Bir mükafatın acısı

Bir mükafatın acısı



Ələmdar MƏMMƏDOV,
keçmiş prokuror

Əvvəli: http://olimpnews.az/9438/get+%C6%8Fdal%C9%99t+v%C9%99+m%C9%99rh%C9%99m%C9%99t#.WeCpDNSLT4Y

Bir mükafatın acısı

Azərbaycan Respublikasının prokuroru A.Zamanovun 19 mart 1984-cü il tarixli 902 nömrəli əmrində göstərilir: - A.Məmmədovun CM-nin 94-cü maddəsinin birinci bəndi. 145-ci maddəsinin 2-ci hissəsi, Q.Quliyevin 145-ci maddəsinin 2-ci hissəsi və T.Axundovun 145-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamını yüksək səviyyədə və peşəkarlıqla müdafiə etdiyinə görə Lənkəran rayon prokurorunun müavini Məmmədov Ələmdar Məmməd oğluna təşəkkür elan edilməklə 100 manat pul mükafatı verilsin. 33 ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də həmin əmrlə fərəhləndirilməyim məni ağrıdır.
Səbəbi...Bir neçə gün idi ki,Lənkəran rayon prokurorunun müavini vəzifəsində işləyirdim. Rayon prokuroru Tələt Qəmbərov mənə bildirdi ki, A.Məmmədovun və qeyrilərinin təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamını müdafiə etmək mənə tapşırılıb. Ali Məhkəmə üzvü Məmməd Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclası bir həftə davam etdi. Məhkəmə iclası ağır gedirdi.
İttihamnaməyə görə, müqəssirlər A.Məmmədov, Q.Quliyev və T.Axundov qabaqcadan əlbir olaraq 16 mart 1983-cü il tarixdə Lənkəran şəhərində yaşayan Şəfiqə adlı (bəzi adlar şərtidir) qadının şəxsi mülkiyyətində olan əmlakına sahib olmaq məqsədi ilə mənzilinə girmiş, ondan pul və qiymətli əşyalar tələb etmiş, çoxsaylı işgəncə xarakterli xəsarətlər yetirmiş və A.Məmmədov niyyətdən kənara çıxaraq qəsdən öldürmək niyyəti ilə əlindəki çəkiclə Şəfiqənin sol gicgah nahiyyəsindən güclü zərbə vuraraq, ona ağır xəsarət yetirmiş və hadisə yerindən qaçmışdılar. Şəfiqə iki gündən sonra xəstəxanada özünə gəlmədən ölmüşdü. Ölümə səbəb başın gicgah nahiyyəsindən yetirildiyi anda həyat üçün təhlükəli olan ağır xəsarət olmuşdur. Ümumilikdə Şəfiqəyə 20 xəsarət yetirilmişdi. Xəsarətlərin 19-u işgəncə xarakterli yüngül idi. Müqəssirlər bundan əvvəl Bakı şəhərində də quldurluq hadisəsi törətmişdilər. Bakı şəhərində törətdikləri quldurluq hadisəsini ardıcıllıqla danışır, ibtidai istintaqda verdikləri ifadələri olduğu kimi təkrar edirdilər.
Lənkəranda Şəfiqəyə qarşı törədilən cinayətlə əlaqədar könülsüz, ziddiyyətli ifadələr verirdilər. Xüsusilə, Şəfiqəyə yetirilən ağır xəsarət barədə. Onların iştirakı şübhə doğurmasa da, bəzən elə təsəvvür yaranırdı ki, nəyi isə, kimi isə gizlədirlər və yaxud deməyə qorxurlar. Lakin günortadan sonra sanki təqsirlərini etiraf etməkdə yarışa girirdilər. Bu zaman zalda nə isə bir ağırlıq hiss olunurdu. Onların bülbül kimi ötdükləri vaxt zalda oturanların biri diqqətimi cəlb etmişdi. Başı kepqalı,möhkəm bədənli, heybətli bir adam idi. Məhkəmə çıxışlarında və müttəhimlərin son sözündə də həmən adam zalda idi.Yerli məhkəmə işçilərinin birindən həmin şəxs barədə soruşduqda həyəcanlandı, yalnız adını dedi, onun haqqında danışmaq istəmədi...
Məhkəmənin hökmü ilə A.Məmmədov 15 il, Q.Quliyev 12 il, T.Axundov isə 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildilər. Məhkumların yaxınları pıçıltı ilə: "Allah baisin evini yıxsın”- deyirdilər.
Bir neçə ay keçdi. Bir dəfə rayon DİŞ-i rəisinin müavini Adil Ağayev saat 08-də zəng edərək bildirdi ki, kəndlərin birində bir qadını ov tüfəngi ilə öldürüblər. 10 dəqiqədən sonra Adil maşınla gəlib məni götürdü. Əməliyyatçılar ilə birlikdə hadisə yerinə çıxdıq. Burada bir haşiyəyə çıxmaq istəyirəm.
Rayon prokuroru Tələt Qəmbərovun fərqli iş üslubu var idi. Ölümlə nəticələnən hadisə baş verdikdə müstəntiqlər deyil, prokurorun müavini nəinki hadisə yerini müayinə edir, həm də cinayət işini öz icraatına götürürdü. (Məndən əvvəlki müavinlər də bu qaydaya əməl etmişdilər). Təsəvvür edin ki, həmin dövrdə icraatımda 6 cinayət işi var idi. DİŞ və Sərhəd dəstəsinin təhqiqat fəaliyyətində qanunların icra edilməsinə prokuror nəzarətini həyata keçirmək, hesabat işləri, bütün yazışmalar (bəziləri rus dilində), işlərin oxunması, şikayətçılərin qəbulu, rəsmi tədbirlərdə iştirak etmək - bir sözlə, necə deyərlər, baş qaşımağa macal yox idi. İş yükünun ağırlığına baxmayaraq, Tələt müəllimi həmişə minnətdarlıqla xatırlayıram. Həmin dövrdə mən bərkə-boşa düşdüm, yüksək məsuliyyətin nə olduğunu dərk etdim.
Oğul qoşalülə ov tüfəngi ilə anasını öldürmüşdü. Birinci atəşdən sonra çiyin nahiyyəsindən yaralanan qadın qaçır. Oğul əlində tüfəng onu təqib edir və ayağı dolaşıb yıxılan anasını ikinci dəfə atəş açmaqla öldürür. Lənkəran rayon Məhkəmə Tibb Ekspertiza Şöbəsinin müdiri (bundan sonra ekspert) məzuniyyətdə olduğu üçün Cəlilabad rayon məhkəmə tibb eksperti Vidadi Məmmədovu dəvət etdik. Hadisə yerini müayinə edib, şöbəyə gələndə artıq saat 16 radələri idi. CM-nin 94-cü maddəsinin 6-cı bəndi ilə cinayət işi başlayıb, icraatıma götürdüm (Onu da qeyd edim ki,qatıl oğul sonradan anlaqsız çıxdı).
Adilin otağında büterbrodla bir stəkan çay içmişdik ki, növbətçi zabit həyəcanla otağa daxil oldu. Böyük bazarda Babanın işlədiyi mağazanın içərisində öldürüldüyü xəbərini verdi. Tez böyük bazara getdik. Mağazanın satış hissəsi 5 kv.m. olsa da saxlanc yeri (ambar) 11 metr uzunluğunda 2.5 metr enində dəhlizi xatırladırdı. Meyid saxlanc hissəsində ağzi üstə uzanıqlı vəziyyətdə idi. Meyidi çevirdikdə diksindim. Başın sol gicgah nahiyyəsində deşilmiş yara var idi. Meyidin üzərində çoxsaylı işgəncə xarakterli xəsarətlər müşahidə olunurdu. Qan izlərinin bütün əraziyə yayılması ona xeylı müddət işgəncə verildiyinin göstəricisi idi. Babanın bədəni üzərində 22 xəsarət var idi. 20-si yüngül,1-i az ağır (sol çeçələ barmağın sınığı), 1-i ölümə səbəb olan ağır xəsarət. Ağır xəsarət gündəlik məişətdə işlədilən çəkiclə yetirilmişdi. Mən elə hadisə yerindəcə Şəfiqəyə yetirilən xəsarətlərlə Babaya yetirilən xəsarətlərin eyni xarakterdə olduğunu dedikdə, Adil arxadan qolumu sıxıb, susmaq işarəsi verdi.
Ekspertin iştirakı ilə saat 01-ə qədər hadisə yerini müayinə etdik.Müayinə səhərsi günorta saatlarına qədər davam etdi. Mağazada külli miqdarda mal-material qalığı olduğuna görə hadisə yerinin müayinəsində əmtəəşünas və mühasiblər də iştirak edirdilər. Mağaza bazarın ortasında yerləşirdi. Ətrafda çoxlu xırda köşklər, mağazalar, bazar satıcıları var idi. Bir sözlə, Babanın mağazası göz qabağında idi. Ora girib çıxanları görməli idilər. Lakin gördüm deyən olmadı. Belə olduqda qanunsuz da olsa həmin mağazaların bir neçəsində yoxlama aparmağı təklif etdim. Milis rəisi Qədir müəllim hansı əsasla? - deyə, soruşduqda- sizə alver və obşot (çəkidə,ölçüdə,qiymətdə aldatma) lazım olanda tapdığınız əsaslarla : - deyə, cavab verdim. Təəssüf ki, həmin dövrdə Lənkəranda "ticarət toxunulmazlığı” var idi.
Axşamüstü DİN-in əməliyyat qrupu gəldi. Onların rəhbəri Tələt adlı polkovnik idi. Dərhal hadisə yerinə gedib qana bulaşmış bütün yararsız əşyaları – karton qutu,əski parçası və s. protokol tərtib etmədən götürdülər. Məlum oldu ki. Şəfiqənin ölümü ilə əlaqədar cinayət işinin istintaqı zamanı da bu əməliyyat qrupu fəaliyyət göstərib.Babanın həyat tərzi öyrənilirdi. Onun İranda qohumlarının olması, neçə dəfə telefon ilə danışması və s. ilə daha çox maraqlanırdılar (bunun məsələyə nə dəxli?). Babanın əvvəlki nigahdan olan oğlu ilə münasibətləri soyuq idi. Onun dalınca Bakı şəhərinə iki əməliyyatçı göndərildi. Mənim əsas planım- şahid tapmaq üçün bir neçə mağazada heç olmazsa, yoxlama xofu yaratmaq təklifim havada qaldı. Bir gün sonra əməliyyatçılar Bakı şəhərindən zəng etdilər ki, Babanın oğlu tapılıb, alt köynəklərinin birində, yuyulsa da, qana oxşar ləkələr aşkar edilib.
Gecə yarısı saat 03 radələrində rəisin otağında oturub baş sındırırdıq. Əməliyyat qrupunun rəhbəri polkovnik adımdan yazılmış Babanın oğlunun CPM-nin 167-ci maddəsinə əsasən (ittiham elan etmədən həbsə alma) həbsə alınması barədə qərarı imza etmək üçün mənə təqdim etdi. Məsələ aydındır: köynəyində qan izləri var, deməli atasını da o öldürüb - dedi. Mən əsəbləşdim. Oğulun atasını öldürməsi mümkündür, amma ona bir saata qədər işgəncə verməsini necə təsəvvür edə bilərsiniz? İkincisi, Siz istintaqçının tapşırıqlarını yerinə yetirməli olduğunuz halda, hansı səlahiyyətlə mənə göstəriş verib, adımdan qərar yazırsınız? Ümumiyyətlə, mən Sizin hərəkətlərinizdən şübhələnirəm. Siz Şəfiqənin işində də əməliyyata rəhbərlik etmisiniz. Məgər görmürsünüz ki, xəsarətlərin yetirilmə üsulu və xarakteri eynidir? Siz istintaqın gedişinə mane olursunuz. Belə getsə iş bağlı qalacaq. Sabah Sizin əməliyyat işindən kənarlaşdırılmanız barədə məsələ qaldıracağam – deyib, otaqdan çıxdım.
Səhərsi iş günü başlayan kimi, hər iki cinayət işi məndən alınıb, müstəntiqlərə verildi. Müstəntiqlərə mənimlə hər hansı müzakirənin aparılması qadağan edildi. Babanın oğlu barədə 10 sutkalıq saxlama qərarı verildi. Narahatçılıq məni üzürdü. İşin bağlı qalacağına şübhəm yox idi. İki gündən sonra Adillə şəhərdən kənarda bir yeməkxanada görüşdük. Adil mənim fikirlərimlə tam razılaşırdı. Həqiqətən mağaza işçiləri ilə ciddi söhbət etməyin zəruriliyini, bu hadisənin Babanın oğlnun törətdiyinə inanmadığını, Şəfiqənin işində də əsas simanın böyük ehtimalla üzə çıxmadığını bildirdi. İki təəccüblü məsələ var idi. Birincisi, mağaza və köşk sahibləri Babanın mağazasına girən şəxsi görüb, bir nəfər kimi susurdular. Daha təəccüblüsü bu idi ki, hətta şifahi, anonim əməliyyat məlumatları da daxil olmurdu. Deməli, qeyri-adi can qorxusu var idi. Mən Adildən kepkali "Yoska” barədə soruşdum. Adil sağa-sola baxıb, otağın qapısını bağlayıb pıçıltı ilə aşağıdakıları bildirdi: - Yoska hələ orta məktəbdə oxuyarkən sinif yoldaşını dəlicəsinə sevir, lakin qız onun sevgisinə cavab vermədiyinə görə, sevgilisini bıçaqlayır. Onu azyaşlı olduğuna görə uşaq müəssisəsinə göndərirlər. Orada bir neçə irili-xırdalı hadisə törədir. Nəhayət 3-4 ildən sonra qayıdıb gələndə sevdiyi qızın nişanlandığını eşidir. Sevgilisinin nişanlısına küçədə camaatın gözü qarşısında bıçaqla ağır xəsarət yetirir. 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilir. 6-7 ildən sonra Lənkərana gəlir. Artıq ondan, bundan müəyyən tələbləri olur. Nəhayət, Əhəd adlı bir nəfəri öldürür. Məhkəmə onu anlaqsız hesab edib, məcburi müalicəyə göndərir. İllər keçdikdən sonra "sağalıb” gəlir. İmkanlı adamlardan pul yığmağa başlayır. Ukraynada olarkən bir nəfəri öldürüb, bir nəfərə də ağır xəsarət yetirir. Məhkəmə qərarı ilə anlaqsız hesab edilib, Ukraynadakı müalicə müəssisəsinə göndərilir. 5-6 ildən sonra qayıdıb Lənkərana gəlir.
İndi ezamiyyətə gedən adamın maaşı saxlanıldığı kimi, bütün imkanlı adamlara hesab göndərib, pul alır. Çox yüksək rütbəli, Respublika hüquq mühafizə sistemində böyük nüfuz sahibi olan yaxın qohumu onu həmişə müdafiə edir. Polkovniki göndərən də onun qohumudur.
Mübarizə ruhu ilə alışıb yanırdım! Babanın və Şəfiqənin Yoska tərəfindən öldürüldüyünə şübhəm yox idi. Yüzlərlə macəra və dedektiv romanları, "İstintaq Təcrübəsi” məcmuəsinin işıq üzü görmüş bütün nömrələrini oxuyub sistemləşdirsəm də, aciz görünürdüm. Adilin sözlərinə görə hüquq mühafizə əməkdaşlarından da ona sovqat göndərən, tapşırığını icra edənlər olmuşdu. Adillə sözləşdik ki, yalnız ikimiz bilmək şərti ilə Yoskanı izləsin.
10 gündən sonra Babanın oğlunu buraxdılar. Üzərində qana oxşar ləkə olan alt paltarını bioloji ekspertizaya göndərirlər. Ekspertiza ləkənin qan deyil, kimyəvi maddə olduğu barədə rəy verir. Babanın oğlu bir ay öncə hamama gedərkən qabyuyan pasta alıb, çantaya qoyur. Ehtiyyatsızlıqdan pasta paltarların üstünə dağılır. Paltarları yuduqdan sonra yenə istifadə edir. İş bağlı qaldı.
Aradan 1 il keçdi. Mənim rayon prokuroru vəzifəsinə göndərilməyim gündəmdə idi. Ona görə də səfər əhval- ruhiyyəsində idim. Bir gün Adil gülə-gülə otağıma girdi. Nəhayət, Yoskanın da cavabını verən tapıldı, - dedi.
Yoska böyük bazardakı bufetlərin birinə girib, aylığı niyə gecikdirirsən?- deyə, bufetçinin üstünə qışqırır. Bufetçi qorxa-qorxa "Qağa, iki ay deyil 500 manat vermişəm, vallah çatdıra bilmirəm”- deyir. Yoska onu vurmaq üçün üstünə yüyürəndə bufetçinin üç il gəmidə matros olmuş, hərbi xidmətdən təzəcə qayıtmış kiçik qardaşı baltanı götürüb Yoskanın üstünə cumur. Yoska yanındakı adamların köməyi ilə güclə qaçıb canını qurtarır. Adilə təklif etdim ki, bufetçi ilə söhbət etsin, şikayət etsinlər. Balta epizodundan qorxmasınlar. Kömək edərik. Adil bir gündən sonra dedi ki, bufetçini heç cür yola gətirə bilmədim. Şikayət verməyə qorxurlar. Onda Yoskanı çağır, bəlkə bir şey çıxdı, – dedim.
Axşamüstü Adil telefonla zəng edərək həyəcanlı halda dedi. Bir zabiti iki milis nəfəri ilə Yoskanı şöbəyə gətirmək üçün göndərmişdim. Onu şöbəyə dəvət edirlər, sakit halda razılaşır. Şöbəyə yaxınlaşarkən qəflətən əlindəki kiçik bıçaqla milis işçisini arxadan vurub qaçmaq istəyir. Lakin yaxalayıb, şöbəyə gətirirlər. Mən tez milis şöbəsinə getdim. Bıçaq şineli dəlib dəriyə cüzi toxunmuşdu. Gülməli olsa da, bıçağın tiyəsinin uzunluğu 3 sm idi. Adilin otağında Yoska ilə üzbəüz oturduq. "Sən milis işçisinin həyatına qəsd etmisən, səni həbsə alıram”, - dedim. Yoska gülərək cavabında dedi: - Bu bıçaqla toyuq öldürə bilmərsən, məni necə tutacaqsan? Bu zaman Adil asta-asta kinayəli şəkildə "Doğrudur bu bıçaqla adam öldürmək olmaz, lakin 20 yüngül xəsarət yetirib, sonra da çəkiclə gicgahına vurub öldürmək olar”, – deyərkən, Yoskanın üzü dəyişdi, gözlərində sanki qığılcım alovlandı, qışqıra-qışqıra, - demək istəyirsiniz ki, Babanı mən öldürmüşəm?!
"Təkcə Babanı yox...”-dedim.
CM-nin 191-1 maddəsi ilə (milis işçisinin həyatına qəsd) cinayət işi başlanıldı. Milis işçilərinin ifadələri alındı. Milis işçisi və şinel ekspertə təqdim olundu. 5 saat ərzində Yoskaya CM-nin 191-1 maddəsi ilə ittiham elan olundu. Barəsində həbs qəti-imkan tədbiri seçildi. İşin istintaqı prokrorluğun əqidəli müstəntiqi Tofiq Süleymanova tapşırıldı.
Bir neçə gündən sonra rayon prokuroru Tələt Qəmbərov qısa müddətli məzuniyyətdən qayıdıb gəldi. Razılığını və təşəkkürünü bildirdi.
Bir müddətdən sonra mən Cəlilabad rayon prokuroru vəzifəsinə təyin edildim. Sonradan eşitdim ki, Babanın ölüm işi də açılıb.Yoska hər şeyi etiraf edib.Burada əməliyyatın rəhbəri Adil Ağayevin, müstəntiq Tofiq Süleymanovun və rayon prokuroru Tələt Qəmbərovun rolunu xüsusi qeyd etmək lazımdır.
Yoska məhkəmənin qərarı ilə yenə məcburi müalicəyə göndərildi. Şəfiqənin ölüm işi isə yada düşmədi…
Hər-halda ədalət qismən də olsa qalib gəldi.

(ardı var)