Fiziki tərbiyə işi planlı şəkildə aparılanda səmərəsi də yüksək olur

Fiziki tərbiyə işi planlı şəkildə aparılanda səmərəsi də yüksək olur

Bədən tərbiyəsi və idman həyatımızla çox bağlıdır. Onlar insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəçisidirlər. İdmanla məşğul olmaqla bir sıra çətinlikləri dəf etmək mümkündür. İnsan orqanizmi fəallaşdıqca, hərəkət qabiliyyəti artdıqca yad təsirlərə qarşı müdafiə də güclənir. Bu baxımdan uşaq, yeniyetmə və gənclərin fiziki tərbiyəsi cəmiyyətin əsas vəzifələrindən biri sayılır. İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün keçid rolunu oynayır.

Uşaqların fiziki tərbiyəsi: ilk addım necə atılmalıdır?

Şübhəsiz ki, hər bir valideyn hər zaman övladlarını gələcəkdə vətənə layiqli bir övlad kimi böyütməyi qarşıya məqsəd qoyur. Cəmiyyətdə yüksək yerlər tutmaq, vətənə ləyaqətlə xidmət etməkdən ötrü isə fiziki və mənəvi cəhətdən sağlam olmaq vacibdir. Təbii ki, uşağın sağlam böyüməsi üçün ilk addımı məhz valideynlər atmalıdırlar. Yəni, övladının sağlamlığını düşünən valideyn onun əlindən tutaraq idman zalına aparmalıdır. Öz övladını idman zalına aparan hər bir valideyn uşağına izah etməlidir ki, idmanda əldə edəcəyi nailiyyətlər həm də onun mənəvi tərbiyəsinə kömək edəcək. Təbii ki, valideynlərin əksəriyyəti öz övladını Olimpiya çempionu kimi böyütməyi qarşısına məqsəd qoymur. Bəzi valideynlər üçün idman, sadəcə, uşağın xəstəliklərdən qorunması, onda özünəinam hisslərinin yaranması, tərbiyəli böyüməsi üçün əsas sayılır. Onlar öz övladlarının fiziki sağlamlıqlarını hər şeydən üstün tutur və onların məşhur idmançı kimi yetişməsi barədə düşünmürlər.

Bununla yanaşı, kiçikyaşlı uşağı hər hansı bir idman bölməsinə yazdırarkən onun bacarığı, fiziki imkanları da nəzərə alınmalıdır. Unutmaq olmaz ki, uşağın fiziki inkişafı çox ciddi məsələdir. Məhz buna görə də hər hansı bir idman bölməsinə getməzdən əvvəl həkimlə, bölməyə rəhbərlik edən təcrübəli idman mütəxəssisləri ilə söhbət etmək vacibdir. Valideynin əsas işlərindən biri mütəxəssislərin rəyini dinləmək olmalıdır. Məhz bundan sonra qərar vermək lazımdır. Mütəxəssislərlə söhbət zamanı valideynə izah olunur ki, uşağı hansı idman bölməsinə yazdırmaq lazımdır və idmanla yenicə məşğul olmağa başlayan həmin uşağın imkanları hansı səviyyədədir, yəni o, çiyinlərinə düşəcək "yükü” ram etmək gücünə malikdirmi? Valideyn bu halları mütləq nəzərə almalıdır. Əks təqdirdə, idmanla məşğul olmağa başlayan uşağı xroniki yorğunluq əldən salar, o, özünü digərlərindən gücsüz hiss edər və idmanda heç nəyə nail ola bilməyəcəyini düşünər. Belə halda uşaq istər-istəməz idman bölməsindən uzaqlaşacaq.

İdmanın əlifbası bağçalarda öyrədilir

Mütəxəssislər bildirirlər ki, uşaqların fiziki tərbiyəsi məsələsi həm ailədə, həm də uşaq bağçalarında həll olunmalıdır. Hazırda ölkəmizdə fəaliyyət göstərən uşaq bağçaları sadə idman avadanlıqları ilə təchiz olunub. Bu isə körpələrin bədən tərbiyəsi ilə məşğul olmasına imkan verir. Uşaq bağçasında işləyən tərbiyəçilər hər gün uşaqlara kompleks idman hərəkətləri öyrədir ki, belə hərəkətlər körpələrin əzələlərinin müəyyən dərəcədə bərkiməsinə zəmin yaradır. Eyni zamanda, uşaqlar idmanın əlifbasını öyrənirlər. Mütəxəssislərin fikrincə, uşaq bağçalarında fiziki hərəkətləri yerinə yetirərkən hava şəraiti mütləq nəzərə alınmalıdır. Belə ki, isti havalarda uşaqları çölə çıxarmaq və onlara öyrədilən idman hərəkətlərini məhz təmiz havada yerinə yetirmək lazımdır. Bunun üçün əksər uşaq bağçalarının həyətində hər cür şərait mövcuddur: burada gimnastika alətləri, hədəflər, üzərindən tullanmaq üçün maneələr yaradılıb. Təəssüf ki, bəzi valideynlər körpə uşaqlarının bağçalarda idmanla məşğul olmasına müsbət yanaşmırlar. Məsələn, bəzilərinin fikrincə, əgər uşaq soyuqdəyməyə yoluxubsa, o, çölə çıxmamalıdır (xüsusilə qış mövsümündə). Nəzərə almaq lazımdır ki, ölkəmizdəki müasir uşaq bağçaları qış fəslində istiliklə yüksək səviyyədə təmin olunur. Qalın paltar geyinən körpə fiziki hərəkətləri yerinə yetirməkdə çətinlik çəkir və ya onun bu işə, sadəcə, həvəsi qalmır. Mütəxəssislərin fikrincə, bəzi valideynlərin bu cür "canfəşanlıq” etməsi uşağın tez-tez xəstələnməsinə gətirib çıxarır. Məhz buna görə də körpələrin təmiz havaya çıxarılması vacibdir. Hətta qış fəslində də normal hava şəraitində uşaqlara çöl şəraitində idmanla məşğul olmağı tövsiyə etmək faydalı olar. Çünki qışda təmiz havada yerinə yetirilən idman hərəkətləri uşağın orqanizminin möhkəmlənməsinə yardım edir. Təcrübələr göstərir ki, məktəbəqədər uşaqların fiziki tərbiyəsi kompleks şəkildə həyata keçiriləndə daha səmərəli olur. Bununla belə, mütəxəssislərin fikrincə, hər hansı bir kompleks hərəkətin ardıcıllığı iki həftədən çox davam etməli deyil. Fiziki təbiyənin inkişafına ən çox komanda idman oyunları təsir göstərir. Bu cür oyunlar körpələrin fiziki imkanlarını artırır, onlar cəldlik, çeviklik kimi keyfiyyətləri mənimsəyirlər.

Məktəbəqədər yaş dövründə uşaqların fiziki tərbiyəsində daha bir mühüm amil nəzərə alınmalıdır: zehni qabiliyyətin artırılmasına yönələn hərəkətlərdən sonra fasilə verilməsi. Pedaqoqların fikrincə, məktəbəqədər yaş dövründə olan uşaqların fiziki tərbiyəsi ilə məşğul olanlar bu fasiləni 20 dəqiqədən bir həyata keçirməlidirlər. Əgər uşaq hər hansı bir səbəbdən bağçaya getmirsə, onun fiziki tərbiyəsi ilə evdə məşğul olmaq lazımdır. Hazırda xüsusi proqramlar vardır ki, onların vasitəsilə evlərdə müstəqil şəkildə uşağın fiziki tərbiyəsini həyata keçirmək mümkün olar. Bu zaman həmin proqramda yer alan təlimatlar barədə uşaq həkimi və ya uşaq bağçasının təcrübəli mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Təcrübələr sübut edir ki, məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi onun normal inkişafına, boyunun artmasına müsbət təsir göstərir. Qeyd etdiyimiz kimi, fiziki hərəkətlərin təmiz havada həyata keçirilməsi çox vacibdir. Bu, uşaqları bir çox xəstəliklərdən qoruyur.

Balacaların idmana cəlb olunmasına tədricən başlanılır

Qeyd etdiyimiz kimi, uşağın sağlamlığına göstərilən diqqət çox erkən - uşaq bağçasından başlanılmalıdır. Sevindirici haldır ki, hazırda bu iş ölkəmizin əksər uşaq bağçalarında xüsusi proqramlarla həyata keçirilir. Sumqayıt şəhərinin əksər uşaq bağçasında uşaqların fiziki cəhətdən sağlam və gümrah böyüməsi üçün hər cür şərait yaradılıb. Pedaqoji kollektivin gündəlik fəaliyyətinin əsasını təşkil edən uşaqların fiziki tərbiyəsi məsələsinə yaradıcı yanaşan tərbiyəçilər idmanın müxtəlif növlərinə (üzgüçülük, voleybol, basketbol, mini futbol) və xalq oyunlarına xüsusi diqqət yetirirlər.

10 ildən çoxdur ki, Sumqayıtdakı bağçaların birində tərbiyəçi kimi çalışan Gülnarə İsmayılova uşaqların fiziki tərbiyə ilə məşğul olması üçün tərtib olunan proqramlardan danışdı: "Uşaqlar xalqımızın gələcəyidir. Buna görə də onlara xüsusi qayğı ilə yanaşmaq, layiqli vətəndaş kimi yetişdirmək hər kəsdən məsuliyyət tələb edir. İstər valideynlər, istərsə də, bağçada çalışan tərbiyəçilər bu məsuliyyəti dərindən dərk etməlidirlər. Bağçada uşaqların fiziki tərbiyəsi üzrə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına tədricən başlanılır; bu iş müntəzəm davam etdirilir; nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenanın tələblərinə cavab verən şərait yaradılıb. Bağçada fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, valideynlərin köməyi ilə yaradılmış meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlığının yoxlanılması ilə bağlı müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir”.

Qüvvə tələb edən hərəkətli oyunlar
 uşaqların inkişafı üçün çox zəruridir

Uşaqların yorğunluğunu aradan qaldırmaq və onların diqqətini cəmləşdirmək üçün müxtəlif idman oyunları ən yaxşı vasitə hesab oluna bilər. Orta məktəblərin bədən tərbiyəsi üzrə proqramlarına elə hərəkət növləri daxil edilir ki, onların köməyi ilə uşaqların fiziki inkişafına hərtərəfli təsir etmək mümkün olsun. Məsələn, təhsil ocaqlarında keçirilən bədən tərbiyəsi dərsləri uşaq orqanizminin düzgün inkişafını, onun bədən funksiyalarının təkmilləşdirilməsini və sağlamlığının qorunmasını nəzərdə tutur.

İdman oyunlarında hər bir uşaqdan cəsarət tələb olunur. Bu oyunlar ilk baxışda əyləncə xarakteri daşısa da, məqsədyönlülüyü ilə seçilir. Burada iştirakçı uşaqdan hərəkət, müəyyən fiziki və ya zehni fəaliyyət tələb olunur. Uşaqların fiziki və mənəvi sağlamlığı, bəlkə də, ilk başlanğıcını məhz idman oyunlardan qidalanır.

Orta məktəblərdə keçirilən bələn tərbiyəsi dərslərində topla oyunlara daha çox fikir verilir. Bu, uşaq və gənclərin ilkin yaşlardan etibarən topla oynanılan idman növlərinə (voleybol, basketbol, həndbol, futbol və s.) marağını artırır. Azərbaycanda idman oyunlarının əsasını təşkil edən topla oyunlar zamanı əllər fəal inkişaf edir, uşaq topu tutmaq üçün yuxarı hoppanır, yan tərəflərə müxtəlif hərəkətlər edir. Qüvvə tələb edən hərəkətli oyunlar uşaqların fiziki inkişafı üçün çox zəruridir. Belə məşğələlər zamanı uşağa qaçmaq, əyilmək, sürüşmək, qolları yana və yuxarı qaldırmaq və s. hərəkətlər etmək lazım gəlir. Bu da onların döş qəfəsinin genişlənməsinə, onurğa sütununun düzgünlüyünə, çiyinlərin, qolların, biləklərin, əl barmaqlarının inkişafına səbəb olur. Belə oyunlar zamanı uşaqlarda yeni müsbət vərdişlər və çeviklik əmələ gəlir. Təsadüfi deyil ki, uşaqların çoxu idman oyunlarına xüsusi maraqla yanaşır, ədalət prinsiplərinə əsaslanan yarış qaydalarına diqqətlə əməl etməyə, bir-birilə böyük həvəslə yarışmağa çalışır. Bütün bu amillər isə onların həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərir.

Orta məktəblərdə keçilən bədən tərbiyəsi dərsləri yeniyetmə və gənclərin sağlamlığında əhəmiyyətli rol oynayır. Bədən tərbiyəsi dərslərinə və fiziki hərəkətlər üzrə məşğələlərə dərin maraq oyatmaq üçün ilk növbədə, çalışmaq lazımdır ki, uşaqlar bu hərəkətlərin onların sağlamlığında xüsusi əhəmiyyət kəsb etdiyini anlasınlar. Şagirdlərin bədən tərbiyəsi dərslərinə həvəslə yanaşması üçün onlarda maraq oyadılmalıdır.

Adətən, dərs ilinin sonunda məktəblinin fiziki hazırlığında baş vermiş irəliləyişləri müəyyənləşdirmək və müsbət nəticələr əldə etmək mümkün olmur. Şagirdlərin fiziki hazırlığında lazımi dəyişikliklər etməkdən ötrü fənn tapşırıqlarının dərs ilinin ortasında da yerinə yetirilməsini tələb etmək lazımdır. Məktəb şəraitində pedaqoji nəzarətin təşkili prinsiplərindən irəli gələn ümumi qanunlar da bunları tələbə edir. Ancaq fəal pedaqoji nəzarətin müvəffəqiyyəti başqa şərtlərdən də asılıdır. Bunlardan ən vacibi şagirdlərin fiziki hazırlıq və fiziki inkişafın təkmilləşməsi prosesinə şüurlu cəlb edilməsidir. Şagirdi müəllimin göstərişlərini passiv surətdə yerinə yetirən şəxsdən, bu prosesin aktiv iştirakçısına çevirmək vacibdir. Yaxşı olardı ki, şagirdlər müəllimin göstərişlərini yerinə yetirərək əldə etdikləri nəticələri özləri də qeydə alsınlar. Digər vacib şərt pedaqoji nəzarətin dəqiq təşkili və onun həkim nəzarəti ilə sıx əlaqəsidir. Həkim nəzarəti dərs ilinin əvvəlində aparılmalı və müəllimlərə şagirdlərin sağlamlığı, onların fiziki inkişafinda baş verən dəyişikliklər barədə məlumatlar vaxtında çatdırılmalıdır. Bütün bunlar ölkəmizin gənc sakinlərinin fiziki sağlamlığı üçün əhəmiyyətlidir.

"Mənim yanıma gələn valideynlərə tövsiyə edirəm ki...”

Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç üsuldan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür. Bununla yanaşı, anket sorğusu vasitəsilə qeyri-məhdud miqdarda məlumat almaq və materialları hesablama maşınına vermək imkanları mövcuddur. Digər tərəfdən, yazılı anket sorğusu yolu ilə elə obyektiv faktlara malik olmaq mümkündür ki, onları statistik metodlarla əldə etmək, sadəcə, imkan xaricindədir. Anket sorğusunda insanların bədən tərbiyəsi və idmana olan maraqlarında psixoloji mühit və münasibətlərin aşkar edilməsi o qədər də mümkün deyil. Bu üsulun köməyi ilə yalnız münasibətlərin ümumi xüsusiyyətləri haqqında məlumat almaq mümkündür.

Təcrübəli psixoloq Faiq Xəlilovun fikrincə, anket sualları üç qrupa bölünməklə ümumi suallarla başlanır: "Buraya sorğuda iştirak edənin cinsi, yaşı, təhsili, ailə vəziyyəti, ixtisası, valideynlərin bədən tərbiyəsi və idmana münasibətlərini aşkara çıxaran suallar daxil edilir. Sualların bir qismi şəxsiyyətin formalaşmasında bədən tərbiyəsi və idmanın əhəmiyyətinin valideynlər tərəfindən necə başa düşmələrinə və onların bu sahəyə necə münasibət bəsləmələrinə yönəldilir. Suallar hər kəsə öz fikirlərini sərbəst, çəkinmədən söyləməyə şərait yaradır. Lakin bu növ anketlərdə həm də bəzi nöqsanlara rast gəlinir. Onlar aşağıdakılardan ibarətdir: cavabların heç də hamısı tam və dolğun olmur. Dəqiq, dərin məzmunlu cavablara az təsadüf olunur ki, bunları da qruplaşdırmaq çətinlik törədir. Buna görə də, sorğunu fərdi aparmaq daha məqsədəuyğundur. Söhbət zamanı kənar adamların sorğuda iştirak etməsi cavabların obyektivliyinə mane olur, sərbəst və açıq etiraf qaydaları hökmən pozulur. Uşaqların bədən tərbiyəsi və idmana marağının yaş dövrləri ilə əlaqədar dəyişikliyi nəzərə alınmalıdır. Bu məqsədlə çətin xarakterə malik yeniyetmə məktəblilərdə bədən tərbiyəsi və idmana olan marağın məzmunu, xüsusiyyətləri, inkişaf dinamikası, eləcə də marağın vəziyyəti təhlil edilməlidir. İdmanla məşğul olan uşaq valideynləri tərəfindən həvəsləndirilməlidir. Bu, müxtəlif yollarla həyata keçirilə bilər. Məsələn, valideynlər və ailənin digər üzvləri uşağın çıxışlarını vaxtaşırı izləyirsə, belə ailə qruplarında idmana maraq o biri ailə qrupları ilə müqayisədə iki dəfə yüksək olur. Ümumiyyətlə, ailə üzvlərinin hansısa yarışda iştirakı nəticəsində həmin ailədə idmana maraq daha da mütəşəkkil xarakter alır. Belə ki, oğlan və qızlar ata və anasının, bacı-qardaşının idman yarışlarında iştirakını görərkən, onda ruh yüksəkliyi, özünəinam kimi çox mühüm mənəvi-psixoloji keyfiyyətlər inkişaf edir. Çətin xarakterli yeniyetmələrdə bədən tərbiyəsi və idmana marağın yaradılmasında ailədə uzun illər ərzində bərqərar olmuş idman ənənələri əhəmiyyətli dərəcədə böyük rol oynayır. Lakin heç də bütün ailələrdə belə ənənələr olmur. Bəzən ailədə heç kim idmana maraq göstərmir. Bu, həmin ailənin uşaqlarına mənfi təsir edir. Müşahidələrim belə deməyə əsas verir. Mənim yanıma gələn hər bir valideynlərə tövsiyə edirəm ki, uşaqların fiziki sağlamlığını, onun psixoloji vəziyyətini normalaşdırmaqdan ötrü idman zallarına üz tutsunlar”.

Təbii ki, valideynlə övladı arasında münasibət hər şeydən əvvəl dostluq xarakteri daşımalıdır. Yəni, istər ata, istər ana evdə öz övladı ilə xoş münasibət yaratmalıdır. Elə etmək lazımdır ki, uşaq öz problemini valideyninə deməkdən çəkinməsin. Bütün bunlar uşağın həm tərbiyəsinə, həm də onun kamil insan kimi formalaşmasına zəmin yarada bilər. Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər. Qeyd edək ki, ailədə fiziki tərbiyə məsələlərinin təşkili və idarə edilməsi mürəkkəb prosesdir. İlk baxışdan bu, asan görünə bilər. Uşağın bədən tərbiyəsinə, idmana cəlb olunması valideynlərdən nəzəri və təcrübi bilik, bacarıq və hövsələ tələb edir. Uşaqlarımızın fiziki sağlamlığı hər birimiz üçün çox böyük əhəmiyyət daşıyır. Bunu nəzərə almalı, valideyn olaraq, uşaqlarımızın fiziki sağlamlığının keşiyində möhkəm dayanmalıyıq.

Rahib Səmədov