İdman diplomatiyası beynəlxalq münasibətlərdə mühüm amili kimi

İdman diplomatiyası beynəlxalq münasibətlərdə mühüm amili kimi

Son onilliklərdə qlobal inkişafın mədəni paradiqması kontekstində dünya siyasətində humanitar meyarın təsdiqi prosesi müşahidə olunur. Müasir beynəlxalq münasibətlərdə humanitar problemlər xüsusi əhəmiyyət kəsb edir. Onların həlli beynəlxalq münasibətlərin vəziyyətindən, onlarda mövcud olan gərginlik səviyyəsindən, habelə, bu prosesə yalnız dövlətlərin rəsmi nümayəndələrinin deyil, həm də ictimaiyyət nümayəndələrinin, o cümlədən idman ictimaiyyətinin cəlb edilməsindən asılıdır.

İdman qlobal məfhum kimi, mənşəyindən, təhsilindən, dini etiqadından, yaxud iqtisadi vəziyyətindən asılı olmayaraq insanları birləşdirmək qabiliyyətinə malikdir. Müasir dünyada idman güclü potensiala və imkanlara malik siyasi təsir vasitəsidir. Müxtəlif ölkələr bu alətdən məqsədlərini reallaşdırmaq üçün fərqli şəkildə istifadə edirlər. Bu gün idman beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. O, beynəlxalq əməkdaşlığın fəallaşdırılması vasitəsi, münaqişələrin qarşısının alınması və mədəniyyətlərarası dialoqun qurulması aləti kimi çıxış edir. İdman universal olduğundan, irqindən, dini etiqadından, ideoloji baxışlarından asılı olmayaraq, hamı üçün anlaşılandır və bu da onun əhəmiyyətini artırır.

Son onilliklərdə xalqlar arasında anlaşmanın əldə edilməsinə, idman vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş idman diplomatiyası bu sahənin idmanın beynəlxalq münasibətlər sisteminə cəlb edilməsi ilə bağlıdır.Müasir dünyada daxili və xarici siyasət sahəsində dövlətlərin strateji vəzifələrini həll etməyə qadir olan humanitar və vətəndaş cəmiyyəti institutu kimi idman diplomatiyasının fəal şəkildə formalaşması prosesi getməkdədir.

Müasir mürəkkəb və ziddiyyətli dünyada idman dinc əməkdaşlıq modelinin imkanlarını və üstünlüklərini nümayiş etdirərək, dərin simvolik funksiya daşıyır. Məhz özünün sülhyaradıcı potensialı səbəbindən idman BMT-nin fəaliyyətində inkişafın və sülhün təmin edilməsi aləti kimi nəzərdən keçirilir. İdman fəaliyyəti sülh mədəniyyətinin dəyərlər sistemində mühüm yer tutan demokratik norma və prinsiplərə istiqamətlənmiş davranışın tərbiyə olunmasına təkan verir, tolerantlıq, qarşılıqlı hörmət və zorakılıqdan imtina nümunəsi kimi çıxış edir.

Beynəlxalq mədəni-humanitar əməkdaşlıq sahəsində vəzifələr müəyyən olunarkən xüsusi vurğulanır ki, idman və bədən tərbiyəsi insanlar arasında anlaşmanın inkişaf etdirilməsinin və xoş məramın ifadəsinin mühüm vasitəsidir. "Siyasətdən kənarda” olmasına baxmayaraq, idman güclü siyasi potensiala malikdir və beynəlxalq münasibətlərdə mühüm rol oynayır. Sülh və inkişaf alətlərindən biri olan idman yerli, milli və beynəlxalq səviyyələrdə həmrəyliyin, dözümlülüyün və sosial inteqrasiyanın möhkəmləndirilməsinə təkan verir. Komanda ruhu, dürüstlük, intizam, rəqibə və oyun qaydalarına hörmət kimi idman dəyərləri bütün dünyada qəbul olunur və dinc yanaşı yaşamanın təşviqi üçün istifadə oluna bilər.

İdman BMT-nin sistemində beynəlxalq münasibətlərin aktual problemləri, ilk növbədə, sülh və inkişaf problemi haqqında təbliğatın və ictimai məlumatlılığın yüksəldilməsinin unikal və güclü aləti kimi nəzərdən keçirilir. Yerli, regional və qlobal səviyyələrdə idmandan təxirəsalınmaz humanitar yardımın göstərilməsindən tutmuş uzunmüddətli inkişaf layihələrinə qədər bir çox hallarda istifadə olunur. Bu sahənin ən böyük faydası şəxsiyyətin inkişafı, sağlamlığın möhkəmləndirilməsi, gender bərabərliyinin gücləndirilməsi, sosial inteqrasiya və ictimai kapitalın inkişafı, münaqişələrin qarşısının alınmas və nizamlanmasında, təbii fəlakətlərdən sonra normal həyatın bərpasında və iqtisadi inkişafda təzahür edir.

Müasir dövrdə beynəlxalq münasibətlərdə idmanın özünü təsdiq etməsinin dörd formasına daha böyük tələbat duyulmaqdadır:
1. İnkişaf aləti kimi;
2. "Yumşaq güc” aləti kimi;
3. Multikultural dialoq və yaxınlaşma aləti kimi;
4. İdman beynəlxalq münasibətlərdə sülhün təmin edilməsi aləti kimi.

Beynəlxalq münasibətlərdə idman diplomatiyasının xarakteri və məzmunu son onilliklərdə əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Müasir idman diplomatiyası dövlətlərin vətəndaş cəmiyyəti institutları səviyyəsində məlumat və ideyalar mübadiləsi vasitəsilə bir-birinin ictimai rəyinə qarşılıqlı təsirini nəzərdə tutur. Hazırda beynəlxalq münasibətlərdə idman diplomatiyasının rolunun güclənməsi aşağıdakı səbəblərlə şərtlənir:
- Ənənəvı diplomatiyada baş verən coşğun dəyişikliklər, yalnız dövlətlərin qarşılıqlı fəaliyyətini nəzərdə tutan klassik diplomatiya modelinin müasir diplomatik fəaliyyətin aspektlərindən birinə çevrilməsi, ənənəvi diplomatiyanın müasir reallıqlara adaptasiya məcburiyyətində qalması;
- İdman təşkilatlarının və idman növlərinin sayının artması, onların təsirinin güclənməsi, ümumi dəyərlər baxımından idmanla diplomatiyanın yaxınlaşması, açıqlığa, tolerantlığa, sülhə istiqamətlənmə;
- Humanitar texnologiya və vətəndaş cəmiyyətinin institutu kimi idman diplomatiyasının dövlətlərin daxili və xarici siyasət sahəsində strateji vəzifələrini həll etmək qabiliyyəti.

Müasir beynəlxalq münasibətlərdə idman diplomatiyası idman ictimaiyyəti nümayəndələrinin bir-biri və rəsmi hakimiyyət orqanları ilə qeyri-rəsmi qarşılıqlı fəaliyyətinin forması kimi çıxış edir. O, hamı tərəfindən tanınan prinsip və normalar əsasında reallaşdırılmalıdır. Həmin prinsip və normalara: ümumbəşər sivilizasiyasının vahid əsasının tanınması; qarşılıqlı təhlükəsizlik; digər sivilizasiyaların və dövlətlərin inkişaf imkanlarının pozulmaması və onlara təhdidlərin yaradılmaması; müasir dünyanın çoxqütblülüyü, vahidliyi və müxtəlifliyi; dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə görə xüsusi məsuliyyəti; xalqların özünəməxsusluğunun bütün aspektlərinin müdafiəsi aiddir.

Son illərdə dünya miqyaslı idman hadisələrinin populyarlaşması, habelə idmandan siyasi məqsədlərlə istifadə edilməsinin çoxəsrlik tarixi fonunda idman diplomatiyasının daha geniş tədqiqinin əhəmiyyəti artır. Milli səviyyədə bədən tərbiyəsi və idmanın inkişafı məsələlərinə daha çox diqqət yetirilir, dünya siyasətində beynəlxalq idman təşkilatlarının rolu genişlənir, bu və ya digər dövlətin dünya siyasətinə "yumşaq güc” mövqeyindən təsirinin güclənməsi mexanizmləri daha fəal surətdə müzakirə olunur.

İdman diplomatiyasının ən geniş yayılmış anlayışı aşağıdakı kimi ifadə olunur: dövlətlərin, hökumətlərin, xarici siyasət vəzifələrinin həyata keçirilməsi üzrə xüsusi orqanların beynəxalq idman tədbirlərinin təşkili, keçirilməsi və komandalar, idmançılar, məşqçilərlə həmin tədbirlərdə iştirak və nailiyyətlər əldə etmə vasitəsilə dövlətlərin xarici siyasət vəzifələrini həyata keçirməsi.

İdman diplomatiyası ölkənin "yumşaq güc” vasitəsilə təsirinin artırılmasının perspektivli istiqamətidir. Dövlətin idman mübadilələrinin təşkili çərçivəsində minimum iştirakından başlayaraq böyük idman hadisələrinin siyasi səbəblərdən boykot edilməsinə qədər idman diplomatiyası müəyyənliklə yanaşı, idmanın universal məqsədlərinin pozulması ilə bağlı bəzi etik xarakterli şübhələrə də rəvac verə bilər. İdman diplomatiyasının inklişaf perspektivlərinə gəlincə, mövcud informasiyaların təhlili aşağıdakı nəticələrə gəlməyə imkan yaradır. Böyük idman yarışlarının təşkilatçısı olan ölkələrin nüfuzunun artması və xarici siyasi təsirin komponenti kimi "yumşaq güc” amilinin nəzəri təhlili, idman diplomatiyasına marağın daha da güclənəcəyini proqnozlaşdırmağa imkan verir. İdman sahəsində müasir dövlət siyasətinin tədricən təkmilləşdirilərək cəmiyyətin birliyinə təsir göstərəcəyi istisna olunmur.

Hazırda Azərbaycan Respublikasında cəmiyyətin müasir siyasi mədəniyyətinin mühüm tərkib hissəsi kimi idman diplomatiyasının inkişaf etdirilməsinə, xarici siyasət fəaliyyətinə cəlb edilməsinə böyük önəm verilir. İdman diplomatiyasının fəal tətbiqində məqsəd ölkənin müsbət obrazının yaradılması, onun beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, "yumşaq güc”ün tətbiqi sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə həm beynəlxalq təcrübəni, həm də milli özünəməxsusluğu nəzərə alan optimal fəaliyyət formalarının axtarılıb tapılması, mövcud normativ bazanın daha da təkmilləşdirilməsidir.

Azərbaycan Respublikasında idman diplomatiyasının siyasi tətbiqi təcrübəsi özünün dinamizmi ilə seçilir. Azərbaycanın idman diplomatiyası daim inkişafdadır. Azərbaycan Respublikasında idman potensialının gücləndirilməsınə keçən əsrin 90-cı illərinin ortalarından etibarən xüsusi diqqət yetirilir. 1997-ci ildə İlham Əliyev Azərbaycan MOK-un prezidenti seçildikdən sonra ölkədə Olimpiya Hərəkatının və idmanın sürətli inkişafı reallığa çevrildi. Nəticədə idman diplomatiyası Azərbaycan Respublikasının xarici siyasətində mühüm təsir alətlərindən biri kimi çıxış etməyə başladı. 2015-ci ildə Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi bu istiqamətdə atılmış mühüm addım kimi Azərbaycan Respublikasının xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından müsbət nəticələr verdi. Bakıda I Avropa Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir, çünki bu hadisə ölkənin "yumşaq güc”ünün səviyyəsinin, onun imicinin və nüfuzunun yüksəldilməsinə təkan vermişdir. Bu gün Bakı şəhəri artıq dünya miqyasında mötəbər idman tədbirlərin keçirildiyi məkan kimi tanınır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca Formula-1 Avropa Qran-pri yarışlarının Bakıda keçirilməsi 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkilinin davamı idi. Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikasının idman diplomatiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti uğurlu addım oldu.

Hazırda ölkəmizdə həm peşəkar, həm də kütləvi idmanın populyarlaşdırılmasına yönəlmiş siyasət yürüdülür, sağlam həyat tərzinin təbliği və əhalinin sağlamlığının möhkəmləndirilməsi uzunmüddətli vəzifə kimi qarşıya qoyulur. Reallaşdırılan siyasət sayəsində milli birliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin daha da yaxşılaşdırılması təmin olunur. "Sportfacilities” jurnalının icmalında qeyd olunur ki, son illərdə Azərbaycan Respublikası ölkədə keçirilən dünya səviyyəli yarışların sayına görə liderlər sırasında yer alır.

Siyasi məqsədlərin həyata keçirilməsi üçün idman diplomatiyası metodlarından istifadənin populyarlığının artması ilə əlaqədar dövlətlər öz imicini və nüfuzunu yüksəltmək məqsədilə kütləvi idman tədbirləri vasitəsilə daha çox sayda təsir mexanizmindən istifadə edir. Bu gün Azərbaycan idman diplomatiyasının reallaşdırılması sahəsində böyük perspektivlərə malikdir. Ölkəmizin dünya miqyaslı idman hadisələrində fəal iştirakı, idman sahəsində qanunvericiliyi daha da təkmilləşdirilməsi idman diplomatiyasında qazanılan uğurları nümayiş etdirir.

Əlimusa İbrahimov,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Bakı Dövlət Universitetinin
Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi