Yarım ildən çoxdur ki, COVİD-19 pandemiyası dünyada və ölkəmizdə hər bir sahədə məhdudiyyətlər yaradıb. Bu səbəbdən bir sıra iaşə obyektləri və idman zalları uzun müddət bağlı qaldı. Bir müddət əvvəl isə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimində bəzi yumşalmalar baş verdi. Belə ki, Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın açıq havada idman məşqləri və oyunları keçirilməsinə icazəsindən sonra bir çox federasiyalar açıq havada məşqlərini bərpa ediblər.
Bu səbəbdən də "Olimpiya dünyası” qəzeti federasiyalarla əlaqə saxlayıb idmançıların məşqlərinin hansı səviyyədə olması barədə məlumat alır. Bu dəfə basketbolçularımızın hazırki vəziyyəti ilə maraqlanmaq üçün Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovla görüşdük. Vüqar müəllim basketbolçularımızın hazırlıq səviyyəsi, təxirə salınan Jr.NBA liqası və digər məsələlərlə bağlı bizə ətraflı məlumat verdi.
- Vüqar müəllim, basketbolçularımız açıq havada məşqlərini necə keçirirlər? Komandamızın ümumi hazırlıq səviyyəsi hansı vəziyyətdədir?
- Bildirim ki, basketbolçularımız bu qərardan əvvəl onlayn qaydada məşqlər edirdilər. İdmançılarımızın əsas hissəsi məşqçilər ilə mütəmadi olaraq əlaqə saxlayır, onlayn şəkildə təlimatlar alırdılar. Operativ Qərargah tərəfindən açıq havada məşq və yarışların keçirilməsinə icazə verildikdən sonra isə milli komanda mütəmadi olaraq məşqlərini bərpa edib. İdmançılarımız Yasamal rayonunda və Avropa parkında yerləşən açıq hava meydançasında məşq edirlər. Çalışırlar ki, bu aylar ərzində itirdikləri səviyyəyə yiyələnsinlər.
Onu da vurğulayım ki, pandemiya dövrünə təsadüf edən bir vaxtda Tatarıstan Respublikasının Kazan şəhərində birinci MDB ölkələrinin yarışının keçirilməsi nəzərdə tutulurdu. Basketbol idman növü də bu oyunların proqramına daxil edilmişdi. Bu yarışa yüksək səviyyədə hazırlaşıb, mübarizəyə qoşulmaq üçün Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) basketbolçularımıza əla bir fürsət yaratdı. Belə ki, yarışa hazırlaşan komandalar 15 gün Gəncə Olimpiya İdman Kompleksində, 15 gün isə Mingəçevir Olimpiya İdman Kompleksində qaydalara uyğun olaraq, təlim-məşq toplanışlarında iştirak etmək imkanı əldə etdilər. Avqustun əvvəlində təlim-məşq toplanışları başa çatdı və elə həmin vaxt federasiyaya yarışların təxirə salınması ilə bağlı məktub gəldi. Pandemiya dövründə basketbolçularımız 6 ay tam şəkildə məşq etməsələr də, bir ay iştirak etdikləri təlim-məşq toplanışları sayəsində hazırlıq səviyyələrini xeyli yüksəltdilər.
- Açıq havada oyunların keçirilməsinə icazə verildikdən sonra hansı yarışlar təşkil olunub?
- Avqustun 25-də Yeni Yasamalda yerləşən açıq basketbol meydançasında 3x3 basketbol üzrə kişilər arasında "ABF Yay Kuboku 2020” turniri keçirildi. Həmçinin sentyabrın 19-da Astaranın "Qamışoba” açıq basketbol meydançasında Azərbaycan Basketbol Federasiyasının və "Zirvə” Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə 3x3 basketbol üzrə "Astara Open 2020” turniri təşkil olundu.
Ümumiyyətlə, bildirim ki, Basketbol Federasiyası yarışların təşkili ilə yanaşı, oyunçuların hazırlıq səviyyəsini yüksək saxlamaq və basketbolçuları daha da həvəsləndirmək üçün əlindən gələni əsirgəmir. Bildiyimiz kimi, qapalı məkanlarda məşqlərin keçirilməsi qadağası hələ də qüvvədədir. Buna görə federasiya basketbolçuların açıq havada məşq və yarışlarını təmin etməyə çalışır.
- İdmançıların parklarda məşq etməsi, soyunub-geyinmə otağının və digər şəraitlərin olmaması bir qədər çətinlik yaradır. Basketbolçuların rahat məşq etməsi üçün hansı tədbirlər görülüb?
- Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi basketbolçuların rahat şəkildə məşq etməsi üçün lazım olan hər bir şəraiti yaradıb. İdmançıların məşq etdiyi məkanda həm soyunub-geyinmə otağı, həm də digər şəraitlər nəzərə alınıb. Lakin bildiyimiz kimi, Bakı şəhərində mütəmadi olaraq külək olur və bu amil də idmançıların açıq havada keçdiyi məşq prosesinə təsirsiz ötüşmür. Yəni qapalı və açıq məkanda keçirilən məşqlər biri-birindən xeyli fərqlənir. Bəzi idman növləri üzrə yarışların açıq havada keçirilməsi oyunun gedişatına xeyli təsir edir. Məsələn, basketbolçu topu səbətə atmasını planlaşdırdığı an gözlənilmədən əsən külək onun hazırladığı planı alt-üst edir. Ancaq təbii ki, bizim hazırda seçim imkanımız yoxdur və əlimizdən gələni etməliyik ki, basketbolçularımızın hazırlıq səviyyəsini artıraq.
- Vüqar müəllim, bəs basketbolçularımız xüsusi karantin rejimi zamanı öz hazırlıq səviyyələrini nə dərəcədə qoruyub saxlamağa nail oldular?
- Etiraf edim ki, Gəncə və Mingəçevir şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarından əvvəl idmançılar demək olar ki, tamamilə formalarını itirmişdilər. Bəzilərində həddən artıq çəki artması müşahidə olunurdu. Düşünürəm ki, bu, gözlənilən bir nəticə idi. Belə ki, basketbol fiziki hərəkət tələb edən bir idman növüdür. Düzdür, biz və məşqçilər idmançılara onlayn təlimatlar verirdik. Lakin bu yalnız onların basketbolun sirlərini unutmaması və onlarda bu növə olan istək və marağın itirilməməsi rolunu oynayırdı. Bir sözlə, basketbolçunun məşq etməsi üçün meydançanın olması şərtdir. Lakin onların tam olaraq əvvəlki səviyyələrinə qayıtması üçün qapalı zal və 5x5 oyun taktikası lazımdır.
- Dediklərinizdən belə nəticəyə gəlmək olar ki, evdə məşq etməklə yarışlarda yüksək nəticə əldə etmək mümkün deyil.
- Əlbəttə, bunun üçün mütləq zallar açılmalıdır. Düşünürəm ki, digər idman növü üzrə mütəxəssislər də mənimlə razılaşar ki, komanda idman növündə onlayn məşqlərin effekti olmur. Bir məsələni də qeyd edim ki, dünyanın ən böyük liqası olan Milli Basketbol Assosiasiyası (NBA) bütün strukturunu dəyişdi. Belə ki, tam üç aydan sonra NBA bütün komandaları Orlando şəhərində yerləşən qapalı zala yönəltdi. Təsəvvür edin ki, iyun ayında bitməsi planlaşdırılan yarışlar hələ də davam edir.
- Basketbolçular koronavirus infeksiyasından özlərini necə qorudular?
- İdmançılar karantin rejiminə əsasən özünütəcrid qaydalarına yüksək səviyyədə riayət ediblər. Bunun da məntiqli nəticəsi olaraq basketbol idman növü üzrə milli komandalar və klubların oyunçuları arasında xəstəliyə yoluxma faktı qeydə alınmayıb.
- Bildiyimiz kimi, koronavirus pandemiyası səbəbi ilə Azərbaycan çempionatının oyunları dayandırıldı və "Zirvə Astara” çempion elan edildi. Yeni mövsümün hansı tarixdə başlanması ehtimal edilir?
- Azərbaycan Super liqasında pley-off mərhələsinə qədər 21 tur keçirilməli idi. Lakin biz yalnız 20 tur keçirməyə nail olduq. Həmin vaxt turnir cədvəlinin reytinqinə əsasən, "Zirvə Astara” klubu xal hesabı ilə artıq birinci pillədə qərarlaşmışdı. Bu amili nəzərə alaraq "Zirvə Astara” komandası çempionatın qalibi elan edildi. Həmçinin Azərbaycan Super Liqasında 24-25 legioner idmançı mübarizə aparırdı. Xüsusi karantin rejiminin elan olunması və bütün sərhədlərin bağlanması da bizim işimizdə çətinlik yaratdı. Həmin basketbolçuların bəzilərinin ailələri xaricdə yaşayır. Buna görə də, biz çalışdıq ki, onları vaxtında ailələrinin yanına göndərək. Etiraf edim ki, biz buna böyük çətinliklə nail olduq. Legioner basketbolçularımızın əsas hissəsinin Ukrayna vətəndaşı olması və həmin ölkənin də sərhədlərinin bağlı olması gələcək planlarla bağlı fikir bildirməyə çətinlik yaradır. Ümid edirik ki, yaxın zamanda Operativ Qərargah tərəfindən qapalı məkanlarda idman yarışlarının və oyunlarının keçirilməsi ilə bağlı qərar verilər və qısa bir zamanda 28-ci Azərbaycan çempionatının oyunlarına start verərik. Onu da vurğulayım ki, bu icazədən sonra da belə dərhal çempionatın başlaması da qeyri-mümkündür. Belə ki, idmançıların çempionatda çıxış etməsi üçün onlara bir müddət müntəzəm məşq edib, hazırlıq səviyyələrini artırmaları tələb olunur.
- Azərbaycan çempionatının yeni mövsümündə yeni klubların mübarizəyə qoşulması nəzərdə tutulub?
- Bəli, yeni mövsümdə bir neçə yeni klubun iştirakı gözlənilir. Lakin təəssüf ki, hazırki vəziyyətlə əlaqədar olaraq, yeni mövsümlə bağlı daha geniş məlumat vermək mümkün deyil. Çempionatın oyunları böyük ehtimalla Bakıda keçiriləcək. Buna səbəb isə yarış iştirakçılarının əsasən, paytaxt ərazisindən olmasıdır. Bu amili nəzərə alaraq deyə bilərik ki, çempionatın yenidən paytaxtda təşkil olunması ehtimalı var.
- Martın 4-də Junior NBA liqasının draft (püşkatma) mərasiminin keçirilməsi təxirə salındı. Yarışlarla bağlı yeni bir tarix nəzərdə tutulubmu?
- Bildiyiniz kimi, martın 2-də Operativ Qərargah tərəfindən bütün yarışların dayandırılması ilə bağlı qərar verildi. Martın 4-də isə komandalar arasında draft (püşkatma) keçirilməsi planlaşdırılmışdı. Demək olar ki, bütün hazırlıqlar tamamlanmışdı. Komandaları daşıyan nəqliyyat vasitələri, draftın keçiriləcəyi məkan, səhnənin dekorasiyası, bir sözlə, hər bir şey oyunlar üçün tam hazır idi. Həmçinin Amerikadan basketbolçular üçün xüsusi hazırlanmış NBA yazılı formalar, toplar gətirilmişdi. Əminliklə deyə bilərəm ki, Junior NBA liqası müasir Azərbaycan uşaq basketbol tarixinin ən böyük layihəsi olacaq. Ümumiyyətlə, Jr.NBA liqası dünyanın uşaq basketbolu üçün təşkil edə biləcəyi ən böyük layihədir.
- Jr.NBA layihəsinin keçirilməsi neçə müddətə nəzərdə tutulub?
- Hazırda Junior NBA liqasının keçirilməsi üçün üç illik müqavilə imzalanıb. Qeyd edim ki, bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən məktəblər arasında təşkil olunur. Ölkəmizdə qüvvədə olan xüsusi karantin rejimində isə məktəblərin fəaliyyəti dayandırılmışdı. Bunu nəzərə alaraq, məktəblərdə idman dərslərinin bərpa olunmasından sonra Jr.NBA liqasının oyunlarını keçirmək mümkün olacaq.
- Layihədə iştirakı nəzərdə tutulan uşaqlar yarışın təxirə salınma xəbərini necə qarşıladılar?
- Tam səmimi deyim ki, bu xəbər onları sözün əsl mənasında çox sarsıtdı. Onların gözündəki kədər, üzlərindəki məyusluq həqiqətən də ürək parçalayırdı. NBA formasını geyinmək basketbol oynayan hər bir uşağın xəyalıdır. Azərbaycan Basketbol Federasiyası da onlara bu şansı təqdim edir. Etiraf edim ki, bizə həm valideynlərdən, həm də uşaqlardan yüzlərlə məktublar gəlirdi. Onların arasında hətta insanı kövrəldən məktublar da var idi. Bəziləri hətta "Los Anceles Leykers” klubunun oyunçusu olduqlarını xəyal etdiklərini belə yazırdılar. Püşkatma mərasimi böyük təmtəraq və yüksək səviyyədə keçiriləcəkdi. Həmçinin püşkatma mərasiminin bütün respublika üzrə canlı yayımlanması planlaşdırılırdı.
- Avropa Basketbol Birliyi təşkilatın üzvü olan federasiyalarla birgə bir neçə videokonfranslar keçirdi. Həmin konfranslarda hansı məsələlər müzakirə olundu?
- Xüsusi karantin rejimində bir neçə dəfə Avropa Basketbol Federasiyası və Dünya Basketbol Federasiyasının FİBA prezidentləri və baş katiblərinin iştirakı ilə videokonfranslar keçirildi. Bu konfranslar A və B kateqoriyalarına daxil olan ölkələr olmaq şərti ilə 3 hissədən ibarət oldu. Həmin videokonfranslarda əsas mövzu COVİD-19 pandemiyasının dünya idmanına nə dərəcədə təsir etməsi, virusdan qorunmağın yolları idi. Karantin dövründə FİBA tərəfindən federasiyamıza ayda bir dəfə idmanın hansı vəziyyətdə olması və koronavirusun ona necə təsir etməsi ilə bağlı anket göndərilirdi. Hazırda isə Beynəlxalq Basketbol Federasiyası yalnız pandemiyanın bitməsini və yenidən yarışların təşkilini gözləyir.
“Junior NBA liqası Azərbaycanda basketbol tarixinin ən böyük layihəsi olacaq”