Dünyanı sehrə qərq edən zəka oyunu

Dünyanı sehrə qərq edən zəka oyunu

Orta və yuxarı məktəbyaşlı uşaq və yeniyetmələrin idmanın bu və ya digər növünə marağı müxtəlifdir. Bunlar, ilk növbədə, növün məzmuna və kütləviyinə görədir. Oğlan və qızlarda idmanın bu və ya digər növünə marağının dinamikası sabit deyildir və sinifdən-sinifə keçdikcə maraqlar dəyişir. Bəzən onların əksəriyyəti kiçik yaşlarında maraq göstərdikləri idman növünü sonralar xoşlamaya bilir. Oğlan və qızların seçdiyi idman növləri ən azı onların gələcək həyat planları ilə üst-üstə düşməlidir. Ən uzun müddətli marağa səbəb olan idman növləri üzgüçülük, güləş və şahmat sayılır.

Elə növlər var ki, uşaqların yetişkən dövründə həmin növlə məşğul olması labüd sayılmır. Belə ki, əgər bu hədd atletika, gimnastika növündə məqbul sayılırsa, daha çox fiziki güc tələb edən digər növlərdə buna yol vermək olmaz.
Hazırda ölkəmizdə bütün yaş kateqoriyalarında idmanla məşqul olmaq üçün heç bir problem yoxdur. Yəni yaradılan şərait bunu deməyə imkan verir. Ancaq bir daha xatırladaq ki, uşaqlar arasında idmanın təbliği və inkişafı daha mürəkkəb prosesdir. Hər şey onların ilk addımlarından, məşqə münasibətindən, məşqçilərlə ünsiyyətdən çox asılıdır. Baş verən ən yaxşı hadisələr uşaqlarda müsbət emosiya yaradır. Neqativ hallar isə onlarda bədbinlik yaratmaqla, özünəinam hissini tamamilə itirməsinə gətirib çıxara bilir. Ona görə də, kiçik yaşlıların idmana daha çox bağlanmaları üçün bir sıra metodlardan istifadə etmək məqsədəuyğundur.
Bildiyimiz kimi, hazırda nəinki orta məktəblərdə, həmçinin uşaq bağçalarında da bədən tərbiyəsi təbliğ olunur. Hətta bir çox istedadlı uşaqlar müxtəlif bölmələrə də üz tuturlar. Qeyd etdiyimiz kimi, işlərin daha yaxşı nəticə verməsi üçün müxtəlif üsullardan yararlanmaq yalnız xeyir verə bilər.

Şahmat lövhə ilə məhdud olan qapalı idman növüdür

Valideynlərin öz övladalarına məsləhət gördükləri idman növlərindən biri də şahmatdır, desək, yanılmarıq. Əgər sosioloji sorğu keçirsək, görərik ki, hər 100 şahmatçı uşaqdan 20-25-i məhz valideynlərinin təkidi ilə bu növlə məşğul olur. Lakin təkid əksər hallarda sonradan həvəsə çevrilir. Vərdiş amili də burada əsas rol oynayır. Gəlin, bir məqama nəzər salaq. Şahmat lövhə ilə məhdud olan qapalı idman növüdür. Lakin hansısa möcüzəli cəhət onu qapalı dünyadan çıxarır və onun psixi sahəsi insan mədəniyyətini əhatə edir. Şahmat obrazları və simvolları təkcə onun haqqında olan ədəbiyyat kitablarında əksini tapmır, həm də bədii ədəbiyyatda, baletdə, təsviri incəsənətdə, hərbi işdə, elmdə özünü göstərir. Onlara həyatı prosesleri aydınlaşdırmaq, insan psixologiyasını araşdırmaq, kompyuter imkanlarının yoxlanılmasında yaxından kömək edir. Şahmatla bağlı bu fikirləri, uşaqlar, çətin ki, başa düşsünlər. Lakin zaman keçdikcə, uşaq böyüyür, bu sahə barədə maraqlanır, tutduğu yolu araşdırmağa başlayır. Nəticədə, onun hansı mərama qulluq etdiyi üzə çıxır.

Ağlın hökmranlıq etdiyi sehrli bir dünya

İnsanlar əyləncə ilə istirahətini təmin etməyi bacarmalıdırlar. Lakin əyləncənin sonda hansı səmərə verəcəyini düşünmək də əsas sayılır. "Vaxt qızıldır”, "Hər saniyənin öz dəyəri var”, "Mən itirdiyim vaxtda, nə qazandım?” və s, bu kimi fikirlər hər zaman həyatımızda böyük əhəmiyyət kəsb edir. Müxtəlif yaşlı insanlar asudə vaxtlarda daha çox intellektual idman növlərinə üstünlük verirlər. Stolüstü oyunlar bu qəbildəndir. Şahmat onların arasında daha böyük nüfuza malikdir. "Vaxtı öldürmək istəyən” milyonlarla insan bu idman növünə belə yanaşır. Şahmatın əyləncəli funkisiyası olmasaydı, bu qədər məşhurluq qazana bilməzdi. Lakin bu idman əyləncəli tərəfi ilə yeni başlayan oyunçunu ağlın hökmranlıq etdiyi sehrli bir dünyaya aparır. Bu aləm bilik, incəsənət, məntiq, estetika, taktika tərəfindən idarə olunur. Güman olunur ki, şahmatda əsas əvvəlcədən səhvsiz gedişi düşünməkdir. Variantları kim daha yaxşı hesablasa, o da qələbə qazanacaq. Lakin vaxt getdikcə variantlar çoxaldıqca qabaqcadan hesabladığın gedişlərə də xitam verilir; qabaqcadan düşünülmüş taktikaya baxmayaraq, mövqeyin zəifləyir, getdikcə pisləşir və heç bir hesablama kömək etmir. Bu idman növünda təkcə hesablamaq bacarığı olmamalıdır, həm də bir çox şeyləri bacarmalısan. Məsələn, mövqeyi qiymətləndirmək, qabiliyyət və qeyri-adi intiusiya şahmatçıda həlledici rol oynayır.

FİDE-nin digərlərinə hər zaman nümunə göstərdiyi ölkə
Şahmat ölkəmizdə böyük nüfuza malik bir idman növüdür. Azərbaycan şahmatı dünyada özünəməxsus yerə və çəkiyə sahibdir. Əgər diqqət yetirsək, görərik ki, dünyada ən gənc milli komandalardan biri Azərbaycan yığmasıdır. FİDE reytinqində 2 qrossmeysterimiz yüksək yerlər uğrunda mübarizə aparır.
Azərbaycanda şahmata hələ keçmiş SSRİ dövründən diqqət yetirilib. Müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin bütün idman növləri kimi şahmatın inkişafında özünəməxsus xidmətləri olub. Azərbaycan Prezidenti insanı yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən şahmatın da inkişafını həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin axırlarında və 80-ci illlərin əvvələrində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmata klubları açılmağa başladı. Nəticədə, respublikada şahmat böyük böyük sürətlə inkişaf etdi, müxtəlif yaş dərəcələri üzrə qrossmeysterlər, dünya çempionları yetişdi. Həmin dövrlərdə şahmata verilmiş təkanın nəticəsi idi ki, ölkə şahmat məktəbi keçid dövründə, müstəqilliyin ilk illərində ətalət içərisində olsa da, özünü qoruya bilmişdi. Ümummili lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu sahədə yeni dirçəliş başlandı. Ümummilli lider 1998-ci ilin fevralında "Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” Sərəncam imzaladı. Həmin ilin sonunda isə Prezident "Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” Sərəncam verdi. Uşaq şahmatçılara göstərilən bu qayğı çox keçməmiş öz bəhrəsini verməyə başladı. Teymur Rəcəbov tezliklə beynəlxalq qrossmeyster normasını doldurdu, yeniyetmə şahmatçı dünyanın məşhur şahmatçıları arasında ölkəmizi təmsil etməyə başladı.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bununla da ölkədə idmana olan diqqət daha da güclənməyə başladı. Şahmat da diqqətdən kənarda qalmadı. Azərbaycanda şahmat məktəblərinin sayı artmağa başladı, əvvəlkilər ilə isə yenidən təmir olunaraq, şahmatçıların ixtiyarına verildi. Azərbaycan şahmatının yüksəlişi bütun dünyanın diqqətini özünə cəlb etdi. FİDE (Beynəlxalq Şahmat Federasiyası) ölkəmizdə görülən işləri digər ölkələrə nümunə kimi göstərdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqramda şahmatın infrastrukturunun genişləndirilməsi, onun maddi-texniki bazasını möhkəmləndirmək, şahmat mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək, şahmatın tədrisinin ümumtəhsil məktəblərində dərs proqramına daxil etmək, şahmatla bağlı məlumat, maarifçilik və təbliğat işini gücləndirmək və s məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
Arxada qalan 4 il ərzində bu sahədə bir sıra işlər görülüb. Paytaxtın bir neçə orta ümumtəhsil məktəbində şahmat fənni tədris edilir.
Qeyd etdiyimiz kimi, FİDE Azərbaycan şahmatı ilə bağlı yüksək fikirdədir. Qurumun rəhbəri Kirsan İlyumjinov Bakıda səfərdə olan vaxtı qeyd etmişdi ki, Azərbaycan yeganə ölkədir ki, şahmatla bağlı Dövlət proqramı imazalanıb. Bu, böyük bir uğurdur.
Azərbaycan dünyanın nüfuzlu idman tədbirlərinin keçirildiyi ən etibarlı ölkədir. Bu vaxta qədər ölkəmizdə keçirilən idman yarışları dünyanın diqqətini bura yönəldib. Şahmatla bağlı FİDE Qran-prisi, Heydər Əliyevin xatirəsinə olunmuş Qran-pri yarışı və s. buna bariz nümunədir. Qarşıda isə daha böyük yarışlar dünyanın ən güclü zəka sahiblərini ölkəmizə gətirəcək. Belə ki, FİDE-nin qərarına əsasən, ölkəmiz Dünya kubokunun-2015-ci ildə, Şahmat Olimpiadasının isə 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə edib. Bu, Azərbaycan idmanı və şahmatı üçün böyük və əlamətdar hadisədir.


Zəka oyunları, xüsusilə şahmat ölkəmizdə sevilir

Şahmat ölkəmizdə çox populyardır. Bunu nəzərə alaraq paytaxt sakinləri arasında ənənəvi sorğu keçirdik. Respondentlər arasında keçirdiyimiz sorğudan məlum oldu ki, zəka oyunları, xüsusilə şahmat ölkəmizdə çox sevilir. Məkanından, vəzifəsindən asılı olmayaraq əksəriyyət insan, bu ecazkar oyunun sehrinə düşüb. Şahmatla bağlı ölkəmizdə baş verən hadisələr diqqətdən kənarda qalmır. Sorğunun nəticələrini diqqətinizə çatdırırıq.

Süleyman Abdullayev (veteran şahmatçı):
- Şahmata marağım kiçik yaşlarımdan olub. Hələ uşaq vaxtlarımdan bir sıra yarışlarda iştirak etmişəm. 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən şahmat üzrə respublika birinciliyinin qalibi olmuşam. Şahmat zehnin-əqlin inkişaf etdirilməsi üçün çox gözəl oyundur. Bunun üçün də biz veteranlar şahmat yarışlarında iştirak edirik. Hər bir valideyinə məsləhət görərdim ki, övladlarını şahmata gətirsin, onlarda bu növə həvəs oyatsın.

Elxan Ümid (veteran şahmatçı):
- Şahmatla əvvəllər də məşğul olmuşam. Hazırda isə, asudə vaxtımı səmərəli keçirmək üçün şahmat yarışlarında iştirak edirəm. İdman üçün deviz olmalıdır: "Məsuliyyət həyatın sükanıdır”. Əgər hər bir şəxs öz işində məsuliyyətli olarsa, onda həyatda da istədiklərinə nail ola bilər. Biz hər gün səhər saat 10-dan axşam saat 6-ya kimi parkda şahmatla məşğul oluruq. Şahmat bizim həyat tərzimizin ayrılmaz hissəsidir.

Nadir Orucov (veteran şahmatçı):
- Şahmatla kiçikdən tutmuş böyükyaşlı insanlara kimi hər kəs məşğul olmalıdır. Bu idman növü zehnin inkişaf etdirilməsi ilə yanaşı, bir növ, əyləncə xarakteri də daşıyır. Veteranlar arasında şahmat daha çox vüsət alıb. Gənc nəslin intellektual səviyyəsinin artması üçün zəka oynları xarakterikdir. İntellekt gələcək nəslin ən böyük silahıdır.

Ələkbər Bəşirov (müəllim):
- İdman sağlamlıqdır. İdmanla, xüsusən də şahmatla məşğul olan insanlar əqli cəhətdən sağlam düşünmə qabiliyyətinə malik olurlar. Ölkəmizdə yetərincə yeniyetmə və gənc şahmatla məşğul olur. Mən idman hadisələrini hər gün izləyirəm. Şahmata olan marağım hədsizdir. KİV-dən aldığım məlumata görə ölkədə şahmat məktəbləri yenidən bərpa olub, yeniləri tikilib. Bu isə şahmatın populyarlığını və əhatəsini daha da genişləndirir.
Bilirəm ki, ölkəmizdə şahmat üzrə Dünya kuboku və Ümumdünya Şahmat Olimpiadası yarışları keçiriləcək. Bu da respublikamızda şahmata olan maraq və diqqətin bariz nümunəsidir. Sevindiricidir ki, zəka sahiblərimiz iştirak etdikləri beynəlxalq yarışlardan vətənə uğurlu nəticələrlə qayıdırlar. Bu ölkə idmanı və şahmatı üçün böyük uğurdur.

Nahid Əzimov (kompyuter
mütəxəssisi):
- Ölkəmizdə idmani sürətlə inkişaf edir. İdmançlarımız bir sıra yarışlarda uğurlu nəticələr göstərərək dövlətimizin bayrağını qaldırır, himnimizi səsləndirirlər. Bu da hər bir Azərbaycan vətəndaşı üçün çox qürurvericidir. Respublikamızda güləş, cüdo, boksla yanaşı, şahmat da inkişaf edir. Təsadüfi deyil ki, şahmatçımız Şəhriyar Məmmədyarov ardıcıl olaraq bir neçə turnirdə qalib gələrək mükafatçılar sırasında yer aldı. İdmançılarımızın bu uğurlarını görmək hər bir Azərbayacan vətəndaşı kimi məni də sevindirir.

Mikayıl Rəhimov (həkim):
- Şahmatın inkişafı üçün ölkəmizdə böyük işlər görülür. Sevindirici haldır ki, şahmatın sirləri orta məktəblərdə uşaqlara öyrədilir. Bu da şahmatın kütləviliyinə və inkişafına təkan verir. Ailəmizdə kiçik oğlum idmanın güləş növü ilə məşğul olur. İnanıram ki, o da bir gün beynəlxalq yarışlarda uğurla çıxış edərək ölkəmizin idman şərəfini ləyaqətlə təmsil edəcək.

Pənah Həsənzadə (rəssam):
- Şahmat həm fiziki, həm də intellektual hazırlığın inkişafı üçün çox gözəl bir idman növüdür. Şahmat kütləvi növ kimi məktəblərdə tədris etdirilir. Məktəblərdə şahmat dərnəkləri açılıb ki, bu da kiçik yaşlı şagirdlərin zehnini inkişaf etməsində müstəsna rol oynayır. Ölkəmiz 2015-ci ildə şahmat üzrə Dünya kubokuna, 2016-cı ildə isə Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bütün bunlar respublikamızda şahmatın daha da populyarlaşmısına təkan verəcək.
Anar Əhmədov