Fiziki idman növlərinin əsasında atletika dayanır

Fiziki idman növlərinin əsasında atletika dayanır
«Atletika» (yunan dilində «atletikos» sözündəndir, mənası «mahir» deməkdir) qüvvə və çeviklik tələb edən hərəkətlər məcmusudur. Qədim Yunanıstanda böyük fiziki qüvvəyə malik şəxsləri - idman yarışlarının iştirakçılarını "atlet” adlandırırdılar. İlk qaçış yarışı eramızdan əvvəl Misirdə təşkil edilmişdir. Amma tarixin ən məşhur atletika yarışları, ilk dəfə qədim Yunanıstanda təşkil edilən Olimpiya Oyunlarında reallaşıb. Qədim Olimpiya Oyunları, yalnız idman yarışlarının təşkil edildiyi bir fəaliyyət kimi deyil, eyni zamanda idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük şənliklər idi. Atletlər yarışlardan 10 ay əvvəl hazırlanmağa başlayar, hazırlığın sonuncu mərhələsini Olimpiya Oyunlarının təşkil edildiyi yerdə (indiki Atletlər Kəndi) keçirərdilər. Atletika - bir idman növü olmaqla yanaşı, həm də digər fiziki hazırlıq tələb edən növlərin hərəkətverici qüvvəsini təşkil edir.

İdmanın müasir növlərinin inkişafı müəyyən proseslərdən keçsə də, bəzi dəyişikliyə uğrasa da «yüngül atletika» ifadəsi olduğu kimi qalıb. İndi o, təbii tətbiqi hərəkətləri - idman yerişini, müxtəlif məsafələrə sədlərsiz və sədləri dəf etməklə qaçmağı, idman alətləri atmağı, uzunluğa və hündürlüyə tullanmağı, çoxnövçülüyü əhatə edir. Bununla belə, «yüngül atletika» termini şərtidir. Əsrlər keçərək bizə gəlib çatan həmin termin idmanın bu növünə daxil olan hə-rəkətlərin məzmununu dəqiq əks etdirmir.

Olimpiya Oyunlarında kişi atletlər maneəsiz cığırlarda 100, 200, 400, 800, 1500, 5 min və 10 min metr məsafələrə qaçmaq, marafon yürüşü (42 kilometr 195 metr), sədləri dəf etməklə 110 və 400 metr məsafələrə, maneələri dəf etməklə 3 min metr məsafəyə qaçmaq, 4x100 metr və 4x400 metr məsafələrə estafet qaçışı, 20 və 50 kilometr məsafələrə idman yerişi, uzunluğa, hündürlüyə, şüvüllə hündürlüyə tullanmaq, üçtəkanla uzunluğa tullanmaq, dəmir lövhə, nizə, çəkicatma, nüvəitələmə və onnövçülük üzrə yarışlarda mübarizə aparırlar.

Qadınlar isə Olimpiya Oyunlarında 100, 200, 400 və 800 metr məsafələrə qaçmaq, sədləri dəf etməklə 80 metr məsafəyə qaçmaq, 4x400 metr məsafəyə estafet qaçışı, uzunluğa və hündürlüyə tullanmaq, şüvüllə hündürlüyə tullanmaq, dəmir lövhə və nizə atmaq, nüvəitələmək və beşnövçülük üzrə yarışırlar.

Məsələn, 2 saat 15 dəqiqə ərzində 42 kilometrdən çox məsafəni qət etmək, yaxud 8 metrdən artıq uzunluğa tullanmaq yüngül, asan bir işdirmi? Əlbəttə, yox!


"İdmanının kraliçası” ölkəmizdə qədim ənənələrə malik olan 
bir idman növüdür

Azərbaycan Atletika Federasiyası (AAF) 1923-ci ildə yaradılıb. Amma bu funksiyanı uzun müddət Bədən Tərbiyəsi və İdman Ali Şurası yerinə yetirib. Federasiya 1992-ci ildən yenidən təsis edilib. Maraqlıdır ki, federasiya təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1990-cı illərin əvvəllərində atletika Avropada çox güclü inkişaf etdiyi halda, Asiyada təzə-təzə inkişafa başlayırdı. Demək olar ki, Asiyada Yaponiyadan başqa heç bir ölkədə atletika irəliləyişə nail olmamışdı. Bu halda Azərbaycan atletlərinin Asiyada nəyəsə nail olmaq imkanları daha çox idi. Görünür, elə buna görə də AAF-ın o vaxtkı rəhbərliyi Asiya Atletika Federasiyasına üzv olmağı daha münasib sayıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra - 1992-ci ildə AAF yenidən təsis olunub. Atletika Federasiyası 1993-cü il iyulun 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1996-cı ildə Çingiz Hüseynzadə AAF-ın prezidenti seçildi. Onun federasiya prezidenti seçilməsindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi önə çəkilib. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə federasiyamızın EAA-ya üzvlüyü reallaşıb. Azərbaycanda atletika idmanının təşəkkülü XX əsrin əvvəllərinə təsadüf edir. 1920-ci ildən sonra Bakıda və ətraf qəsəbələrdə atletika bölmələri fəaliyyət göstərməyə başlayıb. Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilib. 1923-cü ilin sonu, 1924-cü ilin əvvəllərində Azərbaycanın bölgələrində - Lənkəran, Quba, Zaqatala, Gəncədə və digər yerlərdə atletika ilə məşğul olmağa başlanılıb.

Həmin dövrdə respublikada 50-dən çox dərnəkdə 4500 adam idmanla məşğul olurdu. 1925-ci il noyabr ayının 6-7-də şəhər stadionunda atletika üzrə Həmkarlar İttifaqının idmançılarının yarışı keçirilib. Yarışlar beşnövçülük üzrə keçirildi və artıq müxtəlif növlərdə diqqəti cəlb edəcək nəticələr göstərilib.

1928-ci ildə bütün ölkə Birinci Ümumittifaq Spartakiadasına hazırlaşırdı. Azərbaycan atletləri də bu yarışdan kənarda qalmadılar. Bu mötəbər yarışlardan əvvəl Azərbaycan, sonra isə Zaqafqaziya spartakiadaları keçirildi. O vaxt üçün bunlar böyük idman bayramları hesab olunurdu.

Azərbaycan atletləri ilk SSRİ rekordunu 1934-cü il iyulun 25-də müəyyən etdilər. Həmin rekordun sahibi Q.Qaneker oldu. O, sədləri dəf etməklə 80 m məsafəyə qaçışda 13,5 san. nəticə göstərdi. Bundan on gün sonra isə H.Mityanin sədləri dəf etməklə 400 m məsafəyə qaçışda ölkə rekordunu (57,8 san.) yenilədi. 1949-cu ildə İsay Popkov Bakı şəhərində keçirilən beynəlxalq yarışda dünya rekordunu təzələyib. Qadınlar arasında ilk azərbaycanlı atlet Ziba Ələsgərova 1959-cu ildə dünya rekordçusu adını qazandı.

Atletikanın uzununa tullanma növü üzrə idman ustası Xandadaş Mədətov SSRİ çempionu (1950, 7m. 15sm) və ümumittifaq rekordçusu (1952, 7m. 50sm) olub.

Yuri Konovalov, L.Bartenyev, V.Tokaryev, V.Suxaryevdən ibarət komandamız 1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən XVI Yay Olimpiya Oyunlarında 4x100 metr estafet qaçışında 39, 8 nəticə göstərərək, gümüş medal əldə edib.

Respublikamızın atletika üzrə məşqçiləri 1957-ci ildə 5 idman ustası və 50 nəfərdən artıq yüksək dərəcəli idmançı hazırlayıb. Bacarıqlı atletlərin hazırlanmasında SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərovun, məşqçilərdən Ü.Qasımovun, A.Şepelevin və başqalarının adını çəkmək olar. 1957-ci ilin statistik məlumatına əsasən respublikamızda atletika üzrə 5 ümumittifaq və 37 respublika dərəcəli idman hakimi var idi.

Təəssüf ki, 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr ölkə idmanına mənfi təsir göstərib. Həmin illərdə bir çox mütəxəssislər, idmançılar ümumiyyətlə, idmandan ayrılıblar. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə bütün idman növlərində yüksəliş dövrü başladı. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə, o cümlədən idman sahəsində də intibah təşəkkül tapdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda idmanın inkişafı üçün lazım olan şərait yaradıldı. Dövlət qayğısı ilə əhatə olunan idmançılarımız beynəlxalq arenalarda güclü rəqibə çevrildilər. Bu yüksəliş atletika növünün inkişafına da öz təsirini göstərdi. Azərbaycan Atletika Federasiyasının (AAF) yaradılması atletlərimizin yenidən bir araya gəlməsinə, məşqlərin, təlim-məşq toplanışlarının bərpasına şərait yaratdı. Respublikamızın uşaq, yeniyetmə və gəncləri bu növlə daha həvəslə məşğul olmağa başladılar. AAF təsis olunduqdan sonra Asiya Atletika Federasiyasına üzv qəbul olundu. Beynəlxalq əlaqələrin yaradılması ölkəmizdə atletikanın daha geniş şəkildə inkişafına zəmin yaratdı. Atletlərimiz mötəbər turnirlərdə mübarizə aparmağa başladılar. Respublikamızın uşaq və gənclərinin atletikaya kütləvi şəkildə cəlb olunması prosesi sürətləndi. Eyni zamanda uğurlarımız artdı. 1997-ci ildə atletimiz Sergey Boçkov yeniyetmələr arasında Asiya birinciliyində bürünc medal əldə etdi. AAF-ın həyata keçirdiyi tədbirlər federasiyanın beynəlxalq əlaqələrini daha möhkəmləndirdi. Belə ki, 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Beynəlxalq Atletika Assosiasiyaları Federasiyalarının konqresində AAF Avropa Atletika Assosiasiyasının üzvlüyünə qəbul edildi. Bu idman növünün ölkəmizdə daha da inkişaf etdirilməsi, atletikanın uşaq, yeniyetmə və gənclər arasında kütləvi şəkildə yayılmasına səbəb oldu. Yaradılan şərait Azərbaycanın gənc atletlərinin beynəlxalq turnirlərdə uğurlu çıxışında müstəsna rol oynadı.Tanınmış atletimiz Ramil Quliyev qazandığı uğurlarla atletikanın ölkəmizdə sürətlə inkişaf etdiyini göstərdi. Ramil Avropa Yeniyetmələrinin Olimpiya Festivalında qzıl medal, dünya çempionatında isə gümüş medal əldə etdi. O, Tələbələrin Yay Universiadasında və gənclər arasında Avropa çempionatında 200 metr məsafəyə qaçışda qızıl medala yiyələndi.

1980-90-cı illərdə Azərbaycan atletləri SSRİ və beynəlxalq yarışların mükafatçıları sırasında yer alıblar. Həmyerlimiz Vasif Əsədov üçtəkanla tullanmada üç qat SSRİ (1983, 1984, 1988) çempionu adına layiq görülüb, həmçinin Avropa çempionatının bürünc (1988) medalını qazanıb.

Təəssüf ki, 1990-1991-ci illərdə respublikada baş verən xaos, özbaşınalıq bütün sahələrdə olduğu kimi, idman sahəsində də acınacaqlı vəziyyətin yaranmasına səbəb oldu. Atletikanın vəziyyəti də olduqca çətin idi. Aparıcı məşqçilərin və idmançıların Azərbaycanı tərk etməsi, maliyyə problemləri atletika üzrə respublika yarışlarının təqvimini tam həcmdə həyata keçirməyə imkan vermirdi.

Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra vəziyyət normallaşdı. Azərbaycan idmançıları böütün idman növlərində, o cümlədən atletika üzrə keçirilən beynəlxalq yarışlarda uğurla çıxış etməyə başladılar. Heydər Əliyevin təşəbbüsü nəticəsində bu növ üzrə yarışların təşkili üçün lazımi şərait yaradıldı. Gənclər atletikaya maraq göstərməyə başladılar.

1993-cü ildən sonra Azərbaycan atletləri müstəqil respublikamızı dünya və Asiya çempionatlarında təmsil etməyə başlayıblar. İlk qələbə həmin il İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq yarışda əldə olundu. Elvira Cabbarova 60 m məsafədə qalib gələrək Azərbaycan rekordunu da müəyyənləşdirib.
1993-cü ildə Aleksey Fatyanov Filipində (Manila) keçirilən Asiya çempionatında üçtəkanla tullanma növündə qızıl medal əldə edib.

O, 1993-cü ildə Znamenski qardaşları beynəlxalq turnirində üçtəkanla tullanmada ikinci yeri tutub. Beynəlxalq yarışlarda əldə olunan nəticələr uşaq, yeniyetmə və gənclərin atletika ilə məşğul olmasına təkan verdi. Respublikamızın həm paytaxtında, həm də bölgələrdə tez-tez təşkil olunan atletika yarışları iştirakçıların təcrübə qazanmasına, fiziki sağlamlıqlarının qorunmasına imkan yaradıb.

Atletikanın digər idman növlərinə təsiri az deyil

Atletika beynəlxalq miqyasda çox böyük nüfuza malikdir. Bu növ ölkəmizdə də uşaq və gənclərin maraq göstərdiyi idman növlərindən biridir. Qeyd edək ki, dünyada "idmanın kraliçası” adlandırılan atletikanın digər növlərdən fərqi onun dövri idman növlərinə aid olmasındadır. Bu növdə bir-iki ilə yüksək səviyyəli idmançı hazırlamaq o qədər də asan deyil. Hər hansı beynəlxalq səviyyəli idmançının hazırlanması xeyli vaxt tələb olunur. Atletikada rəqibə yox, zamana və məsafəyə qalib gəlməlisən. Bu, doğrudan da, belədir. Məsələn, qaçış zamanı idmançılar bir-biriləri ilə yox, zamanla mübarizə aparırlar. Qeyd edək ki, istənilən fiziki idman növlərinin əsasında atletika dayanır. Mütəxəssislərin fikrincə, atletika bütün növlərdə, qismən də olsa, özünü göstərir. Daha doğrusu, istənilən idman növündə mübarizə aparan idmançı, ən azı, təlim-məşqlər zamanı qaçışla, tullanma ilə məşğul olur. Bu baxımından atletikanın digər idman növlərinə təsiri az deyil. Təhlillər göstərir ki, bədən tərbiyəsi və idmana həvəs göstərənlərin 99 faizi qaçışla məşğul olur. Mütəxəssislərin fikrincə, atletika növünə daxil olan qaçış insanın sağlamlığına böyük təsir edir. Praktik olaraq, qaçışın insan orqanizminə heç bir əks təsiri yoxdur. O, bütün orqanizminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: qan dövranını yaxşılaşdırır , bütün əzələ qruplarını formaya salır. Ümumiyyətlə, qaçış formada qalmaq üçün ən yaxşı vasitədir. Qaçışın ən böyük üstünlüyü sarsıntını aradan qaldırmaq qabiliyyətinə malik olmasıdır. Bu növdə məşqlərə tədricən başlamaq və vaxt keçdikcə fiziki yükü müəyyən bir həddə çatdırmaq lazımdır. Lakin həddindən artıq fiziki gərginlik orqanizmi yorur. Müətxəssislərin fikrincə, uşaqlar qaçışla məşğul olmaq üçün, ilkin mərhələdə, sadə üsullardan istifadə etməlidirlər. Yəni asta-asta qaçmaq lazımdır. Məhz bu cür qaçış növü oynaqlar üçün təhlükəsizdir. Mütəxəssislər hesab edirlər ki, qaçışa başlamazdan əvvəl, sadə gimnastik hərəkətlər yerinə yetirilməlidir. Məhz bundan sonra müxtəlif qaçış məsafəsi seçmək olar. Qaçış qrafikini hər kəs özü seçə bilər. Şübhəsiz, qaçışla yanaşı, atletikanın digər növləri də, uşaq və gənclərin fiziki sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda uşaq və gənclərin fiziki sağlamlığının qorunması, onların kütləvi şəkildə yarışlara cəlb olunması üçün hər il müxtəlif kütləvi tədbirlər təşkil olunur. Paytaxtımızda hər il təşkil olunan Olimpiya Günü məhz bu cür tədbirlərdəndir. Olimpiya Günü 1994-cü ildən təntənəli şəkildə qeyd edilir. Hər il keçirilən bu tədbirdə minlərlə uşaq, yeniyetmə və gənc həvəslə iştirak edir. İlk üç yeri tutan iştirakçılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunurlar. Bütün iştirakçılara BOK-un sertifikatı verilir.

Atletikanın daha bir xüsusiyyəti vardır ki, ona nə futbolda, nə hokkeydə, nə də başqa bir idman növündə rast gəlirik. Futbol yarışında bir idmançının zəif, inamsız oyunu digərlərinin səyi nəticəsində gözə görünmürsə, hiss olunmursa, atlet ancaq öz qüvvəsinə ümid bəsləyir. Burada başqalarının hesabına irəli getmək mümkün deyildir. Məqsədə çatmaq üçün hər kəs özü zəhmət çəkməlidir. Fiziki kefiyyətlərlə yanaşı, bütün bu xüsusiyyətlər iradə, qətiyyət yaradır, məşq prosesinə yaradıcı münasibət bəsləməyə məcbur edir. Beləliklə, atletika «yüngül» adlansa da, burada asan yolla yüksək ustalığa nail olmaq heç də asan deyildir.

Biz hamımız yeriyə bilirik. Lakin bizim hər birimizin yerişi digərinin yerişindən fərqlənir. Məsələn, adi insan yarım saat ərzində 5 kilometr məsafə qət edə bilərmi? Yəqin ki, yox. Halbuki idman yerişində bu, gənclər arasında birinci dərəcə normasına bərabərdir. İdman yerişi adi yerişdən hərəkətlərin xarakteri ilə fərqlənir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Adi piyada bir saat ərzində orta hesabla 5-6 km yol gedirsə, məşq görmüş, yeriş texnikasına yaxşı bələd olan atlet həmin müddətdə bundan iki dəfə yarım çox məsafə qət edə bilir!

Bacarıqlı yeriş ustalarının hərəkətləri təbiidir, sərbəstdir. Onlar başlarını, çiyinlərini, bədənlərini düz və sərbəst saxlayırlar, yalnız gövdələrini bir qədər qabağa əyirlər. Əlləri fəal surətdə irəli-geri hərəkət edir. Addımları geniş və yüngül olur. Heç bir artıq hərəkətə yol vermirlər! Bütün hərəkətlərin bir-biri ilə uy-ğunlaşdırılması, ahəngdarlığı, əzələlərin məharətlə gah gərginləşdirilməsi, gah da boşaldılması, dərin tənəffüs atletə öz qüvvəsini qənaətlə işlətməyə və buna görə də uzun müddət yüksək yeriş sürətini mühafizə etməyə imkan verir.

Sürətlə qaçmaq üçün düzgün qaçmağı mümkün qədər tez öyrənmək lazımdır. Burada başlıca məsələ uzun müddət qaçmağa alışmaq deyil, sərbəst, yüngül, eyni zamanda sürətli qaçmağı bacarmaqdır. Məşhur sprinterlərin təcrübəsi bunu bir daha təsdiq edir. Ölkəmizin mütəxəssisləri qısa məsafələrə qaçan keçmiş sovet və ABŞ idmançılarının idman həyatını təhlil edərkən məlum olmuşdur ki, həmin atletlərin hamısı 100 metr məsafəyə qaçmaqda ilk vaxtlar təxminən eyni nəticələr (11, 12, 3 sn) göstəriblər. Yalnız 7-9 il gərgin məşq etdikdən sonra rekord nəticələr göstərmək mümkün olub.

Atletikada texnikaya daha çox fikir vermək lazımdır. Hər bir hərəkəti səbirlə və inadla, dəfələrlə təkrar etmək, onu mümkün qədər dəqiq yerinə yetirmək vacibdir. Məşqlərin mümkün qədər rəngarəng olması da önəmli məsələdir. Müşahidələr göstərir ki, atletikanın yalnız bir növü ilə məşğul olmaq nəticəsində bədən birtərəfli inkişaf edir, bu isə yüksək nailiyyətlər qazanmağa imkan vermir. Müxtəlif növlər üzrə məşqlər isə gələcək qələbələrin etibarlı bünövrəsini qoymaq deməkdir. Beləliklə, idman sahəsində ilk addımlar sağlamlığın möhkəmləndirilməsinə, ümumi fiziki inkişaf məqsədlərinə xidmət edir. Atlet nə qədər güclü, çevik, dözümlü olsa, məqsədinə bir o qədər tez çatar.

İdman yetkinliyini yoxlamaq üçün yarışlar ən yaxşı imtahandır. Yarışlara ciddi və düşünülmüş qaydada hazırlaşmaq əsas şərtdir. Təcrübəsiz idmançılar yarışlarda çox zaman zəif nəticələr göstərirlər. Bu müvəffəqiyyətsizliklər ilk növbədə yarışlara düzgün hazırlaşa bilməməyin nəticəsidir. Bəziləri itirilmiş vaxtın əvəzini çıxmaq üçün həddindən çox gərgin məşq edir, bəzən isə əksinə, yaxşıca istirahət edib qüvvə toplamağı üstün tuturlar. Bunların hər ikisi səhvdir. Hədsiz gərginlik də, günlərlə davam edən passiv istirahət də idmançnın yarışlara hazırlıq səviyyəsinə mənfi təsir göstərir.

Məşğələlərin məzmunu ixtisaslaşmadan, yəni atletikanın hansı növü üzrə yarışlara hazırlaşmağınızdan asılıdır. İdman alətləri atanlar əsas diqqəti fiziki gücünü artırmağa, tullanma ilə məşğul olanlar sıçrayış və çeviklik keyfiyyətlərini inkişaf etdirən hərəkətlərə daha çox fikir verirlər. Sprinterlər isə mümkün qədər çox qaçmaqla yarışlara hazırlaşırlar.

Yarış haqqında, qarşıdakı mübarizə, rəqiblər haqqında düşüncələr idmançıya psixoloji təsir göstərir. Təcrübəli idmançılar bu fikirlərdən ayrılmaq üçün kinoya, teatra gedir, stolüstü tennis və ya şahmat oynayırlar. Bunlar yarışqabağı əmələ gələn psixoloji sarsıntıları tez bir zamanda aradan qaldırır.

Müvəffəqiyyətsizliyə uğrayanda idmançı ruhdan düşməməlidir. Qələbələrə doğru gedən yol məğlubiyyətlər üzərindən keçir. Səhvləri təhlil etməyi öyrənmək lazımdır ki, gələcəkdə onlara bir də yol verilməsin. Heç zaman unutmaq olmaz ki, yalnız, inadcıl, səbirli, iradəli adamlar, öz arzusunu inamla həyata keçirməyi bacaranlar finiş xəttində qələbə sevincini duya bilərlər.

Dilqəm Quliyev,
professor