Çingiz Hüseynzadə: “Ölkəmizdə istənilən yarışı yüksək səviyyədə keçirə bilərik”

Çingiz Hüseynzadə: “Ölkəmizdə istənilən yarışı yüksək səviyyədə keçirə bilərik”

Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Olimpnews.az saytının məlumatına görə, yubiley tədbirində iştirak etmək üçün bir sıra ölkələrin səlahiyyətli nümayəndələri Bakıya gəlmişdilər. Bu ərəfədə Avropa Olimpiya Komitəsinin (AOK) iclasının və eyni zamanda MDB və Baltikyanı ölkələrin, Gürcüstan Milli Olimpiya Komitəsinin Forumunun paytaxtımızda keçirilməsi çox önəmli idi.
Milli Olimpiya Komitəsi (MOK) ötən müddət ərzində mürəkkəb və şərəfli bir yol keçib, yüksək uğur və nailiyyətlərə imza atıb. Ölkənin idman qurumu idman və Olimpiya Hərəkatının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb. Azərbaycan Milli Olimpiya Komitəsi çoxşaxəli səmərəli fəaliyyətini davam etdirir və inanırıq ki, bu sahədə uğurlarımız hələ çox olacaq.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Olimpiya dünyası” qəzetinə müsahibəsində MOK-un yaranma tarixindən, bu illər ərzində görülən işlərdən, əldə olunan nəticələrdən və bir çox maraqlı məqamlardan danışıb.

- Çingiz müəllim, Milli Olimpiya Komitəsi 25 illik yubileyini yüksək səviyyədə qeyd etdi. Necə deyərlər, 25 illik fəaliyyət bir əsirlik nailiyyətə bərabər idi. Bayram əhval-ruhiyyəsinin bu gün də davam etdiyi bir vaxtda MOK-un fəaliyyətilə bağlı Sizin fikirlərinizi "Olimpiya dünyası”nın çoxsaylı oxucuları ilə bölüşmək maraqlı olardı.

- Azərbaycan öz müstəqilliyini qazanandan sonra ölkəmizdə bir çox sahələr yenidən qurulmağa başladı. Bu idman sahəsindən də yan keçmədi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Həmin vaxt formal şəkildə yaranan Milli Olimpiya Komitəsinin nə maddi, nə də mənəvi bazası yox idi. Bu qurumun yaranması ilə Barselonada keçirilən yay Olimpiya Oyunları üst-üstə düşdü. İspaniyada təşkil olunan olimpiadada idmançılarımız MDB ölkələrinin tərkibində iştirak etdilər. Həmin heyətdə cüdoçumuz Nazim Hüseynov qızıl, idman gimnastikasında Valeri Belenki şəxsi birincilikdə bürünc, komanda yarışında isə qızıl medal əldə etdi. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında isə Azərbaycan artıq müstəqil ölkə kimi təmsil olunurdu. Həmin olimpiadada komandamız 23 idmançı ilə mübarizə apardı. Okeanın o tayında keçirilən yarışlarda sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazandı. Əlbəttə, bu uğurlarla kifayətlənmək olmazdı. Milli Olimpiya Komitəsinin fəaliyyətini gücləndirmək lazım idi. Milli Olimpiya Komitəsi daha fəal, daha işlək olmalı idi. Həmin dövrdə idman qurumunun Beynəlxalq Olimpiya Komitəsi ilə demək olar ki, heç bir əlaqəsi yox idi. Azərbaycanda heç bir beynəlxalq tədbir keçirilmir, ölkəmiz BOK-un bayrağı altında təşkil edilən heç bir tədbirdə iştirak etmirdi. MOK-un fəaliyyətində dönüş yaranmalı idi ki, bu da 1997-ci ilə təsadüf etdi. Həmin il idman ictimaiyyətinin tələbi ilə Milli Olimpiya Komitəsinə yenidən seçkilər keçirildi və cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Vitse-prezident vəzifəsinə isə məni təyin etdilər. Həmin dövrdə Milli Olimpiya Komitəsi üçün Yüksək İdman Ustalığı Məktəbində bir otaq ayrılmışdı. MOK-un 3-4 işçisi həmin otaqda əyləşirdi və demək olar ki, heç bir fəaliyyət yox idi. O dövrdə cənab İlham Əliyevin tapşırığı ilə mövcud şərait təhlil olundu. Məlum oldu ki, idmançılarımız və idman mütəxəssislərimizin bir çoxu Azərbaycanı tərk ediblər. İdmançılarımızın və federasiyaların vəziyyəti çox acınacaqlı halda idi. Maliyyə çatışmırdı, böyük idman obyektlərinin bir neçəsi özəlləşdirilmişdi. Bir sözlə, idman infrasturukturu çox bərbad vəziyyətdə idi. Buna görə də ilk qərarlar ondan ibarət oldu ki, əvvəlcə Azərbaycanın xaricdə olan ən görkəmli idman mütəxəssisləri, idmançıları respublikaya dəvət olunsun və onlar üçün şərait yaradılsın. Həmin dövrdə Faiq Qarayev, voleybolçu qızlarımızdan bir neçəsi, boksçumuz Ağası Məmmədov Türkiyədə çıxış edirdi. Bundan başqa, bir çox güləşçilərimiz, həndbolçularımız, basketbolçularımız, cüdo mütəxəssislərimiz də xarici ölkələrdə fəaliyyət göstərirdilər. Biz bu mütəxəssisləri yenidən bir yerə yığmağa çalışdıq. Cənab İlham Əliyevin göstərişi ilə onlar vətənə qayıtdılar. 1998-ci ildən etibarən gənc idmançılar üçün təqaüdlər təsis olundu. Yarışlarda iştirak edən idmançılar və məşqçilər təqaüdlər almağa başladılar. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmanın və Milli Olimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində lazımi tədbirlər görmək üçün qərar verdi. Biz həmin dövrdən böyük tikintilərə başladıq. Bakı, Gəncə, Naxçıvan şəhərlərində və digər rayonlarda Olimpiya idman kompleksləri inşa edildi. O cümlədən, Milli Olimpiya Komitəsinin yeni inzibati binası inşa olundu. MOK-un işçilərinin sayı artırıldı, işə yeni mütəxəssislər cəlb olundu.
Bizim qarşımızda duran əsas məqsədlərdən biri də Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi idi. Beynəlxalq Olimpiya Komitəsi ilə Avropa Olimpiya Komitəsi ilə əlaqələr yaradılmalı və onların nümayəndələri Bakıya dəvət olunmalı idi. Beləliklə, biz həmin qurumların keçirdiyi bütün tədbirlərdə iştirak etməyə başladıq. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev keçirilən beynəlxalq tədbirlərdə şəxsən iştirak edirdi. 2001-ci ildə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası Bakıda keçirildi. O zaman hər hansı beynəlxaq turnirə, hətta B kateqoriyalı turnirlərə ev sahibliyi etmək üçün müraciət edəndə, bizə deyirdilər ki, siz hələ belə bir yarışı keçirməyə hazır deyilsiniz. 1999-cu ildən başlayaraq biz müxlətif beynəlxalq yarışlar və tədbirlər təşkil etməyə başladıq. Təbii ki, ilk tədbirlər yeniyetmələr arasında keçirildi. 2002-ci ildən etibarən ölkəmizdə müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatları və digər mötəbər yarışlar keçirilməyə başlandı. Yeni idman obyektləri inşa edilir, köhnələri əsaslı şəkildə bərpa olunurdu. Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Arenası, Bakı İdman Sarayı və digər obyektlər tamamilə təmir olundu və idmançıların ixtiyarına verildi. Bu gün respublikamızda 50-yə yaxın Olimpiya idman kompleksi istifadəyə verilib. Həmin komplekslərdə məşğul olan idmançılar bu gün yığma komandaların tərkibində müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. İdmana sərmayə qoymadan nəticə əldə etmək mümkün deyil. Əgər idmançı yetişdirmək istəyirsənsə, onun məşq etməsi üçün şərait və imkan yaradılmalıdır. İdmançı müəyyən məvacib almalıdır ki, başqa işlərdən azad olsun, qazanc əldə etmək üçün idmanı atıb digər işlərlə məşğul olmasın. Milli Olimpiya Komitəsinin idman və Olimpiya Hərəkatı sahəsində apardığı islahatlar artıq öz bəhrəsini verir və bu gün ölkəmiz dünyada idman ölkəsi kimi tanınır.

- Milli Olimpiya Komitəsinin 25 illik yubileyi ilə bir sıra beynəlxalq tədbirlərin təşkili üst-üstə düşdü. Bu, əvvəlcədən planlaşdırılmışdı?

- Milli Olimpiya Komitəsinin 25 illik yubileyi ilə əlaqədar ölkəmizə kifayət qədər mötəbər qonaqlar gəlmişdilər. Yubiley tədbirində böyük məmnuniyyətlə iştirak edən bir çox beynəlxalq təşkilatlar öz tədbirlərini yubiley ərəfəsində keçirmək istədilər. Avropa Olimpiya Komitəsinin İcraiyə Komitəsinin iclası və MDB və Baltikyanı ölkələrin, Gürcüstan Milli Olimpiya Komitəsinin Forumu Bakıda keçirildi. Bundan başqa, Bakı yeni yaranmış Avropa Olimpiya Akademiyalarının ilk seminar-konfrasına da ev sahibliyi etdi. Bu tədbirlərdə 100-ə yaxın xarici qonaq məşhur idmançılar, mütəxəssislər və alimlər Azərbaycana gəlmişdilər. AOK-un keçmiş və indiki icraçı prezidenti, müxtəlif beynəlxalq federasiyaların rəhbərləri ölkəmizdə səfərdə oldular. Keçirilən tədbirlərdə Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətlər xüsusi ilə qeyd olundu. Bir sözlə, Milli Olimpiya Komitəsinin 25 illik yubileyi çox yüksək səviyyədə keçirildi.

- Çingiz müəllim, fəaliyyətinizlə bağlı müxtəlif xarici ölkələrdə olur, yüksək səviyyəli tədbirlərdə iştirak edirsiniz. Orada gördüklərinizin və müşahidə etdiklərinizin təcrübə baxımından yəqin ki, böyük əhəmiyyəti vardır.

- Milli Olimpiya Komitəsi bu səviyyəyə birdən-birə gəlməyib. Bizə təcrübə lazım idi və biz bu təcrübəni Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında və digər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə qazanmağa başladıq. Bu yolla tədricən təcrübələrmiz artmağa başladı, yüksək nailiyyətlər əldə etdik. Təşkilatçılıq baxımından da, böyük uğurlara nail olduq. Zaman keçdikcə bir sıra ölkələr bizim təcrübəmizdən yararlanmağa başladı. Beynəlxalq arenada ev sahibliyi etdiyimiz idman tədbirlərini artıq müqayisə etməyə başlamışdılar. Rio-2016 Yay Olimpiya Oyunları Bakı-2015 Avropa Oyunlarından bir il sonra keçirildi. Təsəvvür edin, Bakıda iştirak edən ölkələrin milli Olimpiya komitələrinin rəhbərləri Rio-2016 Olimpiadasını Bakı-2015 Avropa Oyunları ilə müqayisə edirdilər. Onların fikrinə görə, I Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdi.
Məsələn, 2014-cü ilə qədər atletika üzrə beynəlxalq yarışların təşkilində təcrübəmiz demək olar ki, yox idi. Atletika yarışlarının keçirilməsində hakimlik və təşkilati məsələlər çox mühüm əhəmiyyət daşıyır. 2014-cü ildə ilk dəfə olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçirildi. Bu əhəmiyyətli yarışı yüksək səviyyədə təşkil etmək üçün bir neçə seminar təşkil etdik. Seminarda iştirak edən təcrübəli xarici mütəxəssislər bizim hakimləri təlimatlandırdılar. Sonra həmin yerli hakimlər I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında yarışları idarə etdilər. Atletika üzrə hakimlərimiz 2015-ci ildə Gürcüstanda keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında da ədaləti qorudular. Hakimlərimiz buyaxınlarda Aşqabadda keçirilən Asiya Oyunları çərçivəsində də atletika yarışlarında iştirak etdilər. Bu da o deməkdir ki, ölkəmizdə artıq beynəlxalq yarışları idarə etməyi bacaran hakimlər qrupu da mövcuddur. Bu gün biz ölkəmizdə istənilən yarışı yüksək səviyyədə keçirə bilərik.
"İnanıram ki, gələcəkdə Olimpiya Oyunlarının 
bir ölkədə keçirilməsi tələbi aradan qaldırılacaq”

- Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ölkələr biri-biri ilə gərgin rəqabət aparırlar. Necə düşünürsünüz, ölkəmizin Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün daha çox hansı tədbirlər həyata keçirilməlidir?

- Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iki dəfə öz namizədliyini irəli sürüb. Düşünürəm ki, ikinci dəfəki müraciətimiz daha maraqlı və uğurlu alınıb. Namizədlik mübarizəsindən keçməsək də, bu, böyük təcrübədir. Olimpiya Oyunlarını keçirmək üçün böyük potensial lazımdır. Bu nəhəng idman tədbirinin özünəməxsus tələbləri və şərtləri vardır. Məsələn, basketbol yarışına ən azı 18 min, voleybol yarışı üçün 12 min oturacağı olan zal lazımdır. Yəni hansısa idman növü üzrə ən kiçik zal 6 minlik tamaşaçı tutumuna malik olmalıdır. 2004-cü ildə Afina bu tələbləri yerinə yetirdi. Amma oradakı zallar bugünkü gündə də boş qalıb, istifadə olunmur. Çünki Afinada 18 min basketbol tamaşaçısı yoxdur ki, gəlsin Yunanıstan çempionatını izləsin. Bu qurğuları saxlamaq üçün kifayət qədər böyük vəsait lazımdır. Bu baxımdan Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunları keçirilən ölkədə Olimpiya irsinə diqqət edir. Yəni, olimpiadadan sonra ev sahibliyi edən ölkənin qazancı çox önəmlidir. Elə götürək, Barselona-1992 Olimpiadasını. Yarışlardan sonra bu şəhərə şəhərə turist axını çoxaldı. Fikir vermisinizsə, kiçik ölkələrin heç biri Olimpiya Oyunlarına ev sahibliyi iddiası ilə çıxış etmir. Amma Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarına yüksək səviyyədə təşkil etdikdən sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi ölkə başçısı İlham Əliyevə Azərbaycanın Olimpiya Oyunlarına namizədlik seçimində iştirak etmək iqtidarında olduğunu dedi və öz təklifini verdi: "Biz əminik ki, siz bunu qazana bilərsiniz. Siz artıq sübut etdiniz ki, Olimpiya Oyunlarını keçirdə bilərsiniz”. Düzdür, Bakı Olimpiya Stadionu və bir neçə idman obyektimiz Olimpiya Oyunlarının tələblərinə cavab verir. Lakin bəzi idman qurğuları bu tələblərə cavab vermir və yenidən tikilməlidir. Ölkəmiz I Avropa Oyunlarının irsindən faydalanır və faydalanacaq. Bu ərəfədə inşa edilən idman qurğularında - Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionunda çox böyük tədbirlər keçirilir. Biz I Avropa Oyunlarından sonra həmin arenalarda IV İslam Həmrəyliyi Oyunlarını təşkil etdik. Ölkəmiz 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalına ev sahibliyi edəcək. Bizim beynəlxalq yarışları yüksək səviyyədə keçirmək üçün kifayət qədər idman qurğularımız vardır. BOK Olimpiya Oyunlarının keçirilmə prinsipində dəyişikliklər edir. Bir müddət əvvəl 2024-cü və 2028-ci illərdə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələrin adı müəyyənləşdi. Gələcəkdə olimpiadanın bir şəhərdə keçirilməsi prinsipi də aradan qaldırılacaq. Əvvəllər olimpiadanın təşkili ölkənin deyil, şəhərin adı ilə bağlı olurdu. Bir və ya iki idman növü (yelkənli qayıq və atçılıq) istisna olmaqla, qalan idman növləri kompakt halda bir yerdə keçirilməli idi. Amma indi bu tələb aradan qaldırılıb. İnanıram ki, gələcəkdə Olimpiya Oyunlarının bir ölkədə keçirilməsi tələbi də aradan qaldırılacaq. Təbii ki, bu tələblər ləğv ediləndə idman obyektlərinə olan tələblər də aradan qaldırılacaq. Əgər idman növlərini 5-6 min tamaşaçı tutumu olan arenalarda keçirmək mümkün olsa, onda Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin də sayı artacaq. Son seçim prosesinə nəzər salanda, burada İngiltərə, Fransa, Amerika, Çin, Yaponiya, İspaniya, İtaliya kimi dünyanın ilk iqtisadi səkkizliyinə daxil olan ölkələrin adlarını görə bilərik. Deyək ki, bizim iqtisadi imkanımız yaxşıdır və yeni idman obyektləri tikə bilərik. Bəs sonra bu obyektlərin taleyi necə olacaq? Bakı 2025-ci ildə keçiriləcək Ekspo sərgiyə ev sahibliyi etmək üçün öz namizdliyini irəli sürüb. Əgər bu tədbirə ev sahibliyi etmək hüququ Bakıya verilsə, bu paytaxtımızda Olimpiya Oyunlarını təşkil etmək üçün imkanlar yaradacaq. Tədbirlə bağlı çox böyük sərgi yerləri açılacaq ki, bunları sonradan idman obyektlərinə çevirmək asan başa gəlsin.

"Afinada olimpiada keçirilməsəydi, 
burada metro tikilməzdi”

- Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin əsas maraqları nədən ibarətdir?

- Nəhəng ölkələrin güclü idman bazası, müvafiq infrastruku vardır. Onların Olimpiya Oyunlarında qazancları xərclərindən çox ola bilər. Bu məsələnin iqtisadi tərəfidir. Digər cəhətdən isə hər bir ölkələrin, hətta tanınmış lider ölkələrin belə daha çox tanınmağa, turist cəlb etməyə ehtiyacı vardır. Olimpiya Oyunları bunun üçün ən gözəl vasitədir. Bundan başqa, Olimpiya Oyunları televiziya vasitəsi ilə ən çox tamaşaçı cəlb edən idman tədbiridir. Təsəvvür edin, 20 gün ərzində 3 milyarda yaxın insanın diqqəti bu yarışlara yönəlir. Hər bir ölkənin rəhbəri Olimpiya Oyunlarına ev sahibliyini ən böyük nailiyyət kimi qiymətləndirir. Olimpiya Oyunlarını təşkil etmək üçün hər bir ölkə bacarığını ortaya qoyur. BOK olimpiadanın təşkili üçün həmin ölkəyə kifayət qədər maddi yardım göstərir. Məhz bu səbəbdən dövlətlər Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün çox can atırlar. London-2012 Olimpiadasında inşa edilən "Olimpiya kəndi” indi şəhərin ən gözəl məkanına və biznes mərkəzinə çevrilib. Digər tərəfdən, ekoloji problem həll olunub. Londonun pis bir vəziyyətdə olan böyük bir ərazisi Olimpiya Oyunları üçün çox gözəl bir hala gətirilib. Onlar Olimpiya Oyunlarının gətirdiyi gəlir hesabına bu işi gördülər. Bu, ingilislərin böyük qazancı oldu. 2018-ci ildə Pekində keçirilən Olimpiya Oyunları zamanı çinlilərin də qazancları böyük oldu. Çinlilər bir çox yarışları universitetlərin idman qurğularında keçirdilər. Yəni onlar universitetlərin idman klublarını, saraylarını Olimpiya səviyəsinə çatdırdılar. Olimpiadadan sonra bütün bu qurğular tələbələr üçün qaldı. Tələbələr artıq həmin qurğularda idmanla məşğul olurlar. Yəni, çinlilər tələbə idmanının inkişafını olimpiadanın hesabına həll etdilər. Bəzən deyirlər ki, Afina olimpiadadan ziyanla çıxdı. Lakin Olimpiya Oyunları Afina üçün də müəyyən qədər qazanc gətirdi. Məhz Olimpiya Oyunlarına görə Afinada yeni aeroport və metro tikildi. Əvvəllər bu şəhərdə metro yox idi. Çünki orada tarixi abidələrə görə metro xətti tikmək çox xərc tələb edirdi. Hər olimpiada özündən sonra bir irs qoyur. Ona görə də hər bir dövlət Olimpiya Oyunlarına ev sahibliyi etməkdə maraqlıdır. Çünki məhz bu yarışlar vasitəsilə ölkələr istənilən böyük layihəni həyata keçirə bilirlər.

"Olimpiya ideallarının təbliği üçün 
yeni bir proqram hazırlayırıq”

- Milli Olimpiya Komitəsinin fəaliyyətində hansı yeniliklər nəzərdə tutulur?

- Milli Olimpiya Komitəsi ancaq idman yarışlarının keçirilməsi ilə məşğul olmur. MOK-un ən vacib işlərindən biri də olimpizmin, Olimpiya Hərəkatının, Olimpiya dəyərlərinin, sağlam həyat tərzinin əhali arasında təbliğatını təmin etməkdir. Son iki ildə biz məktəblilərin iştirakı ilə Olimpiya Hərəkatı proqramını həyata keçiririk. Biz bu tədbirləri gələcəkdə də davam etdirəcəyik. Proqramla bağlı başqa mühüm tədbirlər də nəzərdə tutulur. Yeni bir proqram üzərində işləyirik. Məqsədimiz Olimpiya ideallarının təbliğini həyata keçirmək və bu məsələdə Olimpiya çempionlarımızın köməyindən istifadə etməkdir. Beynəlxalq Olimpiya Komitəsi "Olimpiya və mədəniyyət”, "Olimpiya və sağlamlıq”, "Olimpiya və ekologiya”, "İdman hamı üçün” və "İdman və qadın” adlı müxtəlif proqramlar həyata keçirir. MOK Beynəlxalq Olimpiya Komitəsinin bütün proqramlarında fəal iştirak edir. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi atletlərimizin Olimpiya Oyunlarında və müxtəlif beynəlxalq yarışlarda yüksək səviyyədə iştirakını təmin etməklə öz işini bitmiş hesab etmir. Komitə idman və Olimpiya Hərəkatının təbliği sahəsində də böyük işlər görür. MOK günümüzün reallığı olan sosial şəbəkələrdən istifadədə fəallığını artırıb. Bunun nəticəsidir ki, Rio-2016 Olimpiadasında həyata keçirdiyimiz layihəyə görə MOK Olimpiya komitələri arasında sosial şəbəkələrlə iş üzrə ilk onluğa daxil olub. Milli Olimpiya Komitəsinin əsas vəzifələrindən biri də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrin XV Olimpiya Festivalının uğurla təşkil olunmasıdır. 10 idman növü üzrə keçiriləcək bu yarışa təxminən 3500-4000 iştirakçının gələcəyi gözlənilir.

- "Qarabağ” futbol klubu dünyanın ən nüfuzlu turnirlərindən biri olan Çempionlar Liqasının qrup mərhələsində iştirak edir. Komandamızın bu uğuru ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək çox böyük uğurdur. "Qarabağ”ın uğuruna çox inanıram. Klubun qrup mərhələsindəki oyunlarına gəlincə, idman elə bir fəaliyyət sahəsidir ki, ilk dəfədən qalib gəlmək mümkün deyil. 50 ildən artıq futbolla maraqlanan bir insan kimi bilirəm ki, bunun üçün təcrübə lazımdır. Bəxtimizdən qrupdakı rəqiblərimizin hər üçü çox güclüdür. Bu baxımdan "Qarabağ” üçün çox çətindir. İlk görüşdə komandada çox həyəcan var idi. İkinci görüşdə də komandamız oyuna həyəcanlı başladı. Lakin futbolçularımız sonradan başa düşdülər ki, "Roma” klubu ilə oynamaq mümkündür. "Qarabağ” qol vurduqdan sonra daha gözəl oyun nümayiş etdirdi. Düzdür, nəticə alınmasa da, ortada gözəl oyun var idi. Səviyyəli oyun olmalıdır ki, nəticə də olsun. İnanıram ki, komandamız daha gözəl oyun nümayiş etdirəcək. Düşünürəm ki, "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa nail olubsa, uğurların davamı gələcək.

Anar Əhmədov,
Azər Əlizadə