“Ümid edirik ki, yeniyetmə idmançılardan bir neçəsi Tokio-2020 Olimpiadasında mübarizə aparacaq”

“Ümid edirik ki, yeniyetmə idmançılardan bir neçəsi Tokio-2020 Olimpiadasında mübarizə aparacaq”
Buyaxınlarda Macarıstanın Gyor şəhərində Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalı başa çatdı. Festivalda qitənin 3600-ə qədər idmançısı 10 idman növündə (basketbol, velosiped, həndbol, gimnastika, voleybol, cüdo, atletika, üzgüçülük, tennis, avarçəkmə) mübarizə apardılar. Azərbaycan budəfəki Festivalda 41 idmançı ilə təmsil olundu. Komandamızın üzvləri Vətənə 2 medalla döndülər. Macarıstanda yalnız cüdoçularımız etimadı doğrultdular. 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova gümüş medala layiq görüldü. Adil Kərimli (-90 kq) isə bürünc medal qazandı.

Yeniyetmə idmançılarımızın bu yarışlarda çıxışlarını, əldə olunan nəticələri təhlil etmək üçün "Olimpiya dünyası” qəzetinin redaksiyasında "Dəyirmi masa” təşkil olundu. Avqustun 1-də keçirilən "Dəyirmi masa”da yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramiz Ramizzadə, baş məşqçinin köməkçisi Emin İsgəndərov, Vüsalə Kərimovanın şəxsi məşqçisi Bəhlul Ağamalıyev, idmançılar - Vüsalə Kərimova (40 kq), Adil Kərimli (-90 kq), Günel Bəkirzadə (57 kq), Məhəmməd Abdullayev (+90 kq), Qnyaz Mahmudlu (66 kq) iştirak etdilər.

"Olimpiya dünyası”:
- Əvvəlcə istərdik ki, yeniyetmə cüdoçularımızın bu il hansı yarışlarda iştirak etdikləri barədə məlumat verəsiniz.

Ramiz Ramizzadə:
- Bildiyiniz kimi, buyaxınlarda Litvanın Kaunas şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçirildi. 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunurdu. Yığmamız yarışda 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazandı.

Qitə birinciliyində Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib oldu. Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını əldə etdilər. Davud Abaslı (60 kq) isə birinciliyi bürünc medalla başa vurdular.

Emin İsgəndərov:
- Bu il yeniyetmə cüdoçularımız öz uğurları ilə bizi sevindirdilər. Demək olar ki, iştirak etdiyimiz bütün beynəlxalq yarışlarda mükafatçılar sırasında yer almışıq. Əldə olunan nəticələr bir daha göstərdi ki, cüdo idman növü yeniyetmələr arasında çox sevilir, populyarlıq qazanıb.

"Olimpiya dünyası”:
- Yəqin ki, yeniyetmə cüdoçuların mübarizə apardığı ən böyük yarışlardan biri XIV Olimpiya Festivalı oldu. Komandamız üçün Festival nə ilə yadda qaldı? Nəticələrdən sizi qane etdimi?

Ramiz Ramizzadə:
- Avropa Yeniyetmələrinin Olimpiya Festivalı bu il iştirak etdiyimiz 6-cı beynəlxalq yarış idi. Bu yarış idmançılarımız üçün böyük sınaq oldu. Gyorda ən yaxşı yeniyetmə cüdoçularımız mübarizəyə qoşulmuşdu. Ümid edirik ki, bu yeniyetmələrdən bir neçəsi Tokio-2020 Olimpiadasında mübarizə aparacaqlar. Düzdür, Macarıstanda keçirilən Festivalda, əvvəlkilərdən fərqli olaraq, az medal qazandıq. Təbii ki, buna təəssüflənirəm. Biz Avropa birinciliyində ümidləri doğruldan idmançıların Macarıstanda da medal qazanacağına inanırdıq. İnanırdıq ki, onlar bu mötəbər idman tədbirində də öz bacarıqlarını layiqincə nümayiş etdirəcəklər. Avropa Yeniyetmələrinin Olimpiya Festivallarının tarixinə nəzər salanda görürük ki, həmin yarışlarda medalların əksəriyyətini məhz cüdoçularımız əldə ediblər. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyurdu. Çalışdıq ki, ənənəni uğurla davam etdirək. Hətta turnirdən əvvəl cüdoçularımızın, ən azı, 2-3 qızıl medal qazanacağını proqnozlaşdırırdıq. Macarıstandakı yarış zədə baxımından bizim üçün düşərli olmadı. Əksər idmançılarımız yarış zamanı ciddi zədələnərək, medal qazanmaq şanslarını itirdilər. Bu amil qızıl medal uğrunda yarışan idmançılarımıza psixoloji olaraq pis təsir etdi.

Emin İsgəndərov:
- Avropa Yeniyetmələrinin Olimpiya Festivalı idmançılarımız üçün hər zaman gərgin mübarizə ilə yadda qalırdı. Macarıstanda yığma komandamızın cüdoçularından yüksək əyarlı medallar gözləyirdik. Cüdo üzrə yığmamız bu turnirə yüksək səviyyədə hazırlaşmışdı. Hər bir idmançımız medal qazanmaq əzmində idi. Şübhəsiz ki, Olimpiya Festivalında çıxış edən yeniyetmə idmançılarımız gələcəyin potensial Olimpiya çempionu olmağa namizəddir. Bu festival onlar üçün bir tramplin rolunu oynayırdı. Amma yarış idmançılarımıza psixoloji olaraq pis təsir etdi. İdmançılarımızın zədələnməsi onların yarışda yüksək yerlər uğrunda mübarizə aparmasına mane oldu. Vüsalə Kərimova yaxşı çıxış edərək finala kimi irəlilədi. O, həlledici görüşdə məğlub olaraq gümüş medalla kifayətləndi. Düzdür, Vüsalədən çempionluq gözləyirdik. Amma bu medal yeniyetmə idmançı üçün pis nəticə sayılmır. Adil Kərimli də son saniyələrdə finala çıxa bilmədi. Onun ayağındakı zədə özünü biruzə verdi. Buna baxmayaraq, Adil bürünc medalı qazandı. Bayaq qeyd etdiyim kimi, 2017-ci ildə iştirak etdiyimiz bütün turnirlərdə qızıl medallar qazandıq. Amma Macarıstandakı turnirdə bəxtimiz gətirmədi. Bildiyiniz kimi, 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Bakıda keçiriləcək. Ümid edirik ki, həmin turnirdə qızıl medallar qazanaraq, azarkeşlərimizi sevindirəcəyik.

Bəhlul Ağamalıyev:
- Cüdo komandasının çıxışından razıyam. Nəzərə almaq lazımdır ki, bəzi vəziyyətlərdə hakimlər ədalətsizlik edərək, xalı rəqib idmançıya verdilər. Məsələn, Vüsalə Kərimova qızıl medal qazanmalı idi. Təəssüf ki, final görüşündə hakim ədalətsizliyi idmançımızın birinci yeri tutmasına mane oldu. Vüsalə son 4 yarışda 3 qızıl və 1 gümüş medal qazanıb. Bu, böyük nəticədir. O, hələ yeniyetmədir, zəfərləri hələ qabaqdadır. Yadımdadır ki, Vüsalə bu idman növü ilə təzəcə məşğul olmağa başlayanda deyirdi ki, mən ikiqat Olimpiya çempionu olacağam. İnşallah o, öz arzusuna çatar. Macarıstanda mübarizə aparan bütün idmançılarımızı təbrik edirəm. Bir daha vurğulamaq istəyirəm ki, onların hər birinin uğurlu günləri hələ qabaqdadır.

"Olimpiya dünyası”:
- İndi isə gəlin, idmançılarımız dinləyək. İstərdik ki, təkcə XIV Olimpiya Festivalından deyil, həm də bu il iştirak etdiyiniz yarışlar barədə danışasınız.

Vüsalə Kərimova:
- Avropa Yeniyetmələrinin Olimpiya Festivalına yüksək səviyyədə hazırlaşmışdım. Çalışırdım ki, əvvəlki yarışlarda əldə etdiyim nəticələrimi Festivalda da təkrarlayım. İspaniyada və Çexiyada keçirilən kubok yarışlarında birinci yerə layiq görülmüşdüm. Litvada da eyni nəticəyə imza atmışdım. Festivalda da çalışırdım ki, qızıl medalla Vətənə qayıdım. Məşqçilərim bizi psixoloji cəhətdən turnirə yüksək səviyyədə hazırlaşdırmışdılar. Macarıstanda finala kimi bütün rəqiblərimə qalib gəldim. Qızıl medal uğrunda qarşılaşmada belçikalı cüdoçu ilə üz-üzə gəldim. Düzünü deyim ki, həlledici mərhələdəki çıxışım məni qane etmədi. Bacardığımı göstərə bilmədim. Demək olar ki, qızıl medalın bir addımlığında idim. Amma gümüş medalla kifayətlənməli oldum. Bu nəticəyə təəssüflənirəm. Bununla belə, inanıram ki, növbəti yarışlarda ümidləri doğruldacağam.

Adil Kərimli:
- Turnirdən əvvəl yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Məşqçilərimiz öz bacarıqlarını bizə aşılayırdılar. Psixoloji cəhətdən özümü yarışa tam hazır sayırdım. İlk iki görüşdə müvafiq olaraq, Hollandiya və Rumıniya təmsilçilərini məğlub edərək yarımfinala vəsiqə qazandım. Bu mərhələdə gürcüstanlı cüdoçuya məğlub oldum. Bürünc medal uğrunda görüşdə Polşa təmsilçisi ilə qarşılaşdım. Medal şansımı əldən vermək istəmirdim. Belə də oldu. Rəqibimi məğlub edərək, Festivalın bürünc medalına layiq görüldüm.


Günel Bəkirzadə:
- Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalından əvvəl bir neçə turnirdə yaxşı çıxış etmişdim. Ona görə də Macarıstana böyük ümidlərlə yollanmışdım. Özümə çox güvənirdim və görüşlərimi rahat keçirdim. Birinci görüşümdə albaniyalı idmançını asanlıqla məğlub etdim. Növbəti mərhələdə Macarıstan təmsilçisi ilə qarşılaşdım. Təəssüf ki, həmin görüşdə uduzdum. Mənim rəqibim növbəti mərhələdə uduzduğuna görə təsəlliverici qarşılaşmalarda iştirak edə bilmədim. Uğursuzluğuma təəssüflənirəm. Heyif ki, məşqçilərimin etimadını doğrulda bilmədim. Açığı, yarışlarda uğursuz çıxış edəndən sonra idmandan getmək istəyirəm. Bəlkə də bu qərarı əsəbi şəkildə verirəm. Amma 1-2 gündən sonra yenidən formanı geyinib məşqlərə başlayıram (gülür). Fikirləşirəm ki, ciddi məşq edib uğurlar qazanacağam.

Məhəmməd Abdullayev:
- Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalında komandamızın bayraqdarı idim. Bu məsuliyyətli işi mənə tapşırdıqlarına görə hər bir kəsə minnətdaram. Qeyd edim ki, bu il 4 dəfə Avropa kubokunda yarışmışam və yüksək nəticə qazanmışam: 2 qızıl, 2 gümüş. İlk yarışım İspaniyada oldu. Oradan Vətənə çempion kimi qayıtdım. Ardınca Türkiyədə yarışda iştirak etdim. Finalda öz səhvimə görə braziliyalı idmançıya məğlub olaraq, gümüş medalla kifayətləndim. Üçüncü Avropa kuboku Çexiyada oldu. Görüşlərimi yüksək səviyyədə keçirərək çempion adını qazandım. Polşada keçirilən Avropa kubokunun ilk mərhələsində litvalı idmançını məğlub etdim. Növbəti mərhələlərdə 2 gürcü idmançısına qalib gələrək finala yüksəldim. Həlledici görüşdə rusiyalı cüdoçuya məğlub oldum. Polşa turnirindən zədəli qayıtmışdım. Ona görə də Macarıstana ciynim zədəli şəkildə getmişdim. Bu isə özünü orada keçirdiyim ilk görüşdə biruzə verdi və görüş vaxtından əvvəl dayandırıldı.

Qnyaz Mahmudlu:
- Macarıstandakı turnirdən əvvəl Litvanın Kaunas şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində iştirak etdim. Həmin yarışda əldə olunan gümüş medallardan biri də mənim payıma düşdü. Finalda qızıl medal da qazana bilərdim. Amma son saniyələrdə üstünlüyü əldən verdim. Avropa Yeniyetmələrinin XIV Olimpiya Festivalına böyük ümidlərlə yollanmışdım. Düşünürdüm ki, buradan Vətənə mütləq qızıl medalla qayıdacağam. İlk görüşüm gürcü idmançısı ilə oldu. Həmin idmançıya uduzdum. Təsəlliverici görüşlərdə finlandiyalı cüdoçunu məğlub etsəm də, rusiyalı idmançıya uduzdum. Son görüşdə üstün olduğum halda, görüşün başa çatmasına 1 saniyə qalmış ippona düşdüm. Qeyd edim ki, ilk görüşdə uduzduğum Gürcüstan təmsilçisi Festivalın qalibi oldu.

"Olimpiya dünyası”:
- Söhbət əsnasında məlum oldu ki, bəzi cüdoçular zədəli şəkildə Macarıstana yollanıblar. Belə idmançıları əvəzləmək mümkün deyildimi?

Ramiz Ramizzadə:
- Festivaldan 2 ay əvvəl heyətdə kimlərin yer alacağı barədə siyahını Avropa Olimpiya Komitəsinə (AOK) göndərmişdik. Bu, ümumi qaydadır. Lakin siyahının əvvəlcədən tərtib edilməsi və təsdiqlənməsi bizim planlarımızı pozdu. Avropa birinciliyindən qayıtdıqdan sonra heyətdəki zədəli idmançıları yeniləri ilə dəyişmək istəyirdik. Heyətin tərkibi əvvəlcədən AOK-a göndərildiyinə görə, məcburən 4 zədəli idmançını Macarıstana apardıq. Orada isə yarışlar zamanı daha iki idmançımız zədələndi. Sanki bəxtimiz gətirmədi. Çox böyük ümidlərlə yollandığımız yarışda belə bir arzuolunmaz vəziyyətlə üzləşdik. Heyətdəki qız idmançılarımızdan ikisinə də ümidimiz böyük idi. Biri medal qazandı, digəri isə zədələndiyi üçün görüşü yarımçıq dayandırdı. Dediyim kimi, XIV Olimpiya Festivalında bizim komandamızın bəxti gətirmədi.

Emin İsgəndərov:
- Yarışlara yüksək səviyyədə hazırlaşmışdıq. Tam əmin idik ki, ölkəmizə qızıl medallarla qayıdacağıq. Çünki komandamızda yer alan cüdoçuların hər biri əvvəlki turnirlərdə qalib gəlmişdilər. Təəssüf ki, zədələr bizim planlarımızın üzərindən xətt çəkdi.

"Olimpiya dünyası”:
- Sizcə, Avropa Yeniyetmələrinin Olimpiya Festivalları yeniyetmə idmançıların mənəvi tərbiyəsinə təsir göstərə bilir?

Ramiz Ramizzadə:
- Bizim işimiz təkcə medal qazanmaq yox, ölkəmiz üçün sağlam insan yetişdirməkdir. Yeniyetmələrin və gənclərin mənəvi və fiziki cəhətdən sağlam böyüməsi ən vacib amildir. Olimpiya Festivalları yeniyetmə idmançılar üçün böyük yolun başlanğıcıdır. İdmançılar belə irimiqyaslı yarışlarda medal qazanda onlar daha da həvəslənirlər. Bu medal onlar üçün gələcək uğurlara bir növ tramplin rolunu oynayır. Həmçinin, yeniyetmələr belə yarışlarda mənəvi cəhətdən inkişaf edirlər. Komandamızda olan nizam-intizam, əxlaqi dəyərlərə hörmətlə yanaşmaq şəxsən məni çox sevindirir. Yeri gəlmişkən, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Gyor şəhərinə səfəri zamanı Olimpiya kəndinə gələrək məşqçi və idmançılarla görüşdü. Bizim problemlərimizlə maraqlandı. Çingiz müəllim çıxışı zamanı idmançılara yüksək səviyyəli davranışlarına görə təşəkkür etdi. XIV Olimpiya Festivalının Təşkilat Komitəsi yarışlarda iştirak edən 50 ölkə arasında Azərbaycan və Albaniya idmançılarının nizam-intizama ciddi əməl etdiyini qeydə almış və bu barədə Çingiz Hüseynzadəyə məlumat verilmişdi. İdmançılarımızın Macarıstanda ölkəmizi ləyaqətlə təmsil etməsi hər birimizi qürurlandırdı.

Emin İsgəndərov:
- Yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafında, onların Vətənin müdafiəsinə hazır insanlar kimi yetişməsində idmanın çox böyük rolu var. İdman hər şeydən əvvəl sağlamlıq deməkdir. Azərbaycanda gənc nəslin sağlamlığının qorunması diqqət mərkəzindədir. Bu gün yeniyetmə və gənc idmançıların beynəlxalq yarışlarda iştirakı, medallar qazanması idmana göstərilən dövlət qayğısından xəbər verir. Hazırda ölkəmizdə idmanın inkişafı üçün kifayət qədər şərait mövcuddur. Sağlamlıqla yanaşı, mənəvi cəhətdən inkişaf da ən vacib amildir. Bizim hər birimiz yeniyetmə və gənclərin mənəvi tərbiyəsinə diqqət göstərməliyik. Əlbəttə ki, bu məsələdə yeniyetmələrlə məşğul olan məşqçilərin üzərinə daha böyük məsuliyyət düşür. Hər zaman idmançılarımıza tövsiyə edirik ki, onlar yalnız medal uğrunda mübarizə aparmasınlar. Eyni zamanda, öz davranışları, mədəniyyətləri ilə fərqlənsinlər. Bununla yanaşı, biz onlara izah edirik ki, yarış zamanı zədələnən rəqibə öz yardımını göstərmək vacibdir. Bu, insanlığın ən böyük təcəssümüdür. Çox sevinirəm ki, Macarıstanda mübarizə aparan yeniyetmə idmançılarımızın hər biri öz davranışları ilə bizi sevindirdilər.

"Olimpiya dünyası”:
- Qarşıda yeniyetmə cüdoçularımızı hansı yarışlar gözləyir?

Ramiz Ramizzadə:
- İlin sonuna qədər bir neçə turnirdə iştirak edəcəyik. Sentyabr ayında Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Ənənəvi turnirdə yeniyetmə cüdoçularımız da mübarizə aparacaqlar. Yüksək nəticə qazananları Macarıstanın Gyor şəhərində keçiriləcək Avropa kuboku yarışına yollanan heyətə daxil edəcəyik. Avropa kuboku həm reytinq xarakterlidir, həm də uşaqlar təcrübə toplayacaqlar. Bu il Yunanıstanda da beynəlxalq turnir keçiriləcək. Cüdoçuların həmin yarışda iştirakı da nəzərdə tutulub. Onu da deyim ki, yeniyetmə cüdoçuların belə yarışlarda iştirakı üçün Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən lazım olan bütün işlər görülüb. Federasiyanın prezidenti Rövnəq Abdullayev cüdonun inkişafı, bölgələrdə yayılması üçün əlindən gələni əsirgəmir. Əminəm ki, bu cür qayğı və diqqət görən cüdoçularımız onlara göstərilən etimadı hər zaman doğruldacaqlar.
Rahib Səmədov