Məşqçi-idmançı münasibətlərinin düzgün qurulması uğurlara yol açır

Məşqçi-idmançı münasibətlərinin düzgün qurulması uğurlara yol açır
Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. İdman sahəsində ölkəmizdə dövlət səviyyəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan vətənə medallarla dönürlər. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirirlər. İdmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və respublikamızın müxtəlif bölgələrində müasir standartlara uyğun idman kompleksləri, idman qurğuları tikilib. Uşaq, yeniyetmə və gənclərimiz indi daha yaxşı şəraitdə məşq etmək imkanı qazanıblar. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olmuşdur.

Azərbaycan beynəlxalq yarışların keçirildiyi məkana çevrilib. Son illər Azərbaycanda ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatları, çoxlu beynəlxalq turnirlər keçirilir. İdmançılarımız hər il müxtəlif mötəbər yarışlarda böyük uğurlar qazanırlar. Sözsüz ki, bu uğurlar ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Sirr deyil ki, hər hansı bir sahədə uğurun qazanılması üçün yüksək səviyyəli şəraitin yaradılması vacib amildir. Ölkəmizdə inşa olunan idman qurğuları da gənclərin bu sahəyə olan marağını artırmaqla yanaşı, idmanda rəqabəti də gücləndirir.

Bununla yanaşı, idmanın incəliklərinin tədrisi üçün yüksək səviyyəli kadrların olması da vacib məsələlərdən biridir. Sevindirici haldır ki, kadr hazırlığı məsələsi ölkəmizdə ardıcıl surətdə həyata keçirilir. Ümumiyyətlə, kadr hazırlığı fiziki tərbiyənin əsaslarını təşkil edən komponentlər içərisində mühüm yer tutur. Azərbaycanda fiziki tərbiyə sistemi iki hissədən - mövcud sistemin təminat funksiyasını yerinə yetirən elmi-metodiki, proqram-normativ hissədən və fiziki tərbiyənin tətbiqi və fəaliyyətindən ibarətdir. Bu iki hissə yalnız kadr hazırlığı ilə əlaqələndirilir. Bu əlaqələndirmənin səviyyəsi isə kadr hazırlığının keyfiyyətindən birbaşa asılıdır. Yəni gələcək çempionların hazırlığının təməlini qoyan fiziki tərbiyə sahəsində fəaliyyət göstərən mütəxəssislər yeni müasir metodikalardan istifadə etməlidirlər.

Yeni metodika 4 əsas məzmun xəttinə əsaslanır:
1.Nəzəri biliklər və informasiya təminatı;
2. Hərəki bacarıq və vərdişlər;
3. Hərəki qabiliyyətlər;
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması;

Bu metodika ilə keçirilən təlimlər məşğul olanlarda çeviklik, sürət, dözümlülük, qüvvə və bədənin inkişafı kimi hərəki qabiliyyətlər inkişaf etdirir.

Uğurlar məşqçi-idmançı münasibətlərindən başlanır
Müşahidələr göstərir ki, idman məşqlərində məşqçi-idmançı münasibətlərinin düzgün qurulmasından çox şey asılıdır. Məşğul olanların yaşından, idman dərəcəsindən, tutduğu mövqedən asılı olmayaraq, münasibətlərin düzgün qurulması istər məşqlərə, istərsə də yarışlara öz müsbət təsirini göstərir. Əlbəttə, məşqçi-idmançı münasibətlərinin düzgün qurulması, birinci növbədə, məşqçidən çox asılıdır. Uzun illər 6 saylı Güləş İdman Məktəbində təlmatçı-metodist işləmiş güləş üzrə SSRİ idman ustası Hümbət Cavadov hesab edir ki, məşqçi-müəllim hər yerdə - məşqlərdə, təlim-məşq toplanışlarında, yarışlarda çox gərgin vəziyyətlərdə belə səbirli, təmkinli davranmalı, yüksək mədəniyyət nümayiş etdirməklə yetirmələrinə nümunə olmalıdır. "İdmançı isə, öz növbəsində, məşqçinin gözəl xüsusiyyətlərini əxz etməli, ona bənzəməyə çalışmalıdır. Məşqçilər unutmamalıdır ki, uşaqlarĹ9, uşaqlara öz fikirlərini sərbəst ifadə etmələri, qarşılıqlı fikir mübadiləsi aparmalarına çox kömək edə bilər”, - deyə Hümbət müəllim bildirdi.

Didaktiv və elmi bacarıqlar
Didaktiv və elmi bacarıqlar məşq prosesində uşaqlara keçiriləcək tədris materalının öyrədilməsi, yəni hərəkətlərin və fəndlərin öyrədilməsi, təkrarı və ya təkmilləşdirilməsi ilə xarakterizə olunur. Burada materalı məşğul olanlara aydın və anlayışlı şəkildə çatdırmaq, uşaqlarda fəal, müstəqil fikir oyatmaq bacarıqları nəzərdə tutulur. Öyrətmədə məşqçi-müəllim mövcud şəraitdən asılı olaraq və ya zəruri olduqda tədris materialını adaptasiya etməli, onu yenidən qurmalı, daha doğrusu, çətini asan, mürəkkəbi sadə, başa düşülməyəni, aydın olmayanı başa düşülən etməlidir. Gənc məşqçi-müəllimlər öyrədiləcək hərəkətlərin və fəndlərin, sadəcə, uşaqlara çatdırılması ilə kifayətlənməməli, uşaqların təfəkkürünün ağıllı və səlis şəkildə formalaşmasını, onların fəaliyyətinin lazımı istiqamətə yönəldilməsini nəzərdə tutmalıdırlar. Müşahidələr göstərir ki, interaktiv (fəal) təlimdə olduğu kimi, öyrədən və öyrənənlərin qarşılıqlı fəallığı şəraitində keçirilən məşqlər həmişə müsbət nəticəsini verir. Bu, məşqçidən və məşq edənlərdən aşağıdakıları tələb edir:
* Məşq prosesində idmançı məşqçidən eşitdiklərini, öyrəndiklərini öz tənqidi təfəkkür süzgəcindən keçirməli, dərindən təhlil etməli, müstəqil mühakimə yürütməli, özünün düzgün saydığı əqli nəticəyə gəlməlidir
* Idmançı çətin vəziyyətlərdə özünə qapanıb qalmamalı, onun idrak və əməli fəaliyyətdə işgüzarlığı, mütəhərrikliyi təmin edilməlidir
* Öyrədilən hərəkətlərin və fəndlərin mexaniki təkrarlanmasına yox, şüurlu dərk edilərək mənimsənilməsinə nail olunmalıdır
* Fəndlərin müxtəlif variantlarla öyrədilməsində problemli situasiyaların yaradılması və bununla da idmançıları düşünməyə vadar etmək zəruridir. Beləliklə, idmançılarda məntiqi təfəkkürün inkişaf etdirilməsinə nail olmaq mümkündür
* Məşğul olanlarda bu idman növünə sonsuz həvəs yaradılmalıdır
* Məşğul olanların şüurlu öyrənmə mövqeyi aydınlaşdırılmalıdır
* Düşündürücü və istiqamətverici suallar vasitəsi ilə uşaqların intellekt səviyyəsini inkşaf etdirilməsi
* Məşqin hər hansı bir hissəsinin təhlilinin aparılması
* Məşqlərdə əyani və metotiki vəsaitlərdən maksimum istifadə etmək (kitablardan, jurnallardan, plakatlardan, disklərdən və.s)
* Hər yarışdan sonra ayrı-ayrı çəki dərəcələri üzrə analizin aparılması
* Uşaqların səlis, düzgün danışıq qabiliyyəti və nitq mədəniyyətinin inkişaf etdirilməsi (əsasən nəzəri hazırlıq üzrə yoxlama-test zamanı)
* Məşqçi-idmançı münasibətlərinin düzgün qurulması, uşaqlara qarşılıqlı hörmət hissinin və əməkdaşlıq vərdişlərinin aşılanması
* Xüsusilə təməl hazırlığı (İHQ - I il) dövründə daha səbirli, uşaqlara qarşı daha diqqətli olmaq, qayğıkeş yanaşmaq
* Öyrətmədə tələsməmək
* Müstəqil düşünmək, müstəqil fikir söyləmək
* Məşqçi ilə fikir mübadiləsi aparmaq
* Uşaqlara öyrənməyi dəqiq öyrətmək
* Uşaqlara ətrafa yaradıcılıqla yanaşma aşılamaq
* Uşaqlara ətrafa tənqidi yanaşma aşılamaq
* Məşqdə hər hansı bir fəndin tədqiqat vasitəsi kimi qoyulub, təhlil edilməsi

Pedoqojı təsəvvür və təxəyyül proqnozvermə bacarığıdır
Proqnozvermə-məşqçi-müəllimin qarşısındakı işlərin, yarışların nəticələrini, yarışlarda idmançıların göstərəcəyi nəticələri, keçirələcək hər hansı yarışlarda idmançıların hansı nəticələr qazanacaqları haqqında qabaqcadan fikir söyləmək bacarığıdır. Bu, idmançıların qabaqcadan yarışlarda yüksək nəticələr göstərməsi üçün onların hazırlığının planlı qurulması, yüksək nəticələr əldə etmələrinin proqnozlaşdırılmasıdır.

Yarışlardan asılı olmayaraq, idmançıların göstərəcəyi nəticələr haqqında qabaqcadan fikir söyləmək, proqnoz vermək, şübhəsiz ki, çox çətin, məsuliyyətli, eləcə də vacib bir məsələdir. Əlbəttə, verilən hər hansı bir proqnozun nə dərəcədə düzgün olması məşqçi-müəllimin qarşıdakı yarışa, idmançıların necə hazırlandığını, onların potensial imkanlarını və bir çox başqa amilləri qabaqcadan bilməsi, görməsindən irəli gələn bir bacarıqdır.

Müşahidəçilik bacarığı
Boks üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nəriman Abdullayevin fikrincə, məşqçi-müəllimin qrupda məşğul olanların daxili aləmini görmək, müşahidə etmək bacarığına malik olması, çox mühüm məsələdir: "O, qrupda olan uşaqların psixoloji durumunun müşahidə etməklə onların daxili aləmini dərk etməyi bacarmalıdır. Bacarıqlı məşqçi-müəllim ən xırda əlamətlərə görə öz yetirmələrinin daxili vəziyyətlərində gedən cüzi dəyişiklikləri belə, hiss etməyə çalışmalıdır. Unutmamalıdır ki, məşğul olanların hər birini müşahidə etmək, onların daxili aləmini dərk etmək, xüsusilə onların təfəkkürünü öyrənmək çox vacibdir.

Bəzən belə də olur ki, öyrətməyə böyük səy göstərən, kifayət qədər təcrübəli məşqçi-müəllim belə, uzun illər bu sahədə işləməsinə baxmayaraq, yüksək dərəcəli idmançılar hazırlaya bilmir. Bunun bir çox səbəbləri ola bilər. Ən başlıcası isə, belə məşqçilərin məşğul olanlarla qarşılıqlı əlaqəni düzgün qura, uşaqların daxili aləminə yol tapa bilməməsi, uşaq qəlbinin gizli sirlərini hiss etməməsi, uşaq sevincini, kədərini duymağı, fikrən özünü yetirmələrinin yerinə qoymağı bacarmamasıdır. Gənc məşqçi-müəllimlər unutmamalıdırlar ki, məşq edənlərin fiziki hazırlığını, əqli inkişafını, təxəyyülünü, təfəkkürünü, maraq dairəsini, qabiliyyətini, istedadını, meyillərini bilmədən onlardan yüksək dərəcəli idmançılar hazırlamaq mümkün deyil”.

Avtoritar bacarıqlar
Avtoritar bacarıqlar məşqçi-müəllimin bir sıra şəxsi xüsusiyyətlərindən - idmanda mövqeyindən, peşəkarlığından, iradi və mənəvi keyfiyyətlərindən, inamından, tələbkarlığından, məsuliyyətindən, dözümlülüyündən, təşkilatçılığından, lazımi məqamlarda idmançıları və bütün komandanı ruhlandıra bilməsindən, işini yüksək səviyyədə təşkil etmə bacarığından və s. asılıdır. Əlbəttə, məşqçi-müəllimin şəxsiyyəti təlim şəraitində birinci yerdə durur. Onun bu və ya digər keyfiyyətləri təlim və tərbiyəni yüksəldə və yaxud aşağı sala bilər.

Nəriman Abdullayevin fikrincə, məşqçi-müəllimin şəxsiyyətinin göstəricilərindən ən birincisi, obyektiv xarakterli xassəsi ondan ibarətdir ki, o, öz peşəsinin nəzəri və praktiki tərəflərini yüksək səviyyədə bilməlidir. "Məşqçi özünə qarşı tələbkar olmalı, öz sənətini sevməli və bu işə məsuliyyətlə yanaşmalıdır. O, həmişə hər yerdə səbirliliyi, dözümlülüyü, dəyanəti, ümumiyyətlə, yaxşı cəhətləri ilə hamıya nümunə olmağı bacarmalıdır.

Məşqçi yetirmələri ilə məşq və yarışlarda müxtəlif vəziyyətlərə düşür, məğlubiyyətə kədərlənir, əziyyət çəkir, bu vəziyyətdən çıxış yolları axtarır, səhvləri araşdırır, məşq prosesində dəyişikliklər edir və s. Yetirməsi qələbə əldə etdikdə, nailiyyətlər qazandıqda isə o sevinir, hörmət qazanır, bir şəxsiyyət kimi formalaşır, kamilləşir öz işinin ustasına çevrilir. Əlbəttə, bu zirvəyə çatmaq istəyən məşqçi enişli-yoxuşlu yollar keçir, çox əziyyətlərə dözməli olur”, - deyə təcrübəli məşqçi əlavə etdi.

Nitq bacarığı və təlimin "söz” metodu
Məşqçi-müəllimin öz fikrini sözlə ifadə etmə məharəti, onun nitq mədəniyyəti peşə hazırlığının güzgüsüdür. Məşqçi-müəllim öz sözü ilə, bir növ, öz varlığını təsdiq edir. O, həmişə dəqiq, ifadəli, cazibədar və anlaşıqlı danışmağı bacarmalıdır. Onun nitqi aydın, sadə, anlaşıqlı, inamlı və inandırıcı olmalıdır. Sözsüz ki, söz bütün sahələrdə, öyrətmədə, tədrisdə eləcə də idman məşqlərində həm müsbət, həm də mənfi təsir qüvvəsinə malikdir. Söz, öyrətmədə ən güclü, ən qüdrətli vasitə hesab edilir.

Məşqlərdə ən çətin hərəkətlərin və fəndlərin öyrədilməsində və təkmilləşməsində, idmançıların məşqlərdə, yarışlarda ruhlandırılmasında, onların iradi və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsində lazımi sözün seçilərək vaxtında istifadə edilməsi çox vacibdir. Bu, əlbəttə, hər bir məşqçi-müəllimdən böyük ustalıq tələb edir. Onlar idmançıların yarışlarda inamlı çıxışlarının təmin edilməsində sözdən lazımınca istifadə etməyi bacarmalıdırlar. İdmançının ruhlandırılması, onda özünəinam hisslərinin yaranması lazımi sözün vaxtında, düzgün deyilməsindən çox asılıdır.

Hümbət Cavadov qeyd etdi ki, məşqçi-müəllimlərin uşaqlarla münasibətdə düzgün danışıq tonu seçib, öz fikrini lazımi qaydada onlara çatdıra bilməsi də vacib amildir: "İdmanın fəlsəfəsinin açıqlanması məhz sözdən asılıdır. İnamla demək olar ki, idman məşqlərində bir çox öyrətmə metodları ilə yanaşı, təlimin "söz” metodunun özünəməxsus yeri vardır.

"Söz” metodu iki yerə bölünür:
1. Şifahi "söz” metodu: izahetmə, komanda vermə, şərh etmə, söhbət, nitq, sorğu və s.
2. Yazılı "söz” metodu: kitablar, jurnallar, qəzetlər və s.

Hər hansı bir mövzunun təlimi zamanı hərəkətlərin və fəndlərin əsas icra qaydaları və qanunauyğunluqları barədə idmançılara məlumatlar izahetmə yolu ilə çatdırılır. İzahetmə çox konkret və aydın olmalıdır. Məşqçi ən çox yarışların nəticələrinin təhlili zamanı, buraxılan səhvlərin aradan qaldırılmasında, ev tapşırıqlarının verilməsi zamanı izahetmədən istifadə edir. Bu, nümayiş etdirmə ilə birlikdə tədbiq edildikdə daha yaxşı nəticə verir.

Təlim-məşq prosesində çox vaxt fəndin (hərəkətin) obrazlı şərh edilməsi, texnika və taktikanın dərindən araşdırılması zamanı müəyyən fəndin tanınmış bir idmançı tərəfindən özünəməxsus tərzdə icrasına tez-tez müraciət edilir ki, bu da şərhetmə yolu ilə uşaqlara çatdırılır. Ancaq gənc məşqçi-müəllimlər bunu da unutmamalıdırlar ki, söz bütün insanlara eyni dərəcədə təsir etmir. Təcrübə göstərir ki, əgər məşqçi-müəllimlə yetirmələri arasında qarşılıqlı anlaşma yoxdursa, idmançılar müəyyən məqamlarda yerli-yersiz mübahisəyə girirlərsə, belələrini yalnız həyati nümunələr və konkret hadisələr söyləməklə inandırmaq lazımdır. Əlbəttə, belə vəziyyətlərdə hər bir uşağın psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır. Unutmaq olmaz ki, belə məqamlarda yaş xüsusiyyəti də böyük rol oynayır. Gənc məşqçi-müəllimlər xüsusilə unutmamalıdırlar ki, kiçikyaşlı uşaqlarla söhbət apararkən onların davranışlarındakı qüsurları yaradan səhvlər üzərində ətraflı dayanmaq məqsədəmüvafiq deyildir. Bu zaman hər bir hərəkətin yaratdığı ürəkaçan məqamların, gözəl nəticələrin üzərində dayanmaq daha vacibdir. Unutmaq olmaz ki, qarşılıqlı xoş münasibətlər əsasında uşaqlara dərin inam hissi bəsləmək nəzərdə tutulan nəticələrin əldə edilməsinə imkan verir. Yadda saxlamaq lazımdır ki, uşaqlarla aparılan söhbətlər uzun-uzadı olmamalı, yorucu təsir göstərməməli, parlaq nümunələrə, faktlara əsaslanmalı, səmimi olmalıdır. Kiçikyaşlı uşaqlarda təxəyyül qüvvətli olur. Onlar igidlik, mübarizlik, nağıllardakı qəhrəmanlar haqqında söhbətləri daha çox sevirlər. Ona görə də bu yaşda uşaqlarla söhbətlərdə görkəmli insanların, məşhur idmançıların rəşadəti, qələbə uğrunda mübarizələri haqqında məlumatlara geniş yer verilməlidir. Belə söhbətlər uşaqlar üçün daha maraqlı olur”.

Təcrübəli məşqçilərin fikirlərindən belə qənaətə gəlmək mümkündür ki, istənilən yarışda uğurlara nail olmaq məşqçi-idmançı münasibətindən qaynaqlanır. Bu münasibətlərin düzgün qurulması qələbələrə aparan yolun başlanğıcıdır.
Rahib Səmədov