Ədalətsizliyin qarşısını yalnız ədalətlə almaq lazımdır

Ədalətsizliyin qarşısını yalnız ədalətlə almaq lazımdır

Ədalət ərəb sözüdür. Özündə İnsaf, haqq, qərəzsizlik, üzgörməzlik, doğruluq, düzlük və s. mənaları cəm edir. İşlədilmə yeri isə fərqlidir. Ədalətli oyunlar ideyası müasir Olimpiya oyunlarının bərpasının ilk illərində meydana gəlib. Ədalətli oyunlarla bağlı beynəlxalq hərəkatın yaradılması isə ötən əsrin 60-cı illərinə aiddir. YUNESKO, Beynəlxalq İdman və Bədən Tərbiyəsi Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası nümayəndələrinin 1963-cü ildə keçirdiyi seminarda ilk dəfə Ədalətli Oyunlar Təşkilatının təsis olunması fikri səslənmişdir.


Bərabər şərait, obyektiv cəza və bərqərar olunan ədalət

1963-cü il dekabrın 5-də Parisdə Ədalətli Oyunlar üzrə «Pyer de Kuberten» Fondu təsis edilmiş, 1973-cü il mayın 29-da isə bu fond Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CİFP) adı almışdır. Belə bir qitə təşkilatının yaradılması ideyası da ötən əsrin ikinci yarısından müxtəlif toplantılarda səslənmişdir. Lakin o vaxtlar əksəriyyət bir beynəlxalq təşkilatla kifayətlənməyi məqbul sayırdı. Buna görə də ötən əsrin 90-cı illərinədək Avropada analoji təşkilatın yaradılması ideyası gerçəkləşmədi. 90-cı illərdə bu məsələ yenidən gündəmə gətirildi. Nəhayət, 1994-cü ildə İsveçrənin Sürix şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatı (EFPM- European Fair Play Movement) adlanan təşkilat yaradıldı. Təşkilatın məqsədi idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrıseçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaqdır. Hazırda Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterbergerdir.

"Fair Play” Hərəkatı və Azərbaycan

Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahənin inkişafı ilə yanaşı, ədalət prinsiplərinə riayət olunması da xüsusi diqqət mərkəzindədir. Beynəlxalq idman qurumlarının ölkəmizə göstərdiyi yüksək etimadın nəticəsidir ki, son vaxtlar respublikamızda bir sıra dünya və qitə miqyaslı mötəbər turnirlər keçirilir. Bu yarışların təşkili ölkəmizə səfər edən beynəlxalq idman qurumlarının nümayəndələri tərəfindən çox yüksək qiymətləndirilib. Bunun səbəblərindən biri həmin yarışların yüksək səviyyədə təşkil edilməsidirsə, digər səbəbi də ədalətli oyun prinsiplərinə ciddi əməl olunmasıdır.

Hazırda Avropa Ədalətli Oyunlar Hərəkatında 40 dövlət təmsil olunur. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (Az.ƏOK) 1997-ci ildə formalaşdırılıb. Ölkəmiz 1998-ci ildən AƏOH-nın üzvüdür. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Komissiya yaranan vaxtdan ölkəmiz Avropa Ədalətli Oyunlar Hərəkatının bütün tədbirlərində yaxından iştirak edir. Qitə təşkilatı ilə əlaqələr yüksək səviyyədə qurulub.

Az.ƏOK-un qitə təşkilatı ilə əlaqələri də yüksək səviyyədə qurulub. Komissiya yaranan vaxtdan ölkəmiz AƏOH-un bütün tədbirlərində, o cümlədən qurumun Konqres və Baş Assambleyalarında fəal iştirak edir.
2009-cu ildə AƏOH-un XV Konqres və Assambleyası paytaxtımızda yüksək səviyyədə keçirilib. Həmin il ölkəmizə səfər edən AƏOH-un 8 nəfərdən ibarət rəsmi nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev qəbul edib. Qəbul zamanı gündəlik həyatda və idman fəaliyyətində Olimpiya tərbiyəsinin, ədalətli oyunlarla bağlı dəyər və prinsiplərin vacibliyinə yönələn bütün təşəbbüslərə, verdiyi hərtərəfli dəstəyə görə dövlətimizin başçısına AƏOH-un ali mükafatı - "Şərəf” nişanı təqdim olunub.

Bakıda Avropa "Fair Play” Hərəkatının və Beynəlxalq "Fair Play” Komitəsinin birgə konqresi və Avropa "Fair Play” Hərəkatının 21-ci Assambleyası keçirilib. Azərbaycanda idmanın inkişafına və Ədalətli Oyunlar Hərəkatını dəstəklədiyinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının xüsusi medalı ilə mükafatlandırılıb.

2015-ci ildə BƏOH-un prezidenti Jeno Kamuti AzƏOK-un sədri Xəzər İsayevi beynəlxalq və Avropa qurumları ilə yaradılan sıx əməkdaşlığa görə BƏOH-un medalı ilə təltif edib.

Azərbaycan Ədalətli Oyunlar Komissiyası ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində mühüm tədbirlər həyata keçirir. Qurum cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən, respublikada idman ictimaiyyətinin maraqlarını müdafiə edən bir təşkilat kimi fəaliyyət göstərir. Ədalətli Oyunlar Komissiyasının əsas məqsədi gənc nəslin harmonik inkişafına nail olmaq, bədən tərbiyəsi və idmanda ədalətli mübarizə ruhunu yüksək mədəni davranış qaydalarını aşılamaqdan ibarətdir.

İdman təkcə nəticə, qələbə və ya uğurdan ibarət deyil, onun həm də sülhün bərqərar olunması, təhlükəsizliyin təmin edilməsi, mədəniyyətlər və dinlər arasında dialoqun yaradılmasında çox mühüm bir vasitədir.

Mədəniyyətlərarası əlaqələrdə ədalətli oyunların
rolu danılmazdır

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda çox müasir idman infrastrukturu var və idmanda öz qüvvəsini sınamaq üçün hamıya yaxşı şərait yaradılıb. Azərbaycanda idmanın geniş vüsət alması ölkədə gənc nəsil arasında idmanın inkişaf etdirilməsinə yönələn səylərin əlamətidir. Ölkəmizdə idmanın inkişafı ilə yanaşı, bu sahədə ədalətlilik prinsiplərinə riayət olunması da xüsusilə diqqət mərkəzindədir. Müxtəlif idman növləri üzrə beynəlxalq qurum nümayəndələrinin ölkəmizə göstərdikləri yüksək etimadın nəticəsidir ki, son vaxtlar respublikamızda bir sıra beynəlxalq səviyyəli mötəbər turnirlər keçirilir. Bu yarışların təşkili ölkəmizə səfər edən beynəlxalq idman qurumlarının rəsmiləri tərəfindən çox yüksək qiymətləndirilib. Ədalətlilik prinsipləri əsasında və yüksək səviyyədə təşkil olunan yarışlarda ölkəmizə təşrif buyuran qonaqlar və turnir iştirakçıları razı qalıblar. Bu gün ədalətli oyun prinsipləri idman yarışlarında özünü daha qabarıq göstərir. Mədəniyyətlərarası əlaqələrdə ədalətli oyunların rolu danılmazdır. Paytaxtımızda ayrı-ayrı növlər üzrə təşkil olunan dünya və Avropa çempionatları, dünya kuboku yarışları və bir sıra mötəbər turnirlərdə dünyanın müxtəlif mədəniyyətlərə malik insanları bir-birinə daha sıx bağlayır. Belə yarışlar həm də ölkələr arasında sülh və dostluğun bərqərar olmasına xidmət edir. Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında mədəniyyətlərarası əlaqələrdə ədalətlilik prinsipləri özünü daha qabarıq göstərdi. Ötən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın Təşkilat Komitəsi bu yarışların yüksək səviyyədə təşkili üçün əlindən gələni etdi. Azərbaycanın paytaxtına gələn hər bir kəsin buradan xoş təəssüratla ayrılması üçün demək olar ki, bütün işlər görülmüşdü. Həmin günlərdə Azərbaycan sanki vahid bir insanın ədalətlilik prinsipləri əsasında idmanın yüksək zirvəsini fəth etmək amalı uğrunda mübarizə aparmasina bənzəyirdi. Bu yarışlarda idmançılar qələbəyə doğru layiqli yol seçərək, ona doğru qətiyyətlə irəliləyirdilər.

Ədalətli oyun məsələsi çox geniş bir mövzudur. Qələbəyə doğru layiqli yol və ya çirkin oyun? Məhz bu sual ilk növbədə idmançıları, məşqçiləri, hakimləri və ümumiyyətlə, idman ictimaiyyətini ciddi maraqlandırmalıdır. İdmanda ədalətdən söz düşəndə ilk növbədə şəffaf hakimlik barədə düşünürsən.

Qarşılaşmalar və futbol matçları zamanı hakimlər barədə "ciddi olsa da ədalətlidir” ifadəsi tez-tez səslənir. İtaliyalı futbol hakimi Pyerluçi Kollinanın ünvanına deyilən bu sözləri çox eşitmişik. Hakimin işi həm də meydanda, tatamidə, rinqdə nəzakətə riayət olunmasına nəzarət etməkdən ibarətdir. Amma buna baxmayaraq hakimlərin qeyri-obyektiv qiymətləndirmələri ilə xoşagəlməz anlarla yadda qalır. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir. Milli Olimpiya Komitəsinin prezident İlham Əliyevin dediyi kimi, əsas odur ki, idmançı ruhdan düşməsin, oyunda özünü təsdiqləməyə davam etsin.

Bu gün isə Azərbaycan özünü dünyada idman dövləti kimi göstərir. Rio Olimpiya oyunları, eyni zamanda, onu göstərib ki, əvvəlki dövrlərdə qazandığımız uğurlar təsadüfi deyildir. Keçən il Bakıda tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunları keçirilmişdir. Azərbaycan atletləri komanda hesabında ikinci yeri tutmuşlar. Bəziləri buna təəccüblə yanaşırdılar. Yəni, bəzi idman mütəxəssisləri üçün bu, bir sürpriz idi. Hesab edirdilər ki, doğma divarlar arasında bizim idmançılara yəqin, hansısa xüsusi bir şərait yaradılmışdı. Halbuki bu, belə deyil. Hətta Bakıda keçirilmiş Avropa Oyunlarında da hakimlərin ədalətsizliyi bəzi hallarda idmançılarımıza mane olurdu. Necə ki, bu dəfə Rioda bizim qızıl medallarımızın sayı daha çox olmalı idi. Bunu siz də yaxşı bilirsiniz, Azərbaycan ictimaiyyəti də və idmanla maraqlananlar da bilirlər. Rio Olimpiya oyunlarının nəticələri onu göstərir ki, Avropa Oyunlarındakı nailiyyət təsadüfi deyildir.

Onlar sağlam rəqabətin təbliğinə və mənəvi dəyərlərin
qorunmasına cavabdehdirlər

Yeniyetmə və gənclərə, gələcəyin Olimpiya, dünya və Avropa çempionlarına ədalətli olmaq anlayışı kiçik yaşlarından aşılanmalıdır. İdmanda ədalətdən şöz düşəndə hakimlərlə bərabər məşqçilər barədə də düşünürsən.
Məşqçilərin işi çətin və eyni zamanda məsuliyyət tələb edən işdir. Gənclərin idmana marağının artmasında və bu sahənin populyarlıq qazanmasında yaxşı məşqçilərin xidməti böyükdür. Məşqçilərin səviyyəsinin yüksək olması, onların obyektivliyi, məşqçiliyin sirlərini dərindən bilmələri keçirilən yarışları daha baxımlı edir. Məşqçilərin əsas məqsədi idmançılarda mənəvi və əxlaqi keyfiyyətlərin inkişafını, habelə, ədalətli mübarizə prinsipləri aşılamaq olmalıdır. Məşqçilər idmançıların səhhətlərinin qorunması və onların həyat tərzinin yaxşılaşdırılması üçün xüsusi məsuliyyət daşıyırlar. Onlar həm də idman yarışlarında sağlam rəqabətin təbliğinə və mənəvi dəyərlərin qorunmasına cavabdehdirlər. Məşqçilər dopinqə qarşi mübarızədə, zorakılığın, bərabərsizliyin və haqsızlığın qarşısının alınmasında fəal olmalıdırlar.

Maraqlıdır ki, keçmiş dövrlərdə yarışlar zamanı idmançılar istənilən yolla, nəyin bahasına olursa-olsun qələbə qazanmağı qarşıya məqsəd qoyurdular. İndi isə yarışlarda qaydaların tətbiq olunması və ona mütləq şəkildə əməl olunması ədalətsizliyin qarşısını alır. Ədalətli idman prinsiplərinə zidd halların baş verməsi isə, əksinə yeniyetmə və gənc idmançıların daha tez idmanla vidalaşmalarına, onların bu sahəyə maraqlarının azalmasına gətirib çıxarır ki, bu da idmanın inkişafına mənfi təsir göstərir. Belə hallarda, ilk növbədə məşqçilərin köməyi lazımdır.

İdmançıları ədalət prinsiplərinə riayət etməyə həvəsləndirməkdə məşqçilərin də rolu əvəzsizdir. Məşqçi idmançıya qarşı həmişə diqqətli olmalı və əxlaqi, habelə ədalətlilik prinsipi baxımdan onunla düzgün davranmalıdır.

Bu baxımdan 15 dekabr 2017-ci ildə Azərbaycan Ədalətli Oyunlar Komissiyasının "İslam Həmrəyliyi və Ədalətli Oyunlar” nominasiyasında təsis etdiyi mükafatı da yüksık qiymətləndirmək olar.