Gənc nəslin formalaşmasında hərbi-texniki idman növlərinin rolu

Gənc nəslin formalaşmasında hərbi-texniki idman növlərinin rolu


Vətəni sevmək və müdafiə etmək, bütün xalqın işi, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Konstitusiyamızda dövlətin mənafeyini qorumaq, onun qüdrət və nüfuzunun möhkəmlənməsinə kömək etmək Azərbaycan vətəndaşlarının vəzifəsi kimi aydın göstərilib. Bu baxımdan uşaq və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyəti son dərəcə böyükdür. İdmanın texniki və hərbi-tətbiqi növlərinin hər vasitə ilə inkişaf etdirilməsi hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm vasitələrindən biridir. Bu növlər oğlan və qızların nəinki fiziki cəhətdən möhkəmlənməsində, həm də onların fəal həyat mövqeyinin, əxlaqi-iradi keyfiyyətlərinin formalaşmasında, gənc nəslin vətənin müdafiəsinə hazırlanmasında böyük rol oynayır.


Mərdlik, şücaət, intizamlılıq kimi 
keyfiyyətlərə malik olmaq
Respublikamızda idmanın hərbi texniki növlərindən atıcılıq, avtomobil, motosiklet, motorlu qayıq, paraşüt idmanı, eləcə də aviasiya və gəmi modelçiliyi inkişaf etdirilir. Statisikaya görə, hərbi-texniki növlər üzrə Azərbaycanda 132 min nəfər dərəcəli idmançı yetişmişdir ki, onun 1240 nəfəri birinci dərəcəli idmançı və ustalığa namizədlərdir. Hərbi-tətbiqi, texniki növləri cəsarətli, güclü və mərd adamların idmanı adlandırılır. Burada insandan cəldlik, güc, vəziyyətdən anında çıxmaq qabiliyyəti, xüsusi bacarıq tələb olunur.
Elmi-texniki tərəqqinin həyatın bütün sahələrinə görünməmiş təsir göstərdiyi bir zamanda idmanın hərbi-texniki növlərinin xalq təsərrüfatı, müdafiə sahəsində əhəmiyyəti daha da artmışdır. Gənclərin asudə vaxtda texniki və hərbi-texniki idman məşğələlərinə kütləvi surətdə cəlb olunması cəsur adamların hazırlanmasına xeyli dərəcədə kömək edir.
Atıcılıq, təyyarə, vertolyot, avtomobil, motosiklet, motorlu qayıq, paraşüt və radio idmanı, eləcə də, aviasiya, avtomobil və gəmi modelçiliyi növləri üzrə məşğələlər gənclərə texnika ilə davranmaq bacarığını aşılayır, yaradıcı münasibəti inkişaf etdirir, əmək vərdişlərini formalaşdırır. Bu məşğələlər həmçinin gənclər arasında kollektivçilik və qarşılıqlı yardım, ictimai borca məsuliyyətli münasibət kimi mühüm mənəvi keyfiyyətləri tərbiyə edir. Mərdlik, şücaət, qələbəyə nail olmaq əzmi, məqsədyönlülük, möhkəm xarakter, intizamlılıq kimi əxlaqi keyfiyyətlər hər bir adam, xüsusilə də hərbi qulluqçular üçün son dərəcə zəruridir. Hərbi-texniki idman növləri gənclərin Silahlı Qüvvələrdə xidmət etməyə hazırlanması prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib. Respublikamızda idmanın hərbi-texniki növlərinin inkişafı, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində işin təkmilləşdirilməsi Azərbaycanın dövlət orqanlarının müdafiə fəaliyyətinə daim diqqət yetirməsi və onlara qayğı göstərməsində özünü büruzə verir. Könüllü Hərbi-Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC), gənclər təşkilatları və başqa ictimai təşkilatlarla sıx əməkdaşlıq məhz bu işə yardım edir.
Müəssisələrdə, tədris ocaqlarında hərbi-vətənpərvərlik tərbiyəsinin daha yaxşı təşkili məqsədilə KHVTİC-nin rayon, şəhər komitələri gənclər təşkilatları ilə birlikdə baxış-müsabiqələr keçirir. Bu müdafiə işinin, o cümlədən, müdafiə-idman işinin güclənməsinə daha çox kömək edir.


İdmanın hərbi-texniki növlərinin 
bazasıgenişləndirilir
İdmanın hərbi-texniki növlərinin inkişaf etdirilməsi işində müəyyən problemlər və nöqsanlar vardır. Həmin problemlərin həlli, mövcud nöqsanların aradan qaldırılması gənclərin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsinin səmərəliliyinin yüksəldilməsinə çox yaxşı yardım etmiş olardı. Lakin bu problemləri yalnız əlaqədar ictimai təşkilatların, nazirliklərin və baş idarələrin birgə səyi ilə həll etmək mümkündür. Texniki idman çoxlu maddi vəsait tələb edir. Onun inkişafı bahalı qurğuların tikilməsi, müxtəlif idman texnikasının istehsalı və sair ilə əlaqədardır. Deməli, maliyyə vəsaiti ayrılmalı, onlardan səmərəli istifadə edilməlidir.
Həmkarlar İttifaqı və gənclər təşkilatı ilə birlikdə KHVTİC idmanın hərbi-texniki növlərinin bazasını hər vasitə ilə inkişaf etdirməyə çalışır, bunun üçün ictimai əsaslarla çox iş görülür. Həmkarlar ittifaqlarının yerli komitələri hərbi-texniki idmanın maddi bazasının inkişafına daha böyük kömək göstərmək imkanına malikdir. Bu məqsədlə həmkarlar ittifaqları idman cəmiyyətlərinin işində iştirakını gücləndirə bilər.
Qeyd etmək lazımdır ki, idmançıların müasir tələblərə cavab verən birinci dərəcəli idman texnikası ilə kifayət qədər təmin olunmaması beynəlxalq yarışlarda Azərbaycan planerçilərinin, motorlu qayıqçılarının, kartinqçilərinin zəif çıxış etmələrinə səbəb olur. Bir çox təşkilatlar hətta pul vəsaiti olduğu halda belə, lazımi idman avadanlığı və texnikası əldə edə bilmir. Bu zaman yol və idman motosiklərinin, motosikl mühərriklərinin, modelçilər üçün avadanlıqların, məqsədli kiçik çaplı tüfənglərin və patronların çatışmazlığı aydın dərəcədə hiss olunur. Məsələn, saniyəölçənlər qətiyən tapılmır, meqafon yoxdur. Burada da sənayenin yardımı mütləqdir.
İdmanın texniki və hərbi-tətbiqi növləri ilə məşğələlərə yeniyetmələrin geniş cəlb olunması və böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi hazırda KHVTİC-nin işində əsas istiqamətlərdən biridir. Bu vəzifə ilk təşkilatların fəallığının yüksəldilməsi və ümumtəhsil məktəblərində, texniki peşə məktəblərində, liseylərdə kütləvi müdafiə işinin gücləndirilməsi, yaşayış yerlərində yeniyetmələrlə aparılan tərbiyə işinin fəallaşdırılması, hərbi-vətənpərvərlik klublarının, gənc oğlanlar üçün texniki idman məktəblərinin yaradılması yolu ilə yerinə yetirilir. Təəssüflə qeyd etməliyik ki, məktəblilərin idmanın texniki və hərbi-tətbiqi növlərinə marağı azdır.
Azərbaycan KHVTİC ümumtəhsil məktəblərində və texniki peşə təhsili məktəblərində, liseylərdə idmanın hərbi-texniki növlərini daha da inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlayıb. Həmin tədbirlərdə yeniyetmələr üçün yarışların sayının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, ictimai kadrlar hazırlanması nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi məktəbli gənclər arasında müdafiə-idman işinin gücləndirilməsinə şərait yaradacaqdır.
Kadr hazırlığı məsələsi xüsusilə, ciddi problemlərdən biridir. İdmanın hərbi-texniki növlərində paradoksal vəziyyət yaranmışdır. Mürəkkəb, yüksək sürət və gərginlik idmanı ixtisaslı məşqçilər tələb edir. Lakin bu cür kadrlar hazırlayan sistem ölkədə yoxdur. Doğrudur, bir sıra ali məktəblərdə idmanın bu növləri üzrə yarışlar təşkil etməyi bacaran tələbələrin fakültətiv əsaslarla məşğələləri keçirilir. Lakin bu problemi həll etmir, xüsusilə də, ona görə ki, bir sıra hallarda bu cür məşğələlər aşağı səviyyədə keçirilir. Fakt budur ki, Bakı şəhərində idmanın hərbi-texniki növləri üzrə xüsusi təhsil almış heç bir məşqçi yoxdur. Təəssüf ki, bu sahədə iş ictimaiyyətçilərin qüvvəsilə, könüllülük əsasında aparılır. Düşünürəm ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində idmanın texniki növləri üzrə xüsusi ixtisaslar yaradılması məqsədəuyğun olardı.
Mükəmməl təlim-məşq prosesi yüksək idman nəticələri qazanılmasında əsas olmasa da, hər halda böyük rol oynayır. Lakin idmanın hərbi-texniki növlərinə gəldikdə, etiraf etmək lazımdır ki, bu sahədə, o cümlədən idmançıların əxlaqi və psixoloji hazırlığı məsələlərində elmi tədqiqatların və tövsiyələrin köməyi heç də kifayət deyil.
Ölkəmizdə idmanın hərbi-texniki növlərinin nüfuz və əhəmiyyətinin artdığını nəzərə alaraq demək istəyirəm ki, müvafiq elmi tədqiqat, tibb və idman təşkilatlarının diqqətini bu məsələlərə cəlb etmək lazımdır. Hərbi-texniki idman növlərinin kütləviliyinin inkişafı problemi də hələ tamamilə həll edilməmişdir. Kənd yerlərində müdafiə-idman işi əsaslı surətdə yaxşılaşdırılmalıdır.

Gənc nəslin fiziki və
mənəvi sağlamlığına
ciddi fikir verilir
Dövlətin və xalqın müqəddəratı gənc nəslin doğma torpağa məhəbbətindən, onun qorunmasına daim hazır olmasından, bir sözlə, vətənpərvərlik ruhunda tərbiyəsindən çox asılıdır. Fiziki sağlamlığı, texniki ustalığı olmayan vətəndaşın vətəni layiqincə müdafiə edə biləcəyini düşünmək sadəlövhlük olardı. Odur ki, ölkədə gənc nəslin fiziki və mənəvi sağlamlığına, o cümlədən texniki vərdişlərə yiyələnməsinə dövlət səviyyəsində ciddi fikir verilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərin fiziki və mənəvi sağlamlığına dövlət qayğısının vacibliyi haqqında demişdir: "Biz çalışırıq ki, xalqımız sağlam olsun, gənc nəsillər sağlam yetişsinlər. Xalqımızın həm fiziki sağlamlığını, həm şüuru, mənəvi sağlamlığını təmin etmək dövlətçiliyimizin ali məqsədi, vəzifəsidir”.
Bu vəzifəni yerinə yetirmək üçün idmanın inkişafına, gənclərin texniki hazırlığının yüksəldilməsi məsələlərinə xüsusi fikir verilir. Əvvəlcə "DOSAF” kimi tanıdığımız hazırkı Könüllü Hərbi-Vətənpərvərlik Texniki və İdman Cəmiyyəti gənclərin fiziki hərbi və texniki hazırlığının yüksəldilməsi ilə birbaşa məşğul olan çoxşaxəli tədris müəssisəsidir. 1927-ci ildən fəaliyyət göstərən bu cəmiyyətin 56 texniki idman klubu və 20 texniki aviasiya, avtomobil və hərbi dənizçilik məktəbinin vasitəsilə 1992-ci ildən bu günədək respublikamız üçün 17 mindən çox kadr hazırlanıb”.
Gənclərin fiziki hazırlığı, hərbi və texniki vərdişlərinin yüksəldilməsi işi ilə məşğul olan KHVTİC dövlətin bu istiqamətdə proqramını həyata keçirir. KHVTİC-də 7-8 ixtisas üzrə kadr hazırlanır. Texniki-hərbi idman növlərinin inkişafına daha çox fikir verilir. Hazırlanmış idman ustaları, ustalığa namizədlər, məşqçilər və idmançılar müxtəlif səviyyəli yarışlarda respublikamızı layiqincə təmsil edirlər.

Müstəqilliyimiz dövründə Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (AKHVTİC) Respublika Şurasının 1 saylı Bakı Birləşmiş Texniki Mərkəzinin işi qənaətbəxşdir. Belə ki, AKHVTİC Respublika Şurasının vəsaiti hesabına "Avtouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətdən alınmış "Fiat Albea-1.4” və "Fiat Albea Sole-1.4” markalı yeni təlim-minik maşınlarından xalq təsərrüfatı və silahlı qüvvələr üçün hazırlanan gənc sürücülərin təlim məşqlərində istifadə olunur. Xalq təsərrüfatı və silahlı qüvvələr üçün peşəkar, müasir texnikanı idarə edə bilən savadlı sürücü kadrları hazırlamaq məqsədilə təlim-məşq vasitələrinin günün tələblərinə cavab verməsi zəruridir. Köhnəlmiş avtmobillərin təlim-tədris texnikası sıralarından çıxarılması prosesinə başlamasının səbəbi də məhz budur. Cəmiyyət hər il xalq təsərrüfatı və silahlı qüvvələr üçün yüzlərlə gənc sürücü hazırlayır.
Gənclərin texniki hazırlığının yüksəldilməsi üçün mükəmməl texniki idman vasitələri lazımdır. Keçmiş SSRİ məkanında, xüsusi ilə, 1988-ci ildən başlayaraq cəmiyyətə bu qurğuları və texniki idman vasitələrini mümkün qədər az verməməyə çalışırdılar. Ancaq müxtəlif imkan və əlaqələrdən istifadə olunmaqla 1990-1991-ci illərdə ölkəmizə 130 adda təlim maşınları gətirilmişdir. Həmin ehtiyat hesabına respublikamızda hərbi-texniki idmanın müxtəlif növləri üzrə geniş və mükəmməl hazırlığa nail olmaq üçün cəmiyyətin rəhbərliyi əllərindən gələni edirlər. Gənclərimizin mükəmməl atıcılıq vərdişlərinə yiyələnmələri naminə şəhər və raoyn mərkəzlərindəki tirlər hazır vəziyyətdə saxlanılıb. Bəzilərinin iddialarının əksinə olaraq, tirlər nəinki özəl müəssisələrə verilməyib, əksinə orada kiçik çaplı tüfənglərdən atəş açmaq üçün tələb olunan puldan belə imtina edilib. İndi istənilən tirlərdə gənclərimiz pul ödəmədən atıcılıq vərdişlərinə yiyələnirlər.

Müasir həyatımızın dinamik 
inkişafı üçün müəyyən tələblər var
Azərbaycan türkləri tarixən cəsur və döyüşkən olublar. Bu indi də belədir. Sadəcə olaraq, gəncləri təşkil etmək, onların döyüş ruhunun və hazırlığının yüksəlməsi qayğısına qalmaq lazımdır. Əslində hərbi-vətənpərvərlik tərbiyəsi hər birimizin işidir. Əvvəllər hərbi vətənpərvərlik tərbiyəsi indiki kimi könüllülük prinsipinə əsaslansa da, respublikamızın bütün tədris və tərbiyə müəssisələrində bu işə xüsusi fikir verilirdi. Təhsil Nazirliyi bu istiqamətdə aparılmalı olan işlərə önəm verməyə başlayıb. Xətai, Dəvəçi, Siyəzən, Sabunçu, Qəbələ, Nizami, Yasamal, Sabirabad rayonlarında tirlərin təşkili məsələsi yüksək səviyyədə qurulub. Ancaq müharibə vəziyyətində olan ölkə kimi, biz gənclərin hərbi-texniki hazırlığına, fiziki və mənəvi sağlamlığına daha çox diqqət yetirməliyik.
Cənclərin Silahlı Qüvvələrdə xidmət etməyə hazırlama məsələləri fiziki tərbiyə sisteminin müxtəlif bölmələrində həll olunur və həmişə də həlli müsbət olmur. Hərbi-texniki idman növlərində bədən tərbiyəsi və idman vasitələri ilə yüksək dərəcəli ixtisasçılar gənclərin Ordu sıralarına və Hərbi Dəniz Donanması üçün hazırlıq aparırlar. Hərbi-texniki idman növlərinin gələcək inkişaf yollarını müəyyənləşdirmək və yaranmış vəziyyəti təhlil etməklə gənclərin hərbi xidmətə hazırlıq sisteminin təkmilləşdirilməsinə kömək etmək mümkündür.
Hərbi-texniki idman növlərinin inkişafı müxtəlif istiqamətdə işlərin qarşılıqlı əlaqəli şəkildə aparılmasını tələb edir. Hərbi-texniki idman növlərinin plan üzrə inkişafı hərbi hazırlığı qismən tədris ocaqlarında həyata keçirməyi, onun kütləviliyini artırmağı tələb edir.
Təhlillər göstərir ki, hərbi-texniki idman növlərinin inkişafı məhz bu prinsiplə gedərsə, kütləviliyin artması barədə danışmaq mümkündür. Kütləviliyi müəyyənləşdirən göstərici əhalinin idmana geniş cəlb olunmasını tələb edir. Digər tərəfdən, kütləviliyi müəyyənləşdirən göstərici ilin yekununa görə respublikamızın qazandığı nailiyyətlər arasında rəvan qarşılıqlı münasibət olduğunu aşkara çıxarır. Araşdırmalar sübut edir ki, gənclərin hərbi-texniki idman növlərinə cəlb edilməsi sistemi kifayət qədər təkmilləşməyib. Hərbi-texniki idman növlərinin inkişafını əsasən üç amillə müəyyənləşdirirlər: 1) kütləviliklə eyniləşdirmə seçiminin dispersiya cəmində ən yüksək yer tutması; 2) əhalinin idmana cəlb edilməsi; 3) respublikanın uğurları.
Yuxarıda deyilənlərdən belə qənaətə gəlirik ki, hərbi-texniki idman növləri üzrə tələbati uyğunluq fiziki tərbiyə sisteminin nəzəriyyəsinin qəbul etdiyi əsas normativlər əsasında aparılmalıdır. Lakin avia, avto, moto, paraşüt və radio idmanında bu prinsipə riayət olunmur. Bu isə kütləviliyin inkişafına mənfi təsir edir. Qeyd etmək lazımdır ki, fiziki və hərbi-texniki hazırlıq iki ayrılmaz hissə olub, bir-birini tamamlayır. Bu iki ayrılmaz hissə bədən tərbiyəsi və idmanla zənginləşir.

Çağırışaqədərki hazırlıq prosesinin əsasında bədən tərbiyəsi və idmanın inkişaf ənənəsinin bünövrəsi qoyulur. Xüsusən, fiziki tərbiyə və idman çoxfunksional, çoxməqsədli fəaliyyət sistemi olub utilitar xarakterli məsələlərin həllində konkret imkanlara malikdir. Belə istiqamət çağırışaqədərki yaşda bədən tərbiyəsi və idmanın tətbiqi növü nöqteyi-nəzərindən çox mühümdür. Tətbiqilik vəzifəsinin həlli konkret bədən tərbiyəsində, məsələn, çağırışa qədər hazırlıq elementi bədən tərbiyəsinin əhəmiyyətini göstərir, sosial mühitlə bədən tərbiyəsi və idmanın qarşılıqlı əlaqəsinə təminat verir. Bu mövqedən ilk hərbi hazırlıq prosesində VMH kompleksi əsasında çağırışçı və çağırışa qədər gənclərin hazırlığının təşkili və metodikası məsələləri həll olunmalıdır.
Bu iş üçün irəli sürülmüş birləşmə haqqında nəzəriyyənin o mənada əhəmiyyəti var ki, hərbi-texniki idman növlərinin yeri və rolu "bədən tərbiyəsi və idman mühiti”nə münasibətdə ümumi fiziki hazırlıq və çağırışa qədər hazırlıq sisteminin təşkili gerçəkləşdirilsin. Birləşmənin müxtəlif növləri öz təsdiqini sosial institutla bədən tərbiyəsi və idmanın hərbi-texniki idman növlərinin (HTİN) və ümumi fiziki hazırlığın (ÜFH) qarşılıqlı əlaqəsində tapa bilir:
- Hərbi-texniki idman növləri (HTİN) və ümumi fiziki hazırlıq olaraq (ÜFH) burada mədəni mühit kimi harmonik inkişaf problemi məsələlərinin həlli, başqa sözlə desək, şəxsiyyətin inkişafı ilə əlaqədar vəzifələr həll olunur;
- Hərbi-texniki idman növləri (HTİN) və ümumi fiziki hazırlıq (ÜFH) professional hərbi fəaliyyət kimi hərbi-texniki idman növləri və ümumfiziki hazırlıq metodları, hərbi-hazırlıq və onun təkmilləşməsi ilə vəzifələrin formalaşması yolu ilə həll olunur.
Ardıcıl olaraq hərbi-texniki idman növləri və ümumi fiziki hazırlıqda, çağırışa qədərki hazırlıqda ikinci dərəcəli funksiyalar yoxdur, bütün funksiyalar bu məqsədlərə müvafiqdir, yalnız tətbiqetmə mühiti dəyişilir.
Müasir həyatımız dinamik inkişafdadır və biz də istər-istəməz bu inkişafın tələblərinə uyğunlaşmalıyıq. Elm və texnikanın yüksək inkişaf etdiyi və torpaqlarımızın işğal altında olduğu bir dövrdə hərbi-texniki idman növlərinin kütləviliyinin təmin edilməsi günün tələbidir.











Dilqəm Quliyev