıblar.

III İslam Həmrəyliyi Oyunlarında medal qazanan idmançılar arasında akademiyanın tələbələri də olmuşdur. Belə ki, I kurs tələbələri Yekaterina Sarıyeva və Boris Kirilov atletika üzrə yarışlarda qızıl medal qazanıblar. Zaur Qəhrəmanov (kamandan oxatma) II yeri tutub. Türkanə Tahirli (taekvondo) və Ayaz Əliyev (karate) III yerə layiq görülmüşlər.

Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirilməsində zəngin təcrübəyə malikdir. Paytaxtımız I Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşınadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya kuboku, Formula-1 kimi mötəbər yarışlara uğurla ev sahibliyi edib. Ölkəmizdə təşkil olunan daha bir mötəbər yarış - IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman tarixində önəmli yer tutacaq. Oyunlarda idmançılarımızın inanılmaz qələbələri bir daha göstərdi ki, ölkəmizdə idmana dövlət qayğısı ən yüksək səviyyədədir. IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə heyəti gəlmişdi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. Təntənəli açılış mərasimi Məkkə şəhərinin 3 kilometrliyində yerləşən, 80 min tamaşaçı tutan kral Əbdül-Əziz stadionunda təşkil olunub. Yarışlarda 53 müsəlman ölkəsinin idmançısı iştirak edib. Azərbaycan yığma komandası I İslam Həmrəyliyi Oyunlarında 12 idman növündə 103 atletlə qüvvəsini sınayıb. Komandamız 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) medal qazanan ölkələr siyahısında 8-ci yeri tutub. III İslam Həmrəyliyi Oyunlarında isə 2500-ə qədər idmançı və nümayəndə heyətinin üzvü iştirak edib. Oyunlarda iştirak edən idmançılarımız vətənə 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) qayıdıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub.

Şübhəsiz ki, İslam dövlətlərinin iştirakı ilə keçirilən yarışlarda ən böyük uğurumuz paytaxtımızın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında oldu. Sevindirici haldır ki, ADBTİA-nın tələbə və məzunlarının da medalların qazanılmasında xidmətləri olub. Oyunlarda akademiyanın 22 məzunu (19 oğlan, 3 qız) mükafatçılar sırasında yer alıb. Onlar ümumilikdə 19 qızıl, 4 gümüş və 4 bürünc medal əldə ediblər. Yarışlarda iştirak edən 28 tələbə (21 oğlan, 7 qız) isə 34 medal qazanıb. Bu medallardan 19-u qızıl, 7-si gümüş, 8-i isə bürüncdür.

Bakı-2017-ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurublar. Atletlərimiz 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanıblar. Qazanılan uğurda güləşçilərimizin (23 medal), gimnastlarımızın (20 medal), cüdoçularımızın (13 medal) və karateçilərimizin (10 medal) xüsusi payı var.

Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, əlbəttə, bu qələbənin əhəmiyyəti artır. Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.

Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yəni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə idman həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən bütün idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram”.

IV İslam Həmrəyliyi Oyunlarında əldə edilən nəticələr onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar Azərbaycan idmançılarını daha da ruhlandırır, onları qələbəyə səsləyir”.

Dilqəm Quliyev