İdman sağlamlıqdır. Peşəkar idman isə çox çətin və məsuliyyətli bir sahədir. Minlərlə insanın sənə azarkeşlik etməsi, yarışlarda doğma insan kimi narahat olması qürurvericidir. Bəzi insanlar idmanı iki hissəyə - kişilər və qadınlar üçün olan idman növlərinə ayırırlar. Kişilərə xas olan idman növləri sırasında ilk pillələrdən birində güləş yer alır. Bu çətin, fiziki güc tələb edən növə incəlik qatan qadın idmançılarımız da az deyil. Qəzetimizin budəfəki sayında üçqat Olimpiya mükafatçısı, ikiqat dünya, yeddiqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat qalibi, IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Mariya Stadniklə olan söhbətimiz yer alıb. Ümumdünya Güləş Federasiyasının versiyasına görə, planetin ən yaxşı qadın güləşçisi ilə olan səmimi müsahibəmizi oxucularımıza təqdim edirik.
- Mariya, əvvəlcə sizi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağınız münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm. Olimpiya Oyunlarına xüsusi hazırlaşıram. Lisenziyanı Qazaxstanın Nur-Sultan şəhərində keçirilən dünya çempionatında əldə etdim. Tokioda məqsədim yalnız qızıl medal qazanmaqdır. Buna nail olmaq üçün çox çalışıram. Ümid edirəm ki, mənə inanan, azarkeşlik edən insanların etimadlarını doğrulda biləcəyəm.
- Olimpiya Oyunlarının üçqat mükafatçısı olaraq, Tokio-2020-də uğur qazanmaq üçün nə edirsiniz?
- Bu işdə mənə kömək edən əla komandam var. İlk növbədə hər gün məşq edirəm. Mənim şəxsi məşqçim həyat yoldaşım Andrey Stadnikdir. O, mənim aləmimdə dünyanın ən yaxşı məşqçisidir. Bizim həyatda və idmanda bir məqsədimiz var: yalnız qələbə qazanmaq. Məşqlərdə ilk olaraq, əvvəlki yarışlarda buraxdığım səhvlər üzərində çalışırıq. Hər gün mütəmadi məşq etməyimsə ən yaxşı güləşçilər sırasında olmağıma imkan verir. Əlimizdən gələni edirik ki, 4-cü olimpiadamızdan da qızıl medal ilə ayrılaq.
- Necə alındı ki, həyat yoldaşınız sizin şəxsi məşqçiniz oldu?
- Həyat yoldaşım Andrey Stadnik 2012-ci ildə karyerasını bitirdikdən sonra mənə şəxsi məşqçilik etməyə başlayıb. O, 2005-ci ildə Varnada Avropa çempionatının və 2006-cı ildə Quançjouda dünya çempionatının bürünc, 2009-cu ildə Vilnüsdə keçirilən Avropa çempionatının qızıl, həmçinin Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.
- İdmançının şəxsi məçqçisinin həyat yoldaşı olması yəqin ki, daha rahat olar. Məşq zamanı həyat yoldaşınız sizə hər hansısa güzəşt edir?
- O, əsl peşəkardır. Ona görə də, anlayır ki, mənə xırda bir güzəşt belə etsə, mən istədiyim nəticəni əldə edə bilməyəcəyəm. Ona görə də, mənə qarşı daha tələbkardır. Andrey mənim həm məşqçim, həm də psixoloqumdur. O, mənə uğur qazanmaq üçün hərtərəfli dəstək verir.
- Güləş idman növü ilk baxışdan qadın üçün biraz kobud görünür. Daha incə idman növləri ilə məşğul olmağı heç düşünmüsünüz?
- Mən Ukraynanın Lvov şəhərinin Pesoçnaya kəndində dünyaya gəlmişəm. Həmin vaxt bizim kənddə yalnız rəqs və güləşlə məşğul olmaq üçün idman klubları var idi. Atam hər zaman oğlan övladı olmasını arzulasa da, dünyaya mən gəldim (gülür). Kiçik yaşlarımdan çox cəld və fiziki baxımdan güclü qız idim. Fiziki cəhətdən ağır işlərin öhdəsindən rahatlıqla gəlirdim. Buna görə də, güləş mənim xasiyyətimə tam uyğun bir idman növü oldu.
- Belə çıxır ki, kəndinizdə güləş klubu olmasaydı, siz rəqslə məşğul olacaqdınız...
- Daha əvvəl rəqsə marağım var idi. Buna görə də, ilk olaraq rəqs klubuna üz tutdum. Bu, məndə pis alınmırdı. Lakin tədbirlərin birində çıxışımız zamanı, müəllimim mənə ən arxa sırada yer verdi. Bu da mənim xoşuma gəlmədi və bir daha bu kluba getməyəcəyimə qərar verdim. Daha sonra həyətimizdə olan oğlan uşaqları ilə birgə qeydiyyatdan keçmək üçün güləş klubuna getdik. Orada ilk günlərdən fərqlənməyə başladım. Tapşırıqları düzgün yerinə yetirdiyim üçün müəllimlərim məni tərifləyirdilər. Təbii ki, bu, məni daha da həvəsləndirirdi.
“İkinci planda
olmağı xoşlamıram”
- Rəqs çıxışınızda sizin son sırada dayanmanızı qəbul etməməniz hər yerdə birinci olmaq istəyiniz mənasına gəlir?
- Düzdür. Mən kiçik yaşlarımdan hər yerdə lider olmaq istəmişəm. İkinci planda olmağı xoşlamıram. Güləş üzrə müəllimlərimin məndə bu növə daha da maraq yaratması gələcək karyeramda böyük rol oynadı. Ümumiyyətlə, düşünürəm ki, hər bir uşaq kiçik yaşlarından məhz ona uyğun yol ilə getməlidir. Bu yolu isə onlara məşqçi-müəllimləri və valideynləri göstərməlidir. Hesab edirəm ki, idmanla məşğul olan hər bir uşaq kiçik yaşlarından peşəkar müəllimin yanında dərs almalıdır.
- Dediklərinizdən belə çıxdı ki, siz ilk məşqçinizdən çox razısınız.
- Əlbətdə, razıyam. Güləşlə birinci sinifdə oxuyandan məşğul olmağa başlamışam. Həmin vaxt bu növlə yeni məşğul olanlara ümumi fiziki vəziyyətini yaxşılaşdırmaq üçün sadə idman hərəkətləri öyrədilirdi. Bir müddətdən sonra müəllimim məni şəhərdə yerləşən klubların birinə yolladı. Oradakı müəllimimin üzərimdə böyük əməyi, zəhməti var. Həmin məşqçimi ilk məşqçim kimi qəbul edirəm.
- Hansı rəqibinizlə görüş sizi daha çox həyəcanlandırır?
- Əsasən, Yaponiya təmsilçiləri ilə görüş məni daha çox həyəcanlandırır. Onlar daha cəld və gözlənilməz fəndlər edirlər. Hər an nə edəcəkləri bəlli deyil. Buna görə də, onlarla mübarizə aparanda maksimum diqqətli olmağa çalışıram.
- Bir müddət əvvəl sizin qızınızla güləşdiyiniz barədə video yayılmışdı. Qızınızın da sizin kimi güləşçi olmasını istəyirsiniz?
- Qızım hazırda idman gimnastikası ilə məşğul olur. Güləşlə peşəkar şəkildə məşğul olmaq onun üçün hələ tezdir. Lakin düşünürəm ki, o, gələcəkdə güləşçi ola bilər. Oğlum isə fiziki inkişafı üçün futbol və idman gimnastikası ilə məşğuldur. İdmandan əlavə o, həmçinin piano dərsləri də alır. Təbii ki, evdə hər kəsin güləşçi olması 9 yaşlı oğlum İqorda və 6 yaşlı qızım Miada bu növə xüsusi maraq yaradır. Onlar bilirlər ki, anaları Olimpiya Oyunlarına hazırlaşır və mənə bu yolda əllərindən gələn dəstəyi göstərirlər.
- Maraqlıdır, yarışlardan əldə etdiyiniz ilk böyük məbləği hara xərcləmisiniz?
- İlk böyük məbləği 2008-ci ildə keçirilən Olimpiya Oyunlarında əldə etdim. Bürünc mükafatçısı olduğum Oyunlardan qazandığım məbləğlə mənzil aldım.
- Mütəmadi məşqlər, turnirlər, iki övlad, ev qayğıları bunların sizi yorduğu anlar olur?
- Əlbəttə. Hərdən elə olur ki, insan biraz dincəlmək, ailəsi ilə istirahət etmək istəyir. Lakin mən bu işlərin öhdəsindən tək gəlmirəm. Mənə kömək edən yaxınlarım var. Düşünürəm ki, hər bir qadın daim hərəkətdə olmalıdır. Mən günümün çox hissəsini məşq zalında keçirirəm, başqa qadınlar isə işə gedir, vaxtının əsas hissəsini işdə olur. Yəni demək istəyirəm ki, qadınlar güclüdür, onlar hər bir işin öhdəsindən gələ bilirlər.
- Məşhur idmançı kimi kifayət qədər azarkeş kütləsinə sahibsiniz. Azarkeşlərinizlə görüşlər keçirirsinizmi?
- Bunu çox istərdim. Mənə azarkeşlik edən, mənə inanan insanlarla görüşüb, söhbət etmək çox maraqlıdır. Lakin təəssüf ki, görüşlər keçirməyə vaxtım olmur. Vaxtımı yalnız məşqlərə və ailəmə ayırıram. Ancaq imkan tapdıqca böyük məmnuniyyətlə azarkeşlərin və media nümayəndələrinin suallarını da cavablandırıram.
“Azərbaycan
Respublikasının dövlət himnini qürurla
dinləyirəm”
- Sizin inadkarlığınız, əməksevərliyiniz sayəsində Azərbaycan bayrağı bir çox mötəbər turnirlərdə dalğalanıb, himnimiz səslənib. Maraqlıdır, yarışlardan kənarda Azərbaycan himnini eşidəndə hansı hissləri keçirirsiniz?
- Bu ölkəyə hər zaman hörmət bəsləyib minnətdar olacağam. Məhz Azərbaycan mənə inanıb, bir idmançı kimi özümü göstərməyə imkan yaratdı. Bu ölkənin dövlət himnini fəxrlə dinləyirəm. Azərbaycanın idman şərəfini qorumaqdan qürur duyuram.
- Artıq uzun müddətdir ki, Azərbaycana gəlib-gedirsiniz. Azərbaycan dilində hansı sözləri bilirsiniz?
- Zamanımın böyük hissəsini Ukraynada keçirdiyim üçün əsasən rus dilində ünsiyyət qururam. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm. Azərbayacana gəldiyimdə isə mənə rahat olsun deyə hər kəs mənimlə rus dilində danışır. Bəlkə də, “biz rus dilini bilmirik, Azərbaycan dilində danış” desələr bu dili daha tez öyrənərdim. Hələlik isə yalnız “necəsən?” və “mən səni sevirəm” sözlərini bilirəm.
- Azərbaycan mətbəxindən hansı yeməkləri sevirsiniz?
- Azərbaycan mətbəxi çox zəngindir. Lakin mənim ən sevdiyim təamlar şirin plov və kababdır.
- Ailənizlə vaxt keçirməyi sevdiyinizi dediniz. Bütün ailə bir arada olanda adətən nə ilə məşğul olmağa üstünlük verirsiniz?
- Aktiv istirahət etməyi sevirik. Yayda əsasən, təmiz havada dincəlir, təbiət qoynuna çıxıb, velosiped sürürük. Qışda isə xizək sürməyi və kinoya getməyi sevirik.
- Hər bir insanın həyatda bir məqsədi olur. Necə düşünürsünüz, siz həyatda istədiklərinizi əldə etmisiniz?
- Bəli. Özümü çox xoşbəxt hiss edirəm. Mənim gözəl ailəm, sağlam övladlarım var. Sevdiyim işlə məşğul olur və həyatdan zövq alıram.
- Özünüzü təsvir edin. Necə insansınız?
- Özümü təsvir etmək mənim üçün çətindir. Xasiyyətimi və necə insan olmağımı deyə bilmərəm. Düşünürəm ki, mənfi cəhətlərim az deyil.
- Geridə qoyduğumuz 2019-cu ili necə xatırlayırsınız? 2020-ci ildən nə gözləyirsiniz?
- 2019-cu il mənim üçün çox çətin bir il oldu. Lakin şükürlər olsun ki, bu il mənim üçün pozitiv notlar ilə bitdi. 2020-ci ildən yalnız ailəm və yaxınlarım üçün cansağlığı istəyirəm. Digər işlərin isə öhdəsindən gəlmək olar.
- Müasir Azərbaycanın qadın güləşi dedikdə, insanların ağlına ilk olaraq, Mariya Stadnik adı gəlir.
- Bunu bilmək çox xoş və qürurvericidir. Ancaq mən istəyirəm ki, məni özlərinə kumir seçən yeniyetmə qızları daha da həvəsləndirim. Onlar anlasınlar ki, güləş kişi idman növü hesab edilməsinə baxmayaraq, yaxşı həyat yoldaşı, qayğıkeş ana və gözəl qadın olmağa mane olmur.
- Hesab etmirsiniz ki, gənc qızları bu növə həvəsləndirmək üçün müxtəlif tədbirlər keçirmək lazımdır?
- Əlbətdə, yeniyetmələrin marağını artırmaq üçün müəyyən işlər aparılmalıdır. Məsələn mən və həyat yoldaşım İspaniyanın Alikante şəhərində dostum Sergey Voytoviç ilə birgə “Stadnik” döyüş klubunun əsasını qoymuşuq. Andrey Stadniklə hər il orada kiçik yaşlı döyüşçülər üçün ustad dərsləri keçirik. Burada yalnız biz deyil, müxtəlif yüksək titullu güləşçilər də öz bilik və bacarıqlarını uşaqlarla bölüşürlər. 2019-cu ildə Olimpiya çempionu Anatoli Beloqlazov ilə məşqimiz olub. Ümid edirəm ki, həm vaxt, həm də təşkilatçılıq baxımından Azərbaycanda da belə ustad dərsləri keçirə biləcəyəm.
- Karyeranızı bitirdikdən sonra məşqçi olmağı düşünürsünüzmü?
- Hadisələri qabaqlamağı sevmirəm. Lakin düşünürəm ki, heç vaxt idmandan ayrılmayacağam. Əlbəttə, məşqçi olmaq ehtimalım böyükdür. Hazırda əsas məqsədim, bu il keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır.
Türkay Niftəliyeva