Fiziki, mənəvi tərbiyənin əsaslarından biri də bədən tərbiyəsi və idmandır

Fiziki, mənəvi tərbiyənin əsaslarından biri də bədən tərbiyəsi və idmandır

Gənclik insan həyatının ən gözəl dövrüdür. Bu dövrdə yaşayanların qurub-yaratmaq həvəsi aşıb-daşır. Gənclik həyat, sevgi, enerji deməkdir. Gənc nəslin potensialından düzgün istifadə, bu istiqamətdə siyasətin ardıcıl aparılması, istənilən dövlətin gənclərini onun qarantına çevirir. Dövlətimiz gənclərlə iş sahəsini, onların problemlərini prioritet məsələ kimi daim diqqətdə saxlayır. Bu istiqamətdə aparılan konkret fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında və digər sahələrdə fəallıq nümayiş etdirirlər. Azərbaycan gəncləri dövlətimizin gələcəyi, müstəqilliyimizin qorunması üçün əlindən gələni əsirgəməyən, öz enerjisini bu sahəyə sərf etməyi bacaran bir nəsildir.

Fiziki hazırlıq sağlamlığa müsbət təsir edir
Şübhəsiz ki, gənclərin fəallığı onların fiziki sağlamlığından çox asılıdır. Bu mənada, Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl idman siyasəti gənclərimizin sağlam həyat tərzi yaşamasına, ictimai həyatda fəallığına zəmin yaradıb. Dövlətin qayğısı sayəsində ölkəmizdə uşaq və gənclərimiz fəal şəkildə idmanla məşğul olur, öz sağlamlıqlarının qeydinə qalırlar. Paytaxtda və respublikamızın bütün bölgələrində idmanın və bədən tərbiyəsinin inkişafını təmin etmək üçün bir sıra mühüm işlər görülür, müxtəlif proqram və layihələr həyata keçirilir. Müasir tələblərə cavab verən Olimpiya idman komplekslərində minlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. İdman ocaqlarının lazımi avadanlıqlarla təchiz olunması böyüməkdə olan gənc nəslin fiziki sağlamlığında böyük əhəmiyyət kəsb edir. Yüksək səviyyəli maddi-texniki bazanın yaradılması, idman zalları və stadionların lazımi avadanlıqla təmin olunması idman və bədən tərbiyəsinə diqqət və qayğıdan irəli gəlir. Belə şəraitdə peşəkar idmançıların yetişməsi gözləniləndir. Bu idmançılarımız Azərbaycanı ən mötəbər idman yarışlarında yüksək səviyyədə təmsil edirlər. Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, beynəlxalq səviyyəli yarışlarda qazanılan medallar bunu deməyə əsas verir.

İdman mütəxəssislərinin də dediyi kimi, bədən tərbiyəsi uşaq və gənclərə kiçik yaşlarından aşılanmalıdır. Evdə, bağçada, məktəbdə bünövrəsi qoyulan idman bacarıqları və vərdişləri sonrakı mərhələdə bir baza rolunu oynayır. "Olimpiya dünyası” qəzeti olaraq "Uşaq və gənclərin fiziki və inkişafı” layihəsi çərçivəsində Balaxanı qəsəbəsi 4 saylı orta məktəbin bədən tərbiyə müəllimi ilə görüşərək onun fikirlərini öyrəndik. Uzun illərdir uşaqlara və gənclərə bədən tərbiyəsinin sirlərini öyrədən Ramin Səfərov bizə insan orqanizminin imkanlarından, sağlamlığın qorunmasında idmanın bir vasitə olmasından danışdı. İdman və bədən tərbiyəsinin uşaq və gənclərin həyatında önəmli rolundan bəhs edən Ramin müəllim bir çox maraqlı məqamlara toxundu: "Hər bir insan səhər yuxudan oyanan kimi fiziki hərəkətlərə vaxt ayırmalıdır. Gecədən orqanizmdə yaranmış passivliyi səhər tezdən bu vasitə ilə aradan qaldırmaq mümkündür. Fiziki hərəkətlər nəticəsində orqanizmin imkanları genişlənir. İştaha artdığı üçün insan səhər yeməyi zamanı lazımi səviyyədə qidalana bilir, gün ərzində yüksək əhval-ruhiyyədə olur, özünü gümrah hiss edir. Fiziki hazırlığı yüksək səviyyədə olan uşaq və yeniyetmələr kollektivə də asan uyğunlaşırlar. Özünü sağlam və gümrah hiss edən insan düşdüyü mühitdə aqressiv və kobud hərəkətlərə yol vermir, əksinə, ətrafındakı insanlar, o cümlədən həmkarları ilə münasibətdə daha nəzakətli və mədəni olur”.
Sağlamlıq gözəl və əvəzedilməz nemətdir. Sağlam insanın bədəni də, ruhu da sağlam olur. Yaşamaq, yaratmaq istəyir. Bu, onun ətrafındakı insanlara münasibətinə də müsbət təsir göstərir. Ramin müəllim deyir ki, hər kəs öz sağlamlığının qeydinə qalmağa borcludur: "Uşaqdan böyüyə kimi hər kəs sağlamlığına ciddi fikir verməlidir. Bəzi insanlar spirtli içkilər, siqaret və narkotik maddələrə aludəçilik kimi zərərli vərdişlərə meyilli olurlar. Bu, onların sağlamlığına ciddi zərbə vurur və tüfeyli həyat keçirməsinə gətirib çıxarır. Uşaq və gəncləri bu cür vərdişlərdən çəkindirmək, onları idmana cəlb etmək faydalıdır.

Ailələrdə söz-söhbətin, münaqişələrin yaranmasına, cəmiyyətdə, kollektivdə nüfuz və inamın itirilməsinə məhz bu kimi pis vərdişlər səbəb olur. İnsanın sağlamlığına müsbət təsir göstərən vərdişlərdən biri də idman və bədən tərbiyəsi ilə məşğul olmaqdır. Məhz idmanın köməyi ilə insanlar sağlam orqanizmə, tam formalaşmış bədən quruluşuna yiyələnirlər. Həm də orqanizm bir çox ağır xəstəliklərə "sipər” olur, onu yaxın buraxmır. İnsan üçün bir növ, mühərrik vəzifəsini yerinə yetirən ürək belə, ən ağır infarktın öhdəsindən gələ bilir”.

"Zehni fəaliyyətlə məşğul olanlar idmana 
üstünlük verirlər”
Təhsil uşaq və yeniyetmələrin gözəl gələcəyi üçün ən vacib amillərdəndir. Məktəbəqədər təhsil müəssisələrində, məktəblərdə, kollec və universitetlərdə təhsil alan uşaq, yeniyetmə və gənclər cəmiyyətimizin gələcəyidir. Müstəqil ölkəmiz fiziki və mənəvi cəhətdən sağlam, elmli və savadlı uşaq və yeniyetmələrin hesabına yaşayacaq, daha sürətlə inkişaf edəcək. Dövlətimizin qarşısına qoyduğu əsas məqsədlərdən biri də məhz mənəvi və fiziki cəhətdən sağlam gənc nəsil tərbiyə etməkdir. Sağlam gələcəyin təməli elə uşaq vaxtlarında qoyulur.
Ramin Səfərov məktəblərdə tədris olunan bədən təbiyəsi dərslərinin gənclərin intellektual cəhətdən inkişaf etməsində böyük rolu olduğundan danışdı. O, qeyd etdi ki, fiziki hərəkətlər zehni yorğunluğu aradan qaldırmaq üçün ən gözəl vasitədir: "Dərs müddətində beyin yorğunluğunu aradan qaldırılması məhz bədən tərbiyəsinin nəticəsində mümkündür. Təbii ki, fiziki güc sərf edən insanlar öz yorğunluqlarını zehni işlə məşğul olanlara nisbətən tez aradan qaldıra bilirlər. Fiziki qüsurların aradan qaldırılmasında, insanın mənəvi cəhətdən formalaşmasında fiziki hazırlığın rolunu danmaq olmaz”.

Fiziki məşqlərlə həftədə 3 dəfə məşğul olmaq lazımdır
Elmi əsaslara görə, insan bədənində 600-ə qədər müxtəlif əzələ yerləşir. Həmin əzələ liflərinin tərkibi isə zülallardan ibarətdir. İdman və fiziki hərəkətlər əzələ üçün çox zəruridir. Belə ki, insanlar yaşa dolduqca əzələ və piy toxumasının nisbəti potoloji olaraq dəyişir hətta piy toxumasının artmasına yol açır. Həkimlərin fikrincə, əzələ kütləsinin itirilməsi qocalıq əlamətidir. Lakin araşdırmalara görə, hazırda gənclərin 30 faizə qədəri əzələ kütləsinin azalması halı ilə qarşılaşır. Əzələlər təbiətin möcüzəsidir: onları işlətmədiyimiz halda dərhal zəifləyir, amma fiziki yüklənmə və qidalanmadan sonra yenidən bərpa olunur.

İnsanın sağlamlığı üçün idman və fiziki hərəkətlərin əhəmiyyəti çox böyükdür. Depressiyanın aradan qaldırılmasında idman və fiziki hərəkətlər çox gözəl müalicə vasitəsi hesab olunur. İdmanla məşğul olanda orqanizmdə endorfin və ya "xoşbəxtlik hormonu” yaranır. Fiziki fəaliyyət zamanı sarsıntı hormonu olan adrenalinin səviyyəsi aşağı düşür. Fiziki hərəkətlər arterial təzyiqi normallaşdırır, nəticədə insult və ürək tutması riski azalır. Qanda şəkərin səviyyəsinin enməsinə (hərəkətlərdən qabaq və sonra özünə nəzarət zəruridir), xolesterin də daxil olmaqla lipidlərin aşağı düşməsinə kömək edir, qan dövranını və ürəyin işini yaxşılaşdırır.
Həkim məsləhəti olmadan uşaq və yeniyetmənin hər hansı idman növü ilə məşğul olması, fiziki hərəkətləri yerinə yetirməsi bir qədər təhlükəlidir. Fiziki məşqlərə həftədə 3 dəfə olmaqla, 10-15 dəqiqədən başlamaq və tədricən həftədə 4-6 dəfə olmaqla, müddəti 30 dəqiqəyə qədər artırmaq lazımdır. Lakin yaşlı insanlar üçün fiziki fəaliyyəti həftədə 3 dəfə 15-30 dəqiqəlik piyada gəzinti əvəz edə bilər.

Oturaq həyat tərzi orqanizmdə bir çox xəstəliklərin
fəallaşmasına şərait yaradır
Fiziki fəallığın üstünlüklərinə, insan orqanizmi üçün faydalarına baxmayaraq, bir çox insanlar oturaq həyat tərzi keçirməyə üstünlük verirlər. Çoxları nəqliyyatı piyada gəzməkdən, əyləncəni trenajordan, məşqdən vacib sayırlar. Oturaq həyat tərzi, hərəkətsiz fəaliyyət orqanizmdə bir çox xəstəliklərin fəallaşmasına, həyatın tədricən qısalmasına şərait yaradır. Əgər vaxt, imkan, həvəs daha intensiv fiziki fəaliyyətlə məşğul olmağa imkan verirsə, onda mütəxəssislərin öz şəxsi məşq proqramından yararlanmaq lazımdır. Əgər fiziki hərəkətlər bədənin bir hissəsində yerinə yetirilirsə, müəyyən bir yaş dövründə gövdənin və çiyin nahiyəsinin əzələləri öz gücünü itirməyə məhkumdur. Təbabətdə sübut olunub ki, öz fiziki gücünü və çevikliyini saxlayan insanlar gündəlik işlərini daha yaxşı yerinə yetirmək qabiliyyətində olur, onların bel nahiyəsində kəskin ağrılar baş vermir. Belə insanlar hətta ahıl yaşlarında belə əvvəlki fiziki formalarını saxlaya bilirlər.
Müsahibim məşq zamanı, fiziki hərəkətləri yerinə yetirərkən bəzi qaydalara riayət etməyin vacibliyini qeyd etdi. Həmin qaydalar aşağıdakılardır:
- İdmana və fiziki hərəkətlərə yenicə start verən uşaq və yeniyetmələr əzələlər yorulana qədər məşq etməməlidirlər;
- Həvəs göstərdiyin idman növü ilə məşğul olmaq lazımdır;
- Səhər yeməyindən, ən azı, 2 saat, nahardan isə 4 saat keçməmiş məşq etmək olmaz;
- Gecə yuxudan əvvəl gərgin və intensiv məşq etməmək məsləhət görülür. Bunu, ən azı, yatmazdan 2 saat qabaq həyata keçirmək lazımdır;
- Məşqlər başa çatdıqdan təxminən 30-40 dəqiqə sonra qida və su qəbul etmək olar. Lakin məşq ərzində bədənin itirdiyi suyu bərpa etmək üçün az miqdarda maye içmək mümkündür.
Tibbi tədqiqatlar göstərir ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki hərəkət və fəaliyyət 4 aydan sonra insan təzyiqinin normallaşmasına kömək edir. Onu da qeyd edək ki, həddindən çox fiziki gərginlik və məşqlər xəstəliklərə yol aça bilər. Bu, xüsusilə, güc və əzələnin inkişafı üçün məşqlərdən sui-istifadə nəticəsində yarana bilər. Məşqlər üçün təmiz havalı məkan seçmək də vacibdir.

Uşaqların sağlamlığına təsir edən amillər hansılardır?
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün televiziya və yaxud kompüter qarşısında saatlarla oturanların sayı xeyli artıb. Bu mənfi amil istər uşaq və yeniyetmələrin, istərsə də böyüklərin səhhətinə öz mənfi təsirini göstərir. Mütəxəssislərin fikrincə, cəmiyyətimizin gələcəyi olan uşaq və gəncləri belə zərərli məşğuliyyətdən xilas etməyin ən asan və faydalı yolu idmanla məşğul olmaqdır. İdmanla məşğul olduqdan, məşqlərə başlayandan sonra onlarda televizor, kompüterə maraq azalır.
Uşaqların kompüterdən istifadəsi onlara həm mənfi, həm də müsbət təsir edir. Bəs onların yaş həddi həmin mənfi təsirlərə tab gətirə bilirmi? Bir çox mütəxəssislər elmi-texniki tərəqqinin son nailiyyəti olan kompüterin uşaqlarda gizli istedad və bacarığı üzə çıxardığını bildirirlər. Digərləri isə, kompüterin uşaq, yeniyetmə və gənclərin zehni qabiliyyətinin artmasında böyük rolu olduğu qənaətindədirlər. Təbii ki, kompüterin gənc nəslin həyatında ünsiyyət vasitəsi olduğunu deyənlər də var. Bəs görəsən, valideynlərin bu məsələyə münasibəti necədir? Bununla bağlı aparılan araşdırmalar zamanı maraqlı nəticələr əldə olunub. Belə ki, valideynlərin 19 faizi uşaqların 3 yaşından kompüterlə tanış olmasını təbii hesab edir. 61 faizi onu övladları üçün maraqlı oyuncaq, 96 faizi isə kompüterin uşaqların inkişafına müsbət təsir göstərdiyini bildirir. Mütəxəssislər müxtəlif yaş qrupları üzrə kompüterdən isdifadə edilməsi barədə müəyyən təkliflər irəli sürürlər:
- 3 yaşa qədər: bu yaşa qədər olan uşaqlar virtual dünyanı hələ tam dərk etmirlər. Onların gün ərzində kompüter arxasında cəmi 5-10 dəqiqə oturması məsləhət görülür.
- 3-5 yaş arası: bu yaşda uşaqları daha çox oyun proqramları maraqlandırır. Bu dövrdə olan körpələr, bir növ, virtual dünyanı dərk etməyə can atırlar. Onların gün ərzində kompüterlə maksimum 30 dəqiqəyə qədər məşğul olması məsləhət göürülür.
- 5-9 yaş arası: uşaqları bu yaşlarında fərdi proqramlar maraqlandırır. Onlar üçün 60 dəqiqəyə qədər kompüterdən istifadə kifayətdir.
- 9-13 yaş arası: Bu uşaqlar, demək olar, virtual dünyanı tam dərk edirlər. Onların daha çox şənbə və bazar günləri maraqlı oyunlarla vaxt keçirməsi məsləhətdir.

"Həddindən artıq fiziki gərginlik orqanizmə zərərdir”
Qaçış idman növü insanın sağlamlığına müsbət təsir edir. Tibb mütəxəssisləri təcrübi olaraq qaçış üçün əks-göstəriş olmadığını (aşağı təzyiqdən başqa) deyirlər. Hətta yastıpəncə insanlar da ortopedik ayaqqabılarla qaça bilərlər. Qaçış zamanı insanın bütün bədəni silkələnir. Bu, hipertoniyadan, təngənəfəslikdən, zökəmdən qurtulmaq üçün ən yaxşı vasitədir. Qaçış həm də qan dövranını yaxşılaşdırır və tonusun lazımi səviyyədə qalmasına kömək edir. Qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Ümumiyyətlə, qaçış fiziki sağlamlıq üçün ən yaxşı vasitədir. Lakin qaçışın ən əsas üstünlüyü ondan ibarətdir ki, o, stress atmaq qabiliyyətinə malikdir. Parkda və ya stadionda qaçmaq hər bir insanın öz seçimidir. Hər halda yaxşı qaçış sözün əsl mənasında, insana bir növ ruh verir, bu da xüsusilə insanların çox olduğu böyük şəhərlərdə yaşayanlar üçün çox vacibdir.
Qaçışla bağlı Ramin müəllimin də fikirlərini öyrəndik. Onun sözlərinə görə, qaçışdan bezməmək üçün məşqlərə tədricən başlamaq və vaxt keçdikcə fiziki yükü müəyyən bir maksimuma çatdırmaq lazımdır: "Həddindən artıq fiziki gərginlik insanı sağlam etmir, əksinə orqanizmi yorur, bu da yaşlandıqca nəzərə çarpır. Əsas dünya rekordu qazanmaq deyil, sağlamlıq və bədənin tonusunu lazımi səviyyədə saxlamaqdır. Buna görə də asta-asta qaçmaq lazımdır. Məhz bu cür qaçış növü oynaqlar üçün təhlükəsizdir. Asta-asta qaçışın sürəti orta sürətli yerişdən azacıq çox olmalıdır. Daha dəqiq müəyyənləşdirmək üçün nəbzi saymaq lazımdır: onun sayı dəqiqədə 110, maksimum 120 olmalıdır. Başlanğıcda çətin olacağını nəzərə alaraq, tədricən yerişə üstünlük vermək, nəbz bərpa olunduqdan sonra yenidən qaçmağa başlamaq olar. Müntəzəm 10-12 məşqdən sonra nəbzin sayını dəqiqədə 110-120 səviyyəsində saxlamaq mümkündür.
Küçəyə çıxan kimi dərhal qaçmaq olmaz. Oynaqları hazırlamaq üçün 3-5 dəqiqə qızışdırıcı hərəkətlər etmək lazımdır. Bunun üçün sadə gimnastik hərəkətlər yerinə yetirilməlidir. Müxtəlif qaçış məsafəsi seçmək olar. İlkin vəziyyətdə vaxtaşırı 200 metr məsafəyə qaçmaq məsləhət görülür. Axırıncı 50 metr məsafədə sürəti tədricən azaltmaq və tənəffüsü bərpa etmək üçün müəyyən müddət yerimək, bundan sonra əzələlərin boşalması üçün 3-5 hərəkəti yerinə yetirmək lazımdır. Ürək üçün olan fiziki yükə güc hərəkətləri əlavə etmək üçün, qaçışdan sonra dartınma, oturub-durma, əllə yerə sıxılma, press hərəkətləri yerinə yetirilməlidir. Qaçış oynaq və bağları elə bu hərəkətlər üçün hazırlayır. Bundan başqa, qaçışı velosipedlə növbələşdirmək, onunla əvəz etmək olar. Qaçış zamanı qızışdırıcı hərəkətlərə 3-5 dəqiqə vaxt sərf etmək kifayətdir. Əgər qaçış problemli nahiyələr üçün güc hərəkətləri ilə birgə həyata keçirilirsə, buna, ən azı, 1 saat vaxt bəs edir. Qaçış cədvəlini hər kəs özü seçməlidir. Həftə ərzində 2-3 dəfə qaçmaq orqanizm üçün kifayət edir. Əgər çox qaçmaq lazım gəlirsə, bunu günaşırı qaçışla əvəz etmək olar. Amma bu da öz normasında olmalıdır. Çünki əzələlərin bərpa olunması üçün müəyyən vaxt lazımdır”.
Ramin Səfərov qaçış zamanı geyimin də xüsusi rolu olduğunu qeyd etdi: "Qaçış zamanı ayaqqabılar möhkəmliyi, qalın altlığı və güclü amortizasiyası ilə fərqlənir. Onlardan istifadə qaçış yerindən və həmin yerin örtüyündən asılıdır. Bərk örtük olan asfaltda qaçmaq oynaqlar üçün çox ziyandır: bu zaman oynaqlar çox güclü zərbələrə məruz qalır və tezliklə "sürtülüb yeyilirlər”. Stadionda olan rezin örtük, ot, qum, yumşaq torpaq isə tamamilə imkan verir ki, qaçış zamanı nazik altlıqlı ayaqqabı geyinilsin. Qaçış zamanı çalışmaq lazımdır ki, əzələlər boşalmış vəziyyətdə saxlansın və hər hansı bir tənəffüs ritmi gözlənilməsin. Qidalanmaya gəldikdə isə, qaçışla əlaqədar iştah güclənir. Ona görə də ilk vaxtlar bir az çətin olur. Xüsusilə arıqlamaq istəyənlər üçün qidalanmağa daha ciddi nəzarət etmək lazım gəlir. Amma elə adamlar var ki, müntəzəm qaçışa başladıqdan sonra, əksinə, iştahası orta səviyyədə olur. Qaçışdan 30 dəqiqə qabaq yemək olar, bir şərtlə ki, yemək yüngül, ən yaxşısı, meyvə-tərəvəzdən ibarət olsun. Əgər mədə güclü yeməklə dolubsa, ən azı, bir saat gözləmək lazımdır. Məşqdən dərhal sonra isə yeməyə başlamaq olar”, - deyə o əlavə etdi.
Bəzi mütəxəssislər iddia edirlər ki, səhər tezdən qaçmaq orqanizm üçün ziyandır. Çünki həmin vaxt orqanizm tam oyanmır və tez təsir altına düşür. Bunun fəsadları isə xoşagəlməz olur. Yaxşı yataraq, istirahət edən insan özünü qızışdırıcı hərəkətlərlə qaçışa yaxşı hazırlasa, səhər qaçışı orqanizmə heç bir ziyan verməz.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi üçün əsas vasitələrdən birincisi bədən tərbiyəsi və idmandır. Sağlamlığın açarı da məhz idmanın və bədən tərbiyəsinin özündədir. Mütəmadi idmanla məşğul olmaq sağlamlığın zəmanətidir. Bu zəmanəti itirmək istəmirsinizsə, idmanı sevin və ondan uzaqlaşmayın!
Rahib Səmədov