Azərbaycan şahmatının unudulmuş...Unudulmaz isimləri

Azərbaycan şahmatının unudulmuş...Unudulmaz isimləri
II hissə
Fuad Cəfərov

"O balacalar üçün ata, digər şahmatçılar üçün dost idi”

1991-ci ilin oktyabr ayının əvvəllərində tələbəlik illərindən ləyaqətli və dəyərli insan kimi tanıdığım, əslən Cəbrayıl rayonundan olan, Respublika Baş Prokurorluğunda idarə prokuroru işləyən, Mobil İsmayılov telefonla bildirdi ki, yarımmühasirə vəziyyətində olan Cəbrayıl rayonunda beynəxalq şahmat turniri keçiriləcək. Rayon sovetinin sədri Rafiq Nəcəfovun başçılıq etdiyi təşkilat komitəsinə məni də daxil etmək istəyirlər. Tərəddüd etmədən razılaşdım. Bu Azərbaycanın şahmat həyatında deyil, həm də siyasi həyatında mühüm hadisə idi. Öz hesabıma 10 günlük məzuniyyət götürmək barədə raport yazıb Respublika Baş Prokurorluğunun rəhbərliyinə göndərdim. Baş Prokurorun birinci müavini Mirağa Cəfərquliyev bu məsələyə müsbət yanaşdı.

"Xudafərin 91” adlanan turnir 11 oktyabr 1991-ci ildə başladı. Turnirin keçirildiyi mədəniyyət evi ağzınadək dolu idi. Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim V.Krapil idi. Baş hakimin müavini ümumittifaq dərəcəli hakim, həm də təşkilat komitəsinin üzvü, Bakı şahmat mərkəzinin direktoru, SSRİ idman ustalığına namizəd Fuad Cəfərov idi. Mən onu ilk dəfə görürdüm. Baş hakim V.Krapil olsa da, bütün işləri Fuad Cəfərov aparırdı.

Fuad Cəfərov ixtisasca hüquqşünas idi. ADU-nun hüquq fakultəsini bitirmişdi. Lakin, şahmata olan həvəsi və sevgisi üzündən bir gün də olsun hüquq sahəsində çalışmamışdı. Məşqçi işləmiş, hakimlik etmiş, sonra Ümümittifaq İdman İnstitutunda iki illik şahmat üzrə ali məşqçilik məktəbini qurtarmışdı. 1988-ci ildə yaradılan Şahmat Mərkəzinin direktoru idi.

Turnirin beynəlxalq status alması üçün xarici qonaqları-şahmatçıları məhz Fuad Cəfərov dəvət etmişdi. Yarışda Turkiyə, Yuqoslaviya, Qana Respublikası və İran İsman Respublikasından şahmatçılar iştirak edirdilər. Moskva, Leninqrad kimi şəhərlərdən, həmçinin, Tacikistan, Ukrayna və Gürcüstan Respublikasından da nümayəndələr var idi. Mən və Mobil İsmayılov da yarışa qatılmalı olduq. 30-a yaxın şahmatçının iştirak etdiyi 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnir gənc şahmatçı Sərxan Quliyevin qələbəsi ilə başa çatdı.

Turnirin gedişi dövrü mətbuatda və Mobil İsmayılovun sonrakı yazılarında ətraflı işıqlandırıldığından mən bu məsələyə toxunmayacağam. Bir çox beynəlxalq səviyyəli şahmat yarışlarını izləmək mənə nəsib olub. Lakin, "Xudafərin 91” beynəlxalq turnirində tamaşaçı çoxluğu, iştirakçılara, xüsusən xarici qonaqlara göstərilən qayğı və diqqəti heç bir vaxt və heç bir yerdə eşitməmişəm və görməmişəm. Hər gün iştirakçılar ekskursiyalara aparılır, Cəbrayıl rayonunda olan tarixi abidələrimizlə tanış olurdular.

Turnirin bağlanışı 18 oktyabr 1991-ci ildə oldu. Həmin gün axşam qonaqlarla birlikdə Mobilgilin evində verilən ziyafət zamanı televiziyada "Dövlət müstəqilliyi haqqında konstitusiya aktı”nın qəbul edilməsini ayaq üstə alqışlarla qarşıladıq. Kefimizə sevinc qatıldı.

Turnir zamanı ilk dəfə gördüyüm Fuad Cəfərovla daha yaxından tanış oldum. Həm hüquqşünas kimi, həm də şahmatçı kimi Fuadın yüksək erudisiyalı şəxs olması, təşkilatçılıq qabiliyyəti, yaşına uyğun olmayan (27 mart 1955-ci ildə anadan olmuşdu) ağsaqqal davranışı diqqətimi cəlb etdi. Fuadda insanları həvəsləndirmək, hər hansı bir işə cəlb etmək qabiliyyəti xüsusilə güclü idi.

1-13 noyabr 1991-ci ildə şahmat üzrə axırıncı SSRİ birinciliyi Moskva şəhərində keçirilirdi. 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilən yarışda SSRİ-nin 64 ən güclü şahmatçısı çempionluq uğrunda mübarizə aparırdı. Turnirdə Azərbaycanlı beynəlxalq qrossmeyster Elmar Məhərrəmov da iştirak edirdi. Onun məşqçisi Fuad Cəfərov idi. Moskva şəhərində olduğundan 6-ci turdan etibarən yaxın dostum Yaşar Hüseynovla birlikdə yarışı izləmək mənə də nəsib oldu. 5 turdan sonra Elmarın cəmi 3 xalı var idi. Yarışa 5 oyundan 4.5 xal ilə erməni Minasyan başçılıq edirdi. Onu da demək yerinə düşərdi ki, yarışda 6 erməni şahmatçı iştirak edirdi. Hər birinin fərdi məşqçisi var idi. Moskvada yaşayan erməni şahmatçıları da daim onların yanında idilər.

6-cı turdan etibarən Elmar dalbadal qələbələr qazanmağa başladı. 9 turdan sonra Elmarın 7, erməni Minasyanın 7.5 xalı var idi. 10-cu turda Elmar liderlə görüşürdü. Oyunların keçirildiyi "Kosmos” mehmanxanasının zalı ağzınacan dolmuşdu. Moskvada yaşayan Yaşarın dostları da oyunu izləməyə gəlmişdilər. Qədim hind müdafiəsinin mürəkkəb variantında Elmar bütün istedad və bacarığını ortaya qoyaraq parlaq qələbə qazandı. 10 turdan sonra 8 xalla yarışın vahid lideri oldu. Sevincimizin həddi-hüdudu yox idi. Lakin, bu uzun sürmədi. Axşam saatlarında Fuad "bəd xəbərlə” gəldi. Noyabrın 13-də keçiriləcək axırıncı turda Minasyan rusiyalı qrosmeysterlə, Elmar isə belarusiyalı qrossmeysterlə qaralarla oynamalı idilər. Hər iki görüç heç-heçə nəticələnsəydi, Elmar çempion, erməni 2-ci, rusiyalı qrosmeyster isə üçüncü olacaqdı. Fuad məlumat almışdı ki, ermənilər oyunu alacaqlar. O, həm də bildirdi ki, SSRİ şahmat tarixində ilk dəfə olaraq 1-ci yeri iki nəfər bölüşdürsə, əlavə əmsallar hesablanacaq. Burada erməni şahmatçısının görünən üstünlüyü var idi. 1920-ci ildən keçirilən SSRİ çempionatlarında 80-ci illərədək eyni miqdarda xal toplamış şahmatçılar arasında əlavə matç oynanılmışdı. 80-ci illərdən sonra qaliblərin hər ikisi çempion elan edilirdi. Rus şovinizmi və erməsi xisləti özünü göstərirdi.

1-ci priz 2109 markalı avtomaşın (15000 rubl), 2-ci priz Yaponiya istehsalı olan televizor əlavəsi ilə birlikdə (10000 rubl), 3-cü priz Yaponiya istehsalı olan televizor (5000 rubl). Yaşar və dostları qısa müddətdə 10000 rubl pul topladılar. Elmara belarusiyalı qrossmeysterlə danışmaq təklif edildi. Lakin, o, bu təklifi qətiyyətlə rədd etdi. "Mən peşəkar şahmatçıyam. Adıma və millətimə ləkə sala bilmərəm”, - dedi.

Səhərisi gün axırıncı turda Elmar çox səy etsə də, belarusiyalı qrossmeysterə qalib gələ bilmədi. Oyun heç-heçə qurtardı. 5 dəqiqə sonra rusiyalı qrosmeyster atı göz qabağında erməniyə "hədiyyə” etdi. Beləliklə, hər iki şahmatçı 11 oyundan 8.5 xal topladılar. Erməni çempion elan edildi. Elmar gümüş medalla təltif olundu.

Mən özümü Azərbaycan televiziyasının müxbiri kimi təqdim edərək keçmiş dünya çempionu Mixail Tal və digər iki qrossmeystərlə müsahibə apardım. (Çəkilişi Fuad Cəfərov aparırdı). M.Tal və digər qrossmeysterlər Elmarın əsl çempion kimi oynadığını, ən azı hər iki şahmatçının çempion elan olunmasını, SSRİ şahmat federasiyasının ədalətsiz mövqe tutduğunu açıq şəkildə bildirdilər. Həmin müsahibə Azərbaycan televizisyasında göstərilməli idi. Ümumiyyətlə bu çempionatın gedişi Azərbaycan televizisiyasında işıqlandırılmadı. Eyni səbəblər üzündən mənim müsahibəm də işıq üzü görmədi.

Elmar Məhərrəmovun bu müvəffəqiyyətində məşqçi kimi Fuad Cəfərovun da böyük rolu var idi. Ümumiyyətlə, Fuad məşqçi kimi çox nailiyyətlər qazanıb. Məsələn, 1988-ci ildə hərbi xidmətdən tərxis olunan istedadlı şahmatçı Şərxan Quliyev şahmat mərkəzinin direktoru Fuad Cəfərova iş üçün müraciət edir. Fuad onu işə qəbul edir və həm də məşqçisi olur. Sərxan Quliyev Fuad Cəfərovun rəhbərliyi altında qısa müddətdə ustalığa namizəddən beynəlxalq qrossmeysterliyə qədər yüksəlir (Bu barədə qrossmeyster S. Quliyevin "Ustalığa namizəddən qrossmeysterə qədər” adlı kitabında daha ətraflı bəhs olunub).

Bu gün Azərbaycanın beynəlxalq qrossmeysterləri və idman ustaları Fuad Cəfərovun təşkil etdiyi "Tempo” turnirlərdə ilk addımlarını atıb, təcrübə keçmişlər. Həmin turnir həftənin 6-cı günlərində, saat 14:00-da şahmat mərkəzində təşkil olunurdu. Yaşından və idman dərəcəsindən asılı olmayaraq hamı bu turnirdə iştirak etmək istəyirdi. 7 turdan ibarət hər oyunçuya 15 dəqiqə vaxt verilməklə İsveçrə sistemi ilə keçirilən turnirdə 70-80, bəzən 90 nəfər şahmatçı iştirak edirdi. Püşk atmanı Fuad özü aparırdı. Hələ kompüter texnologiyasının tətbiq edilmədiyi bir zamanda qeyri-adi hesablama qabiliyyətinə malik olan Fuad müəllim 3-5 dəqiqə ərzində püşk atmanın nəticəsini özünəməxsus səs və ahənglə elan edirdi. Olduqca yumşaq təbiətli Fuad bir baxışla zalı sakitləşdirə bilirdi. Mən də imkan düşəndə rayondan gəlir və Fuad müəllimin təşkil etdiyi turnirlərdə iştirak edirdim.

O zaman ölkə daxilində keçirilən yarışların böyük əksəriyyətində hakimliyi Fuad müəllim özü edirdi. Həm də bu hakimlik, necə deyərlər, ictimai əsaslarla pulsuz aparılırdı.

Fuadın təşkilatçılığı ilə ilk dəfə olaraq, İsveç sistemi üzrə 4 komandanın iştirakı ilə "Tempo” turniri keçirilmişdi. Turniri sponsorlar maliyyələşdirirdi. Sponsorların hamısı Fuad müəllimin tanış-bilişləri idi.

FİDE-nin 180 üzvündən yalnız Azərbaycanda şahmatın inkişafı ilə əlaqədar Prezident sərəncamı ilə dövlət proqramı qəbul edilib. Orta məktəblərin ibtidai siniflərində şahmat tədris edilir. Azərbaycanda çox mötəbər turnirlə keçirilir. Axırıncı şahmat olimpiadasının Bakı şəhərində təşkil edilməsi bunun bariz nümunəsidir. Qabaqcıl və perspektivli şahmatçılara təqaüdlər verilir, mənzil-məişət şəaraitləri yaxşılaşdırılır.

Lakin 80-ci illərin axırı, 90-ci illərin əvvəllərində şahmata dövlət dəstəyi olmadığına görə hər hansı şahmat turnirini keçirmək müşkül məsələ idi. Məhz bu baxımdan Fuad Cəfərovun gördüyü işləri heyranlıq və təəccüblə qarşılayırsan.

Bu gün "Novxanı” beynəlxalq turniri kütləviliyinə görə bir çox beynəlxalq turnirləri kölgədə qoyur. Bu turnirin sələfi Fuad Cəfərvun təşkil etdiyi Bakı kuboku uğrunda ənənəvi Zaqulba turniri idi. Bu turnir əvvəlcə Respublika əhəmiyyətli, sonralar beynəlxalq statuslu turnirə çevrildi. Yerin alınması, iştirakçıların dəvət olunub yerləşdirilməsi, hamısı Fuad müəllimin zəhmətinin nəticəsi idi.

Fuad Cəfərov hər il şahmat mərkəzində "20 Yanvar”a həsr olunmuş turnir keçirirdi.

Novruz bayramı münasibəti ilə bir neçə beynəlxalq qrossmeyster uşaqlara seans verirdilər. Maraqlı burasıdır ki, qrossmeysterlər bu seanslara görə pul almırdılar. Bu Fuada olan hörmətin təzahürü idi. Hələ Sovet dövründə Fuad müəllimin topladığı komanda ümumittifaq "Ağ top” turnirlərində iştirak edirdi.

Fuad Cəfərov ümumittifaq turnirlərinə klub komandaları aparırdı. Onun arzularından biri də Avropa və dünya miqyasına çıxacaq azərbaycanlılardan ibarət klub yaratmaq idi. Respublika Şahmat Mərkəzinin klubunu Dubay, Hamburq, Moskva və Katovitsa kimi şəhərlərə aparmışdı.

Fuadın arzularından biri də türk ölkələrinin birinciliyini keçirmək idi. Bu məqsədlə ilk türk qrossmeysteri Suat Atalıq ilə azərbaycanlı qrossmeyster Sərxan Quliyevin matçını təşkil etmək istəyirdi.

Bu gün Azərbaycanda onlarla beynəlxalq qrossmeyster və usta var. Bunun əsası Fuadın təşkil etdiyi beynəlxaq usta və beynəlxalq qrossmeyster balı olan dairəvi turnirlərdir. Yarışda qrossmeysterlər pul üçün deyil, Fuada olan hörmətə görə iştirak edirdilər.

Fuad müəllimin çox yaxşı qələmi var idi. O, uzun illər "Baku” axşam qəzetində şahmat rubrikasının yaradıcısı və aparıcısı idi. Şahmat Mərkəzində hamının istifadə edə biləcəyi komputer otağı və kitabxana yaratmışdı. Onun komputerdə yaratdığı xüsusi bazada şahmat tarixində oynanılmış ən önəmli oyunlar toplanılmışdı. O, komputerdə azərbaycan şahmatçılarının oyunlarını yığırdı. S.Xəlilbəyli, M.Makoqonov, A.Sarıçev və s. Bir dəfə klubda olarkən ondan A.Rubinşteynin "İspan başlanğıcı” ilə olan oyunlarını istədim. 15 dəqiqə keçməmiş 100-ə qədər oyununun notatsiyasını mənə təqdim etdi.

Beynəlxalq dərəcəli hakim , Respublikanın əməkdar məşqçisi Fuad Cəfərov bir neçə il ağır xəstəliklə mübarizə apardı, lakin amansız ölüm ona qalib gəldi. O, ömrünün çiçəkləndiyi bir dövrdə - 49 yaşında dünyasını dəyişdi. Cəlilabad rayon prokuroru Mobil İsmayılov mənə telefon açaraq Fuada baş çəkmək istədiyini bildirdi. Onunla birlikdə evlərinə getdik. Qardaşı Cavanşir onun yanında idi. Fuadı görən kimi onun koma vəziyyətində olduğunu hiss edib təcili yardım çağırdıq. Lakin həkimlər gələnə kimi Fuad artıq keçinmişdi. Fuad Cəfərov haqqında xatirələrimi beynəlxalq usta İlya Odeskinin onun haqqındakı sözləri ilə bitirmək istəyirəm: "Fuad Cəfərov balacalar üçün ata, digər şahmatçılar üçün dost idi”.

Ələmdar Məmmədov,
SSRİ idman ustalığına namizəd, 
Respublika Şahmat Federasiyası 
Rəyasət heyətinin üzvü


P.S. Dünya şahmat tacının Azərbaycana gətirilməsində müstəsna xidmətləri olmuş Nəriman Yusifovun 70 və 75 illik yubuleyləri yada düşmədi. Ümid edək ki, 2021-ci ildə Nəriman müəllimin 80 illik yubileyi ona layiq şəkildə qeyd olunacaq...

Fuad Cəfərov dünyasını dəyişdikdən sonra beynəlxalq usta İlqar Bacaraninin təşkilatçılığı və müxtəlif ölkələrdə yaşayan fuadsevərlərin dəstəyi ilə bütün manelərə baxmayaraq hər il xatirə turniri keçirilir, Fuad anılır və yad edilir. Fuadsevərlərin hamısının bir arzusu var: Respublika Şahmat Mərkəzinə Fuad Cəfərovun adının verilməsi onun xatirəsinə ən yaxşı töhfə olardı. Bu barədə dəfələrlə söhbətlər aparılsa da, hələ ki, nəticə yoxdur.